"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətindən
"Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki nitqindən
Şərəfli və mənalı ömrünü bütövlükdə millətinə və vətəninə həsr edən, müstəqil dövlətimizin banisi Heydər Əliyevin 20 il öncə bu günümüzün və gələcəyimizin əsasını qoyan vəsiyyəti, canından artıq sevdiyi xalqına müraciətində növbəti inamın dəqiq ünvanını göstərməsi Qurtuluşdan başlanan möhtəşəm qələbə yolunun tarixi başlanğıcını təşkil etmişdir.
Ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə 100 illik yubileyini qeyd etdiyi dünya miqyaslı siyasətçi, əbədiyaşar lider Heydər Əliyevin milli dövlətçilik məktəbinin ən layiqli yetirməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsini dərindən mənimsəmiş, Zəfər salnaməsinin memarı cənab İlham Əliyevin 20 illik əvəzolunmaz siyasi fəaliyyəti tarixin ən qüdrətli Azərbaycanını ərsəyə gətirmişdir.
"Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim... Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır" sözlərilə dahi şəxsiyyətin inamının və uzaqgörən seçiminin nə qədər düzgün olduğunu əyani şəkildə təsdiq edən Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi düşünülmüş praqmatik daxili və xarici siyasət, təkmil və uzaqgörən inkişaf strategiyası ölkəmizin dayanıqlı və davamlı tərəqqisi, dünyada yüksək nüfuz və söz sahibi olan dövlət kimi qəbul edilməsi ilə nəticələnmişdir.
Dürüst və dönməz siyasi iradə nümayiş etdirən yeni dövrün yeni lideri, ölkəni və xalqı zirvələrə aparan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun siyasi, iqtisadi və mədəni mərkəzinə, qlobal enerji və nəqliyyat qovşağına çevrilməsi layiqli varislik missiyasının təntənəsini nümayiş etdirən amillərdəndir. Xüsusi qeyd edilməldir ki, müasir inkişafın Azərbaycan modelinin müəllifinin uzaqgörən və məqsədyönlü fəaliyyətində onun ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələri müstəsna önəmə malik olmuşdur.
Zəfərlərlə, qələbələrlə və tarixi nailiyyətlərlə zəngin 20 illik zaman kəsiyi sübut etdi ki, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev nəinki Ümummilli Liderin etimadını doğrultdu, eləcə də bütün Azərbaycan xalqının əbədi inamını və sarsılmaz dəstəyini qazandı. Bu birlik, bu həmrəylik isə yeni-yeni hədəflərə və uğurlara yol açır.
Müasir və müstəqil dövlət quruculuğu
Görkəmli dövlət xadimi Heydər Əliyevin böyük siyasətinin yaxın əhatəsində olan bir şəxsiyyət kimi zəngin dövlətçilik məktəbi keçmiş cənab İlham Əliyev xalqımızın xoşbəxt gələcəyinə istiqamətlənmiş azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar üzərində qurulmuş dövlət quruculuğu proseslərini qətiyyətlə, ardıcıllıqla və müasirlik prinsipləri ilə həyata keçirmişdir. Qüdrətli dövlət, güclü iqtisadiyyat və yüksək rifah amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın yeni quruculuq salnaməsinə imza atan, yeni mərhələdə ölkəmizin və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarı olan islahatçı Lider dövlətimizi yeni epoxanın yüksək tələbləri səviyyəsində, hərtərəfli şəkildə irəliyə doğru inkişaf etdirməyin nümunəsini bütün dünyaya göstərmişdir. Dövrün çağırışları və müasir Azərbaycan reallıqlarının ustalıqla təhlili köklü dövlətçilik ənənələrinin qorunub saxlanılmasına, dövlət strukturunun böyük sürətlə inkişaf etdirilərək qabaqcıl standartlara uyğunlaşdırılmasına, dövlətin idarə olunmasının ən effektiv forma və metodlarının uğurla tətbiqinə səbəb olmuşdur.
Milli dövlət quruculuğunun bünövrəsini təşkil edən Konstitusiyanın müvafiq maddələrində 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixli referendumlarla cəmiyyətin müasir dövrlə uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə mexanizmlərini ehtiva edən əlavələr dövlət quruculuğu sisteminin təkmilləşməsinə töhfələr vermişdir. Bu baxımdan dövlətimizin demokratik simasının yeni və mütərəqqi əlaməti kimi xarakterizə edilən, idarəetmənin səmərəliyi və çevikliyini artıran Birinci Vitse-Prezident institutu yaradılmaqla, ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında uzun müddət oynadığı vacib və fəal rolu nəzərə alınaraq Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu mühüm dövlət vəzifəsinə təyinatı dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə atılmış önəmli və strateji addım olmuşdur.
Ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, yüksək templə gedən inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edən Konstitusiya islahatları ilə yanaşı, müstəqil siyasətin təmin edilməsinə xidmət edən milli qanunvericiliyin ən yüksək standartlar əsasında təkmilləşdirilməsi ötən müddətdə davamlı xarakter kəsb etmişdir. Bu illər ərzində müxtəlifyönümlü siyasi partiyaların, ictimai təşkilatların və çoxsaylı mətbu orqanlarının fəaliyyəti, vicdan və söz azadlığının müdafiəsi sahəsində əsaslı irəliləyişlər əldə edilmiş, ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, sahibkarlığın inkişafı, maliyyə-bank sisteminin müasirləşdirilməsi, ticarətin liberallaşdırılması və əhalinin etibarlı sosial müdafiəsi təmin olunmaqla şəhərlərimizin və regionlarımızın infrastrukturunun yenilənməsi geniş vüsət almışdır.
Qanunların aliliyinin təmin olunduğu hüquqi dövlət və fəal vətəndaş cəmiyyətinin bir-biri ilə sıx vəhdət təşkil etdiyi, mərkəzində Azərbaycan vətəndaşının durduğu dövlət siyasətinin təməl prinsipləri kimi vətəndaş-məmur münasibətlərinin sağlamlaşdırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, səmərəli antikorrupsiya platforması hesab olunan "ASAN xidmət" şəbəkəsinin və "DOST" mərkəzlərinin yaradılması, bütün dövlət orqanlarının fəaliyyətində elektron xidmətlərin və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, aidiyyəti qurumların praktiki müstəvidə effektiv fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğunun hərtərəfli təminatı rolunda çıxış etmişdir.
Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələrin Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilməsinə nail olan Prezidentin imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" tarixi fərmanla Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət etməklə ölkəmizdə keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan, milli qürur və ləyaqət hissini bərpa edən Zəfərlə təməli qoyulmuş Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən misli görünməmiş sürətli bərpa-quruculuq işləri, genişmiqyaslı infrastruktur layihələri, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarının tətbiqi əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına, regionda sabitliyin və təhlükəsizliyin inkişafına şərait yaradır. Xüsusilə Qarabağın mirvarisi, mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixi əzəmətinin və şöhrətinin bərpası istiqamətində görülən işlər, sosial-iqtisadi obyektlərin inşası, yaşayış, turizm, təhsil komplekslərinin təməlinin atılması şəhərin siyasi-mədəni ruhunun özünə qaytarılmasında müstəsna rol oynayır.
Qısa zaman kəsiyi ərzində Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının istifadəyə verilməsi, postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq Laçın Beynəlxalq Hava Limanının tikintisi, yeni avtomobil və dəmir yollarının çəkilişi, sənaye parklarının, yaşayış məntəqələrinin təməllərinin atılması əzəli torpaqlarımıza əbədi qayıdışın təminatı olmaqla, quruculuq Zəfərinin meydanına çevrilmiş Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi bir daha bütün dünyaya Azərbaycan xalqının, dövlətinin böyük potensialını, onun qüdrətli liderinin qətiyyətini və əzmini göstərmişdir.
Əbəs yerə deyil ki, son illər ölkəmiz "Avroviziya" Mahnı Müsabiqəsi, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" yarışları, Futbol üzrə Avropa Çempionatının final mərhələsinin bir neçə oyunu, çoxsaylı beynəlxalq forum, simpozium, konfranslar və digər mühüm beynəlxalq tədbirlərə evsahibliyi edərək zəngin mədəniyyətə, özünəməxsus dəyərlərə və ictimai-siyasi sabitliyə malik ölkə olduğunu nümayiş etdirmişdir.
Dövlətimizin nüfuzu və qüdrətini yorulmaz fədakarlığı və müdrik siyasi erudisiyası ilə daim zirvələrə doğru aparan xalqımızın böyük rəğbət və əbədi etimad göstərdiyi alternativsiz lider cənab İlham Əliyevin bildirdiyi kimi, "Siyasi və iqtisadi müstəqillik imkan verdi ki, biz öz həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq. Bu gün dünyada gedən proseslər hər birimizin gözü önündədir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki, adasıdır. Bunu artıq bütün dünya görür və bilir".
