Zurna var ki, oturub ləzzətlə qulaq asırsan, zurna da var ki, çalırlar, amma sən onu o saat eşitmirsən, yəni səsi sonra çıxır! Söhbət təbii ki, bizim toylardan gedir, amma adam bilmir ki, yazarkən şaqqanaq çəkib gülsün, yoxsa əlini dizinə çırpıb sızıldasın. Komediya ilə tragediya arasında vurnuxursan. Qələm isə əlində özünü sındıra-sındıra o tərəfə də dartır, bu tərəfə də.
Yaxşısı budur ki, kirimişcə keçmişi vərəqləyək. 40-50 il əvvəl kəndimizin toyları bambaşqaydı. Mağar bayırda qurulardı, süfrədən aralı. Zurna-qavalın altında kiməsə yemək vermək ayıb sayılardı. 3 gün, 3 gecə toy çalınardı. Məlik qarmonla, Adil klarnetlə məclisləri yola verərdilər, qara zurna da yerində olardı. Pasan (ləqəbi belə idi) barmaqları ilə nağaranı, cavanlar da ayaqları ilə toyxananı gecə yarıyadək eşərdilər. Səsgücləndirici, videokamera, elektrogitara nəydisə, bilən yox idi!
Mağarda ağsaqqallar birinci cərgədə, qız-gəlin bir küncdə, uşaq-muşaq arxada oturardı. Anaların bizləyib qız bəyənməyə göndərdiyi subaylar da toyxananın həndəvərində vurnuxardılar ki, görüm, gözləri kimi tutacaq. Kəndimizin iki məşhur sərpayısı var idi. Zaman əmi və Dəli Rəhman. Əmim zarafatcıl, mülayim idi. İkincisi adından bəlli idi. Təpindiyi adam nə qədər tez toyxanadan qeyb olsaydı, bir o qədər onunçun yaxşı olurdu.
3 gün səhərdən axşamadək bağda, ağacların dibində masalar qurulardı, Məstan qardaşın bozbaşı, Davud əminin xaşı, Lilinin dolması ələ düşməzdi. Əsasən kənd camaatı gələrdi toya, qonaq-qara o qədər gözə dəyməzdi. Yüzə yaxın evi vardı kəndimizin. Hamını da qapı-qapı düşüb toya çağırardılar. Pul dəftərində 25-lik yazdıran Məhsimlə Xaspolad olardı! Onlar da bir toğlunu aşırmamış durmazdılar, altlarındakı stulların ayaqları torpağa oturuncayadək yeyib içərdilər. Başqaları 10 manat atırdı, 5-dən, 3-dən də yazdıran olurdu.
Toya başlayan neyniyim deməz, borc axtarmaz, qapılara düşməzdi. Kredit, bank nəydisə o vaxt bilən yox idi! Qohumluq əlaqələri güclü idi, böyük kiçik yerini bilirdi. Qadınlar dolma bükər, aş bişirər qab-qaçaq yuyar, bozbaşla kababı da kişilərin öhdəsinə buraxardılar. Xala, bibi, əmi və dayının - hərənin öz vəzifəsi vardı, kimsə bekar qalmazdı. İçib əndazədən çıxanlar sonrakı toyların lətifələrinə çevrilirdilər.
İndi belə “ağac dibi” toyları nadir hallarda olur. Kəndli də, şəhərli də şənliklərini saraylara sürüyüblər, fərqlər itib. Bu tədricən oldu. Arvadlar əvvəl dəb saldı ki, gərək toya mütləq təzə paltar geyinəsən. Təzə paltarı geydinsə, saç ustasına da getməlisən, dırnaqlarını laklamalısan. Pedikür, manikür nə bilim nələr də yerində olmalıdı. Ömrü boyu toylarda qolunu çırmalayıb çalışan millətin külfəti toy günü saç ustalarına növbəyə düzüldü. Day bu boyda əziyyətdən sonra xörək bişirib, qab-qacaq yumağı heç kim özünə rəva bilmədi. Başladılar toylara qab-qacaq yuyan, dolma bükən, salat hazırlayan, bozbaş, kabab bişirənləri pulla çağırmağa. Beş-on il keçəndən sonra biz kişilər ayılıb gördük ki, toylardan sonra əlimizdə pul qalmır, əksinə borclar artır! Toy dəftərindəki siyahıda pul var, amma işləyənlərin, sarayın, müğənnilərin, yemək-içməyin haqqını ödəyəndən sonra evə qəpik-quruşla dönürsən. Amma palaza bürünüb elnən sürünənlər ruhdan düşmədilər. Əsas oydu ki, sənin toyunda kim oxuyur, kim aşpazlıq edir, masalar əyilirmi xörəklərin bolluğundan? Saraylar menyuları şişirtdilər, qiymətlər at belinə mindi. İndi vəziyyət belədir.
