15 Oktyabr 2026 09:10
721
Mədəniyyət
A- A+
Milli-mənəvi dəyərlər xalqın varlığının və kimliyinin göstəricisidir

Milli-mənəvi dəyərlər xalqın varlığının və kimliyinin göstəricisidir


Qloballaşan dünyada dövlətlərin qarşısında duran mühüm vəzifələrdən biri milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini qoruyub saxlamaqdır. Müasir dövrdə informasiya sərhədlərinin aradan qalxması, müxtəlif ideologiyaların və mədəni təsirlərin sürətlə yayılması xalqların mənəvi həyatına da təsirsiz ötüşmür.

Bu proses bir tərəfdən mədəniyyətlərarası əlaqələrin genişlənməsinə, fərqli dünyagörüşlərinin tanınmasına şərait yaradırsa, digər tərəfdən, milli özünəməxsusluğun zəifləməsi, tarixi ənənələrin unudulması və cəmiyyətin yad ideoloji təsirlərə məruz qalması risklərini artırır. Belə bir şəraitdə xalqın öz köklərinə bağlılığı, mənəvi irsinə sahib çıxması və milli dəyərlərini gələcək nəsillərə ötürməsi xüsusi əhəmiyyət daşıyır. Çünki milli-mənəvi dəyərlər sadəcə keçmişdən miras qalan adət-ənənələr deyil, həm də xalqın dünyagörüşünü, həyat fəlsəfəsini və gələcəyə münasibətini müəyyənləşdirən mənəvi dayaqlardır.

Azərbaycan xalqı əsrlər boyu zəngin mədəniyyətini, milli adət-ənənələrini, dini etiqadını və mənəvi prinsiplərini qoruyaraq bu günə qədər yaşadıb. Tarixin müxtəlif mərhələlərində yadelli işğallara, siyasi təzyiqlərə, mədəni və ideoloji təsirlərə məruz qalmasına baxmayaraq, xalqımız öz milli kimliyini itirməyib. Ailə dəyərlərinin, böyüyə hörmətin, kiçiyə qayğının, qonaqpərvərliyin, mərhəmətin, xeyirxahlığın və qarşılıqlı ehtiramın qorunması milli mənəviyyatımızın möhkəmliyini nümayiş etdirib. Bu dəyərlər xalqımızın gündəlik həyatında, ailə münasibətlərində, bayramlarında, mərasimlərində, incəsənətində və ədəbiyyatında da öz əksini tapıb.

Xalqımızın milli-mənəvi zənginliyindən danışarkən kəlağayını xüsusi qeyd etmək lazımdır. Kəlağayı sadəcə qadın baş örtüyü deyil, xalqımızın estetik zövqünün, sənətkarlıq ənənələrinin, mənəvi dünyasının və milli kimliyinin ifadəsidir. Onun üzərindəki naxışlar, rənglər və ornamentlər əsrlərin yaddaşını yaşadır. Kəlağayı Azərbaycan qadınının geyim mədəniyyətində özünəməxsus yer tutmaqla yanaşı, xalqımızın mənəvi irsinin rəmzlərindən birinə çevrilib. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu fakt milli mədəniyyətimizin dünya miqyasında tanınmasının və onun ümumbəşəri mədəni irsin bir hissəsi kimi qəbul olunmasının göstəricisidir. Özünün belə zəngin geyim və sənətkarlıq ənənələrinə malik olan xalqımızın mədəni kimliyini qoruması təbii və zəruri məsələdir.

Milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissələrindən biri də dini inanclarımızdır. Azərbaycan xalqının mənəvi həyatında islam dini əsrlər boyu mühüm rol oynayıb. İslamın təbliğ etdiyi mərhəmət, ədalət, dürüstlük, yardımlaşma, insanlara hörmət və xeyirxahlıq kimi prinsiplər xalqımızın əxlaqi dünyagörüşü ilə vəhdət təşkil edib. Lakin Azərbaycanın dini-mənəvi mühitinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, burada dini dəyərlər milli ənənələrlə qarşılıqlı əlaqədə inkişaf edib. Xalqımız dini etiqadını qorumaqla yanaşı, milli mədəniyyətinə, tarixi adətlərinə və dünyəvi dövlətçilik prinsiplərinə də sadiq qalıb.

Bu baxımdan dinlə milli kimliyin bir-birinə qarşı qoyulması, dini inancların milli mədəniyyətin inkarı kimi təqdim edilməsi yanlış yanaşmadır. Cəmiyyətimizdə dini etiqadla milli ənənələr tarixən bir-birini tamamlayıb. İnsanların dini inanclarına hörmət göstərilməsi ilə yanaşı, cəmiyyətin öz mədəni irsini və həyat tərzini qoruması da mühüm əhəmiyyət daşıyır. Dini dəyərlər mənəvi kamilliyə, insanları birliyə və xeyirxahlığa çağırmalıdır. Dinin siyasi məqsədlərə, ideoloji manipulyasiyalara və cəmiyyətdə qarşıdurma yaratmaq cəhdlərinə alət edilməsi isə onun mənəvi mahiyyətinə ziddir.