İqtisadi inkişafın davamlılığı və dinamikliyi
Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi üzərində qurulan, təməl daşını uzaqgörən yeni neft strategiyası təşkil edən müasir tərəqqi və milli inkişaf modelinin yaradılmasına nail olan kamil siyasi xadim cənab İlham Əliyev rəhbərliyinin elə ilk illərində respublikamızı postsovet iqtisadi ölkəsi fazasından çıxararaq yüksək inkişaf göstəriciləri əldə edən innovativ və modern iqtisadiyyata malik dövlətə çevirmişdir.
Ölkədə reallaşdırılan dərindən düşünülmüş iqtisadi konsepsiya nəticəsində dövlətin maliyyə imkanları genişlənmiş, şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi hesabına iqtisadiyyatda qeyri-neft sektorunun payı əsaslı şəkildə yüksəlmiş, azad sahibkarlığın təşviq olunması sayəsində əlverişli biznes mühiti yaradılmışdır.
Dönməz iradəsi və liderliyi sayəsində Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi" kimi transmilli meqalayihələri reallığa çevirən dövlət başçısının planetar təfəkkürü və mürəkkəb qlobal prosesləri düzgün qiymətləndirməsi sayəsində Azərbaycan geosiyasi məkanımızın inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində mühüm rol oynayan logistik mərkəzlərdən birinə çevrilmişdir.
Son 20 ilin reallıqları fonunda xüsusi templə dəyişən və inkişaf edən milli iqtisadiyyatda regionların davamlı və tarazlı inkişafına da xüsusi önəm verilmiş, yerlərdə həyatın yeni keyfiyyət mərhələsinə yüksəlməsi məqsədilə qəbul edilmiş dövlət proqramları kəndlərimizin, qəsəbə və şəhərlərimizin simasını köklü şəkildə dəyişmiş, bölgələrin sosial-iqtisadi potensialının artmasına, infrastruktur təminatının, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Ərzaq təhlükəsizliyinin təmini istiqamətində ölkənin milli ərzaq sisteminin də iqtisadi baxımdan müstəqilliyi əsas prioritetlərdən biri olmaqla xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin, bitkiçilik və heyvandarlığın inkişafı, müasir texnologiyalara əsaslanmaqla aqroparkların yaradılması, fermerlərə dövlət dəstəyinin genişləndirilməsi, güzəştli kreditlərin ayrılması ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yaxşılaşdırılmasına səbəb olmuşdur.
C.Kennedi və R.Reyqan da daxil olmaqla dörd ABŞ prezidentinə məsləhətlər vermiş, liderlik mövzusunda onlarla kitab yazmış siyasətşünas Uorren Bennisin "İdarəçi işləri doğru, lider isə doğru işləri görər" sözlərinin ən sərrast ifadəsi məhz cənab Prezidentin həyata keçirdiyi islahatlar kursunda özünü büruzə vermişdir. Bunun nəticəsidir ki, qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş və strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin, özünüinkişaf qabiliyyətinə malik diversifikasiya edilən milli iqtisadiyyatın təşəkkülü son dövrlər dünyanı bürüyən dərin maliyyə böhranlarının mənfi təsirlərinin Azərbaycandan demək olar ki, yan ötməsini şərtləndirən amillərdən biri olmuşdur.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində artan maliyyə imkanları maaş və pensiyaların artımı, sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə müşayiət olunmaqla əhalinin həyat səviyyəsi ciddi şəkildə yaxşılaşdırmış, yoxsulluq həddini təxminən 10 dəfə azaltmışdır. Bütün bunlar fəaliyyətini xalqa xidmət prinsipi üzərində quran cənab Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha əyani şəkildə təsdiq etmişdir. 2020-ci ildən etibarən yeni vüsət alan sosial islahatlar, o cümlədən maaşların, pensiyaların, əhalinin müxtəlif kateqoriyalarına ödənilən müavinət və yardımların əsaslı şəkildə artırılması, sosial evlərin tikintisi, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlərin daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunması da diqqət çəkən məqamlardır.
Sosial-iqtisadi sahədə müşahidə olunan inkişaf tempi ölkəmiz üçün yeni sahələrin yaranması və inkişafını da şərtləndirmişdir. Kommersiya tərəfi ilə yanaşı, milli təhlükəsizliyin təmin olunmasına xidmət edən ilk telekommunikasiya peykinin orbitə çıxarılması innovativ və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri olan peyk sənayesinin inkişafının əsasını qoymaqla Azərbaycanın azsaylı kosmik ölkələr sırasına daxil olmasına səbəb olmuşdur.
