Kiş, Baş Küngüt və Bideyiz kəndlərində “ailə turizmi” inkişaf etməyə başlayıb
Turizm ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən sayılır. Milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində də bu istiqamətə xüsusi diqqət yetirilib. Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmizə 2 milyon 248 min turist səfər edib. Bu ilin 9 ayında isə Azərbaycana gələn turistlərin sayı təxminən 1 milyon 900 min nəfərə yaxındır.
Ölkəmizə gələn turistlər paytaxt Bakı ilə yanaşı, bölgələrimizə də səfər edirlər. Bu isə son illər regionlarda turizm sektorunun sürətlə inkişaf etməsindən qaynaqlanır. Azərbaycanın turizm mərkəzlərindən hesab olunan Şəkidə də turizmin inkişafı yönümündə təşkilati və əməli tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, Şəki özünəməxsus təbiəti və spesifik xüsusiyyətləri ilə fərqlənən nadir bir bölgədir. Buranın zəngin təbiəti, çoxəsrlik tarixi, mədəniyyət və arxeoloji abidələri, zərif ipəyi, yerli əhalinin incə yumoru və əlbəttə ki, zəngin mətbəx mədəniyyəti var.
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illər turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib. Aşağı Karvansara kompleksi, Şəki xanlarının evi bərpa olunub, müasir tələblərə cavab verən “Şəki Saray”, “Sheki Palace” və “Yaffle İnn” mehmanxanaları, Şəki park istirahət mərkəzi, “Marxal” Müalicə-İstirahət Kompleksi inşa edilib, yeni ticarət və xidmət obyektləri istifadəyə verilib. Şəhərdə mütəmadi olaraq keçirilən beynəlxalq “İpək Yolu” musiqi festivalı, eləcə də şirniyyat, teatr, zərb alətləri festivalları xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün daha cəlbedici məkana çevrilib. Son 5 ildə rayonu ziyarət edənlərin sayı 7 dəfədən çox artaraq 150 min nəfərə çatıb.
Məlum olduğu kimi, Prezident İlham Əliyev cari il sentyabrın 27-də “Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb. “Kiş Alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisini və yol boyu ərazinin abadlaşdırılmasını nəzərdə tutan sərəncam Şəki rayonunun mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədini daşıyır.
Mədəniyyət və Turizm Nazirliyinin Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova bildirdi ki, ölkəmizə turist axınında müşahidə olunan dinamika ürəkaçandır: “Təbii ki, bu kəmiyyət artımı normal turizm infrastrukturunun yaradılmasını tələb edir. Bu məqsədlə son illər Şəkidə çoxlu sayda mehmanxanalar, kottejlər, turizm istirahət mərkəzləri və digər sosial obyektlər inşa olunub”.
Turizm infrastrukturunda əsas sahələrdən biri də yollardır. Şəkidə də turizm obyektlərinə, xüsusilə də beynəlxalq turizm marşrutuna daxil olan tarix və mədəniyyət abidələrinə aparan yollar vaxtaşırı təmir olunur. Bundan əlavə, şəhərin müvafiq küçə, meydan və xiyabanlarında turizm obyektlərinin ünvanı və onlar haqqında qeyd edilən xüsusi lövhələr vurulur. Cari ilin yaz-yay turizm mövsümündə bir sıra yeniliklər də tətbiq edilib. Məsələn, şəhərin Yuxarıbaş Tarix Memarlıq Qoruğu ərazisində atla gəzintilər və bədii özfəaliyyət kollektivlərinin konsertləri təşkil olunub.
Şəkidə turizmin yeni sahələrinin yaradılması istiqamətində də genişmiqyaslı işlər aparılır. M.Zeynalova qeyd etdi ki, rayonun dağətəyi kəndlərində, xüsusilə Kiş, Baş Küngüt və Bideyiz kəndlərində “ailə turizmi”nin ilk cücərtiləri görünməkdədir. Həmin yaşayış məntəqələrində 30-a yaxın ev turistləri qəbul etməyə hazırdır. Atılan ilkin addımlar onu deməyə əsas verir ki, ən yaxın gələcəkdə kəndlərdə “ailə turizmi” üzrə ən azı 1000 nəfərə yaxın turistin normal istirahətinə imkan yaranacaq. Perspektivdə həmçinin at və piyada gəzinti marşrutları da planlaşdırılır. Bu marşrutlar əsasən 3 istiqamət üzrə olacaq. Bunlardan birincisi Kiş - “Gələrsən-görərsən” qalası, ikincisi Orta Zəyzid-Baş Zəyzid-Quzu yolu-Xan yaylağı-Marxal, üçüncüsü isə Oravan-Bal Kəldək- Keşnəzər-Gavur qaladır. Rayonun Salınçaq, Çorqat, Aydınbulaq, Oravan və Baş Kəldək ərazilərində isə ov turizmi ilə bağlı layihə hazırlanır.
Məlumat üçün qeyd edək ki, ölkəmizdə, o cümlədən Şəkidə turizmin rəsmi statistikası 2006-cı ildən etibarən aparılır. Əgər 2006-cı ildə Şəkiyə gələn turistlərin ümumi sayı 2 min 800 nəfər olmuşdursa, 2017-ci ilin 9 ayı ərzində bu rəqəm 150 min nəfərə çatıb. Yaxın illərdə Şəkiyə gələn qonaqların 200 min nəfərə çatacağına heç bir şübhə yoxdur.
Əli SƏLİMOV,
“Azərbaycan”