03 İyun 2026 08:10
229
Mədəniyyət
A- A+
TDT-nin təməl tarixi

TDT-nin təməl tarixi


1926-cı il qurultayından türk dünyasının bu gününə ötürülən ruh


Tarix, sadəcə, təqvimlərin dəyişməsi deyil, həm də böyük ideyaların zaman pərdəsini yıxaraq yenidən doğulması prosesidir. Düz bir əsr əvvəl - 1926-cı ildə Bakının tarixi mərkəzində, imperiya təzyiqlərinin və qanlı repressiya rüzgarlarının əsməyə başladığı bir dövrdə türk dünyasının mütəfəkkirləri I Türkoloji Qurultay üçün bir araya gəldilər.

O zaman atılan addımlar, sadəcə, elmi axtarış deyildi, parçalanmış bir coğrafiyanın ruhunu, dilini və əlifbasını qorumaq üçün ucalan cəsarətli bir çağırış idi. Sovet totalitarizmi o dövrdə bu intellektual alovu söndürməyə, qurultay fədailərini zindanlarda məhv etməyə çalışsa da, tarixin yaddaşını silə bilmədi.

Bu gün həmin tarixi hadisədən 100 il keçir və zamanın qırılan zənciri artıq bərpa olunur. 1926-cı ildə Bakıda qoyulan o məfkurə toxumları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi və geostrateji baxışı sayəsində qlobal arenada söz sahibi olan Türk Dövlətləri Təşkilatına (TDT) çevrilmişdir. Dünən repressiya qorxusu ilə pıçıldayan türk dünyası bu gün Qarabağ Zəfərinin yaratdığı yeni reallıq fonunda liderinin dili ilə beynəlxalq kürsülərdən gələcəyini diktə edir: "Bizim ailəmiz türk dünyasıdır".

Bu mənada I Türkoloji Qurultaya müasir Türk Dövlətləri Təşkilatının hazırda reallaşdırdığı strateji layihələrin əsas ideoloji bünövrəsi kimi baxmaq lazımdır. Çünki tam bir əsr əvvəl əsası qoyulan ümumtürk idealları bu gün TDT-nin qərarları və konkret əməlləri ilə özünün ən parlaq dövrünü yaşayır.


Hədəflərdən biri - 34 hərfli ortaq reallıq


I Türkoloji Qurultayın ən böyük tarixi qələbəsi türk xalqlarının ərəb qrafikasından latın əlifbasına keçidini elmi əsaslarla qəbul etməsi idi. Əlifba islahatları məsələsi qurultayda 3 gün müzakirəyə çıxarılmış, uzun və ziddiyyətli mübahisələrdən sonra 1926-cı il martın 4-də səsverməyə qoyulmuşdur. Mövzu ətrafında müəyyən fikir ayrılıqlarına rəğmən, əksəriyyət latın qrafikasına keçidi dəstəkləmiş, bununla da keçmiş ittifaq daxilindəki türk xalqlarının əlifba siyasətinin gələcək istiqaməti müəyyənləşmişdir. Qurultayda yeni əlifbanın fonetik uyğunluğu, maarifçilik funksiyası və ümumtürk yaxınlaşmasına xidmət etməsi əsas arqumentlər kimi irəli sürülmüşdü.

Əlifba ilə yanaşı, imla və orfoqrafiya, terminologiya, tədris metodikası, ədəbi dil, qohum dillərin qarşılıqlı əlaqəsi və türk dillərinin tarixi problemləri də müzakirə olunmuşdur. Qəbul edilən qərarlar türkoloji elmin institusional inkişafına, elmi şəbəkələşmənin güclənməsinə və ortaq tədqiqat gündəliyinin formalaşmasına ciddi töhfə vermişdir.

Sonrakı illərdə qurultayın qərarları əsasında yeni türk əlifbası üzrə komitələr yaradılmış və 1929-cu ildə SSRİ-də ərəb qrafikalı dillərin latın qrafikasına keçidi tam rəsmiləşdirilmişdir. Bu proses müəyyən mərhələlərdə siyasi konyunkturaya tabe olsa da, ümumilikdə əlifba islahatının türk xalqlarının mədəni inkişafında texniki dəyişiklikdən daha artıq məna daşıdığını göstərmişdir. I Türkoloji Qurultay sübut etmişdir ki, əlifba yalnız yazı vasitəsi yox, düşüncə tərzini, elmi ünsiyyəti və cəmiyyətin inkişaf istiqamətini müəyyən edən əsas faktorlardan biridir. Bu mənada mötəbər tədbir elmi hadisə ilə bərabər, həm də türk xalqları arasında gələcək birlik və yaxınlaşmanın intellektual əsaslarını formalaşdıran mühüm mərhələ olmuşdur. O, uzunmüddətli perspektivdə ortaq düşüncə, ortaq dil siyasəti və ortaq elmi baxışların təşəkkülünə ciddi təsir göstərmişdir.