Dövlətimizin gələcək onilliklər üçün dinamik tərəqqisini şərtləndirən yeni intibah mərhələsinin banisi cənab İlham Əliyevin müəllifi olduğu özünəməxsus inkişaf modelinin ən uğurlu təqdimatını isə ölkənin sürətli və hərtərəfli inkişafının nümunəsində nəinki Azərbaycan vətəndaşları, habelə müxtəlif dövlətlərdə məskunlaşmış soydaşlarımız böyük qürur və iftixarla müşahidə edirlər.
Müstəqilliyini bərpa etdikdən sonra ağır hərbi məğlubiyyət, iqtisadi və siyasi böhranlar yaşamağa məhkum edilmiş Azərbaycanın son 20 il ərzində iqtisadiyyatının və sənayesinin
3 dəfədən çox artması, kənd təsərrüfatının 2 dəfə çoxalması, xarici ticarət dövriyyəsinin 7 dəfə yüksəlməsi, ixracın 9, qeyri-neft ixracının isə 7 dəfə artması, valyuta ehtiyatlarımızın 70 milyard dollara çatması heç şübhəsiz ki, yalnız nəhəng siyasət ustasının gerçəkliyə çevirəcəyi böyük möcüzədir.
Müzəffər ordunun formalaşdırılması
Ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə nail olunması istiqamətində görülən işlərə paralel olaraq atəşkəs əldə edildikdən sonra işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami ordunun formalaşdırılması naminə müdrik dövlət xadimi Heydər Əliyevin səyi ilə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin və döyüş ruhunun yüksəldilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, kadr potensialının artırılması münaqişənin istənilən yolla aradan qaldırılması üçün ilkin şəraiti yaratmışdır.
20 il öncə andiçmə mərasimində "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq... Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək" sözləri ilə əslində elə o vaxtdan tarixi ədalətin gec-tez bərpa olunacağını bəyan edən Yenilməz Sərkərdənin mükəmməl ordu quruculuğu strategiyası Zəfərə aparan şərəfli yolun ilk işarəsi, yüzminlərlə soydaşımızın ümid qığılcımları idi.
Bu müddətdə ölkə başçısının həyata keçirdiyi köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq ordunun maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilmiş, milli müdafiə sənayesi yaradılmaqla hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmış, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Qalib Liderin torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı ilk gündən üzərinə götürərək "Güclü ordu - güclü dövlət" konsepsiyasının fundamental bazisi olan iqtisadi güc və təkmil xarici siyasətlə müasir ordu quruculuğunu vəhdət halına salması qələbənin əldə edilməsini qaçınılmazlığa çevirmişdir.
Xalqımızın, Ordumuzun özünə inamını artıran 2016-cı ilin Aprel döyüşləri, eləcə də 2018-ci ildəki Günnüt əməliyyatları böyük qələbənin carçısı olmaqla bəşər hərb tarixində xüsusi yer tutan Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir keyfiyyətini - sərkərdəlik məharətini bütün dünyaya nümayiş etdirmiş oldu. Son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlı olan, ölkəmizin regional liderliyini birmənalı təsbit etməklə yeni geosiyasi reallıqlar yaratmış Böyük Zəfərlə bitən İkinci Qarabağ müharibəsindən sonra da Silahlı Qüvvələrin modernləşdirilməsi prosesi intensiv xarakter daşımışdır. Dövlətin qüdrətinin nümunəsi, xalqın iftixar yeri, Qalib ölkənin Zəfər simvolu olan Azərbaycan Ordusu Ali Baş Komandanın "Qarabağ Azərbaycandır və nida işarəsi" sözlərini şərəflə reallaşdıraraq postmüharibə vəziyyətində də istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olduğunu göstərmişdir.
Uğurların əldə edilməsində aparılmış islahatlarla yanaşı, hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial və məişət məsələlərinin həlli, əməkhaqlarının davamlı olaraq artırılması, imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi xüsusi rol oynamışdır. Prezident
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri vətən uğrunda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, hərbi qulluqçularımızda da böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini artırmışdır.
Müharibədən sonra da bu diqqət ən yüksək səviyyədə göstərilməklə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçıları Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə edilmişdir. Onların maddi-sosial problemlərinin aradan qaldırılması istiqamətində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" fondunun yaradılması müstəsna əhəmiyyətə malikdir.
