18 May 2025 08:55
737
Mədəniyyət
A- A+
Tariximizin bələdçisi

Tariximizin bələdçisi


Hər il may ayının bu günü dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildən başlayaraq 18 may tarixində keçirilir. Beynəlxalq Muzeylər Günü bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək üçün təsis olunub. Məqsəd muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını nümayiş etdirməkdir.

Qədim tarixə, zəngin mədəniyyətə malik olan ölkəmizdə də bu bayram geniş miqyasda qeyd edilir.

Tarix yaşanmışlar, yaradılmışlardır. Ancaq nə qədər möhtəşəm, xalqın, eləcə də bəşəriyyətin həyatında əhəmiyyətli hadisə də olsa, qorunmasa, unudular. Yeni nəsillər ondan ya tamamilə xəbərsiz qalar, ya yanlış, ya da təhrif olunmuş şəkildə məlumat alar. Odur ki, tarix qorunub yaşadılmalıdır. Bunun üçün isə yalnız yaddaşlara güvənmək, yaxud tarixi nümunələri - əşyaları, sənədləri, əlyazmaları  pərakəndə halda saxlamaq olmaz. Tarixi, mədəniyyəti, milli bədii irsi nümayiş və təbliğ edən muzeylər bu mənada ən güvənilən saxlanc yerlərindən biridir.

Müasir muzeylərin sələfləri eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanlar hesab edilirlər. Məmləkətimizin ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının sarayları da belə nümunələrdən sayılır. Azərbaycanda erkən və Orta əsrlərdə isə hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq artıb, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında qorunub.

XIX əsrin ikinci yarısından Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən canlanma muzey işinin təşkilinə də diqqətin artmasına səbəb olub.

Ölkəmizdə ilk dövlət muzeyinin təməli isə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. "İstiqlal" adlandırılan bu muzey 7 dekabr 1919-cu ildə Azərbaycan Parlamentinin ildönümü münasibətilə onun binasında açılıb. İlk dövlət muzeyində ölkəmizin istiqlalına dair sənəd və materiallar, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalça və xalça məmulatı, bədii tikmələr, dulus, mis qablar, bəzək əşyaları, "Qurani-Kərim"in nadir nüsxələri, müxtəlif əlyazmaları və başqa qiymətli tarixi nümunələr toplanıb. Təəssüf ki, İstiqlal Muzeyi bir neçə ay fəaliyyət göstərə bilib. 1920-ci ilin aprelində bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətini devirərək hakimiyyəti ələ keçiriblər. Ölkəmizdə sovet hakimiyyəti qurulduqdan sonra İstiqlal Muzeyi fəaliyyətini dayandırmalı olub.

18 may 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun verdiyi "Bütün muzeylər milliləşdirilsin" qərarı bu sahədə yeni addımların atılmasına təkan verib. İyunun 15-də Bakıda Xalq Maarif Komissarlığının Məktəbdənkənar işlər şöbəsində yeni qurulmuş "Muzekskurs" yarımşöbəsinin nəzdində öncə "Doğma diyarın tədris muzeyi" fəaliyyətə başlayıb. Bugünkü adı ilə - Milli Azərbaycan Tarixi Muzeyinin əsas bazasını İstiqlal Muzeyinin materialları təşkil edib.

Həmsöhbətimiz Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova bildirir ki, bu muzey İstiqlal Muzeyinin şərəfinə 1920-ci ilin iyulundan "Doğma diyarın tədris muzeyi - İstiqlal", 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılıb: "Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirildi və ilk ziyarətçilərini 1921-ci ilin mayında qəbul etdi. Azərbaycan SSR XKS-nin 31 mart 1936-cı il qərarına görə, Azərbaycan Dövlət Muzeyinin yenidən qurulması tarix profilli yeni muzeyin yaradılması və onun Azərbaycan Tarixi Muzeyi adı ilə yenicə təşkil edilən SSRİ EA-nın Azərbaycan filialına verilməsi ilə nəticələndi. Bu, keçmiş Dövlət Muzeyinin tərkibindən 1934-cü ildə çıxmış Teatr Muzeyindən başqa, qeyri-tarix profilli digər sahələrin ayrılmasına və yeni - Təbiət Tarixi Muzeyi, İncəsənət Muzeyi, Din və Ateizm Tarixi Muzeyi, Ədəbiyyat Muzeyi və digər muzeylərin yaranmasına səbəb oldu". 

Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi qeyd edir ki, 1930-cu illərin sonu - 1940-cı illərin əvvəllərində baş verən kütləvi repressiya və müharibə alimlərin, muzey işçilərinin sıralarını seyrəltdi. 1941-ci ildən bu vaxtadək müstəqil qurum olan Tarix Muzeyi SSRİ EA Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda Muzey şöbəsinə çevrildi. Azərbaycan Tarixi Muzeyi 1945-ci ildə yaradılmış Azərbaycan SSR EA-nın tərkibində eyni adla fəaliyyətə başladı. 1953-cü ildə Tağıyev mülkünün yenidən muzeyə qaytarılması və dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaratdı.