İnsanlar getdikcə toylardan bezməyə başladılar. İldən-ilə keçdikcə hiss etdilər ki, toylar hamını çökdürür, borca salır, ailə büdcəsini dağıdır. Həyatın adi axarı cəhənnəmə dönür. Amma palaza bürünüb elliknən sürünməkdən zövq aldığımız üçün bu yükü də öküz vəli dartan kimi lal-dinməz, ağır-ağır bir təhər çəkirdik. Kişiyik axı!
Şadlıq sarayları məzəndə söhbətində müştəriləri adam yerinə qoymurdular. Görürdün ki, menyuda xörəklərin sayı az qala 50-yə çatır, heyrətlənirdin, etiraz edirdin ki, axı mən toy edirəm, milli kulinariya sərgisi açmıram!
Hamınızın başına gəlib. Hamınız saraylarla toy alış-verilişi edibsiniz. Çalışın siz etiraz edəndə ütülü saray menecerlərinin üzünə qəfildən qonan ifadəni yada salın. Hamısında eyni saxta təbəssüm və cılız təəccüb, guya ki, kosmosdan gəlmisən! Başlayırdılar səni qınamağa ki, “Siz nə danışırsınız!!! Bizim şadlıq sarayının nüfuzu var, qonaqlarımızı başqa cür qarşılaya bilmərik, rəqabətdir, hamıdan seçilməsək qapımızı kim açacaq?”
“Qardaş, - deyirdin. - axı toy da, qonaq da mənimdir, bunun sənə bir dəxli varmı? Niyə mənim yerimə sən fikirləşməli, qabağa düşüb sən qərar verməlisən?! Qonağı necə qarşılamaq, süfrəyə nəyi necə qoymaq mənə aiddir, sənə yox. Toy da mənimdir, qonaqlar da. Sənin vəzifən xidmət göstərməkdir, məclisimdə ağalıq etmək yox!”
Bu məqamda menecer sənə şübhə ilə az qala psixiatr ümidsiz ruhi xəstəyə baxan kimi baxır. Sanki səni şəxsən özü 20-30 il müalicə edib, indi də görür ki, bütün əziyyətləri puç olub. Nə dəvə görmüşəm, nə də onun nalbəndə necə baxdığını. Di gəl ki, saraylarla qiymət, menyu savaşında həmişə bu atalar sözü yadıma düşüb. Heç kimi və heç nəyi dəyişdirmək mümkün deyildi.
İllər boyu yüz minlərlə insanın əl-ələ verib şit müğənnilərin bayağı fonoqramması altında təzə paltarda saç ustalarının əlindən keçib yoxsulluğa, bədxərcliyə ümumxalq yallısı getməsi ən ağır böhran deyildimi? Qlobal böhranda iqtisadçılar təkliflərini verir, dövlət tədbirlər paketini hazırlayır, prezident vəziyyətdən çıxmaq üçün qanunlar, fərmanlar imzalayır. Yəni qlobal böhranın fəlakətlərindən can qurtarmaq bizim səsi toydan sonra çıxan zurnanın havalanmış havasından xilas olmaqdan dəfələrlə asandır. Girovuna düşdüyümüz toyların zilləti bütün qlobal böhranlardan daha ağır, daha uzun və daha təhlükəlidir. Kimdir onu doğuran? Bəlkə ABŞ, Avropa dövlətləri, ya da ki, xaricdən mayalanan “beyin mərkəzləri” gərəksiz dəbdəbəli toyların qandallarını biləklərimizə vurublar? Əsla yox! Onlar istəsələr də, bizim toylara qarışa bilməzlər. Saraylar dəmir qaydaları ilə istənilən müdaxiləni anındaca zərərsizləşdirəcək.
Qələm dostumuz deyir ki, toy ailə şənliyidir, orada kənar adamların olması düzgün deyil, ümumiyyətlə, bu, heç bir məntiqə sığmır. Axı biz toy dəvətnaməsi paylayanda məntiqə yox, mentalitetə söykənirik. Qoy toyumuz gur olsun! Qoy millət yığılsın və tullanıb düşsün!
