Növbəti milli istehsalımız olan avtomobillər “Khazar” brendi ilə yerli və xarici bazarlara çıxarılacaq
Bu il mart ayının 29-da Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun açılışını etdilər və burada beynəlxalq təhlükəsizlik standartlarına tam uyğun istehsal edilmiş ilk avtomobil nümayiş olundu. Cəmi iki aydan sonra isə zavod yeni “Khazar” adlanan avtomobillərini satışa çıxardı. Dünən Neftçala Sənaye Məhəlləsində yeni avtomobillərin təqdimat mərasimi keçirildi və “Khazar”in ilk sifarişçilərinin adları da bəlli oldu.
İlk sənaye məhəlləsinin uğur formulu
Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası ölkəmizin davamlı və dayanıqlı inkişafının təmin olunmasına yönəldilib. Xüsusən də sənayeləşmə siyasəti iqtisadi inkişaf strategiyasında böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının təşəbbüsü ilə son illərdə ölkəmizdə sənaye zonalarının yaradılması istiqamətində mühüm qərarlar verilib, bu istiqamətdə sistemli addımlar atılıb.
2015-ci il fevralın 2-də Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sərəncam imzalayan dövlət başçısı iki il sonra, 2017-ci il sentyabrın 24-də Azərbaycanda ilk sənaye məhəlləsinin açılışını edib.
Burada avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.
Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb.
Sənaye məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, startaplar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin daha 10 hektar genişləndirilməsi üçün müvafiq prosedurlara başlanılıb.
İnvestisiya dəyəri 25, illik dövriyyəsi 140 milyon manat olan zavod
İyunun 8-də “Azərmaş” və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavod istehsal etdiyi yeni “Khazar” avtomobillərini satışa çıxardı.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirdi ki, avtomobil zavodu Neftçala Sənaye Məhəlləsinin ən iri müəssisəsidir. Prezident İlham Əliyev zavodun açılışı zamanı da əminliklə bildirmişdir ki, müəssisənin gələcək fəaliyyəti uğurlu olacaq. Həqiqətən də az bir zaman keçməsinə baxmayaraq, zavod artıq yeni avtomobillərini satışa çıxarır. Bu, Azərbaycan sənayesinin yeni uğurudur.
N.Səfərovun sözlərinə görə, investisiya dəyəri 25 milyon manatdan, illik dövriyyəsi 140 milyon manatdan çox olan və 300 nəfərin çalışdığı bu müəssisə Azərbaycanın ən qabaqcıl zavodlarından biridir. Bu gündən zavodda seriyalı avtomobillərin istehsalına başlanılır. Artıq 100 maşın satışa hazırdır.
N.Səfərov onu da vurğuladı ki, yeni avtomobillərin istehsalı Azərbaycanda bu sahədə müasir avadanlıqlarla müasir texnologiyaların tətbiqinə başlanıldığını bir daha təsdiqləyir: “Bu gün həm ölkəmizdə yeni avtomobillər istehsal olunur, həm də yeni iş yerləri yaradılır. Hesab edirik ki, yeni avtomobillər ölkədə böyük rəğbət qazanacaq və alıcılar tərəfindən yüksək qiymətləndiriləcək. Prezident İlham Əliyevin sənayeləşmə siyasəti növbəti illərdə də uğurlu nəticələr verəcək və yeni yaradılacaq sənaye zonaları Azərbaycanın sosial-iqtisadi inkişafına müsbət təsir gəstərəcək”.
İlkin olaraq satışa 100 avtomobil çıxarılır
Nazir müavini zavoda daxil olan sifarişlərin hər gün artdığını da bildirdi. Sifarişlər və satış şərtləri ilə bağlı məlumatları “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov verdi. İdarə heyətinin sədri dedi ki, ilk olaraq “Khazar” avtomobillərinin iki modeli - SD (sadə model) və LD (komfort salon) modeli satışa çıxarılır. Hər iki model mexaniki ötürücüdür.
