Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı və 100-dən çox ölkənin xüsusi xidmət orqanının iştirakı ilə sentyabrın 22-də Azərbaycan paytaxtında IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunub.
Forumda Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub.
Dövlətimizin başçısının müraciəti müasir qlobal təhlükəsizlik çağırışları, böhran nöqtələri, habelə təhlükəsizlik və diplomatiya orqanlarının qarşısında duran vəzifələri əhatə edən konseptual yanaşmadır.
Qlobal nizamın transformasiyaya məruz qaldığı zamanda ənənəvi diplomatik korpuslarla yanaşı, kəşfiyyat diplomatiyası kommunikasiya məsələlərində mühüm rol oynayır. Təhlükəsizlik və kəşfiyyat üzrə subyektlərin diplomatiya sahəsində artan iştirakı üç əsas məqsədi özündə birləşdirir:
- Beynəlxalq aləmdə dəqiq datalar əsasında dərin dəyişiklikləri proqnozlaşdırmaq və bu kontekstdə preventiv təhlükəsizlik priorietlərinə xidmət etmək;
- Regional eskalasiyaların qarşını almaq və rəqib dövlətlər arasındakı əlaqələri yaxşılaşdırmağa çalışmaq;
- Tərəfdaş və müttəfiq dövlətlər arasındakı koordinasiya mexanizmlərini gücləndirərək önləyici tədbirlər həyata keçirmək.
Bu məqamlar nəzərə alınmaqla Prezident İlham Əliyevin müraciəti qarşılıqlı faydaya əsaslanan yeni əməkdaşlıq modelinin qurulmasını strukturlaşdırır.
Burada terrorla mübarizənin koordinasiyası qarşıda dayanan vəzifələrdən biridir. Məhz buna görə Prezident İlham Əliyev həmin mövzudakı çağırışları diqqətə çatdırır.
Dövlətimizin başçısının müraciəti müasir transsərhəd təhdidlərinin təhlili fonunda strateji qiymətləndirmədir. Prezident İlham Əliyevin irəli sürdüyü strateji mövqe və əsas prioritetlər aşağıdakı müddəalarla xarakterizə oluna bilər.
Birincisi, dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması artıq fərdi məsələ deyil, bütün dövlətlərin ortaq və əlaqələndirilmiş məsuliyyətidir.
İkincisi, təhlükəsizlik anlayışı dövlətlərin sərhədlərini aşdığı üçün hər hansı regiondakı lokal böhran qısa müddətdə qlobal siyasi, iqtisadi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı ciddi fəsadlar törədə bilər.
Üçüncüsü, rəqəmsal imkanların, xüsusilə süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına və terror şəbəkələrinin maliyyələşməsinə imkan yaradaraq müasir mübarizəyə böyük əngəllər törədir.
Dördüncüsü terrorçuluq, kibercinayətkarlıq və digər transsərhəd təhdidlərə qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, mütləq şəkildə beynəlxalq birgə fəaliyyətə əsaslanmalıdır.
Beşincisi, süni intellekt və kosmik sahədə güclənən qlobal rəqabət, artan silahlanma xərcləri və regional münaqişələr qlobal təhlükəsizliyə xələl gətirməklə terrorçuluğa zəmin yaradır və lokal böhranların sürətlə bəşəri təhdidə çevrilməsi riskini artırır.
Beləliklə, Prezident İlham Əliyev geosiyasi və təhlükəsizlik risklərinin şiddətləndiyi zamanda böhrandan çıxış yolunu göstərir və sabitlik üçün çoxtərəfli əməkdaşlıq təklif edir. Bu, müasir dövrün mürəkkəb təhlükəsizlik tənliyinin həlli üçün yaxşı düstur ortaya qoyur: Qlobal təhdidlər əlaqələndirilmiş, qabaqlayıcı, qarşılıqlı etimada əsaslanan birgə səylərlə neytrallaşdırıla bilər.