İran Prezidenti bildirib ki, Tehran regionda sülh və sabitliyi təmin edən ədalətli bir həll yoluna nail olmaq üçün diplomatik prosesi davam etdirməyə hazırdır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran regionda sülh və sabitliyi təmin edən ədalətli bir həll yoluna nail olmaq üçün diplomatik prosesi davam etdirməyə hazırdır, lakin bu, ABŞ-nin mövqeyinin dəyişməsindən asılıdır.
İran hökumətinin xəbər portalında dərc olunan açıqlamaya görə, Pezeşkian Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb.
ABŞ rəsmilərinin açıqlamalarını "təxribatçı" adlandıran Pezeşkian qeyd edib ki, İran limanlarının blokadası qəbuledilməzdir və beynəlxalq hüquq və normalara ziddir: "Bu hərəkətlər regiondakı vəziyyəti daha da çətinləşdirəcək".
İran Prezidenti ölkəsinin "qanuni hüquqlarını" müdafiə etmək əzmini vurğulayaraq, bölgədə sülh və sabitliyi təmin edən ədalətli bir həll yoluna nail olmaq üçün diplomatik prosesi davam etdirməyə hazır olduqlarını, lakin bunun ABŞ-nin "ekstremal yanaşmalarının və təxribatçı hərəkətlərinin dayandırılmasından" asılı olduğunu bildirib.
Fars körfəzi və Hörmüz boğazındakı qeyri-sabitliyin ABŞ və İsrailin İrana hücumlarının nəticəsi olduğunu deyən Peseşkian, bütün ölkələrin beynəlxalq gəmiçiliyi təhdid edən ABŞ hərəkətlərinə qarşı qətiyyətli mövqe tutmalı olduğunu vurğulayı.
Yaponiyanın Baş naziri Takaiçi də Yaxın Şərqdəki gərginliyin sülh yolu ilə həll edilməli olduğu fikrini bildirib və ölkəsinin dialoq və məsləhətləşmələrin bölgədəki gərginliyin azaldılmasına kömək edəcəyinə inandığını qeyd edib.
Baş nazir İrana Yapon gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verdiyinə görə təşəkkür etdikdən sonra boğazda gözləyən digər Yapon gəmiləri üçün təhlükəsiz keçidi təmin etməsini istəyib.
Takaiçi İran və ABŞ arasında danışıqların tezliklə bərpa olunacağına və yekun razılaşmaya gətirib çıxaracağına ümid etdiyini bildirb.
Rizvan CƏFƏROV,
“Azərbaycan”