26 İyun 2024 08:15
1151
SİYASƏT
A- A+
Qəhrəmanlar ordusu

Qəhrəmanlar ordusu

 

Ordu hər bir xalqın qürur yeridir. Güclü orduya malik olmaq bir xalqın müstəqil dövlətə sahib olmasıdır. Əldə silah Vətənin keşiyində dayanan əsgər xalqın əminliyidir. Bu baxımdan müasir dünyamız hər nə qədər müharibələrə qarşı olsa da, tərəqqipərvər bəşəriyyət dövlətləri sülhə, əmin-amanlığa çağırsa da, yenə də heç kim ordunun rolunu inkar etmir. Əksinə, hər bir müstəqil ölkə müasir dövrün elmi-texniki nailiyyətlərindən faydalanaraq öz müdafiə qüdrətini daha da artırmağa can atır. Deməli, hələ əsrlər sonra da güclü ordu dövlətlər üçün həlledici üstünlüklərdən olaraq qalacaq.
Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın qədir-qiymətini bilib. Qonşuları ilə mehriban, isti münasibətlərə üstünlük verib. Biz davakar olmamışıq, döyüşkən olmuşuq. Hücum etməmişik, ancaq müdafiəni də unutmamışıq. Son dərəcə əlverişli coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara malik bu məmləkətinsə qapısından düşmən əskik olmayıb. Ona görə də bir əlimizdə duz-çörək olubsa, o biri ilə də sivri qılıncın qəbzəsindən yapışmışıq. Təbii sərvətlərlə zəngin olan belə bir coğrafi ərazidə, müxtəlif geopolitik maraqların kəsişmə məkanında ordu bizim üçün milli varlıq məsələsidir.
26 İyun dövlətimizin əsas atributlarından sayılan Silahlı Qüvvələr Günüdür. Vətən müharibəsində qazandığımız tarixi zəfər, ordumuzun gücü ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bu günün dəyərini daha da yüksəldir, onun varlığından, qüdrətindən fərəhlənən vətəndaşlarımızın sevincinə sevinc qatır. 
Azərbaycanın qazandığı tarixi qələbə ordu quruculuğu prosesini uğurla həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir. Müstəqil Azərbaycan dövlətini böyük nailiyyətlərə aparan digər inkişaf istiqamətləri kimi Azərbaycan Ordusunu bugünkü qüdrətinə yetirmiş proseslər də öz başlanğıcını Ümummilli Lider Heydər Əliyevin strateji inkişaf kursundan götürür. Ulu Öndər ordu mövzusuna həyatımızın ən əsas məsələlərindən biri kimi yanaşır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsini əsas vəzifə olaraq irəli sürür, bunu ictimai məsuliyyət kimi diqqətə çatdırır, bu xüsusda bildirirdi: "Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir". 

 

Ordunun təməli

 

Ümummilli Liderin bu kəlmələri real əməllərə, bu böyük dövlət adamının yaratdığı şəxsi nümunəyə əsaslanırdı. Bu bir faktdır ki, ölkəmizdə müəyyən müddətdən sonra Azərbaycan üçün hava-su kimi lazım olacaq peşəkar hərbi kadrların hazırlanması prosesinə məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişindən sonra başlanmışdı. Müdrik dövlət xadimi 1971-ci ildə böyük zəhmət bahasına respublikada hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına şərait yaratdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumasına, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına geniş imkanlar açıldı. 
1993-cü ilin iyununda, müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın ağır təhlükələrlə üz-üzə qaldığı vaxtda xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıtdıqdan sonra Ümummilli Liderin həyata keçirdiyi dövlət quruculuğu proseslərində də ordu quruculuğu məsələlərinə müstəsna əhəmiyyətli məsələ kimi xüsusi diqqət yetirilirdi. 
Həmin dövrdə ölkədə nizami ordudan, vahid komandanlıqdan hələ əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunur, hakimiyyət davalarında vasitə kimi bu sulahlı qruplaşmalardan istifadə edilir, bu da ölkəni vətəndaş müharibəsi təhlükəsinə sürükləyirdi. Bu vəziyyətdən istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda ölkənin gələcək taleyinə görə məsuliyyəti üzərinə götürmüş Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni bir mərhələnin əsasını qoydu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Bu istiqamətdə görülən işlərin tərkib hissəsi kimi Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu.
Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinə əhəmiyyətli töhfə verdi. Azərbaycan Ordusu tədricən modernləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında, layihələrdə və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

 

Sərkərdə

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdə məharəti ilə ordu quruculuğu siyasətini daha da inkişaf etdirdi. Hərbçilərimizin peşəkarlığının artırılmasına, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatına daim xüsusi diqqət yetirdi. Dövlət rəhbərimizin həyata keçirdiyi strateji inkişaf siyasəti nəticəsində Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar, ölkəmizin genişlənən maliyyə imkanları, qurduğu xarici tərəfdaşlıqlar bu sahədə imkanları daha da artırdı. Ali Baş Komandanın effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsi kimi Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Azərbaycan Prezidenti gənc nəslin vətənpərvərlik tərbiyəsinə də xüsusi diqqət ayıraraq Vətən uğrunda hər cür fədakarlığa hazır olan, orduda xidmətə şərəf işi kimi yanaşan yeni bir nəsil yetişdirdi.    
Ordu quruculuğu prosesinə paralel olaraq Azərbaycan Prezidentinin təşəbbüsü və bilavasitə nəzarəti ilə ölkəmizdə hərbi sənaye kompleksi də yaradıldı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsulun istehsalı təmin edildi. Bu gün Azərbaycan istehsalı olan silahlar dünyanın aparıcı beynəlxalq sərgilərində nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradır. Azərbaycan öz zavodlarında istehsal olunmuş hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz etməklə yanaşı, bir sıra ölkələrlə silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair müqavilələrlə hərbi əməkdaşlıq əlaqələrini də genişləndirməkdədir. 