Bakı sakini Rasim Qabilov övladının 10 il əvvəlki toyundan danışır, neçə yüz adam gəlib, hamısı da yaxşı pul atıb. İndi onun özünü toylara çağıranda çaş-baş qalır, başını itirir, bilmir ki, neyləsin: “Birincisi, qiymətlər tamam dəyişib, manat devalvasiyaya gedib. Toyuna 100 manat atanın dəftərinə yüz manat yazdırsan az olur. Birə bir hesablaşmağa da güc çatmaz. Qardaş, baxıram toy dəftərinə 50 manat görəndə sevincimdən uçuram. 200, 300, 500 manata rast gələndə nəfəsim kəsilir. Toyuma 30 min pul tökülüb, 20 minini demək olar ki, qaytarmışam, ancaq qalan toylara 20-25 min atsam da bəs eləmir! Oğlumun toyundan sonra bütün xərclərimi bağladım. Əlimdə 12 min manat qalmışdı. İndi belə çıxır ki, bu 12 min manata görə toylara 40 min pul atmalıyam. Ağlabatan iş deyil. Elə yüklənmişəm ki, nəfəs almaq mümkün olmur, biabırçılıqdı, heç deyiləsi deyil”.
Bax əsl böhran budur. Çünki bütün böhranların ömrü bizim toy böhranları ilə müqayisədə çox kiçik olur. Altından çıxmaq mümkündür, amma bizim toylar biyar kimi boğazından yapışıb səni ölənəcən özünə işlədir!
Bu bizim fərdi böhranımızdır. Nə ingilisdə, nə də ki rusda belə şeylər olur. Moskvalı dostum böyük vəzifə sahibi gileylənir ki, qızının toyuna çox adam çağırıbmış. Soruşuram ki, nə qədər, özüm də düşünürəm ki, əhatəsi elədir ki, min nəfərdən az çağırmaz. “60-a yaxın adam var idi, - deyir. - amma 40 nəfərlə gözəl toy edə bilərdik”.
Bizim saraylar isə səni qıdıqlayırlar ki, 250 adamdan çox çağırsan, qiyməti bir 5 manat düşərlər, 300 çağırsan, 10 manat da keçərlər, 400-500 nəfərlik məclisdə qiyməti bir az da yendirmək olur. Yəni saray səni şirnikləndirir ki, həvəslənəsən 5-10 manata görə bütün nəslini, hətta bir dəfə salam verdiyin adamı da dəvətnamə verib, dilxor edəsən! Başqa bir məqam da var axı! Atılan pulu qaytarmalısan, yəni yüz adam artıq çağırsan, saray sənə min manat güzəşt edəcək. Lakin çağırdığın yüz nəfərin sənə güzəşti yoxdur, əgər 10 min atıblarsa, bir o qədər də qaytarmalısan, yol pulunu, şəkil pulunu da üstünə gələndə bu 10 minin üstünə iki-üç min də əlavə etməlisən ki, adamlarla başabaş qurtarasan.
İranda toyda cəmi 1-2 xörək və meyvə salatı verirlər. Türkiyədə, ümumiyyətlə, toyda yemək vermirlər. Adamlar kəbin kəsmə mərasimində iştirak edir, bəylə gəlini təbrik edib dağılışırlar. Avropalılar çox az adam çağırırlar. Almaniyadan gəlmiş Paşa Nağıyev Bakıda qohumlarının toyunda heyrətini ifadə etməyə söz tapmırdı: “Övladımın toyunda yeməklərin qədəri burda bir masanın üstündə olandan az idi! Gəlmişəm Bakıya qohum-qardaş hamı yardım istəyir. Bax gör burda qadınların üstündəki bər-bəzəyi bir yerə yığsan, bank açmaq olar. Əgər kasıbsansa, əgər pulun yoxdursa, bu nə həngamədir? Sizin kasıbçılığınızın səbəbi ifratçılığınızdır”.
Keçən il Bakıda I Avropa Oyunları zamanı elə oldu ki, Roberto Maravia adlı əcnəbi turistlə tanış olduq. Dedi ki, kanadalıdır, ABŞ-da yaşayır. Paytaxtda onu nəyin daha çox heyrətləndirdiyini soruşduq.
- Şadlıq sarayları! - Deyə düşünmədən cavab verdi: - Zənnimcə, dünyanın elə ölkəsini tapmaq olmaz ki, sizdəki qədər şadlıq sarayı olsun. Şəhərin mərkəzindən bir qədər aralanan kimi sıra ilə düzülən şadlıq sarayları istənilən xaricini təəccübləndirə bilər. Çünki dünyada toylar üçün ayrıca saraylar tikilmir, restoranlar, klublar, barlar var. Hər kəs istədiyi yerdə qeyd edir.