Tədqiqatçıların araşdırmalarında göstərilir ki, qurultayda ilk dəfə olaraq türk dilləri ayrı-ayrı lokal problemlər kimi deyil, bir-biri ilə əlaqəli vahid sistem kimi qiymətləndirilmişdir. Bu müxtəlif türk xalqları arasında yazı fərqlərini azaltmış, elmi və mədəni ünsiyyəti asanlaşdırmışdır. Qurultay həm də türkologiya elminin institusionallaşmasına təkan vermişdir. Bir çox regiondan olan alimlərin Bakıda bir araya gəlməsi elmi şəbəkələşməni gücləndirmiş, ortaq tədqiqat mövzuları və metodoloji yanaşmalar formalaşdırmışdır. Bu proses türk xalqlarının tarixinin, mədəniyyətinin və dilinin paralel şəkildə öyrənilməsinə şərait yaratmışdır. Hazırda TDT məhz elmi bünövrəsini belə bir siyasi müstəvidə tamamlayır.

1926-cı ildə irəli sürülən ortaq imla və vahid əlifba hədəfi sovet repressiyaları ilə yarımçıq qalır. Lakin TDT nəzdində fəaliyyət göstərən Ortaq Əlifba Komissiyası Bakıda keçirilən iclasında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası layihəsi üzərində tam razılıq əldə edir. Bununla da 100 il əvvəl alimlərin başladığı mədəni unifikasiya dövlət başçılarının siyasi iradəsi ilə rəsmi sənədə çevrilir.


Tarixi yaddaşın bərpası: "Ortaq tarix" və "Ortaq ədəbiyyat"


O zaman qurultayda türk xalqlarının dil, etnoqrafiya və tarix dərsliklərinin vahid sistemə salınması tələbi də irəli sürülmüşdür. İndi TDT bu vəzifəni özünün əsas institutları vasitəsilə icra edir. TDT nəzdində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyası qurultayın qoyduğu elmi prinsipləri rəhbər tutur. Məktəblər üçün hazırlanan "Ortaq türk tarixi", "Ortaq türk ədəbiyyatı" və "Türk dünyası coğrafiyası" dərslikləri bir əsr öncə Bakı tribunasından səslənən arzuların birbaşa təzahürüdür.

Komissiyanın 2024-cü ildə keçirilən iclasında xüsusi qeyd olunmuşdur ki, hazırda türk dünyasının ortaq əlifbasının yaradılması türk dövlətlərinin inkişafı və sıx əməkdaşlığı kontekstində atılan zəruri addımdır. Azərbaycanda latın qrafikasına keçidin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən iştirakçılar diqqətə çatdırıblar ki, 2001-ci ildə "Azərbaycan əlifbasının yaradılması və Azərbaycan Dili Günü haqqında" sərəncam imzalanıb. Bununla Ümummilli Lider ölkədə iki əlifbanın istifadəsinə son qoyub və latın qrafikasına keçidi təmin edib. 

Ortaq türk əlifbasının yaradılması sahəsində görülən işlər isə zamanın çağırışıdır. Türk dünyasında gedən sürətli inteqrasiya prosesləri bir sıra məsələləri, o cümlədən ortaq əlifbanın yaradılmasını da gündəmə gətirdi. 100 il əvvəl Bakıda arzulanan, lakin qadağan edilən ortaq əlifba və vahid mədəniyyət hədəfi bu gün müstəqil türk dövlətlərinin sarsılmaz birliyi ilə XXI əsrin geosiyasi reallığına çevrilir. Tarix sübut etdi ki, ideyaları güllələmək olmaz, Bakı qurultayının məşəli bu gün TDT-nin bayrağı altında bütün türk dünyasının gələcək yolunu işıqlandırır.

