15 Yanvar 2024 22:59
2071
SİYASƏT, SEÇKİ 2024
A- A+

MSK-da prezidentliyə namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib  YENİLƏNİB

 

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda, əvvəlcə fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatmanın keçirilməsi, nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi məsələsinə baxılıb.

Diqqətə çatdırılıb ki, prezidentliyə namizədlərin qeydə alınması prosesi artıq başa çatıb və müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülmüş, habelə öz təşəbbüsü ilə seçkilərə qatılmış 7 iddiaçının namizədliyi qeydə alınıb. Seçki Məcəlləsinin tələbinə əsasən yanvarın 15-dən start götürən seçkiqabağı təşviqat mərhələsi səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçkilərdə azad və sərbəst şəkildə seçkiqabağı təşviqatın aparılması üçün hərtərəfli şərait və geniş imkanlar yaradılıb. Qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb. Həmin yerlər bütün təşviqat subyektləri üçün ödənişsizdir, heç bir icazə tələb olunmadan, yalnız müvafiq dairə seçki komissiyasını əvvəlcədən məlumatlandırmaqla seçicilərlə görüşlər keçirilə bilər. Seçkiqabağı təşviqatın aparılması məqsədilə qanunvericiliklə qadağan olunmayan digər yerlərdən də Seçki Məcəlləsinin tələblərinə uyğun istifadə edilməsi mümkündür. Namizədlər tərəfindən müraciət olunduğu halda müvafiq dairə seçki komissiyalarının yerli qurumlarla əməkdaşlığı şəraitində, bərabərlik prinsipi gözlənilməklə və bütün seçkiqabağı təşviqat subyektlərinə eyni əsaslarla görüş üçün əlavə imkanların yaradılması da nəzərdə tutulub. Bu seçkilərdə ödənişsiz əsaslarla seçkiqabağı təşviqatın aparılması üçün dövri nəşrlərin sayı artırılıb və “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərindən əlavə, “Respublika” qəzetində də dərc üçün yer ayrılıb. Ödənişli əsaslarla seçkiqabağı təşviqata qoşulmaq məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada mediadan daxil olan 44 müraciətin hamısı təmin edilib və təqdim olunmuş bütün məlumatlar Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib. Qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə media bu seçkilərdə ödənişli əsaslarla seçkiqabağı təşviqat mərhələsinə qoşulmaqda xüsusilə fəallıq nümayiş etdirib.

Mərkəzi Seçki Komissiyasının üzvləri və iclas iştirakçıları məlumatlandırılarkən habelə bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq – həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. Hüququ olan subyektlər tərəfindən həmin vaxtın 3 saatı televiziyada, 3 saatı isə radioda dəyirmi masa formatına uyğun istifadə edilir. Qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası və İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əldə olunmuş razılığa əsasən ayrılmış efir vaxtı günün ən baxımlı vaxtında – həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 21:00-da televiziya izləyicilərinə, 3 gün isə hər dəfə 1 saat olmaqla saat 21:00-da radio dinləyicilərinə təqdim olunacaq. Bununla bərabər, televiziyada keçirilən debatların ilk dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi sosial media platforması üzərindən də birbaşa yayımlanması nəzərdə tutulur ki, bu da daha geniş auditoriyanın izləməsinə və məlumatlandırılmasına mühüm töhfə verəcək.

Sonra Komissiyanın iclasında qarşıdan gələn seçkilərdə seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların təmsilçilərinin, beynəlxalq müşahidəçilərin və media nümayəndələrinin də iştirakı ilə püşkatma keçirilib. Prezidentliyə namizədlərin, yaxud onların səlahiyyətli nümayəndələrinin dəyirmi masa formatında yerləşmə və sözverilmə ardıcıllığı müəyyən olunub.

Mərkəzi Seçki Komissiyası püşkatmanın nəticələrinin rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəlinin dərc edilməsini qərara alıb.

İclasda, həmçinin Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası və Böyük Azərbaycan Partiyasının vəkil edilmiş şəxsləri qeydə alınıb və cari məsələlərə baxılıb.

15:16

Mərkəzi Seçki Komissiyası yanvarın 15-də prezidentliyə namizədlər arasında ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.

AZƏRTAC xəbər verir ki, prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtında çıxış etmə ardıcıllığı məlum olub.

Püşkatmanın nəticəsinə görə, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1-ci, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2-ci, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 3-cü, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 4-cü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 5-ci, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 6-cı və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 7-ci çıxış edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video