28 Fevral 2024 09:05
1184
Mədəniyyət
A- A+

Mədəniyyətlərarası dialoqlar xalqları bir-birinə yaxınlaşdırır

 

Şərq-Qərb sivilizasiyalarının dialoqları ümumbəşəri vəhdət ideyası daşıdığına görə daim dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların kəsişdiyi yer deyil, həm də siyasi, iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin də qovuşduğu məkandır. Zaman keçdikcə dünyada gedən mürəkkəb proseslər sivilizasiyaların dialoquna daha çox ehtiyacın olduğunu göstərir.
Mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm rola malikdir. Bu amili indiyədək keçirilən forumların müsbət nəticələri də bir daha təsdiq edir. Dünyada xalqlar və dinlər arasında forum və dialoqların təşkilində Azərbaycanın əvəzedilməz rolu yüksək qiymətləndirilir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə "Bakı Prosesi"nə start verilməsi sonrakı dövrlərdə bu istiqamətdə fəaliyyətin başlanğıcına geniş yol açdı. Bu təşəbbüsün əsasında isə ölkəmizin ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. 
2008-ci il dekabrın 2-3-də Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq islam dövlətlərinin mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən konfransda qəbul edilən "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi" ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi"nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyuldu. "Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə yenə də Azərbaycanın təşəbbüsü ilə 2009-cu il oktyabrın 13-15-də Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin IV konfransında 10-dan çox Avropa dövləti də iştirak etdi. Nəhayət, "Bakı Prosesi" 2010-cu ildən qlobal hərəkata çevrilməyə başladı.
Sonra ardıcıl olaraq 2011-ci, 2013-cü, 2015-ci, 2017-ci illərdə keçirilən I, II, III, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində reallaşdırılan layihələr bir daha onu göstərdi ki, mədəniyyət bütün müstəvilərdə bəşəriyyətin həmrəyliyini, birliyini təmin edən ən ümdə amildir.
2013-cü ilin mayında Bakı "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna da evsahibliyi etmişdir.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan müzakirələrin əsas mahiyyəti isə bu qlobal tədbirin devizində əks olunmuşdu: "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq". Forumda 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslərin, 50-yə yaxın ölkədən nazir, nazir müavinləri, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının təmsilçilərinin, ümumilikdə 5 qitədən 500-ə yaxın xarici ölkə nümayəndəsinin iştirak etməsi dünyanın bu qlobal tədbirə böyük marağının olduğunu göstərirdi.
2017-ci il 4-6 may tarixlərdə Bakı şəhərində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və ICESCO-nun birgə tərəfdaşlığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Forumda 120-dək ölkənin rəsmisi, 39 beynəlxalq təşkilatın, 50-dən çox qeyri-hökumət təşkilatının nümayəndələri qeydiyyatdan keçmiş, ümumiyyətlə, 800-dən çox xarici nümayəndə iştirak etmişdi. Son zamanlar dünyada yaşanan faciəvi hadisələr dinlərarası dialoq sahəsində hələ xeyli işlər görülməli olduğunu bir daha dünyaya göstərdi.
 "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən forumda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmilərinin iştirak etməsi tədbirin önəmini göstərən mühüm faktlardan biridir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər gündəliyə çıxarılır, səmərəli müzakirələr və fikir mübadilələri aparılır. Forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə islam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Eyni zamanda forumda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev forumun qısa zaman ərzində qlobal platformaya çevrildiyini bildirərək demişdir: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə evsahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq". 
Bu il may ayında Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Keçirilən mədəniyyətlararası forumlar xalqları bir-birinə yaxınlaşdırmağa, mehribanlaşdırmağa xidmət edir. İnanırıq ki,  belə forumlar, dialoqlar Yer üzündə sülhün, əmin-amanlığın yaranmasına və möhkəmlənməsinə böyük töhfələr verəcək.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video