Milli maraqlara əsaslanan qətiyyətli və uzaqgörən xarici siyasət
Dünya diplomatiyası tarixində xüsusi imzası olan böyük şəxsiyyət Heydər Əliyev çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın müstəqil dövlət quruculuğu konsepsiyasını yaratmaqla xarici siyasətinin strateji məqamlarını müəyyənləşdirmiş, mükəmməl diplomatik fəaliyyəti ilə onu reallaşdırmağın səmərəli nümunəsini göstərmişdir. Özünəməxsus ənənələrə malik olan Azərbaycan diplomatiyasının dövrün tələblərinə uyğun xarici siyasət kursunu müəyyənləşdirmək və onu reallaşdırmaq üçün əsaslandırılmış diplomatik fəaliyyət konsepsiyasının yaradılması vəzifəsinin öhdəsindən böyük ustalıqla gələn Ulu Öndərin milli dövlətçilik xəttini öz siyasi-diplomatik fəaliyyətində uğurla davam etdirən strateji təfəkkür sahibi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsi təmin edilmişdir. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edən, bəyanatlar verən cənab İlham Əliyev qlobal səviyyədə düşünmək, mesajlar vermək potensialına malik bir siyasətçi kimi qəbul olunmuşdur.
Tarixi hədəflərimizi reallığa çevirən qətiyyətli liderin praqmatik xarakteri ilə səciyyələnən xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə, milli dövlətçilik maraqlarının ləyaqətlə qorunması mənafeyinə xidmət göstərmişdir. Sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq iti fəhmi və sistemli analiz qabiliyyəti ilə ölkəmizin beynəlxalq gündəliyini müstəqil, çoxvektorlu və hücum taktikasına əsaslanmaqla həyata keçirən siyasət qrossmeysteri Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsinə, ikitərəfli münasibətlərin qarşılıqlı etimad və hörmət prinsipi üzərində qurulmasına nail olmuşdur.
Beynəlxalq siyasətin aktoru statusuna yüksəlmiş dövlət başçısının zərgər dəqiqliyi ilə hesablanmış uzaqgörən addımlarının nəticəsidir ki, 2011-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatından sonra 120 üzvlə dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına üzv olmasına nail olmaqla elə həmin il 155 ölkənin, xüsusilə hərəkatda təmsil edilən dövlətlərin də dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi müstəqilliyinin 20 yaşını qeyd edən bir dövlət üçün heyranlıq doğuran nailiyyət idi.
Ölkəmizin diplomatiya tarixinə qızıl hərflərlə yazılmış bu şanlı səhifənin müəllifi Prezident İlham Əliyevin hər dövlət başçısına nəsib olmayan dərin zəkası, yüksək intellekti və ikitərəfli münasibətləri ali səviyyədə qurmaq istedadı cəmi 5 il sonra - 2016-cı ildə keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
Əlbəttə ki, Prezident İlham Əliyevin diplomatik məharəti hesabına həyata keçirdiyi prinsipial və qətiyyətli xarici siyasət ilk növbədə işğal faktorunun aradan qaldırılmasına, münaqişənin sülh yolu ilə həllini tapmasına istiqamətlənmişdirsə də, sonrakı hadisələr dövlət başçısının torpaqlarımızın hərbi yolla azad ediləcəyi halda dünya birliyi tərəfindən dəstəyini də qazanmağa yönələn uzaqgörən müdrik siyasət həyata keçirməsinin şahidi oluruq. Milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderin Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan, bir nəfər şəhid vermədən işğaldan azad edilməsinə nail olması heç şübhəsiz ki, torpaqlarımızı azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmiş ölkə başçısının hərbi qələbəsinə bərabər diplomatik Zəfəri idi. Dahi alman mütəfəkkiri Fridrix Nitşenin "Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır" sözlərinin danılmaz timsalı olan cənab Prezidentin "Dəmir yumruğ"u ilə qazanılmış hərbi-siyasi qalibiyyət bütövlükdə regionun mənzərəsini dəyişməklə yanaşı, şərtlərin dövlətimiz tərəfindən diktə edilməsinə, dünyanın əsas güc mərkəzləri tərəfindən də müstəqil və qətiyyətli siyasətin ehtiramla qarşılanmasına səbəb olmuşdur.
Öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşan Zəfərimiz türk birliyinin formalaşması prosesinə də mühüm töhfə olmaqla iki qardaş ölkə Türkiyə və Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında müstəsna siyasi və tarixi önəmə malik Şuşa Bəyannaməsi dövlətimiz və regionumuz üçün yeni gerçəkliklər yaratmışdır.
Avrasiya məkanının enerji təhlükəsizliyinin təmin olunması istiqamətində də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində, həmçinin bir sıra Avropa ölkələri ilə "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji anlaşmalar beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, Avroatlantik məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya nümayiş etdirən ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət etmişdir.
Ölkəmizi böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirən dövlət başçısının bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılması naminə Ermənistanın siyasi rəhbərliyi ilə apardığı danışıqlar və razılaşmalar Azərbaycanın milli maraqlarına tam cavab verməklə çox mühüm diplomatik uğur kimi qiymətləndirilmişdir.
Mürəkkəb geosiyasi coğrafi mövqedə Azərbaycana müstəsna dividendlər gətirən dövlət başçısının tarazlaşdırılmış xarici siyasət doktrinasının özəlliyi aspektində ölkəmizin Şərqlə Qərb, müsəlman dünyası ilə xristian dünyası arasında bir körpü rolunun önə çəkilməklə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı prosesi" ölkəmizin dinlər və mədəniyyətlərarası dialoq məkanına çevrilməsinə rəvac vermişdir.
Bütün bu nailiyyətlər isə unikal şəxsi keyfiyyətlərə malik cənab İlham Əliyevin qlobal proseslərdə xüsusi yeri, nüfuzu, tutduğu mövqe, beynəlxalq müstəvidə özünü göstərən problemlərin yoluna qoyulmasına verdiyi töhfələr, irəli sürdüyü təşəbbüslərin əyani göstəriciləridir.
Müasirləşən Azərbaycan prokurorluğu
Xilaskarlıq və inkişaf missiyası ilə əbədilik qazanan Heydər Əliyev tərəfindən hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi bütün digər dövlət qurumları kimi prokurorluğun da fəaliyyətində əsaslı dönüş yaratmış, onun kadr korpusunun sağlamlaşdırılması və əməkdaşların məsuliyyət hissinin artırılması təmin edilmiş, maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
"Respublika Prokurorluğu və baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir" sözləri ilə prokurorluğun fəaliyyətinə və dövlət sistemində tutduğu rola ali səviyyədə dəyərini verən Ulu Öndər hələ sovetlər dönəmində "Qoy ədalət zəfər çalsın!" şüarı ilə cəmiyyətdə ədalətin təntənəsini qarşısına məqsəd qoymuş, görkəmli şəxsiyyətin ali məktəblərin hüquq fakültəsinə qəbulla bağlı apardığı islahatlar hüquq-mühafizə, xüsusilə də prokurorluq orqanlarının sonrakı illərdə yüksək peşəkar səviyyəyə çatmasında mühüm önəm daşımışdır.
Qətiyyəti, prinsipial mövqeyi və dəmir iradəsi sayəsində ölkəni dağılmaq təhlükəsindən xilas edən liderin dövlət quruculuğu prosesində də bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında prokurorluq orqanlarına konstitusion statusun verilməsi müdrik dövlət xadiminin quruma olan böyük inamının təzahürü kimi qiymətləndirilmişdir. Sonrakı mərhələdə prokurorluğun hüquq sistemindəki yerinin və rolunun daha da gücləndirilməsində "Prokurorluq haqqında" Qanunun qəbulu, yeni Cinayət-Prosessual Məcəllənin qüvvəyə minməsi və 2002-ci ildə keçirilmiş referendumla prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi də müstəsna əhəmiyyətə malik olmuşdur.
Prezidentin sərəncamı ilə oktyabr ayının 1-nin ölkədə Prokurorluq İşçilərinin Peşə Bayramı Günü elan edilməsi prokurorluğa olan diqqət və qayğının davamıdır. Bu gün prokurorluğun kollektivi, veteranları və hüquq ictimaiyyəti tərəfindən milli prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü əlamətdar bir hadisə kimi böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Əlbəttə, bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da təkmilləşdirilməsi, prokurorluq işçilərinin əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, əməkdaşların sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması Heydər Əliyev irsinə layiqli varislik nümunəsini göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağdaş dövrün tələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları ilə mümkün olmuşdur.