Müasir dövrdə xüsusi narahatlıq doğuran məsələlərdən biri xarici ideoloji təsirlərin müxtəlif vasitələrlə cəmiyyətə nüfuz etməsidir. İnternetin, sosial şəbəkələrin və rəqəmsal kommunikasiya imkanlarının genişlənməsi informasiya mübadiləsini sürətləndirməklə yanaşı, manipulyasiya və təbliğat imkanlarını da artırıb. Bəzən dini, mədəni və ya ictimai fəaliyyət adı altında müəyyən ideoloji baxışların yayılmasına, milli dəyərlərin gözdən salınmasına, insanların tarixi yaddaşından və mədəni köklərindən uzaqlaşdırılmasına cəhd göstərilir. Belə təsirlərin təhlükəli tərəfi onların hər zaman açıq şəkildə təqdim edilməməsidir. Unutmamalıyıq ki, müxtəlif informasiya platformalarında yayılan məzmunlar vasitəsilə cəmiyyətin düşüncə tərzinə, xüsusilə gənclərin dünyagörüşünə təsir göstərmək mümkündür.

İdeoloji təxribatların əsas hədəflərindən biri cəmiyyət daxilində mənəvi parçalanma yaratmaqdır. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri ölkəmizdə həmişə qarşılıqlı hörmət şəraitində yaşayıblar. Məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğu ölkəmizin dini-mədəni müxtəlifliyinin göstəricisidir. Cəmiyyətimizdə formalaşmış tolerantlıq ənənələrinin qorunması həm ictimai sabitlik, həm də insanların vicdan və etiqad azadlığının təmin olunması baxımından vacibdir.

Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyada din dövlətdən ayrıdır. Bu prinsip müxtəlif dini inanclara malik vətəndaşların hüquq bərabərliyinin təmin olunmasına, dini münasibətlərin qanun çərçivəsində tənzimlənməsinə xidmət edir. Bu məsələdə ailənin və təhsil müəssisələrinin üzərinə də böyük məsuliyyət düşür. Uşaq milli dəyərlərlə ilk növbədə ailədə sahib olur. Ana dilinə sevgi, böyüklərə hörmət, ailə bağlarına sədaqət, vətənpərvərlik və mənəvi məsuliyyət hissi məhz ailə mühitində formalaşmağa başlayır. Məktəb isə bu tərbiyəni bilik və dünyagörüşü ilə zənginləşdirir.

Eyni zamanda gənclərdə tənqidi düşüncənin, informasiya savadlılığının və müstəqil qərarvermə bacarığının inkişaf etdirilməsi vacibdir. Çünki xarici ideoloji təsirlərə qarşı ən etibarlı müdafiə vasitələrindən biri məlumatlı və düşünən cəmiyyətin formalaşdırılmasıdır. İnsanların fərqli fikirlərlə tanış olmaq imkanları qorunmalı, lakin yalan məlumatları, manipulyativ çağırışları və nifrət təbliğatını müəyyənləşdirmək bacarıqları da gücləndirilməlidir. Milli-mənəvi dəyərlərə bağlılıq kor-koranə təqlid və ya yeniliklərdən imtina kimi başa düşülməməlidir. Əslində, güclü milli kimlik müasir dünyanın elmi, texnoloji və mədəni nailiyyətlərindən faydalanmaqla öz mənəvi simasını qoruyub saxlamağı tələb edir.

Azərbaycan xalqının öz dili, dini-mənəvi dünyası, kəlağayısı, muğamı, ədəbiyyatı, zəngin mədəniyyəti və əsrlərin sınağından çıxmış həyat fəlsəfəsi var. Bu sərvətlər xalqımızın tarixi varlığını və özünəməxsus inkişaf yolunu müəyyənləşdirir. Heç bir xarici ideoloji təsir, heç bir yad təbliğat bu mənəvi zənginliyin əvəzi ola bilməz. Milli dəyərlərimizi qorumaq dünyadan təcrid olunmaq deyil, əksinə, dünyaya öz kimliyimizlə, öz sözümüzlə və öz mədəniyyətimizlə çıxmaq deməkdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:23
18 Oktyabr

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub  

21:11
18 Oktyabr

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

19:55
18 Oktyabr

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

19:27
18 Oktyabr

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

19:07
18 Oktyabr

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

18:34
18 Oktyabr

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

18:03
18 Oktyabr

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

17:46
18 Oktyabr

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

17:19
18 Oktyabr

İDMAN Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

17:01
18 Oktyabr

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

16:41
18 Oktyabr

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

16:21
18 Oktyabr

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

15:57
18 Oktyabr

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

14:41
18 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

14:38
18 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

13:21
18 Oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

13:01
18 Oktyabr

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb  

12:40
18 Oktyabr

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb  

11:47
18 Oktyabr

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var 

11:22
18 Oktyabr

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir  

09:31
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!