13 May 2026 08:50
525
Təhsil
A- A+
Məktəb, yoxsa repetitor?

Məktəb, yoxsa repetitor?


Bu sual son illər demək olar ki, ailəsində şagird olan bütün valideynləri düşündürən və rahatsız edən məsələdir. Əslində isə məktəb və repetitor bir-birinə alternativ deyil, tamamlayıcı olmalıdır. Məktəb - sistemli təhsilin, sosial mühitin və əsas bilik bazasının verildiyi yerdir. Repetitor isə fərdi yanaşma ilə boşluqları dolduran, temp və izah səviyyəsini uşağa uyğunlaşdıran əlavə dəstəkdir. Amma problem ondadır ki, bir çox hallarda repetitor artıq "əlavə" yox, "zəruri" kimi qəbul olunur. Bu isə təhsil sistemində müəyyən çatların olduğuna işarə edir.

Məktəb proqramı nəzəri olaraq imtahan üçün kifayət etməlidir. Çünki imtahanlar da məhz həmin proqram əsasında qurulur. Lakin praktikada bir neçə səbəb uşaqları repetitora yönəldir. Birinci səbəb sinifdə şagirdlərin sayının çox olmasıdır. O üzdən müəllim hər şagirdə fərdi diqqət ayıra bilmir. İkincisi, dərs tempinin hamı üçün eyni olmasıdır - kimisi üçün çox sürətli, kimisi üçün isə çox yavaş. Üçüncüsü, bəzi hallarda dərsin sadəcə "keçilməsi", amma dərindən izah olunmamasıdır. Nəticədə şagird bir mövzunu tam anlamadan növbəti mövzuya keçir və beləliklə, boşluqlar yaranmağa başlayır. Bu boşluqları isə çox vaxt repetitor doldurur və ya doldurmağa çalışır. 

Amma bütün məsuliyyəti məktəbin üzərinə atmaq da düzgün deyil. Şagirdin rolu burada çox vacibdir. Dərsi dinləmək, qeydlər aparmaq, ev tapşırıqlarını vaxtında və yüksək səviyyədə yerinə yetirmək, anlamadığı mövzunu soruşmaq - bunlar əsasdır. Bəzi şagirdlər repetitoru "xilaskar" kimi görüb məktəbdə passiv olurlar. Halbuki repetitor yalnız dəstəkdir, əsas iş yenə də şagirdin öz üzərində çalışmasıdır. Nizam-intizam, diqqət və məsuliyyət olmadan nə məktəb, nə də repetitor real nəticə verə bilər. 

Repetitor deyəndə ağlımıza ilk olaraq müəllimin şagirdlə fərdi məşğul olması gəlir. Gəlin etiraf edək ki, bu gün repetitorların bir qrupundakı şagirdlərin sayı məktəb siniflərindən geri qalmır. Bu da təbii ki, nəticəyə təsirsiz ötüşmür. Daxili sınaqlarda yüksək bal toplayan şagirdlərin imtahanda zəif nəticə göstərməsi də valideynləri rahatsız edən məqamlardandır. Az bal topladığı üçün tez-tez repetitor dəyişən valideynlər balın məqsəd yox, bilik səviyyəsinin göstəricisi olduğunu unutmamalıdırlar. Amma qiymət və ya bal da hər zaman uşağın biliyinin tam göstəricisi deyil. Bu, şagirdin sadəcə müəyyən anda, müəyyən formatda göstərdiyi performansdır. Amma biz bunu çox vaxt uşağın zəka səviyyəsi və ya gələcəyi ilə eyniləşdiririk. Bu isə uşağın üzərində görünməz, amma ağır bir təzyiq yaradır, özünə inamın azalmasına, motivasiya itkisinə, hətta bəzi hallarda depressiv ovqata gətirib çıxara bilir.

Valideynlərin məsuliyyəti balans yaratmaqdır. Bəzi valideynlər düşünürlər ki, repetitor varsa, artıq övladının təhsili təmin olunub. Bu yanaşma yanlışdır. Valideyn övladının dərsə münasibətini izləməli, onu motivasiya etməli, amma eyni zamanda həddindən artıq yükləməməlidir. Uşağı səhər məktəb, günorta repetitor, axşam isə gündüz verilən tapşırıqların icrası ilə yükləmək bəzən əks effekt - yorğunluq, maraq itkisi və stres yaradır. Əsas məsələ saatların çoxluğu yox, öyrənməyin keyfiyyətidir. 

