05 Avqust 2026 08:00
4969
CƏMİYYƏT
A- A+
Mavi sərhədlərimizin ayıq-sayıq keşikçiləri

Mavi sərhədlərimizin ayıq-sayıq keşikçiləri


Xəzərdə qüdrətli dəniz qüvvələrindən sayılan Azərbaycan Hərbi Donanmasının qurucusu Ali Baş Komandan İlham Əliyevdir 


Xəzər dənizi əsrlər boyu həm strateji, həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən regionun mənzərəsini müəyyən edib. Müasir dövrdə də Xəzərdə milli maraqlarımızı və enerji təhlükəsizliyimizi etibarlı qorumaq strateji vəzifələr sırasındadır. Bu isə güclü, modern və yüksək döyüş hazırlığına malik donanmanın varlığından asılıdır. Bu gün Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələri, sadəcə, su sərhədlərimizi mühafizə etmir. Hərbi Donanmamız eyni zamanda dövlətimizin Xəzərdəki iqtisadi suverenliyinin qarantıdır.

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla hər il avqustun 5-i ölkəmizdə qeyd olunan Hərbi Dəniz Donanması Gününün tarixi  Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə gedib çıxır. 1919-cu ilin avqustunda xarici hərbi kontingentlər, xüsusən Böyük Britaniya qüvvələri ölkəmizi tərk etdikdən sonra müstəqil milli donanmanın təməlləri qurulmağa başladı. Doğrudur, həmin vaxta qədər Xəzərin qərb sahillərində təhlükəsizliyi əsasən ingilis hərbi gəmiləri təmin edirdi. Bakı azad olunarkən Port-Petrovsk (müasir Mahaçqala) limanına aparılmış Xəzər Hərbi donanmasının gəmiləri isə yalnız 1918-ci ilin noyabrında ingilislərin Bakıya gəlişindən sonra geri qaytarılmışdı.

Yeni yaradılan milli donanmada kadr çatışmazlığı ən ciddi problemlərdən biri idi. Ali zabit heyətində yalnız iki azərbaycanlı - "Ərdahan" və "Astrabad" gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə var idi. Hərbi Nazirlikdə donanma üzrə xüsusi şöbə olmadığından dəniz məsələlərinə Nəqliyyat Nazirliyi nəzarət edirdi. Yalnız 1919-cu ilin sonlarında baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət Hərbi dəniz şöbəsi təsis olundu. Həmin dövrdə milli donanmanın arsenalında müxtəlif döyüş və köməkçi vasitələr yer alırdı. 75, 100 və 120 millimetrlik toplarla silahlanmış "Ərdahan" və "Kars" kanoner gəmiləri donanmanın əsas vurucu gücü idi. Bununla yanaşı, dənizdə xidməti və yardımçı tapşırıqları "Astrabad", "Göytəpə", "Araz" və "Nargen" kimi gəmilər icra edirdi. Nəqliyyat təminatı üçün "Oryol", eləcə də silahlandırılmış "Puşkin" gəmisindən və kifayət qədər döyüş katerlərindən istifadə olunurdu.

Kadr hazırlığını təmin etmək üçün Bakı Dəniz Aviasiyası Məktəbinin bazasında Xüsusi Hərbi-Dəniz Aviasiyası Məktəbi və 1919-cu il oktyabrın 14-də dəniz aviasiyası dəstəsi yaradıldı. Hətta Paris Sülh Konfransına təqdim olunan memorandumda 6 sualtı qayıq, müxtəlif döyüş katerləri və dəniz artilleriyası sifariş edilmişdi. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar güclü hərbi donanmanın yaradılması, bu böyük planların reallaşması mümkün olmadı. 

Müstəqilliyimizin bərpasından sonra - 1991-ci il oktyabrın 9-da qəbul olunmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun Hərbi Dəniz Qüvvələrinin yenidən qurulmasının hüquqi özülünü qoydu. SSRİ-nin dağılması səbəbindən Xəzəryanı dövlətlər arasında əldə edilən razılığa əsasən, Azərbaycan sabiq Xəzər Hərbi Donanmasının bazalarının tamlığına və hərbi gəmilərin 25 faizinə sahib oldu. 1992-ci il iyulun 26-da "Bakılı" gözətçi gəmisində müstəqil Azərbaycanın dövlət bayrağının qaldırılması ilə Hərbi Dəniz Donanmasının praktiki formalaşması başlandı. İlk mərhələdə 5 divizion və sahil bölmələri yaradıldı, müşahidə postları və mayakların fəaliyyəti bərpa edildi.

