İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının ikinci günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində İttifaqın Baş Komitəsinin 27-ci sessiyası keçirilib. İclasda təşkilati və maliyyə məsələləri müzakirə olunub.
Sessiyaya sədrlik edən Milli Məclis sədrinin müavini Rafael Hüseynov çıxışında bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri İslam Əməkdaşlıq Təşkilatı olub. Bu 35 ilin təxminən 30 ili ərzində Azərbaycan işğalın ağır nəticələrinə məruz qalıb və nəhayət, 2020-ci ilin noyabrında möhtəşəm Qələbəsini qazanaraq inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub. O bildirib ki, xalqımız və dövlətimiz bu çətin yolda Azərbaycana tam dəstək verən ilk ümumdünya təşkilatının məhz İslam Əməkdaşlıq Təşkilatı olduğunu heç vaxt unutmayacaq və həmişə minnətdarlıqla xatırlayacaq.
İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass çıxışında təşkilat çərçivəsində əməkdaşlığın, dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayıb. O, ev sahibi ölkənin göstərdiyi səyləri yüksək qiymətləndirərək, bu cür görüşlərin üzv parlamentlər arasında əlaqələrin möhkəmlənməsinə və birgə fəaliyyətin inkişafına töhfə verdiyini bildirib. Baş katib, iclasın səmərəli qərar və tövsiyələrlə yadda qalacağına əminliyini ifadə edib.
İclasda İƏT Parlament İttifaqının Baş Komitəsi Bürosunun üzvlərinin seçilməsi məsələsinə baxılıb. Daha sonra sessiyanın gündəliyi və iş proqramı təsdiq edilib. İştirakçılar İƏT Parlament İttifaqının Baş katibinin hesabatını dinləyərək qəbul ediblər.
Sessiyada, həmçinin İƏT Parlament İttifaqının İcraiyyə Komitəsinin 54-cü, 55-ci və 56-cı iclaslarının hesabatları nəzərdən keçirilərək təsdiqlənib. Maliyyə məsələlərinin müzakirəsi zamanı İƏT Parlament İttifaqının Maliyyə Nəzarəti Komitəsinin 2025-ci il üzrə maliyyə hesabatı, eləcə də təşkilatın 2026-cı və 2027-ci maliyyə illəri üçün büdcə layihələri qəbul olunub.
Təşkilati məsələlər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının gündəliyinin layihəsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.