Məktəbin məsuliyyəti isə daha çoxdur. Məktəb yalnız proqramı "çatdırmaq" yox, onu şagirdə mənimsətmək funksiyasını daşıyır. Müasir yanaşmalar, interaktiv dərslər, fərqli öyrənmə üsulları tətbiq olunmalıdır. Müəllim uşağın zəif və güclü tərəflərini görməli, onu passiv dinləyicidən aktiv şagirdə çevirməlidir. Əgər məktəbdə dərs maraqlı, aydın və sistemli olsa, repetitora ehtiyac xeyli azalar.

Digər tərəfdən, cəmiyyət olaraq biz də nəticəyönümlü düşünməyə həddindən artıq diqqət veririk. Yüksək bal, qəbul, diplom - bunlar təəssüf ki, əsas məqsədə çevrilib. Bu zaman isə savad, dünyagörüşü arxa plana keçir. Repetitorluğun bu qədər geniş yayılmasının səbəblərindən biri də məhz bu düşüncə tərzidir. Halbuki təhsil yalnız imtahan verib qiymət almaqdan ibarət deyil, düşünmə bacarığı, analiz, dünyagörüşü və həyat vərdişləri formalaşdırmalıdır. Əslində, təhsil prosesi rəqabət yox, inkişaf üzərində qurulmalıdır. Uşaq öz dünəni ilə müqayisə olunmalıdır, başqaları ilə yox. "Sən filankəsdən geri qaldın" yox, "dünənə görə irəliləmisənmi?" sualı əsas olmalıdır. Bu, uşaqda həm daxili motivasiyanı gücləndirir, həm də stresi azaldır.

Ən vacib məqamlardan biri isə bir ailədə iki və ya üç uşağın eyni vaxtda  repetitorlara getməsinin ilk növbədə ailə büdcəsinə ciddi yük yaratmasıdır. Xüsusilə aşağı və orta gəlirli ailələr üçün bu, çox vaxt digər vacib ehtiyacların arxa plana keçməsi deməkdir. Valideynlər uşaqlarının gələcəyi naminə buna getməyə məcburdurlar. Amma bu yük uzunmüddətli stres və gərginlik yaradır. Uşaq isə çox vaxt bunun fərqində olmasa da, evdəki gərginliyi hiss edir ki, bu da onun psixoloji vəziyyətinə təsirsiz ötüşmür. Bununla yanaşı, ailədə bir neçə uşaq repetitora gedəndə valideyn istər-istəməz nəticələri müqayisə edir. "Bax qardaşın daha yaxşı yazdı" kimi ifadələr uşaqlarda həm rəqabəti, həm də özünə inamsızlığı artırır. Bu isə sağlam inkişaf üçün risklidir. Digər bir məqam isə  eyni evdən bir neçə uşağın məktəb proqramını mənimsəmək üçün əlavə dəstəyə ehtiyac duymasıdır. Deməli, problem ayrı-ayrı uşaqlarda deyil. Bu ya proqram ağırlığını və tədris metodlarının kifayət qədər effektiv olmamasını, ya da ümumi təhsil yanaşmasındakı boşluqları göstərir. Çünki fərqli qabiliyyətlərə sahib olan uşaqların hamısının eyni anda əlavə dəstəyə ehtiyac duyması təsadüfi deyil.

Əslində, hər uşağın qabiliyyəti fərdi qiymətləndirilməlidir. Sadəcə "hamı gedir" deyə bütün uşaqları repetitor yanına yönləndirmək düzgün yanaşma deyil. Bəlkə bir uşaq həqiqətən əlavə dəstəyə ehtiyac duyur, amma digəri məktəbdə verilənlə kifayətlənə bilər. Əsas məsələ tələsik qərar vermək yox, müşahidə etmək və düzgün analiz etməkdir.

Valideyn uşağın yalnız akademik yox, emosional və sosial inkişafını da düşünməlidir. Bəzən repetitor sayını azaltmaq, uşağa daha çox sərbəst vaxt vermək, onun maraqlarını inkişaf etdirmək daha faydalı ola bilər.

