Rəşid Behbudov hələ sağlığında özünə əbədiyaşarlıq qazanmışdır
Mənsub olduğu xalqı dünyada təmsil etmək, onu zirvəyə yüksəltmək hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Heç tərəddüd etmədən deyə bilərik ki, xalqımızın qəlbində məskən salıb əbədiyaşarlıq ömrü qazanan, bənzərsiz ifa tərzi, məlahətli səsi, yüksək səhnə mədəniyyəti ilə fərqlənən, dünyaşöhrətli sənətkar, müğənni Rəşid Behbudov belə nadir şəxsiyyətlərdəndir.
Bu bir reallıqdır ki, sovetlər dönəmində Rəşid Behbudov kimi dünyanı qarış-qarış gəzən, planetimizin ən böyük, ən möhtəşəm salonlarında konsertlər verən, bəstəkar mahnıları ilə yanaşı, xalq mahnılarımızın, milli musiqimizin və mədəniyyətimizin təbliğatçısı olan şəxsə hər deyəndə rast gəlmək çətindir. Rəşid Behbudov bənzərsiz səsi ilə sovet Azərbaycanını, onun mədəniyyətini, incəsənətini, musiqisini dünyaya tanıtdırır və xalqımız barədə fikir formalaşdırırdı. Mübaliğəsiz deyə bilərik ki, zamanında bəzən Azərbaycanı Rəşid Behbudovla, onun ifasında səslənən mahnılarla tanıyıblar. Belə bir məşhur deyim var ki, musiqi sərhəd tanımır. Rəşid Behbudov məhz belə bir sənət nümunəsinin yaradıcılarından idi. Dünyanın harasında olursa-olsun, bu böyük sənətkarın ifasında səslənən mahnılar bütün sərhədləri "vizasız" keçərək, ürəkləri fəth edə bilirdi.
Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, "Lenin", "Qırmızı Əmək Bayrağı" və "Xalqlar dostluğu" ordenləri ilə təltif olunan, bir sıra xarici ölkələrin ali mükafatlarına layiq görülən, Dağıstanın Xalq artisti, Gürcüstanın Əməkdar incəsənət xadimi fəxri adlarına sahib olan Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib. Əslən şuşalı olan xanəndə Məcid Behbudov Azərbaycan muğamlarının məşhur ifaçılarından, dövrünün tanınmış şəxsiyyətlərindən olub. Qazaxdan məşhur Vəkilovlar nəslinin nümayəndəsi olan anası Firuzə Abbasqulu qızı Vəkilova ömrünün sonuna kimi Tbilisi məktəblərində rus dili dərsi keçmişdir.
Dünyaya gözünü açandan musiqi sədaları altında böyüyən Rəşidin ruhunda, canında musiqiçi olmaq arzusu, istəyi böyüyürdü. Genetik olaraq nadir səsi olan Rəşid məktəbdə təşkil olunan konsertlərdə oxuyar, məlahətli mahnılarla çıxış edərmiş.
1933-cü ildə məktəbi bitirən Rəşidi Tbilisi parkında təşkil edilən "Müstaid" yay konsertinə iştirak etməyə dəvət edirlər. Böyük səhnədə ilk debütü ona uğur gətirir. İnstrumental ansamblın müşayiəti ilə ifa etdiyi Azərbaycan xalq mahnıları alqışlarla qarşılanır.
O, 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olur və məktəbin müstəqil tələbə orkestrini yaradıb solist kimi fəaliyyətə başlayır. Üzvü olduğu estrada kollektivi ilə Gürcüstanın əksər rayonlarında qastrol səfərlərində olan Rəşid Behbudov gözənilmədən Yerevan musiqi kollektivlərinin birindən dəvət alır.
Gənc yaşlarında Cənubi Qafqazda məşhur müğənni kimi tanınan və sevilən Behbudov Bakıda qastrol səfərində olarkən Üzeyir bəy Hacıbəylinin operettasından ifa etdiyi parçaları bəyənən quruluşçu rejissor onu "Arşın mal alan" filmində Əsgər obrazını oynamağa dəvət edir. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir bəy Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmi 1945-ci ildə efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. Rəşid Behbudov filmdəki Əsgər roluna görə 1946-cı ildə "Stalin" mükafatı alır. Bu obraz müğənnini qısa bir vaxtda dünyada tanıtdırıb şöhrət sahibi edir.
Rəşid Behbudovun yaradıcılıq bioqrafiyası olduqca zəngindir. Yüksək səs tembrinə, sərhədsiz yaradıcılıq diapazonuna malik müğənninin səsini eşitmək istəyənlərin sayı gündən-günə artmaqdaydı. Qeyd etmək lazımdır ki, repertuarında bəstəkar Tofiq Quliyevin mahnılarının daha çox üstünlük təşkil etməsi də müğənnini pərəstişkarlarına daha çox sevdirən amil olmuşdur. T.Quliyevin "Azərbaycan", "Neftçi mahnısı", "Züleyxa" ilə dinləyicilərinin qəlbinə yol açan R.Behbudov Fikrət Əmirovun "Gülüş", "Ulduz" romanslarını, "Sevdiyim yardır" və b. mahnılarını ifa etməklə Azərbaycan musiqi sənətinə əbədiyaşarlıq möhürünü vurmuşdur.
1946-cı ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərən R.Behbudov 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışır. Böyük vokal ustası 1953-cü ildə "Sevil" operasında Balaş roluna, 1954-cü ildə isə Azərbaycan incəsənətinin nailiyyətləri haqqında "Doğma xalqıma" adlı sənədli filminə çəkilir. 1957-ci ilin fevral ayında Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki Azərbaycan Dövlət Konsert Ansamblında fəaliyyətini davam etdirən dünya-şöhrətli sənətkar 1968-ci ildə respublikada ilk Mahnı Teatrını yaradır və ömrünün sonunadək həmin teatrda solist və bədii rəhbər kimi çalışır.
Dünya şöhrətli estrada müğənnisi, vokalçı Rəşid Behbudov 1959-cu ildə SSRİ Xalq artisti fəxri adına layiq görülmüş, 1980-ci ildə isə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Mahnıları dünya xalqlarının 50-dən çox dilində səslənən müğənni Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə qastrol səfərlərində olmuş, geniş tamaşaçı qarşısında konsert proqramı ilə çıxış etmişdir.
Dünyaşöhrətli müğənni "Bəxtiyar" filmində səsləndirdiyi "Qızıl üzük", "Zibeydə", "İlk məhəbbət mahnısı", "Sevgi mahnısı", "Dostluq mahnısı" Azərbaycan mahnı janrının ən parlaq nümunələri olaraq bu gün də tamaşaçılar tərəfindən sevilərək ən çox dinlənilən musiqi əsərləridir. 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edən dahi sənətkar Rəşid Behbudov Bakıda Fəxri xiyabanda dəfn edilib.
Elşən QƏNİYEV,
"Azərbaycan"