Müasir texnologiyaların, elektrikli avtomobillərin və yaşıl enerjinin əsasını təşkil edən kritik metalların təchizatında dünyada misli görünməmiş bir asılılıq yaranıb. Bu, Beynəlxalq Enerji Agentliyinin (BEA) qlobal enerji təhlükəsizliyi ilə bağlı mühüm hesabatında yer alıb. Agentlik bu təhlükəyə qarşı ölkələrə dəstək olmaq üçün “Kritik Faydalı Qazıntıların Təhlükəsizliyi Proqramı”nı işə salıb.
Batareyaların işləməsi üçün litium, nikel, kobalt, manqan və qrafit, külək turbinləri üçün nadir torpaq elementləri, elektrik şəbəkələri üçün isə mis və alüminium mühüm əhəmiyyət daşıyır. Hazırda bazarda bu materialların kifayət qədər olması gələcək üçün aldadıcı sakitlik yaradır, çünki tələbat sürətlə artır.
Hesabatda ən diqqətçəkən məqam xammalın emalı sahəsindəki böyük inhisardır. Mis, litium, nikel, kobalt və qrafit kimi vacib metallar üzrə dünyada ilk üçlükdə olan emalçı ölkələrin ümumi bazar payı 2020-ci ildəki 82 faizdən 2024-cü ildə 86 faizə yüksəlib. Ən qorxulusu isə odur ki, bu artımın demək olar hamısı iki ölkənin payına düşür, nikel üzrə artım İndoneziyadan, qalan bütün kritik metallar üzrə artım isə Çindən gəlir.
Çin, İndoneziya və Konqo Demokratik Respublikasının hasilatı artırması qiymətləri müvəqqəti aşağı salsa da, gələcək üçün risklər böyükdür. Çünki bu sahəyə yatırılan qlobal sərmayələrin sürəti zəifləyib, sahə üzrə investisiya artımı 2023-cü ildə 14 faiz olduğu halda, 2024-cü ildə cəmi 5 faiz təşkil edib. Yeni yataqların kəşfiyyatı isə tamamilə dayanıb.
BEA vurğulayır ki, yeni mədənlərin qazılmasına olan ehtiyacı azaltmağın tək yolu təkrar emalı genişləndirməkdir. Əgər ölkələr iqlim vədlərinə əməl edərlərsə, 2050-ci ilə qədər təkrar emal sayəsində yeni mədən ehtiyacı mis və kobalt üçün 40 faiz, litium və nikel üçün isə 25 faiz azala bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”