31 İyul 2026 08:00
9801
CƏMİYYƏT
A- A+
Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir


Son illərdə qlobal media iki böyük dəyişiklik mərhələsini geridə qoydu. Bu transformasiyanın ilk dalğası sosial media platformalarının həyatımıza daxil olması ilə baş verdi. Xəbər resursları sürətlə internet mühitinə köçdü və məlumatın paylanması səlahiyyəti böyük texnologiya nəhənglərinin əlinə keçdi. 

Nəticədə, oxucunun hansı informasiyanı alacağını, hansı xəbərlə qarşılaşacağını alqoritmlər müəyyənləşdirməyə başladı. Lakin ikinci dalğa media dünyasında daha böyük bir dəyişiklik yaratdı. Belə ki, süni intellekt mətbuatın iqtisadi və mənəvi dayaqlarını kökündən dəyişdi.

Sosial media platformaları bir zamanlar xəbəri müəyyən bir şəbəkədən asılı vəziyyətə salmışdısa, süni intellekt xəbər ilə onun ilkin, orijinal mənbəyi arasındakı telləri tamamilə qopardı. İndi əsl xəbər mətni ilə onun sistem tərəfindən hazırlanmış hazır xülasəsi arasındakı sərhədlər silinmək üzrədir. Ənənəvi axtarış sistemlərinin işləmə sistemi sadə və media üçün faydalı idi. Belə ki, oxucu axtarış sistemində başlığı görür, keçid linkinə vuraraq birbaşa xəbər saytına yönəlirdi. Mənbə, müəllifin imzası və məqalənin tam konteksti məhz həmin saytda oxunurdu. Bu model media qurumlarının fəaliyyətini davam etdirməsini, reklam gəliri əldə etməsini və oxucu kütləsini saxlamasını təmin edən əsas iqtisadi çarx idi. Bu gün isə süni intellekt sistemləri bu qaydanı tamamilə pozub. Müasir axtarış interfeysləri istifadəçiyə, sadəcə, keçid linki təqdim etməklə kifayətlənmir. Onlar onlarca fərqli mənbədən məlumatları toplayır, təhlil edir və dərhal yekun cavab mətni hazırlayır. Oxucu xəbər saytına daxil olmadan ehtiyac duyduğu informasiyanı alır. Bununla da mediada "keçid linkləri" dövrü başa çatır və "hazır cavablar" dövrü başlayır.

Xüsusilə "Google" kimi nəhəng sistemlər dərhal hazır xülasə təqdim edəndə istifadəçilər xəbərin əsl sahibinin saytına keçmək ehtiyacı hiss etmirlər. Axtarış prosesi elə ilk ekranda tamamlanır. Mətndə adıçəkilən mənbələrə istinad olunsa belə, oxucuların həmin linklərə klikləmə faizi olduqca aşağıdır. Nəticədə, süni intellektin verdiyi qısa cavab informasiya zamanı son nöqtəyə çevrilir. Bununla da məzmunu böyük əziyyətlə ərsəyə gətirən jurnalist ilə onu istehlak edən oxucu arasındakı birbaşa canlı əlaqə qırılır.

Süni intellekt ilə media sektoru arasındakı iqtisadi münasibətləri təhlil edərkən prosesin iki əsas mərhələdən ibarət olduğunu görürük - zəngin xəbər arxivlərinin böyük dil modellərinin təlimində istifadə edilməsi və  ən son, yeni xəbərlərdən yararlanaraq istifadəçiyə anlıq cavabların istehsal olunması. Bu prosesdə nəşriyyatçılar və media mənsubları "ikiqat itki" ilə üz-üzə qalırlar. Əvvəlcə onların illərlə topladığı zəngin arxivlər, analitik yazılar və xəbər bazası süni intellekt sistemlərini "ağıllandırmaq" üçün təmənnasız şəkildə istifadə olunur. Sonra həmin ağıllı sistemlər formalaşdıqdan sonra oxucunu xəbərin yarandığı sayta buraxmır. Yəni media qurumu öz intellektual mülkiyyətinin maddi qarşılığını ala bilmədiyi kimi, üstəlik, öz daimi oxucu auditoriyasını da itirir.

Təbiidir ki, bu iqtisadi mənzərə qlobal miqyasda böyük hüquqi mübarizələrə yol açır. Dünyanın aparıcı media nəhəngləri artıq öz haqqını məhkəmə zallarında tələb edirlər. Məsələn, "The New York Times" kimi nüfuzlu nəşriyyatlar "OpenAI" və "Microsoft" kimi texnologiya nəhənglərini məhkəməyə verərək müəllif hüquqlarının kobud şəkildə pozulduğunu bildirirlər. Cari ilin iyulunda nəşriyyatçıların tələbləri rəsmi məhkəmə sənədlərində aydın şəkildə göstərildi. Media qurumları bildirirlər ki, texnologiya şirkətləri onların əməyi sayəsində milyardlarla dollar qazanırlar. "OpenAI" şirkəti isə istifadəçi gizliliyini qoruduğunu və məlumatlardan qaydalara uyğun istifadə etdiyini deyir. 