İlk olaraq 100 avtomobil satışa çıxarılır: “Bu, bizim ilk istehsalımızdır. Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bu müəssisə fəaliyyətə başlayıb. Zavodun tikintisi zamanı 9 milyon manata qənaət edilib və müəssisə 25 milyon manata başa gəlib. İllik istehsal gücü 10 min ədəd olan müəssisə sonrakı mərhələdə avtomobillərin istehsalını 15 minə çatdırmağı planlaşdırır. Yaxın gələcəkdə isə 50 min avtomobilin istehsalı nəzərdə tutulub.
İstehsal olunan avtomobillər yerli və xarici bazarlarda satılacaq. Avtomobillər qabaqcıl texnologiya və “Avro 5” standartlarına uyğundur”.
Zavod ilk vaxtlar ayda 160 avtomobil istehsal edəcək
Satış şərtlərinə gəlincə, E.Axundov CD modelin 16 min, LD modelin 18 min manata satılacağını dedi. Zavodda ayda 160 avtomobilin istehsalı nəzərdə tutulub. Belə ki, ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd “Khazar” LD və 100 ədəd “Khazar” SD modellərindən olan avtomobillər istehsal olunacaq. Ümumilikdə 2018-ci ilin sonunadək 1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 avtomobilin istehsalı planlaşdırılır.
Sonralar tələbata uyğun istehsal həcmi artırıla bilər. Avtomobillərin ehtiyat hissələri isə iyunun 20-dən satışda olacaq.
Cari ilin sonunadək yeni modellərin də istehsalına başlanılacaq. Avtomobillərin satışına gəldikdə, E.Axundov bildirdi ki, əvvəlcə Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində, Babək və Ziya Bünyadov prospektlərində satışa çıxarılacaq. Bir müddət sonra paytaxtın digər yerlərində, eləcə də regionlarda satış mərkəzlərinin açılması nəzərdə tutulub.
“Khazar”ı 4 illik lizinq şərtləri ilə də almaq olar
Şirkət rəsmisi, ilin sonunadək avtomat ötürücü qutusuna malik olan avtomobillərin istehsalına başlanacağını da qeyd etdi. Onun sözlərinə görə, avtomat ötürücü qutusuna malik avtomobillər mexanikadan 1000-1500 manat baha satılacaq.
Avtomobilləri 20 faiz ilkin ödəniş etməklə 4 illik lizinq şərtləri ilə də almaq olar. Bu zaman illik faiz dərəcəsi təxminən 18 faizə bərabər olacaq. Kreditlə almaq istəyənlər isə ilkin ödəniş kimi avtomobilin dəyərinin 50 faizini ödəməlidirlər.
Hökumət qurumlarından 40-a yaxın sifariş var
Emin Axundov artıq hökumət qurumlarından da təkliflər aldıqlarını bildirdi. Onun sözlərinə görə, müxtəlif dövlət qurumları ümumilikdə 40-a yaxın “Khazar” avtomobili sifariş veriblər.
İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri, Mərkəzi Seçki Komissiyası, Gəncə Dövlət Avtomobil Nəqliyyatı Xidməti və bir neçə dövlət qurumundan sifarişlər daxil olub.
Müəssisə 8 növ avtomobil istehsal edəcək
Qeyd etdiyimiz kimi, burada istehsalın ildən-ilə artırılması gözlənilir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında “Khazar”, “Runna”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunacaq. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulub.
Bir sözlə, Azərbaycanda həyata keçirilən modern sənayeləşmə siyasəti uğurlu nəticələr verir. Bu gün artıq dünya bazarlarına qeyri-neft məhsullarını “Made in Azerbaijan” brendi ilə ixrac edən ölkəmiz tezliklə onların sırasına yeni avtomobillərini də əlavə edəcək. Bu da son 15 ildə həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasətin uğurlu nəticəsidir.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”