Repetitor məsələsinə psixoloqlar daha balanslı yanaşma tövsiyə edirlər. Əgər uşaq həqiqətən mövzunu anlamırsa və əlavə izaha ehtiyacı varsa, repetitor faydalıdır. Amma əgər uşaq artıq yorğun, motivasiyasız və tükənmiş vəziyyətdədirsə, əlavə dərslər problemi həll etmir, əksinə, dərinləşdirir. Bu halda uşağa repetitordan çox istirahət, emosional dəstək və özünə vaxt lazımdır. Təəssüf ki, valideynlər uşağın psixoloji vəziyyətini nəzərə almır, ondan daha yüksək nəticə umurlar. Psixoloqlar valideynlərə tövsiyə edirlər ki, uşağın nəticəsindən əvvəl onun səyini və prosesdə göstərdiyi çalışqanlığı qiymətləndirsinlər. Uşaq bilməlidir ki, o yalnız yüksək bal topladığı üçün yox, sadəcə var olduğu üçün dəyərlidir. Evdə yaradılan belə mühit uşağın psixoloji dayanıqlığına birbaşa təsir edir.

Məktəb və repetitor mövzusu eyni zamanda psixoloji sağlamlıq məsələsidir. Son illər psixoloqların ən çox diqqət çəkdikləri məqamlardan biri də məhz uşaqların imtahan nəticələrinə görə öz dəyərlərini ölçməyə başlamasıdır. Bu isə təhlükəli bir tendensiyadır. 

Repetitor yanına getmək çox vaxt "uğurun zəmanəti" kimi təqdim olunur. Amma repetitor heç vaxt 100 faiz nəticə vəd edən vasitə deyil. Bu, yalnız doğru qurulduqda effekt verən bir dəstək modelidir. Repetitor izah edə, istiqamət göstərə, səhvləri düzəldə bilər. Amma öyrənməli olan uşağın özüdür. Əgər şagird diqqətsizdirsə, tapşırıqları yerinə yetirmirsə və ya sadəcə qayıb almamaq üçün dərsə gedirsə, nəticə gözlənilən kimi olmur. Bu halda repetitor da kömək edə bilən deyil.

Digər tərəfdən, hər repetitor hər uşağa uyğun olmur. Uşaqların öyrənmə, qavrama qabiliyyəti fərqlidir: kimisi vizual izahı daha yaxşı anlayır, kimisi praktika ilə öyrənir, kimisi daha çox təkrar istəyir, kimisi isə, ümumiyyətlə, zəif qavrayır. Əgər repetitorun tədris metodu uşağın qavrama qabiliyyətinə uyğun gəlmirsə, nəticə olmayacaq. Bəzən valideynlər "yaxşı müəllimdir" deyə seçim edir, amma bu vaxt "bizim uşağa uyğundurmu?" sualını unudurlar. 

Bu mövzuda motivasiya da önəmli məqamlardan biri sayıla bilər. Əgər uşaq daxili motivasiya ilə yox, yalnız təzyiq və məcburiyyətlə repetitor yanına gedirsə, nəticə ya zəif olur, ya da ümumiyyətlə, olmur. Çünki öyrənmə maraq və istəklə möhkəmlənir, məcburiyyətlə yox. Bu vəziyyət bizə göstərir ki, təhsildə balans pozulub və onu bərpa etmək üçün həm məktəb, həm valideyn, həm də ümumi yanaşma dəyişməlidir. Uşaqların hamısını eyni sistemə uyğunlaşdırmaq yox, sistemi uşaqlara uyğunlaşdırmaq daha doğru yol olar.

Beləliklə, "məktəb, yoxsa repetitor?" sualının cavabı birmənalı deyil. Sağlam model belə olmalıdır: güclü məktəb bazası, məsuliyyətli şagird, dəstək verən valideyn və ehtiyac olduqda düzgün seçilmiş repetitor. Əgər bu dörd element birlikdə olarsa, uşaqlar əlavə yük altında əzilmədən, daha effektiv və sağlam şəkildə uğur qazana bilərlər.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

15:44
03 İyun

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

15:42
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!