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi binanın özü də qədim və möhtəşəmdir. Bura - Hacı Zeynalabdin Tağıyevin sarayı 1895-1901-ci illərdə tikilib. Nəhəng günbəzlərlə tamamlanan bu üçmərtəbəli sarayın bir tərəfi Baryatinski (indi Əbdülkərim Əlizadə), digərləri Polis (hazırda Yusif Məmmədəliyev), Merkuri (indi Zərifə Əliyeva), fasadı isə Qorçakov (hazırda Hacı Zeynalabdin Tağıyev) küçələrinə baxırdı. Otaqların ikisıralı tikilişi sarayın daxili həllinin əsasını təşkil edir.

Sevinc Nəsirova ilə birlikdə muzeyi dolaşaraq həm eksponatlarla, həm də bu gözəl sarayla tanış oluruq. Saray iki qapalı həyət ətrafında mərasim və yaşayış otaqlarından ibarət qruplara ayrılıb. Binanın iki aralı mərmər pilləkənləri olan ön hissəsi qərbə baxır. İkinci mərtəbənin anfiladasında nəbati naxışlı pilyastrlarla bəzədilmiş Avropa zalı yerləşib. Şərq zalı isə özünün əzəməti, ornamentlərin təmtəraq və zərifliyi ilə fərqlənib. Mərkəzində kiçik fəvvarə olan qış bağı Şərq zalına birləşdirilib. Hacı Zeynalabdin Tağıyevin kabineti, yemək, qonaq və başqa otaqlar palıd ağacı ilə bəzədilib. Hacının həyat yoldaşı Sona xanımın öz orijinallığı ilə seçilən buduarının - kiçik qonaq otağının tavanı fiqurlu güzgülü lövhəciklərdən yığılıb.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi diqqətimizə çatdırır ki, Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışıb. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilib. Burada isidici və soyuducu sistemlər quraşdırılıb. Hər dörd tərəfdən üçmərtəbəli olan imarətin otaqlarının hər birisinin ucalığı 13.20 metrə çatır. Sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilib, yeri Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın ağacının taxtalarından döşənib. Xaricdən gətirilən mebel və avadanlıq nəzərə alınmasa, təkcə binanın tikintisinə 1,2 milyon rubl vəsait xərclənib.

Sevinc Nəsirova qeyd edir ki, Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti haqqında danışarkən tez-tez "birinci" və "ilk dəfə" sözlərindən istifadə etmək lazım gəlir: "Belə ki, 1925-ci ildən başlayaraq 1960-cı illərədək, arxeoloji işlərin aparılması EA-nın Tarix İnstitutuna həvalə edilənədək, respublikanın arxeoloji mərkəzi olan Tarix Muzeyi arxeoloqlar Davud Şərifov, Yevgeni Paxomov, İshaq Cəfərzadə, Mövsüm Salamov, Saleh Qazıyev, Məmmədəli Hüseynov və başqalarının rəhbərliyi ilə Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və digər yerlərdə apardıqları qazıntılarla Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu. Məhz bu ekspedisiyalar, eləcə də muzeyin təşkil etdiyi etnoqrafik ekspedisiyalar zamanı əldə olunan və bu gün muzeyin fondlarında qorunan material ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirdi, neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynadı".

Müsahibimiz Milli Azərbaycan Tarixi Muzeyinin başqa bir ilki barədə də məlumat verdi. Bildirdi ki, 1960-cı illərdən başlayaraq, muzey bilavasitə arxeoloji ekspedisiyalar təşkil etməsə də, yeni bir sahənin - sualtı arxeoloji tədqiqatların mərkəzinə çevrilib: "1968-1972-ci illərdə muzeyin əməkdaşı tarixçi-arxeoloq Viktor Kvaçidzenin başçılıq etdiyi qəvvaslar qrupu Xəzər dənizində və sahilyanı ərazidə - Bəndovan I, Bəndovan II, Bilgəh və başqa ərazilərdə tədqiqat işləri apardı, bu gün ekspozisiyada görkəmli yer tutan sualtı arxeoloji materialı aşkar etdi, su altında qalmış Orta əsr yaşayış yerlərinin (Muğan, Quştaşfi) tapılması və öyrənilməsi işinin əsasını qoydu". 

Sevindirici haldır ki, Milli Azərbaycan Tarixi Muzeyində tariximizin ən qədim dövrlərindən bu günədək eksponatlar nümayiş olunur. Ekspozisiyaların tarixi dövrlərə uyğun sıralanması ziyarətçilərdə Azərbaycanın tarixi barədə geniş və bütöv təsəvvür yaranmasına imkan yaradır.

