Almaniya dəhlizin inkişafına investisiya qoymaq istəyir
Qlobal səviyyədə baş verən siyasi qarşıdurmalar və münaqişələr fonunda Yaxın Şərqdə gedən müharibə dünyanın ən böyük neft-qaz tranzitini həyata keçirən Hörmüz boğazının fəaliyyətini iflic edib. Xatırladaq ki, qlobal bazarlara ixrac olunan neft və qazın 20 faizi bu boğazdan keçir.
Nəticədə qlobal bazarlarda neftin bir barelinin qiyməti 110-120 dolları keçib. Bu azmış kimi artıq dünyanın bir çox ölkəsində yanacaq çatışmazlığı baş verib, yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. İspaniya ilə sərhəddə yaşayan fransızlar maşınlarını yanacaqla benzinin nisbətən ucuz olduğu həmin ölkədə doldururlar. Enerji sahəsində ixtisaslaşan bir çox mütəxəssis bildirdi ki, vəziyyət belə davam edərsə, neftin bir barelinin qiyməti 200 dollara yüksəlməklə qlobal iqtisadi böhran yarana bilər.
Məlum olduğu kimi, dünyanın ən sərfəli marşrutlarından biri olan Qırmızı dəniz-Süveyş kanalı marşrutunda baş verən hərbi qarşıdurma sayəsində onun fəaliyyəti minimum səviyyəyə enib. Uzunluğu 9 min kilometrdən çox olan Trans-Sibir marşrutu da Rusiya-Ukrayna müharibəsi üzündən beynəlxalq marşrut kimi fəaliyyətini dayandırıb. Belə vəziyyət beynəlxalq təchizat və ticarət zəncirində böyük qırılmalar yaradıb. Hamı vəziyyətdən çıxış yolu tapmağa çalışır. Çünki baş verən müharibələr üzündən hər iki marşrutun nə vaxt fəaliyyətə başlayacağı bilinmir. Bu üzdən diqqət Orta dəhlizə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yönəlib. Orta dəhlizin isə Asiya ilə Avropa arasında olan böyük ticarətin ağırlığını qaldırmaq imkanı yoxdur. Dəhliz vasitəsilə yükdaşımanın həcmini artırmaq üçün onun texniki imkanları genişləndirilməlidir. Bunun üçün əlavə olaraq külli miqdarda investisiya qoyulmasına ehtiyac var.
Ötən il Avropa İttifaqı Mərkəzi Asiyada ölkələrin nəqliyyat infrastrukturunun inkişafına 10 milyard avro investisiya qoyulması barədə qərar qəbul etmişdir. İndi də Avropanın iqtisadi flaqmanı olan Almaniya Orta dəhlizin inkişafı üçün sərmayə qoymaq qərarına gəlib. Məlumdur ki, almanlar sərmayə qoyarkən hər bir məsələni ətraflı araşdırıb sonra qərar verirlər. Bu məqsədlə Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi ("NRW.Global Business") 29 iyun-3 iyul tarixlərində Azərbaycana və Qazaxıstana biznes-missiya təşkil edəcək. Səfərin əsas məqsədi Orta dəhlizin dinamik inkişafını daha da artırmaqdır.
Avropa ilə Asiyanı birləşdirən strateji əhəmiyyətli bu ticarət yolunun logistika və infrastruktur sahəsindəki önəmi durmadan artır. Son illər bu istiqamətdə yük axını dəfələrlə artıb və proqnozlara görə, artım 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artacaq. Almaniyalı mütəxəssislərin hesablamalarına görə, həmin ilə qədər təxminən 20 milyard avro məbləğində kapital qoyuluşu ölkənin Şimali Reyn-Vestfaliya müəssisələri üçün əlverişli imkanlar yaradacaq.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, marşrut üzrə daşımaların dinamikası sabit artım nümayiş etdirir: 2019-cu ildə 759 min, 2020-ci ildə 783 min, 2021-ci ildə 586 min, 2022-ci ildə 1,485 milyon, 2023-cü ildə 2,764 milyon, 2024-cü ildə 4,484 milyon tona çatıb. Ötən il isə bu rəqəm daha da artaraq 4,7 milyon tona qədər yüksəlib.
Orta dəhlizə investisiya qoyulması Azərbaycana və türk dünyasına çox fayda gətirəcək. Bu, birlik ölkələrinin inteqrasiya və iqtisadi inkişafı ilə yanaşı, beynəlxalq siyasi əhəmiyyətini də artıracaq. Digər tərəfdən, türk regionunda yeni bir münaqişənin yaranmasına maraq göstərilməyəcək. Çünki bu, Asiya ilə Avropanın iqtisadi və siyasi maraqlarına ziddir, Amerika isə Zəngəzur dəhlizinin (TRIPP) açılmasına dəstək və zəmanət verən ölkədir.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının/Vitse-prezidentin görüşündə Orta dəhlizin ortaq türk maraqları üçün xüsusi əhəmiyyət daşıdığını bildirərək demişdir: "Təbii ki, iqtisadi məsələlərlə, sərmayə qoyuluşu məsələləri ilə yanaşı, bu gün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır".
Rüstəm KAMAL,
"Azərbaycan"