 

Zəfərdən zəfərə

 

Həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan Ordusunun getdikcə artan gücü 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi. Həmin ilin 2 aprelində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında şanlı ordumuz xalqımıza Günnüt zəfərini bəxş etdi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər ordumuzun nəzarətinə keçdi. Bütün bu qələbələrin tarixi-məntiqi davamı kimi Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında düşmən təxribatına qarşı əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində tarixinin ən böyük Qələbəsini qazandı. Döyüşlərdə bir addım da geri çəkilməyən əsgər və zabitlərimiz düşmənə sarsıdıcı zərbə vuraraq 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni, 300-dək kəndi işğaldan azad etməyə nail oldu. Azərbaycan Ordusunun qüdrəti qarşısında işğalçı ordusu darmadağın olan Ermənistan 10 noyabr 2020-ci il tarixdə faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Razılaşmaya uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. 
Azərbaycan bu şanlı qələbəni qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına qazandı və bütün dünya Azərbaycanın bu şanlı qələbəsinə şahid oldu. İkinci Qarabağ müharibəsi zamanı on minlərlə əsgər və zabiti döyüş mövqelərini qoyub qaçan Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunda bircə nəfərin də fərarilik etməməsi, yaralı əsgər və zabitlərimizin hərbi hospitallarda, xəstəxanalarda tez sağalıb yenidən döyüş meydanına qaytmaq üçün tibb işçilərindən xahişləri, könüllü cəbhəyə yola düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrinə müraciət edən on minlərlə gəncimizin vətənpərvərlik ruhu Azərbaycan Ordusundakı, Azərbaycan gəncliyindəki döyüş ruhunun, əzminin göstəricisidir. Ölkəmiz öz ərazi bütövlüyünü bu gənclərin igidliyi hesabına bərpa etdi. 44 günlük vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində torpaqlarımızda işğalçılığın, separatçılığın ömrünə birdəfəlik son qoyuldu. 
Azərbaycan Ordusunun gücü qarşısında işğalçıların başqa seçimləri yox idi. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-nin Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. 

 

Sülh və inkişafın keşiyində

 

Azərbaycanda ordu quruculuğu tarixi zəfərimizdən sonra da uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Komando briqadaları istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Bu hərbi hissələr yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando adına sahib olmaq üçün hərbi qulluqçuların komando təməl və komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Bu ixtisas kursunu keçmək çox çətindir və xüsusi məharət tələb edir. Bu kursda təlimlər "Görünmədən görmək, ölmədən dönmək" şüarı altında keçirilir. İxtisas kursu qarda və soyuqda döyüş əməliyyatı, quru komando əməliyyatı, suüstü komando əməliyyatı, hava-desant əməliyyatı, yaşayış məntəqələrində antiterror əməliyyatı mərhələləri üzrə aparılır. Bu qüvvələrin yaranması Milli Ordumuzun döyüş qabiliyyətini daha da yüksəldir. Hazırda Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri modelinə uğurla uyğunlaşdırılır və yeni keyfiyyət mərhələsinə keçid edir. Buna müvafiq olaraq ordumuzun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə təkmilləşdirilib və əməliyyat qabiliyyəti inkişaf etdirilib.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması da ölkəmizdə ordu quruculuğunin yeni mərhələdə uğurla davam etdirilməsinin daha bir nümunəsidir. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. 
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli fərmanı ilə "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda da dəyişikliklər edilib. Belə ki, Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci də təşkil olunub. 
Azərbaycan Ordusu qəhrəmanlar ordusudur. O, güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş və özünü təsdiq etmiş ordudur. "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur" deyən ölkə Prezidenti yüksək hazırlıqlı hərbçilərimizin peşəkarlığı, Azərbaycan şahinlərinin məharəti, ən müasir silahlar, hərbi texnika, xüsusilə cəmiyyətdəki vətənpərvərlik əzmini yüksək dəyərləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsindəki qələbə münasibətilə təsis edilmiş orden və medallar, azad yurdlarımızda ucaldılan zəfər muzeyləri əsgər və zabitlərimizin qəhrəmanlığını, Vətən uğrunda göstərdikləri rəşadəti simvollaşdırır. Azərbaycan Ordusu bundan sonra da daim güclənəcək, öz qüdrəti ilə regionumuzda sülhün, təhlükəsizliyin, davamlı inkişafın keşiyində duracaq. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!