18 İyul 2026 08:35
1123
SİYASƏT
A- A+
Sarsılmaz birliyi təmin edən siyasət

Sarsılmaz birliyi təmin edən siyasət


"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu müasir dünyanın aktual problemlərinin müzakirə edildiyi əhəmiyyətli bir tədbir oldu. Azərbaycanın tarixi zəfərini və ədalətli mövqeyini dünyaya çatdıran bu beynəlxalq tədbirdə səslənən fikirlər bir daha göstərdi ki, ölkəmizin regionda yaratdığı yeni reallıqlar dünya tərəfindən qəbul edilir.

Şuşanın evsahibliyi etdiyi bu forum qlobal media nümayəndələrini bir araya gətirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin sürətli intibahının, bərpa-quruculuq işlərinin dünyaya təqdimatı üçün unikal imkandır. Müxtəlif ölkələrdən gələn media təmsilçiləri və siyasi ekspertlər Şuşada aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olaraq Azərbaycanın sülh və inkişafına yerində şahidlik etdilər. Bu baxımdan Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, ölkəmizin zəfərini və quruculuğunu dünyaya bəyan edən əsas mərkəzlərdən birinə çevrilib.

Forumun açılış mərasimində Prezident İlham Əliyev dünyaya mühüm mesajlar verdi. Dövlətimizin başçısının suallara cavabı ölkəmizin daxili və xarici siyasətinin əsas prinsiplərini bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı. Bu açıqlamalarda yer alan hər bir fikir həm də bu günümüz və gələcəyimiz üçün bələdçi rolunu oynayır.

Prezident İlham Əliyevin açıqlamalarının əsas xətti "biz yalnız özümüzə güvənməliyik" fəlsəfəsindən ibarətdir. Ölkə rəhbəri yürütdüyü uzaqgörən siyasətlə sübut etdi ki, dövlət özünə güvənməlidir. Dünyanın müxtəlif bölgələrində gərginliyin, qarşıdurmaların və qanlı müharibələrin baş verdiyi indiki mürəkkəb şəraitdə bu yanaşma öz aktuallığını daha da artırır.

Prezident İlham Əliyev vurğuladı ki, xarici təhdidlərin və qlobal risklərin artdığı bir dövrdə milli birlik xüsusi önəm kəsb edir. Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən və suverenliyini tam bərpa edərkən məhz bu prinsipi rəhbər tutmuşdu. Azərbaycan heç bir kənar qüvvədən kömək gözləmədən öz iqtisadiyyatını qurdu, ordusunu gücləndirdi və tarixi ədaləti öz gücü ilə bərpa etdi. Bu gün Azərbaycan cəmiyyətində olduqca yüksək səviyyədə həmrəylik mövcuddur. Dövlət başçısı forumda bu məqama xüsusi diqqət çəkərək bildirdi ki, hazırda ölkəmizdə hökm sürən birliyə bənzər mənzərə tapmaq çətindir. Bu həmrəylik xalqımızın daxili inamından və milli maraqların vəhdətindən doğan saf, sarsılmaz bir bağdır.

Dünyanın sürətlə dəyişdiyi, beynəlxalq hüquq normalarının bəzən tamamilə unudulduğu indiki şəraitdə arxayınlaşmaq ən böyük səhv olar. Yeni dövr özü ilə hibrid təhdidlər, informasiya müharibələri və ideoloji təzyiqlər kimi fərqli təxribatlar gətirir. Xüsusilə informasiya təhlükəsizliyi məsələsi müasir dövrün ən həssas cəbhələrindən biridir. Azərbaycan əleyhinə aparılan sistematik qarayaxma kampaniyaları, yalan xəbərlərin tirajlanması və dezinformasiya hücumları göstərir ki, müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq rıçaqları çoxşaxəlidir. Bu şəraitdə yerli medianın üzərinə düşən məsuliyyət ikiqat artır. Æurnalistlər yüksək peşəkarlıq nümayiş etdirməli, milli maraqları hər şeydən uca tutaraq, qlobal informasiya məkanında ölkəmizin haqlı səsini operativ və dolğun şəkildə çatdırmağı bacarmalıdırlar. Bu, ideoloji təhlükəsizliyimizin qorunmasında ən etibarlı qaladır. 

