26 Iyul 2024 08:37
169
SİYASƏT
A- A+

Qərbin məqsədi Ermənistanın çağırışına əsasən bölgəni hərbi nəzarətinə almaqdır

 

Beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Fransanın məqsədi  Ermənistanı kütləvi silahlandırmaqla iki ölkə arasında gərginliyi  artırmaq  bölgədə sülhə mane olmaqdır. Ehtimal ki, baş nazir Nikol Paşinyanın  "cəsarətli" davranışları  həm də son zamanlar bu ölkənin  xaricdən  silah tədarükünü artırması ilə bağlıdır.

Fransadan Ermənistana yalnız silahlar deyil, bu silahların tətbiqi, xüsusilə Azərbaycanla sərhəd xəttində döyüş əməliyyatları  aparmaq üçün şəxsi heyətə təlimlər keçmək üçün hərbi təlimatçılar da göndərilir. Nəzərə alsaq ki, Ermənistan təkcə Fransadan deyil, Hindistanla da 600 milyon dollarlıq silahlar alınması istiqamətində müqavilə imzalayıb və Ermənistanın indiki vəziyyətində  hücum silahlarına milyard dollarlarla vəsait xərcləməsini heç də müdafiə məqsədi üçün hesablanmış addım hesab etmək olmaz.

İyulun 18-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron deyib: "Ermənistanın perspektivi sülhdür, Fransanın perspektivi sülhdür və mən ümid edirəm ki, Azərbaycanın da perspektivi sülhdür". Məsələ burasındadır ki, sülhdən danışan Fransa prezidenti sülh danışıqlarını poza biləcək bütün vasitələrdən istifadə edir. Rəsmi Paris Ermənistanı yalnız  silahlandırmaqla kifayətlənməyib, nəzarətində saxladıqları  yedək təşkilatlar vasitəsi ilə də İrəvana hərbi yardımlarını davam etdirir. Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan silahlı qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilir ki, yardımın məqsədi Ermənistan silahlı qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla, beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlılığını artırmaq və silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyonölçülü bölmə üçün çadır şəhərciyini təmin edəcək. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) qeyd edib ki, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərin getdikcə daha vacib elementidir: "Avropa Sülh Fondunun bu paketi ölkənin dayanıqlılığına daha da töhfə verəcək. Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu daha da genişləndirmək, həmçinin Ermənistanın Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakını nəzərdən keçirməkdə qarşılıqlı marağımız var".

Əlbəttə ki, burada Qərb öz maraqlarını təmin etmək məqsədi güdür. Birmənalı olaraq qeyd edə bilərik ki, bu gün Ermənistana göstərilən hərbi yardımlar regionda sülhə, sabitliyə təhlükə yaradır.

İstər Fransanın, istərsə də  Aİ Şurasının Ermənistanı silahlandırması əslində  bu ölkəyə yaxşı heç nə vəd etmir. Azərbaycan dəfələrlə öz xəbərdarlığını edib ki, Ermənistanın silahlanmasını ölkəmiz təhlükəli həddə hesab edəcəksə, tədbir görmək məcburiyyətində qalacaq. Elə Fransanın da, bu ölkənin çətiri altında fəaliyyət göstərən Aİ-nin də məqsədi budur ki, regionda yaranan sülh mühiti heçə ensin, öz təhlükəsizliyini qoruya bilməyən Ermənistanın çağrışına əsasən bölgəni hərbi nəzarətləri altına alsınlar.

Rəsmi Paris vəziyyəti ciddi şəkildə dəyişmək üçün son zamanlar maksimum dərəcədə səy göstərir. Hədəf Azərbaycanı Ermənistanla Qərb platforması çərçivəsində danışıqlara sövq etmək, sülh müqaviləsinin mətninə Avropanı razı salacaq şərtlərin daxil edilməsinə nail olmaqdır. Amma Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, "Azərbaycan müstəqil siyasət yürüdür və Azərbaycanın iradəsinə heç bir qüvvə təsir edə bilməz"   deməsi  Qərbdə təşviş yaradır.

Zəngəzur dəhlizi ilə bağlı məsələlər geopolitik, tranzit və loqistik imkanlar baxımından Qərb üçün xüsüsi əhəmiyyət kəsb edir. Hazırda qlobal güclər arasında dəhlizlərlə bağlı fərqli yanaşmalar region dövlətlərinin də bəlli qlobal layihələrə cəlb olunmasını zəruri etdiyindən Cənubi Qafqaz bu qarşıdurmaların mərkəzində yer almış bölgələrdən biridir.

Fransanın Ermənistanın hava hücumundan müdafiə sistemlərini yeniləməsi, Ermənistanın hərbi arsenalının silah-sursatla təmin edib yenidən formalaşdırmaq istiqamətində atdığı addımlar deməyə əsas verir ki, rəsmi Paris regionda silahlı münaqişənin yenidən alovlanmasını qarşısına məqsəd qoyub. Avropadan gələn təlimatların Ermənistan tərəfindən sözsüz icra olunması və Ermənistanın son davranışları hadisələrin arzuolunmaz istiqamətdə hərəkət edə biləcəyinin proqnozunu verir. Azərbaycan Prezidentinin iradəsi, dövlətimizin gücü və qətiyyəti Cənubi Qafqaz regionunun münaqişə potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdırsa da, Ermənistanı silahlandıran Fransa regionu yenidən münaqişə ocağına çevirməyə cəhd  göstərir.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video