İyunun 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev gündəlikdə Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş iki qanun layihəsinin yer aldığını bildirib.
Komitədə əvvəlcə Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.
Bildirilib ki, sənəd elektron hökumət quruculuğu prosesinin daha da genişləndirilməsinə, əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazasının yaradılmasına xidmət edir.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə layihənin əmək münasibətləri, dövlət sosial sığorta və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlandığını deyib.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev məsələ ilə bağlı çıxış edib. Təqdim olunan layihəni Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatların davamı kimi dəyərləndirən nazir müavini ölkədə əmək hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, beynəlxalq standartların tətbiqi istiqamətində görülən işlərdən bəhs edib.
Layihənin müzakirəsində komitə sədri Musa Quliyev, deputatlar Ziyad Səmədzadə, Vüqar Bayramov, İlham Məmmədov, Rauf Əliyev və Sevinc Hüseynova çıxış edib, məsələlərlə bağlı fikirlərini bildirib, təklif olunan dəyişikliklər üzrə qeydlərini və suallarını səsləndiriblər.
Anar Əliyev qaldırılan məsələlərə münasibət bildirəndən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib.
Layihə barədə məlumat verən Musa Quliyev bildirib ki, şəhid ailələrinin, müharibə veteranları və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması dövlətimizin başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir. Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsini növbəti müsbət addım kimi dəyərləndirən komitə sədri vurğulayıb ki, təklif olunan dəyişiklik şəhid ailəsi üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Müzakirədə deputatlar Aqil Məmmədov və Arzu Nağıyev çıxış edərək layihə ilə bağlı fikirlərini səsləndiriblər.
Yekunda bu qanun layihəsi də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.