XIX əsrdə neft hasilatı əsasən dünya iqtisadiyyatında artım və sənaye inkişafına xidmət edirdisə, XX əsrdə bu amillərlə yanaşı, neft getdikcə geosiyasi mübarizənin mühüm vasitəsinə çevrildi. Bunun bariz nümunəsini SSRİ-yə qarşı Qərbin apardığı strateji mübarizədə görmək mümkündür. Bu gün də Rusiyanın aqressiv siyasətinə qarşı Qərbin həyata keçirdiyi tədbirlər sırasında dünya bazarında neftin qiymətinin aşağı salınması yolu ilə iri neft hasilatçısı olan Rusiyanın gəlirlərinin məhdudlaşdırılması xüsusi yer tutur.
Uzun illər Avropanı nüvə silahı ilə təhdid altında saxlayan Sovet dövləti dünya bazarına böyük həcmdə neft çıxararaq külli miqdarda xarici valyuta əldə edirdi. Yaxın Şərqi, Şərqi Avropanı, hətta ABŞ-ın “qulağının dibində” yerləşən və “azadlıq adası” adlandırılan Kubanı öz protektoratı altında saxlayan SSRİ qlobal təsir dairəsini genişləndirmişdi. Bu təhdid siyasəti 1962-ci ildə tarixə “Karib böhranı” kimi düşmüş hərbi-siyasi və diplomatik qarşıdurma ilə nəticələndi.
“Soyuq müharibə” dövründə dünya iki supergüc arasında artan gərginliyi həyəcanla izləyir, nüvə qarşıdurmasının baş verəcəyindən ehtiyat edirdi. Böhranın əsas səbəbi ondan ibarət idi ki, Türkiyə NATO-ya üzv qəbul edildikdən on il sonra, 1961-ci ildə ABŞ onun ərazisində hərbi baza yaradaraq “orta mənzilli” raketlər yerləşdirmişdi. İzmir şəhəri yaxınlığında yerləşdirilən 15 raket 2400 kilometr uzaqlıqdakı hədəfi vurmaq imkanına malik idi ki, bu da onların birbaşa Moskvaya tuşlandığını göstərirdi. Buna cavab olaraq Sovet İttifaqı 1962-ci ilin aprelində hərbi gəmilərini Karib dənizinə çıxararaq Kubada 4000 kilometr məsafəni vura bilən nüvə başlıqlı raketlər yerləşdirdi. Sovet ordusunun Baş Qərargahı “Anadır” kod adlı əməliyyat çərçivəsində 85 hərbi gəmi vasitəsilə Kubanın Kasilda limanına təxminən 40 min hərbçi göndərdi.
Vəziyyət o həddə çatdı ki, ABŞ Prezidenti Con Kennedi televiziya vasitəsilə xalqa müraciət edərək ölkənin ağır günlər yaşadığını etiraf etdi. Həmin dövrün ABŞ mətbuatı Şimali Karolina ştatından əhalinin köçürülməsi, eləcə də ölkə üzrə nüvə hücumundan qorunmaq üçün sığınacaqların hazırlandığı barədə məlumatlar dərc edirdi. SSRİ rəhbəri Nikita Xruşov da televiziyada çıxış edərək geri çəkilməyəcəyini bəyan etdi. Hər iki ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirildi.
Nəhayət, beş ay davam edən gərginlikdən sonra Prezident Kennedi SSRİ-nin ABŞ-dakı səfiri Anatoli Dobrınini Ağ Evə dəvət etdi. Səfir öz memuarlarında yazırdı: “Prezidentin kabinetindəki divanda səliqəsiz vəziyyətdə yorğan var idi ki, bu da onun gecələr kabinetində yatdığını göstərirdi. O, son dərəcə narahat idi və hərbçilərin təzyiqlərinə baxmayaraq müharibənin başlamasını istəmirdi”. Görüş zamanı ABŞ Prezidenti təklif etdi ki, Sovet İttifaqı BMT-nin nəzarəti altında Kubadakı raketləri geri çəksin, əvəzində ABŞ da Türkiyədə yerləşdirdiyi raketləri BMT-nin nəzarəti ilə söksün. Təklif Moskvaya çatdırıldı və tərəflər arasında razılıq əldə olundu. Nəticədə raketlər qarşılıqlı şəkildə geri götürüldü.
Karib böhranı başa çatsa da, “soyuq müharibə” davam edirdi. Qərb SSRİ-ni iqtisadi baxımdan zəiflətmək məqsədilə neft amilindən sistemli şəkildə istifadə etməyə başladı. İlk növbədə, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ-da və Şimal dənizində geniş kəşfiyyat və qazma işləri aparıldı. Norveç və Niderlandda iri neft və qaz yataqları aşkar edildi və hasilata başlanıldı. Paralel olaraq Səudiyyə Ərəbistanının təhlükəsizliyini öz üzərinə götürən ABŞ bu ölkəyə dünya bazarına böyük həcmdə neft çıxarmaq üçün şərait yaratdı.
Bu tədbirlər ötən əsrin 70-ci illərinin sonlarından etibarən dünya bazarında neftin ucuzlaşma tendensiyasını gücləndirdi. Əgər 1973-cü ildə bir barel neftin qiyməti 60–65 dollar arasında idisə, 1980-ci ildə 38 dollara, 1984-cü ildə 28 dollara, 1989-cu ildə isə 11 dollara qədər düşdü. Bu proses SSRİ-yə ağır iqtisadi zərbə vurdu və nəticədə dövlətin dağılmasını sürətləndirdi. Maraqlıdır ki, Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ildən etibarən dünya bazarında neftin qiyməti yenidən artmağa başladı və 2008-ci ildə rekord həddə çataraq bir barel üçün 145 dollar oldu.
Bu gün oxşar taktikanın yenidən tətbiq edildiyini müşahidə edirik. Avropa və ABŞ-da yeni yataqlar istismara açılır, Səudiyyə Ərəbistanı bazardakı payını qorumaq məqsədilə ucuz neft siyasətini davam etdirir, OPEC hasilatı artırır və daha çox maliyyə resursu əldə etmək istəyən istehsalçılar bazara əlavə neft çıxarırlar. Bütün bunlar dünya bazarında qiymətlərin aşağı istiqamətdə hərəkətini stimullaşdırır.
Bununla belə, Qərb mütəxəssisləri hesab edirlər ki, qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq. Əgər 1962-ci ildə geosiyasi qarşıdurmanın kəsişmə nöqtəsi Kuba idisə, bu gün həmin kəsişmə nöqtəsi Ukraynadır.
AZƏRTAC