Tarixi qurultayın 100 illik yubileyi çərçivəsində TDT və ona bağlı qurumlar tərəfindən Bakıda və Almatıda genişmiqyaslı simpoziumlar keçirilir. Bu tədbirlər çərçivəsində ölkəmizdə nəzərdə tutulan türk dünyası həftəsi böyük maraq doğurur ki, bu da 100 il formalaşan "dildə, fikirdə, işdə birlik" fəlsəfəsinin TDT-nin timsalında artıq reallığa çevrildiyini bütün dünyaya nümayiş etdirir.


Fikir şəhidlərinin irsi


Türkoloji Qurultayın Azərbaycan türkoloqları ilə birgə 1926-cı ildən 1930-cu illərə qədər yol gələn vahiməli bir arxa planı var. Bolşevik quruluşu üçün təhlükəli hesab edilən böyük Turan düşüncəli ziyalıların həbsi 1937-ci ilin yanvar ayından kütləvi hal almağa başladı. O dövrün ideoloqları çox yaxşı başa düşürdülər ki, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyi yolunda atılmış ən cəsarətli addım idi. Lakin bu möhtəşəm hadisədən sonra amansız sovet repressiyaları dalğasında qurultayın 100-dən çox təşkilatıçısı və iştirakçısı pantürkizm, əks-inqilabçı və millətçilik ittihamları ilə güllələndi və ya sürgünə göndərildi. Sovet totalitarizmi alimləri məhv etsə də, onların formalaşdırdığı elmi-mədəni irsi sıradan çıxara bilmədi. 

Qurultayda ortaq əlifba, vahid terminologiya və ortaq tarix konsepsiyasını müdafiə edən türkologiyanın sütunları bir-bir hədəfə alındı. Qurultayın əsas təşkilatçılarından olan görkəmli professor Bəkir Çobanzadə türk dillərinin metodologiyasını hazırladığı üçün 1937-ci ildə güllələndi. Bu gün onun dilçilik nəzəriyyəsi ortaq türk terminologiyasının əsasını təşkil edir. Azərbaycan klassik ədəbi irsinin nadir nüsxələrini toplayan görkəmli alim Salman Mümtaz "milli təəssübkeşlik" ittihamı ilə həbs olundu və məhv edildi. Onun xilas etdiyi əlyazmalar bu gün TDT-nin ortaq ədəbiyyat layihələrinin bünövrəsidir. Qazax və kumık xalqlarının böyük ziyalıları Əhməd Baytursunov və Cəlaləddin Qorxmazov türk xalqlarının latın qrafikasına keçməsini elmi şəkildə əsaslandırdıqları üçün repressiya bumeranqının qurbanı oldular. Əhməd Baydursunov 1937-ci ildə "Alaş Orda" milli hərəkatının rəhbərlərindən biri kimi repressiyaya uğradı. Cəlaləddin Qorxmazov Moskvada həbs olunaraq edam edildi. Hənəfi Zeynallı və Ruhulla Axundov - Azərbaycan dilçiliyinin və tənqidinin əsasını qoyan bu simalar da eyni siyasi terrorun hədəfi oldular.

Tədqiqatçılar yazırlar ki, I Türkoloji Qurultayın keçirildiyi 1926-cı ildə Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan, "ÇK" sədri, yəni fövqəladə komissar Mircəfər Bağırov idi. Ruhulla Axundov qurultaya nümayəndə seçilmişdi - "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru və jurnalist kimi... 1926-cı ildə, yəni Türkoloji Qurultay ərəfəsində Mirzoyanın özünə rəqib görüb MK-nın ikinci katibliyindən uzaqlaşdırdığı Ruhulla Axundov Azərbaycana Bağırovun rəhbərlik etdiyi 1937-ci ildə NKVD zindanlarında işgəncələrə məruz qalaraq, gözləri çıxarılaraq, qabırğası sındırılaraq öldürülüb. SSRİ Elmlər Akademiyası Azərbaycan filialının özbəkəsilli elmi işçisi Xalid Səid Xocayev də, Bakı Darülfünunu Şərq fakültəsinin Kazan tatarı əsilli professoru Əziz Qubaydullin də 1937-ci ildə güllələnib. Həmin ildə Pepinovun da, Həbib Cəbiyevin də  həyatlarına son qoyublar.