- Doğrudanmı, sizdə bu qədər toy olur? Elə təəssürat yaranır ki, sanki evlənməkdən ayrı işiniz yoxdur?
Əcnəbini başa salıram ki, bizdə bir qədər fərqli məqamlar var. Məsələn, qız toyu ayrı olur, oğlan toyu ayrı. Nişan məclisləri var, ondan başqa oğlan uşaqlarını sünnət edəndə də kiçik toy adı altında məclislərimiz olur.
Roberto mənə diqqətlə baxır, başa düşmək istəyir ki, onu ələ salmıram ki? Anlayanda uğunub gedir:
- Deməli, sizdə bir adam 5-6 dəfə evlənir?
- Evlənməyinə bir dəfə evlənirik, amma sünnət toyu, nişan, qız və oğlan toyunu saysaq, cəmi dörd məclis olur. Məncə o qədər də çox deyil. - İndi özüm əcnəbiyə şübhə ilə baxıram, görüm lağ eləmir ki?
- Bir gəlinin dalınca iki dəfə getmək pis deyil. Deməli, əməlli-başlı məşq edirsiniz! ABŞ-ın dəniz piyadalarının belə ağır məşqləri olur. Yorulmursunuz, özünüzə yazığınız gəlmir. - Roberto sualı verib gülümsəyir.
Onda cavab yerinə çiyinlərimi çəkmişdim, indi bu söhbəti xatırlayanda anlayıram ki, həqiqətən də yorulmuşuq. Heç bir xalq özünü bizim qədər toyların qayğıları ilə yükləmir. Hətta bizim müsəlman qardaşlarımız İranda, Türkiyədə özlərinə daha sadə toy məclisləri qururlar.
Qlobal böhrandan danışanda bəzən qorxuruq, vahimələnirik, ittihamlarımız da ki, yerli-yerində olur. Təəssüf ki, heç birimiz bizi əbədi maddi və mənəvi böhranın uçurumlarına yuvarlayan adət və ənənələrimizlə vidalaşmağa cəhd etmirik.
Elə zavallı günə qalmışıq ki, Məhərrəmliyi, səfər ayını səbirsizliklə gözləyirik ki, heç olmasa toyların zəhmindən hüzn mərasiminin çətiri altına çəkilib gizlənək bir az! Neçə ildir ki, belədir. Dəvətnamələr yağış kimi yağır, bəzən elə olur ki, maaşından bir neçə dəfə artıq toylara pul salmalı olursan! Maaş azlıq edir, aldığın borc da üzünü ağartmır!
Bircə bu ildən başqa! Çərxi-fələk tərsinə fırlandı, Məhərrəmlikdən sonra dəvətnamələrin sayı dəfələrlə azaldı! Kimi soruşdunsa, toylara əvvəlki vaxtlardan 2-3 dəfə az çağırıldığını dedi. Bir neçə dəfə şəhərdə, elə rayonlarda da şayiələr yayıldı ki, adamlar 400-500 nəfərlik toylar ediblər, gələni az olub, əməlli-başlı ziyana düşüblər. Bir sözlə, qaydalar dəyişilir! Toylara ucdantutma dəvətnamə paylamaq tərgidilir.
Biz bacarmadıq, amma gözünə döndüyüm böhran və devalvasiya hər şeyi dəyişdirdi! İllərdir ki, yazırdıq, etiraz edirdik, amma nə toyların yönümü, nə də ki sarayların qaydaları dəyişirdi. Öz toyunda otursan da, şadlıq sarayının qaydaları ilə əyləşirdin. Yad toyuna gələn qərib qonaq kimi.
Ağlabatan iş deyil, amma manatın sonuncu devalvasiyası ömrümüz boyu görə bilmədiyimiz işi qısa müddətdə yoluna qoydu. Sarayların dizini qatladı, menecerlərin sifətindən lovğa təkəbbürü külək səmadan buludları qovub aparan kimi qeybə çıxardı. İndi nisbətən, azacıq da olsa yumşalıblar. Hələ oxuyanları demirik. Artıq ağlamağa başlayıblar! Belə getsə, ekranlardan da çəkiləcək, nəhayət, qalmaqal proqramları da yoxa çıxacaqdır!
Bu proses nə qədər sürətli getsə və nə qədər tez baş versə, o qədər xeyrimizə olacaq. Nə qədər ki biz 70-100 adamla toylarımızı yola verə bilməyəcəyik, bir o qədər ləyaqətli görünən deyilik, bir o qədər də çox gücümüz çatmayan öhdəliklərin altında əziləcək və əyiləcəyik!
Bahadur İMANQULİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”