Bu baxımdan dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi milli prokurorluq orqanlarının müasirləşməsində xüsusi önəm daşımışdır. Cinayətkarlığa qarşı mübarizədə əsrimizin sosial bəlası hesab edilən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılması məqsədilə ixtisaslaşmış cinayət təqibi orqanının - Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması və həmin orqana korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin də həyata keçirilməsi ilə əlaqədar əlavə səlahiyyətlərin verilməsi prokurorluğa ölkə başçısının inam və etimadı, qurumun cəmiyyətdəki roluna verilən əhəmiyyətin təzahürü kimi xüsusi vurğulanmalıdır.
Prokurorluq orqanları Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Dövlət başçısının 30 sentyabr 2013-cü ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, həmçinin 8 fevral 2021-ci ildə Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirakı isə prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirir.
Bu gün dövlət başçısının dəstəyi ilə prokurorluqda hesabatlılığın və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyinin artırılması və çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması istiqamətində mütəmadi islahat tədbirləri həyata keçirilməkdədir.
Müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisinə adekvat islahatların ilkin mərhələsinin təməli 1 may 2020-ci ildə dövlət başçısının baş prokuror vəzifəsinə təyinatla əlaqədar keçirdiyi qəbulda verdiyi tapşırıq və tövsiyələrə uyğun beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanmaqla aparılmış dəyişikliklər olmuşdur. Çağdaş yanaşmanı və ən yaxşı təcrübələri önə çəkməklə qısa zaman kəsiyində aparılmış struktur və kadr dəyişiklikləri, istintaqın və prosessual rəhbərliyin keyfiyyətinin artırılması, dövlət ittihamının müdafiəsi işinin təkmilləşdirilməsi, ictimai və dövlət maraqlarının qorunması, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası sahələrində real nəticələrin əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmişdir.
Təkcə onu demək kifayətdir ki, həmin görüşdən keçən müddət ərzində ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 35 qəsdən adam öldürmə cinayətinin daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə təqsirli şəxslər ifşa edilmişdir. Xüsusi vurğulanmalıdır ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir yumruq" hərbi əməliyyatları zamanı da cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətlərini həyata keçirmiş, digər zəruri tədbirlər görmüşlər.
Qazanılmış böyük qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması, eləcə də ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulmasında iştirakı olmuş bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri aparılmışdır.
Qeyd edilməlidir ki, Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünə qarşı sülh və bəşəriyyət əleyhinə cinayət əməllərinə yol vermiş şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələrinə müstəsna töhfə olmuşdur. Prezidentin 1 aprel 2021-ci il tarixli "İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğunun yaradılması, o cümlədən qısa zaman kəsiyində müasir tələblərə cavab verən Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsi də mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycanın Qarabağ bölgəsindəki genişmiqyaslı hərbi təxribatlar və terror hücumlarının qarşısının alınması məqsədilə sentyabrın 19-da ordumuz tərəfindən başladılan və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri dinc əhalinin təhlükəsizliyinin təmin olunmasına və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, qanunçuluğun və hüquq qaydalarının bərpa edilməsinə xidmət etmişdir.
Ötən müddətdə korrupsiya hallarının aradan qaldırılmasında ölkə başçısının qeyd olunan görüşdə "Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır... biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq" sözləri əsas götürülməklə bu sahədə kəsərli addımların atılması təmin edilmiş, quruculuq işlərinə, sosial, iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan neqativ təzahürlərə qarşı sistemli və qətiyyətli mübarizə tədbirləri davam etdirilmişdir. Bu sahədə bir-birini tamamlayan, yeni baxış və vəzifələrin icrasını nəzərdə tutan mexanizmlərin ardıcıllığı məqsədilə Prezidentin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə yeni inkişaf mərhələsinin doğurduğu zərurətdən irəli gələn növbəti konseptual sənədin - "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın qəbul edilməsi ölkə başçısının siyasi iradəsinin növbəti əyani təsdiqi olmaqla, prokurorluq orqanları qarşısında da yeni vəzifələr müəyyən etmişdir.
Bir əsrdən artıq tarixə malik Azərbaycan Prokurorluğunda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliyinin artırılması işində müstəsna önəmə malik Prezidentin 7 may 2021-ci il tarixli fərmanı ilə "Elektron Prokurorluq" İnformasiya Sisteminin yaradılması bir daha ölkə başçısının quruma olan inam və etimadının göstəricisi olmuşdur. Artıq cari ilin mart ayından bütün prokurorluq orqanlarında daxil olmuş sənədlərin elektron qeydiyyatı aparılmaqla vətəndaşların müraciətlərinə daha operativ baxılması təmin edilmiş, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla struktur qurumlar və tabe prokurorluqlar arasında sənəd mübadiləsinin "kağızsız" qaydada aparılması təşkil edilmişdir.