Dövlətimizin başçısı qeyd etdi ki, müstəqillik daim qorunmalı və möhkəmləndirilməli olan ən böyük sərvətdir. Bu müqəddəs əmanəti gələcəyə daşıyacaq və qoruyacaq əsas qüvvə isə gənclərdir. Məhz buna görə də müasir dövrün çağırışları ilə bağlı öz milli kimliyimizi, köklərimizi qorumaq və yad təsirlərdən uzaq olmaq gənc nəslin əsas vəzifəsidir. Prezident İlham Əliyev gənclərin milli ruhda vətənpərvər böyüməsinin vacibliyini və dövlətin gələcək taleyinin məhz bu təmələ bağlı olduğunu vurğulayaraq dedi: "Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun".

Bu gün fəxrlə xatırladığımız tarixi hadisələr vətənpərvərliyin əməldə necə böyük qüvvəyə çevrildiyini sübut edir. 44 günlük Vətən müharibəsində Şuşanı, Füzulini, Kəlbəcəri və digər əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəmanlar məhz bu cür yüksək milli ruhda, müstəqillik illərində yetişən gənclərimiz oldu. Onlar canlarını Vətən yolunda fəda edərək Azərbaycanın yeni şanlı tarixini yazdılar.

"Böyük qayıdış" proqramının icrası sayəsində bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni həyata başlayan gənc nəsil bu sarsılmaz birliyin və milli ləyaqətin təntənəsidir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında qurduqları yeni həyat, yenidən inşa edilən müasir məktəblər və infrastruktur layihələri vaxtilə törədilən vandallığa verilən ən böyük cavabdır. 

IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan həm regional, həm də qlobal səviyyədə sülhün və ədalətin əsas təmsilçilərindəndir. Şuşadan dünyaya yayılan bu mesajlar xalqımızın öz taleyinin sahibi olduğunu, müstəqilliyini hər zaman uca tutacağını və sarsılmaz birliklə gələcəyə doğru qətiyyətlə addımlayacağını nümayiş etdirir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

15:08
25 Avqust

Son yeddi ayda 83 uşaq övladlığa verilib

15:07
25 Avqust

Günay Əfəndiyeva: Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir

15:06
25 Avqust

Laçının yeni siması uğurlu bərpa siyasətinin göstəricisidir   

15:03
25 Avqust

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib

15:01
25 Avqust

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:56
25 Avqust

Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb

14:51
25 Avqust

İşğaldan azad olunmuş ərazilərdəki müəssisələr 17,4 milyon manatlıq vergi və gömrük rüsumlarından azadolma əldə edib

14:50
25 Avqust

DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

14:48
25 Avqust

Xankəndi, Xocalı və Ağdərədə 20 abituriyent ali məktəbə qəbul olub

14:44
25 Avqust

Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb

14:43
25 Avqust

Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun rəsmisi : Növbəti Buxara Biennalesində azərbaycanlı sənətkarları görmək istərdik

14:41
25 Avqust

Yayda qida zəhərlənməsi riski nə üçün artır?

14:37
25 Avqust

ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib

14:36
25 Avqust

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

14:33
25 Avqust

Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir

14:32
25 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib

14:30
25 Avqust

Lənkəran hadisələrinin ildönümü anılıb  

14:20
25 Avqust

FİDE Rusiya şahmatçılarının Olimpiadada iştirakını qadağan etdi  

14:05
25 Avqust

"İstəklilər koalisiyası"nın Kiyev Sammiti: yeni paketlər, köhnə məsələlər  

14:02
25 Avqust

Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir

13:50
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!