08 Aprel 2026 15:24
133
CƏMİYYƏT
A- A+
Dini konfessiya rəhbərləri ABŞ Komissiyasının hesabatındakı qiymətləndirməni rədd edib - Bəyanat  

Dini konfessiya rəhbərləri ABŞ Komissiyasının hesabatındakı qiymətləndirməni rədd edib - Bəyanat  


Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı istinadlara dair bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, bəyanatda qeyd edilib: “Biz, Azərbaycan Respublikasında yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddialarla bağlı ciddi narahatlığımızı və dərin təəssüfümüzü ifadə edirik. Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik.

Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır. BDAK-ın bu yanaşması, Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsi və ötən ilin 8 avqustunda Vaşinqtonda onun tarixi rolu ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi fonunda xüsusilə məyusedicidir.

Bu, həmçinin Azərbaycanın regional və beynəlxalq səviyyədə sülh və sabitliyin təşviqində rolunun tanınmasının nümayişi və qlobal miqyasda dinlərarası dialoqun təşviqinə sadiqliyinin sübutu olaraq, ölkəmizin ABŞ Prezidentinin rəhbərliyi altında yaradılmış Sülh Şurasına dəvət olunduğu və sonradan təsisçi üzv dövlət kimi həmin Şuraya qoşulduğu bir dövrdə narahatlıq doğurur.

Azərbaycan özünün əsrlərə dayanan müxtəliflik və multikulturalizm ənənəsi ilə fərqli mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın təşviqinə hər zaman sadiqdir. Azərbaycan Konstitusiyası ayrı-seçkiliyi açıq şəkildə qadağan edir və dinindən və etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Bu hüquqi təminatlardan əlavə, Azərbaycan bütün vətəndaşlara dini, etnik və mədəni mənsubiyyətlərini qorumaq və daha da inkişaf etdirmək üçün şərait yaradır. Bu, din və ya etiqaddan sui-istifadə şəraitində təhlükəsizlik riskləri və çağırışların artması fonunda baş verir. Ölkə Prezidenti və müvafiq milli qurumlar dini icma nümayəndələrinin ehtiyac və qayğılarını prioritetləşdirərək, onlarla mütəmadi qaydada görüşürlər.

Azərbaycan, dərin köklü dini tolerantlıq mədəniyyətinin təzahürü kimi, habelə dindaxili və dinlərarası harmoniyaya sadiqliyin nümunəvi məkanı olaraq, məscidlərin, kilsələrin və sinaqoqların yan-yana fəaliyyət göstərdiyi ölkələrdən biridir. İcmalarımız gündəlik həyatlarında belə bir firavan mühitdə yaşayır, hökumət və ya cəmiyyətin hər hansı müdaxiləsi olmadan dini etiqadlarını yerinə yetirirlər.

Dini məkanların və ibadət yerlərinin inşası, mühafizəsi və bərpasına xüsusi diqqət yetirilir. Bu fəaliyyətlər yalnız məscidləri əhatə etmir, Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin yenidən qurulması və mühafizəsi, Müqəddəs II İoann Pavelin şərəfinə ikinci katolik kilsəsinin davam edən inşası, Kafedral Pravoslav Kilsəsinin bərpası, Zərdüştlük məbədinin yenidən qurulması və Kiş məbədinin bərpası qismində digər dinlərin ibadət məkanlarını da əhatə edir. Regionun ən böyük sinaqoqunun Azərbaycanda olması bir faktdır. Cəmiyyətimizin dini plüralizmə və inklüzivliyə hörmətinin təzahürü kimi İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ilk toplantı evi 2025-ci ildə Azərbaycanda açılıb. Təəssüf ki, Azərbaycan hökumətinin bu səyləri hesabatda əks olunmayıb.

Bu baxımdan, BDAK-ın hesabatında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün tarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpa səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur. Sözügedən bərpa layihələri bütün mədəni və dini irsin xüsusiyyətlərinin mühafizəsinə diqqət yetirilməklə təcrübəli mütəxəssis və memarların iştirakı ilə həyata keçirilir.

Azərbaycanın ölkə daxilində dinlərarası dialoqu təşviq etmək xüsusunda bənzərsiz yanaşması, həmçinin əhəmiyyətli qlobal təşəbbüslərlə davamlı şəkildə təşviq olunub və beynəlxalq ictimaiyyətin geniş rəğbətini qazanıb.