Qarşıdakı dönəmdə "Elektron prokurorluq" informasiya sisteminin ölkə başçısının 1 avqust tarixli fərmanı ilə yaradılmış Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiyası bu sahədə vacib vəzifələrdən biri kimi müəyyən edilməklə digər dövlət orqanları ilə sənəd mübadiləsinin real vaxt rejimində qurulmasına, qurumlararası yazışmalar zamanı vaxt itkisinin minimuma endirilməsinə səbəb olacaqdır.
Prokurorluq işçilərinin fəaliyyətinin xüsusiyyətinə, bu orqanın yerinə yetirdiyi vəzifələrin ictimai əhəmiyyətinə diqqət çəkən ölkə başçısının "Əsas məqsədimiz dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır" çağırışı prokurorluq orqanlarında kadr tərkibinin gənc mütəxəssislər hesabına komplektləşdirilməsində əsas meyar kimi qəbul edilmişdir. Bu məqsədlə işə qəbulla bağlı son illər keçirilmiş müsabiqələrlə prokurorluğun kadr korpusunun yenilənməsi təmin edilmiş, xüsusilə də rəhbər heyətin gənc, istedadlı kadrlarla komplektləşdirilməsi istiqamətində çox ciddi addımlar atılmışdır. Əməkdaşların nəzəri bilik və praktiki bacarıqlarının artırılmasında, yeni nəsil prokurorların formalaşdırılmasında beynəlxalq təcrübənin əhəmiyyəti nəzərə alınmaqla 3 prokurorluq işçisi Beynəlxalq Prokurorlar Assosiasiyası, Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktoratlığına ezam olunmuşlar.
Əməkdaşların bilik və bacarıqlarının artırılması, yüksək peşə hazırlığı səviyyəsinin təmin edilməsi məqsədilə yenidən təşkil olunmuş Baş prokuror yanında Elmi-Məsləhət Şurasının fəaliyyəti də bu cəhətdən mühüm əhəmiyyət kəsb etmiş, prokurorluq işçiləri ilə yanaşı, hüquqşünas alimlər, dövlət qurumlarının əməkdaşları və digər hüquq-mühafizə orqanlarının təcrübəli işçilərindən ibarət şura prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsində xüsusi önəmə malik olmuşdur.
Cinayətkarlığın yeni formalarının qarşısının dövlətlərin birgə səyi nəticəsində alınması istiqamətində beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişafına mühüm əhəmiyyət verilərək ekstradisiya, hüquqi yardım və digər sahələr üzrə əməkdaşlıq diqqətdə saxlanılmış, qarşılıqlı münasibətlərin qurulması və inkişafı prokurorluğun insan hüquqlarının müdafiəsi və müstəqil dövlətimizin hüquqi əlaqələrinin möhkəmlənməsinə xidmət edən fəaliyyətinin əsasını təşkil etmişdir. Prezidentin dəstəyi ilə 1 noyabr 2021-ci ildə Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasında Şuranın Əsasnaməsi imzalanmışdır. Bununla təsis edilən Baş Prokurorlar Şurası türkdilli ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına, əməkdaşlığın yüksəlməsinə xidmət etməyə başlamışdır.
Bir neçə gün öncə ölkəmizin evsahibliyi ilə keçirilmiş MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının iclasları region dövlətlərinin prokurorluqları ilə ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə hərtərəfli zəmin yaratmışdır.
Həyata keçirilmiş tədbirlərin və prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 2021-ci ildə keçirilmiş iclası zamanı 2024-cü ilin sentyabr ayında təşkilatın 29-cu illik konfransı və ümumi yığıncağının Bakı şəhərində keçirilməsinə dair təklif qəbul edilmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Respublika Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə görülmüş işlər nəticəsində hərbi intizamın möhkəmləndirilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının vaxtında aşkarlanaraq aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır.
Məsuliyyətini dərindən dərk edən prokurorluq işçiləri üzərlərinə düşən vəzifələri layiqincə icra edəcək, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə lazımi tədbirlərin görülməsini təmin edəcəklər.
Kamran ƏLİYEV,
Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti, hüquq elmləri üzrə fəlsəfə doktoru