Leninin dostu, milliyyətcə eston olan Artur Zifeld Ədəbiyyat İnstitutunun ilk direktoru idi. Mahmud Kaşğari Divanının tərcüməsinə imkan verdiyi üçün 8 il müddətinə sürgünə göndərilib. Milliyyətcə çex olan Nikolay Roqdayev Leninin məsləhəti ilə Tiflisdə Qafqaz İcraiyyə Komitəsində elmi katib işləyirdi. Hansı səbəbdənsə o da Daşkəndə sürgün edilib. Artur Zifeld Kolımada sürgündə və 50 yaşında "qocalığı" və ürək çatışmazlığı səbəbilə həlak olub. Roqdayev isə 1934-cü ildə sürgündə 54 yaşında beyninə qansızma nəticəsində dünyasını dəyişib.

Sovet rejimi repressiyalar vasitəsilə türk dünyasının mədəni bağlarını qoparmağa və onları Kiril əlifbası daxilində parçalamağa çalışırdı. Lakin alimlərin qoyduğu irs bu gün TDT-nin strateji xəttində tamamilə bərpa olunur. 1926-cı ildə alimlərin ortaq türk dili və tarixi istəyi ittiham aktı sayılırdısa, bu gün TDT nəzdindəki Beynəlxalq Türk Akademiyası məhz həmin alimlərin yarımçıq qalmış tədqiqatlarını dövlət statusunda davam etdirir. 


Tarixi miras və sistemli dövlət siyasəti 


1926-cı ilin şəhid ziyalılarının  qanları bahasına qorunan türkoloji irs bu gün, sadəcə, arxiv materialı deyil, TDT-nin rəhbərliyi ilə gələcəyə doğru addımlayan böyük bir coğrafiyanın ortaq şüurudur.   Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, 1926-cı il qurultayının irsinin qorunması və TDT-nin gücləndirilməsi istiqamətində strateji və sistemli dövlət siyasətinə əsaslanır. Dövlətimizin başçısı türkologiyanın tarixi mirasını həm milli, həm də qlobal səviyyədə müasir türk dünyası inteqrasiyasının əsas hərəkətverici qüvvəsinə çevirmişdir. Prezidentin bu sahədə ortaya qoyduğu siyasi xətt və konkret fəaliyyət mühüm istiqamətləri əhatə edir. Əvvəla tarixin mirası və yubileylərin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncamlar. Bununla İlham Əliyev I Türkoloji Qurultayın və orada iştirak edən, sonradan repressiyaya uğrayan ziyalıların irsinin dövlət yaddaşına köçürülməsini təmin etmişdir. Prezidentin müvafiq sərəncamları ilə I Türkoloji Qurultayın 90 illik, ardınca 100 illik yubileyləri respublika və türk dünyası səviyyəsində qeyd olunması ilə əlaqədar sərəncamlar imzalanmışdır. Bəkir Çobanzadə, Salman Mümtaz, Hənəfi Zeynallı, Ruhulla Axundov kimi repressiya qurbanlarının elmi irsinin yenidən çapı, adlarının əbədiləşdirilməsi şəxsən dövlətimizin başçısının diqqətində olmuşdur. 

Azərbaycan Prezidenti İlham Əliyev TDT-ni ölkəmizin xarici siyasətinin əsas prioriteti elan etmişdir. Dövlətimizin başçısı TDT çərçivəsində 34 hərfli ortaq türk əlifbasının hazırlanması və tətbiqi prosesini siyasi cəhətdən ən çox dəstəkləyən ölkə liderlərindən biridir. Prezidentin yürütdüyü bu siyasət 1926-ci ilin şəhid ziyalılarının qanı bahasına qorunan türkoloji irsi üzə çıxararaq onu türk dünyasının XXI əsrdəki geosiyasi və mədəni birliyinin əsas rəsmi sütununa çevirmişdir.


İradə ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

15:44
03 İyun

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

15:42
03 İyun

Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair qanun layihəsi plenar iclasa tövsiyə olunub  

15:40
03 İyun

Tramp Netanyahunu tənqid etsə də, əməkdaşlığın davam etdiyini bildirdi

15:39
03 İyun

“SOCAR Green”: Xəzər dənizində külək enerjisi potensialı 157 giqavatdır

15:37
03 İyun

“Azəralüminium”un ixrac gəlirləri 27 faiz artıb

15:37
03 İyun

Tramp: Xamenei ABŞ ilə danışıqlar prosesində iştirak edir

15:35
03 İyun

Diaspor rəhbəri: Moldovadakı Azərbaycan diasporu sistemli diskriminasiya ilə qarşılaşmır  

15:35
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!