Azərbaycanın uzun dövrə dayanan dini plüralizm və tolerantlıq ənənəsi tanınmış beynəlxalq dini liderlər tərəfindən mütəmadi şəkildə alqışlanıb. Onların arasında Papa II İoann Pavel və Papa Fransisk və digər nümayəndələr yer alır. Papa Fransisk Azərbaycanı zorakı ekstremizmlə bölünmüş dünya üçün çoxkonfessiyalı model kimi təqdir edib. Onun 2016-cı ildə Bakıya səfərinin məhz Azərbaycanda Multikulturalizm ilində baş tutması Papanın ölkəmizdəki tolerantlığa və inklüzivliyə verdiyi yüksək qiymətin daha bir göstəricisidir. O, müxtəlif etiqadların sülh şəraitində yanaşı yaşadığı məkan kimi Azərbaycanın əhəmiyyətini vurğulayaraq ölkəmizi dünya üçün nümunə adlandırıb.

Bundan əlavə, Əl-Əzhər Əl-Şərifin Böyük İmamı və Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib dəfələrlə Azərbaycanı dinlərarası harmoniya və İslam-daxili birlik nümunəsi kimi alqışlayıb.

Azərbaycanın dini yerlərin mühafizəsi və bərpası səyləri sərhədlərini aşır. Heydər Əliyev Fondunun Vatikan şəhərinin mədəni və xristian irsinin, o cümlədən Divarların Xaricində Müqəddəs Pavel Papa Bazilikasının fasadlarının bərpasında dəstəyi və iştirakı Müqəddəs Taxt-Tac tərəfindən minnətdarlıqla qarşılanıb.

Azərbaycan 2008-ci ildə Bakı Prosesi çərçivəsində yaradılmış, dayanıqlı sülh və inkişafın əsasları kimi dialoq və sosial inklüzivliyi təşviq edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı və ev sahibidir. Bu Forum BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma kimi dəfələrlə təqdir olunub və bu, BMT Baş Assambleyasının bir sıra qətnamələrində davamlı olaraq öz təsdiqini tapıb.

Azərbaycan 2024-cü ildə Bakıda keçirilmiş COP29 (BMT-nin İqlim Dəyişmələri Konfransı) çərçivəsində 55 ölkədən və 30 beynəlxalq təşkilatdan 300 dini lider və nümayəndənin iştirakı ilə Dini Liderlərin Qlobal Sammitinə ev sahibliyi etməklə multikulturalizmin lideri rolunu bir daha təsbit edib.

Yuxarıda göstərilən bütün misallar diqqətə alındıqda, BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq ölkəmizdəki vəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasını yenidən nəzərdən keçirəcəyini, ölkəmizin tolerantlığa verdiyi töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi istiqamətində səylərini təqdir edəcəyini gözləyirik.

Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada “Xüsusi İzləmə Siyahısı”na daxil edilməklə Azərbaycana münasibətdə sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcəkdir”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah əksər rayonlarda hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:37
08 Aprel

Enerji sahəsində Serbiya ilə əməkdaşlıq dinamik inkişaf edir

16:31
08 Aprel

Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib  

16:23
08 Aprel

Azərbaycan Qolf Federasiyasının yeni nizamnaməsi təsdiq olunub, quruma prezident və vitse-prezidentlər seçilib  

16:14
08 Aprel

Azərbaycana dost və qardaş olan Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir

16:10
08 Aprel

Vens: Moskva və Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqeləri xeyli yaxınlaşıb  

16:07
08 Aprel

Birinci rübdə 235 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

15:59
08 Aprel

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

15:57
08 Aprel

Fransa ordusunun Yaxın Şərqdəki əməliyyatlarının xərci açıqlanıb

15:51
08 Aprel

Nazir: “Yüksəliş” müsabiqəsi qaliblərinin bilik və təcrübələrini artırmaları üçün işlər davam etdiriləcək  

15:41
08 Aprel

Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq daha da möhkəmlənir

15:36
08 Aprel

Dini konfessiya rəhbərləri ABŞ Komissiyasının hesabatındakı qiymətləndirməni rədd edib - Bəyanat  

15:24
08 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

15:19
08 Aprel

Nazir: Azərbaycan qazının Serbiyaya çatdırılması tərəfdaşlığın mühüm nailiyyətlərindən biridir  

15:11
08 Aprel

Kreml İran ilə ABŞ arasında atəşkəsi alqışlayır

15:03
08 Aprel

Ukrayna Prezidenti Yaxın Şərqdə atəşkəsi alqışlayıb  

14:59
08 Aprel

İstanbulda baş verən silahlı insidentlə bağlı 11 nəfər saxlanılıb

14:55
08 Aprel

Moskva Dövlət Universitetinin Bakı filialı yuxarı sinif şagirdlərini “Açıq qapı” gününə dəvət edir 

14:53
08 Aprel

Bakıda keçirilmiş yarmarkada 30 işəgötürən 341 vakansiya təqdim edib

14:51
08 Aprel

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

14:39
08 Aprel

Körfəzdə 800 gəmi Hörmüz boğazından keçmək üçün gözləməkdədir  

14:33
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!