Ən qədim dövrü əhatə edən eksponatlar bir-birini əvəz etdikcə sanki tarixdən yola çıxaraq irəliləyirsən. Muzeydə həmçinin təhsilə, elmə Birinci və İkinci Dünya müharibələrində azərbaycanlıların iştirakını, Ümummilli Lider Heydər Əliyevin birinci və ikinci hakimiyyəti dövrünü əhatə edən eksponatlar nümayiş olunur. Ekspozisiyalar Azərbaycanın böyük Zəfərlə başa vurduğu Vətən müharibəsi ilə tamamlanır. Burada Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus əşyalar görmək olar. 

2005-ci ildən Azərbaycan Tarixi Muzeyində əsaslı bərpa və yenidənqurma işləri başlanılıb. İki il ərzində aparılan işlər nəticəsində Tağıyev sarayının bənzərsiz xarici və daxili görünüşü yenidən özünə qaytarılıb. Həmin ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə muzeyə milli status verilib.

28 dekabr 2007-ci ildə isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin açılışını ediblər. 

Milli Azərbaycan Tarixi Muzeyində Vətənimizin qədim tarixi və zəngin mədəniyyətini özündə əks etdirən çoxsaylı kolleksiya var. Muzeyin elmi katibi həmin kolleksiyalar arasında paleontoloji kolleksiyanın özünəməxsus yer tutduğunu vurğuladı. Bu kolleksiyanın ən qədim nümunəsi isə daşlaşmış ağac qalığıdır. Uzunluğu 52,5, eni isə 12 sm. olan bu qalıq ekspozisiyanın daimi eksponatıdır. Azərbaycanlı geoloqlar tərəfindən Şamaxı rayonu ərazisində Maykop çöküntüləri təbəqəsindən tapılaraq götürülüb.

Sevinc Nəsirovanın sözlərinə görə, kolleksiyanın mühafizəsi ilə yanaşı, muzey mütəmadi olaraq ölkə tarixinin və mədəniyyətinin təbliği üçün müxtəlif tədbirlər təşkil edir, məktəblilərin iştirakı ilə ustad dərsləri, breyn-rinq kimi oyunlar keçirir. 

Ötən il muzeyin təmirdən sonra yeni, daha zəngin ekspozisiyasının açılışı olub. Ekspozisiya Azərbaycan tarixinin bütün dövrlərini əhatə etməklə yerli və xarici ziyarətçilərə ölkəmizin çoxəsrlik tarixi keçmişini, məişətini və mədəniyyətini daha dərindən bilmək və öyrənmək imkanı yaradır. Muzeydə hər il Azərbaycan tarixi və mədəniyyətini əks etdirən, muzeyin kolleksiyası əsasında yazılmış kataloq, monoqrafiya və kitab-albomlar nəşr edilir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər  

19:18
19 İyun

“Biznesin müflisləşməsi” İşçi qrupu yeni qanun layihəsini müzakirə edib

19:17
19 İyun

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən daha bir qrup işəgötürənlərlə görüş olub  

19:16
19 İyun

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan  

19:15
19 İyun

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

19:13
19 İyun

Azərbaycanın və Özbəkistanın hərbi mütəxəssisləri birgə əməkdaşlığa dair müzakirələr aparıblar  

18:01
19 İyun

Volodimir Zelenski: Daha bir qrup hərbçimiz Rusiya əsirliyindən vətənə qayıtdı  

17:57
19 İyun

Prezident Ərdoğan: Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır  

17:56
19 İyun

Rəcəb Tayyib Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin nümunəsidir  

17:54
19 İyun

Platinin qiyməti son 10 ilin maksimumuna çatıb

17:54
19 İyun

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir YENİLƏNİB

17:53
19 İyun

Azərbaycan Koreya Respublikası vergi administrasiyaları arasında əməkdaşlıq perspektivlərini müzakirə edib  

17:52
19 İyun

Roma Papası: Dünya müharibələri adi hal kimi qəbul etməməlidir

17:51
19 İyun

Prezident: Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir  

17:50
19 İyun

Prezident İlham Əliyev: Azərbaycan məhəlləsinin yaradılması çox gözəl hadisədir  

17:49
19 İyun

Çin İrandan 1600 və İsraildən yüzlərlə vətəndaşını təxliyə edib

17:49
19 İyun

Prezident: Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub  

17:48
19 İyun

bp-nin Azərbaycandakı fəaliyyəti, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparılıb  

17:47
19 İyun

Prezident İlham Əliyev: Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi  

17:47
19 İyun

IOTA-nın Bakıda keçirilən 29-cu Baş Assambleyası işini başa çatdırıb

17:30
19 İyun

Rusiyanın Tehrandakı səfirliyi vətəndaşlarına İranı Azərbaycanın quru yolu ilə tərk etməyi tövsiyə edir  

17:29
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!