Suriyada keçid prosesinin sabitliyinə və müvəffəqiyyətinə töhfə vermək ortaq vəzifə və məsuliyyətdir. Biz qonşu ölkənin tezliklə yaralarını sağaltmasına ümid edirik.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında bildirib.
Ərdoğan xatırladıb ki, 2011-ci ildə Suriyada hökumət əleyhinə etirazlar başlayandan qısa müddət sonra Türkiyə Bəşər Əsəd rejimini dinc əhaliyə qarşı zorakılığı dayandırmağa çağırıb.
“Biz Suriyada islahatlar planlarının hazırlanacağına əmin idik, lakin bütün vədlər, sadəcə, söz olaraq qaldı. Əslində, kütləvi qətllər, vəhşiliklər törədilib, kimyəvi silahlardan istifadə olunub. Türkiyə dinc sakinlərin müdafiəsi və terrorla mübarizə istiqamətində addımlar atıb”.
Türkiyə lideri qeyd edib ki, Suriyada münaqişə illərində 12 milyondan çox insan evlərini tərk edib, onların bəziləri hələ də Türkiyədədir.
Onun sözlərinə görə, bu gün Suriyanın gələcəyi üçün əsas təhlükə bu ölkənin ərazisinin demək olar ki, üçdəbirinə nəzarət edən və onun təbii sərvətlərini qeyri-qanuni istismar edən YPG (PKK-nın Suriya qanadı - AZƏRTAC-ın qeydi) terror təşkilatıdır.
“Terrorçular cinayət əməllərinə son qoymayınca və tərk-silah olmayınca, onları gözləyən aqibətdən qaça bilməyəcəklər. Türkiyənin bölgədəki terror təhlükəsini məhv etmək üçün kifayət qədər gücü var”, - deyən siyasətçi xarici qüvvələri qonşu ölkənin işlərinə qarışmaqdan çəkinməyə çağırıb.
Ərdoğan vurğulayıb ki, region xalqları arasında münasibətləri parçalamaq planları iflasa məhkumdur. “Ankara və Dəməşqin yeni administrasiyası Suriyada eskalasiya və xaosun təkrarlanmasına izn verməyəcək. “Heç kim bölgə xalqlarının, o cümlədən türklərin, kürdlərin və ərəblərin birgə yaşamaq iradəsinin təməli altına dinamit qoya bilməz”, - deyə dövlət başçısı bildirib.