“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumda “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzusu müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, panel sessiyaya Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov moderatorluq edib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev vurğulayıb ki, Azərbaycanda müşahidə olunan deepfake halları əsasən saxta investisiya proqramları və bank çağırışları üzərindən vətəndaşların aldadılmasına yönəlir. Qlobal miqyasda isə bu cür insidentlərin sayı son illərdə kəskin artıb, Honkonq, Dubay və Sinqapur kimi ölkələrdə milyonlarla dollar dəyərində maliyyə fırıldaqları qeydə alınıb. Murad Balayev süni intellekt əsaslı bu hücumların, o cümlədən səs və görüntü saxtalaşdırılmasının, həm fərdi şəxslər, həm də şirkətlər üçün ciddi risklər yaratdığına diqqət çəkib. Onun sözlərinə görə, dezinformasiya və kiberhücumlara qarşı mübarizədə əsas amil məlumatın mənbəyini yoxlamaq və analitik yanaşmanı gücləndirməkdir.
Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova qeyd edib ki, rəqəmsal inkişaf bütün mərhələlərdə mediaya ciddi təsir göstərib, xüsusilə sosial şəbəkələrin yaranması ilə ənənəvi mediaya yanaşma köklü şəkildə dəyişib. Müasir dövrdə media subyektləri sosial platformalarda aktivliyini artırsa da, auditoriyanı tam şəkildə öz üzərinə çəkməkdə çətinlik yaşayır və bu səbəbdən “yeni media” anlayışı formalaşır. Süni intellektin jurnalistika fəaliyyətini asanlaşdıraraq rutin işləri azaltdığını və daha çox analitik yanaşmaya imkan yaratdığını deyən şöbə müdiri bu vəziyyətin, eyni zamanda, dezinformasiya və manipulyasiya risklərini də artırdığını bildirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov vurğulayıb ki, müasir dövrdə süni intellekt yalnız imkanlar deyil, həm də ciddi təhdidlər yaradır və artıq əsas məsələ ondan necə qorunmaqdır. O, diqqətə çatdırıb ki, istifadəçilər rəqəmsal platformalarda “digital twin” formalaşdırır və ödənişsiz xidmətlərdən istifadə zamanı şəxsi məlumatlar faktiki olaraq sistemlərin öyrədilməsinə xidmət edir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və monitorinq şöbəsinin rəisi Əzizə Vidadi isə mərkəzin Azərbaycanın iqtisadi və texnoloji vəziyyətini təhlil edərək qlobal tendensiyaları ölkəyə uyğunlaşdırmağa çalışdığını bildirib. Şöbə rəisi vurğulayıb ki, bu proses çərçivəsində rəqəmsal transformasiya robototexnika, dron texnologiyaları, tibbi innovasiyalar kimi sahələrdə geniş tətbiq olunur və iqtisadiyyatın modernləşməsinə xidmət edir.
Panel sessiya müzakirələrlə davam edib.