Dekabrın 14-15-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən (NGBM) AZƏRTAC-a bildirilib ki, Forumun builki mövzusu “UNAOC: İnsanlıq naminə dialoqun iki onilliyi — çoxqütblü dünyada qarşılıqlı hörmət və anlayışın yeni dövrünün irəliləyişinə doğru” (UNAOC: Two Decades of Dialogue for Humanity- Advancing a New Era of Mutual Respect and Understanding in a Multipolar World”) olub. NGBM Foruma geniş tərkibdə qatılıb.
Forum boyunca Mərkəzin üzvləri müxtəlif sessiyalarda çıxış edərək, birgəyaşayış, dinlərarası və mədəniyyətlərarası dialoq vasitəsilə sülhün təşviqi, terrorizm, şəhərsalmanın inkişafı, rəqəmsal dövrdə dezinformasiyanın yaratdığı çağırışlar, süni intellektin təsiri, həmçinin çoxtərəfli dünyanın tələblərinə cavab verən liderlik modelləri barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Mərkəzin Baş katibi yüksəksəviyyəli görüşlər də keçirib. O, “UNCTAD”-ın Baş katibi Rebeka Qrinspan, Türkiyənin sabiq Baş naziri və Mərkəzin üzvü Binəli Yıldırım, həmçinin BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos ilə görüşərək 2026-cı ildə keçiriləcək XIII Qlobal Bakı Forumuna hazırlıq haqqında müzakirələr aparıb.
Bununla yanaşı, Mərkəzin nümayəndələri Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud ilə görüşüblər. Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2026-cı ildə keçirəcəyi beynəlxalq tədbirlər, qarşıdakı əməkdaşlıq planları və birgə təşəbbüslərin genişləndirilməsi imkanları müzakirə olunub.