Ümumiyyətlə, gəlir mənbəyinin kəsilməsi ilk növbədə keyfiyyətli və müstəqil jurnalistikanı zəiflədir. Media şirkətləri maliyyə böhranı səbəbindən daha az jurnalist işə götürür, xərcləri ixtisar edir, uzunmüddətli və baha başa gələn sahə araşdırmalarından imtina etmək məcburiyyətində qalırlar. Burada çox maraqlı və paradoksal bir mənzərə yaranır, keyfiyyətli jurnalistikanın çökməsi ilə süni intellektin istifadə etdiyi keyfiyyətli məlumat bazası da kiçilir. Süni intellekt özünün bəsləndiyi, qidalandığı iqtisadi və intellektual mənbəni tədricən öz əli ilə sıradan çıxarır. Əgər orijinal xəbər istehsalı dayansa, süni intellektin təhlil edəcəyi etibarlı informasiya bazası da tükənəcək.

Qeyd edək ki, süni intellekt texnologiyalarının sürətli inkişafında və rəqəmsal media ekosisteminin yönləndirilməsində iki qlobal güc, Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikası liderlik edir. Hər iki dövlət bu sahədə mühüm elmi nailiyyətlərə və nəhəng infrastruktur imkanlarına sahibdir. Lakin onların bu texnologiyaya yanaşma tərzi və tətbiq metodları köklü şəkildə fərqlənir.

ABŞ texnoloji innovasiyaların və böyük dil modellərinin ilk təşəbbüskarı kimi çıxış edir. Amerika modeli daha çox özəl sektorun inkişaf tempinə, azad bazar rəqabətinə və startap ekosisteminə söykənir. Lakin dövlət anlayır ki, süni intellekt ticarətlə yanaşı, həm də mühüm strateji güc vasitəsidir. Vaşinqtonun bu sahədəki baxışını anlamaq üçün cari il iyunun 5-də qəbul edilmiş "Milli Təhlükəsizlik Prezident Memorandumu"na nəzər salmaq kifayətdir. Bu sənəd ABŞ-nin strateji mövqeyini açıq şəkildə ortaya qoyur. Belə ki, süni intellekt modellərinin təhlükəsizlik, kəşfiyyat və informasiya məkanı üzərindəki istifadəsi sürətləndirilir. Dövlət qurumları ilə dünyanın qlobal texnologiya mərkəzi olan Silikon Vadisinin özəl şirkətləri arasında dərin tərəfdaşlıq körpüləri qurulur. ABŞ özəl sektorun çevikliyini dövlətin maraqları ilə birləşdirərək rəqəmsal dünyada qlobal standartları müəyyənləşdirməyə çalışır.

Çin Xalq Respublikası isə məsələyə tamamilə fərqli, mərkəzləşdirilmiş və sistemli bucaqdan yanaşır. Pekin böyük məlumatların işlənməsi və süni intellekt alqoritmlərinin cəmiyyətə tətbiqində inanılmaz nailiyyətlər əldə edib. Çin hökumətinin birbaşa dəstəyi və nəzarəti altında fəaliyyət göstərən yerli texnologiya nəhəngləri qlobal miqyasda rəqabət aparacaq güclü modellər formalaşdırır. Çinin bu sahədəki sistemli yanaşması məlumatların kütləvi şəkildə və effektiv toplanmasını, qısa müddətdə emal edilərək cəmiyyətin xidmətinə verilməsini təmin edir. Çinin rəqəmsal platformalar və süni intellekt üzərindəki texnoloji irəliləyişi rəqəmsal dünyada güc balansını saxlayan əsas faktorlardan biridir.

Beləliklə, bu gün media ilə süni intellektin əlaqələri yeni bir mərhələyə keçir. Süni intellekt xəbərin hazırlanması və yayılması qaydalarını kökündən dəyişir. ABŞ və Çin kimi texnologiya nəhəngləri bu sahədə gələcəyin təməlini qoyurlar. Eyni zamanda bu sahədə jurnalistlərin zəhmətini və müəllif hüquqlarını qorumaq da mühüm amildir. Çünki keyfiyyətli jurnalistika olmasa, süni intellekt də gələcəkdə doğru və etibarlı məlumat tapmaqda çətinlik çəkəcək. Həmçinin informasiya təhlükəsizliyini və dövlətin rəqəmsal müstəqilliyini qorumaq qarşıdakı dövrün ən mühüm vəzifəsidir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!