Birinci Qarabağ müharibəsinin ağır illərində Hərbi Dəniz Donanmasının şəxsi heyətindən Dəniz Piyadası Taboru formalaşdırıldı. 1994-cü il aprelin 19-da cəbhəyə yollanan bu tabor Ağdam-Tərtər istiqamətində düşmən hücumlarının qarşısını cəsarətlə aldı. 1997-ci ildə "Hərbi Dəniz Bayraqları haqqında" qanunun qəbulu və 2000-ci il avqustun 7-də bütün gəmilərdə Hərbi Dəniz Qüvvələrinin bayrağının qaldırılması ilə hərbi dənizçiliyin rəmzləri tam bərqərar oldu.

Azərbaycan Hərbi Dəniz Donanmasının modernləşdirilməsi və Xəzərdə hərbi-dəniz gücü kimi tanınması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının yürütdüyü siyasət sadəcə hərbi gəmilərin alınması ilə məhdudlaşmır, ölkəmizin daxilində müasir gəmiqayırma sənayesinin qurulmasını, yerli istehsal potensialının maksimuma çatdırılmasını və dəniz infrastrukturunun köklü şəkildə yenilənməsini əhatə edir.

Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinin qurulması Azərbaycanı Xəzər hövzəsində öz gəmilərini sıfırdan inşa edən lider dövlətə çevirib. Prezident İlham Əliyevin diqqəti sayəsində inşa edilən yerli gəmilər yüksək manevr qabiliyyəti, müasir radar və raket sistemləri ilə təchiz olunaraq Hərbi Dəniz Donanması və Sahil Mühafizəsinin arsenalını xeyli zənginləşdirib.

2015-ci ildə Qaradağ rayonunda Ali Baş Komandanın iştirakı ilə istifadəyə verilən yeni Hərbi Dəniz Bazası Hərbi Dəniz Qüvvələrinin müasir infrastruktura olan bütün ehtiyaclarını qarşılayır. Müasir qərargah binası, hərbi şəhərcik, sosial obyektlər və ən əsası, ən müasir standartlara cavab verən yanaşma körpüləri Hərbi Dəniz Donanmasının döyüşə hazırlıq səviyyəsini dəfələrlə artırıb.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin beynəlxalq arenadakı təcrübəsi ilbəil zənginləşir. Bu çərçivədə bir sıra önəmli tarixi faktları xatırlamaq yerinə düşər. 2000-ci ildə Türkiyə tərəfindən hədiyyə edilən P-223 kateri 5 dəniz, 3 boğaz və 2 çay keçərək 2345 dəniz mili məsafə qət etmiş və Bakıya gətirilmişdir. Beynəlxalq təlimlər çərçivəsində 2022-ci ildə Marmarisdə SAH və SAM xüsusi təyinatlılarının birgə təlimi reallaşdırılmışdır. 2023-cü ildə dənizçilərimiz Aralıq dənizində "Kurtaran - 2023" və Qazaxıstanla birgə "Xəzri-2023" taktiki təlimlərində uğurla iştirak etmişlər. 2024-cü ildə Qazaxıstanda keçirilən "Birləşdik - 2024" beynəlxalq təlimində Hərbi Dəniz Qüvvələrimiz 3 gözətçi və 2 desant gəmisi ilə ölkəmizi yüksək səviyyədə təmsil etmişlər.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi ölkəmizin Hərbi Dəniz Donanmasının tarixində ən şərəfli səhifələrdən biridir. 44 günlük savaşda Dəniz Xüsusi Təyinatlıları sudakı bacarıqlarını quru əməliyyatlarında da ən yüksək səviyyədə nümayiş etdirdilər, Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərdilər. Qubadlı şəhərinin düşməndən təmizlənməsi barədə Ali Baş Komandan İlham Əliyevə qürurverici videoməruzəni məhz Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri etmişdi. Bu Zəfər yolunda Hərbi Dəniz Donanmasının 9 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalmış, 50 nəfər yaralanmışdır. Şəhid kiçik miçman Fəqan Amil oğlu Zalov ölümündən sonra, daha iki dənizçimizə isə sağlığında "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilmişdir. 

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Xəzər dənizində əlverişli əməliyyat rejimini inamla qoruyur. Donanma sualtı neft-qaz boru kəmərlərinin və strateji platformaların təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Bütün bunlar Hərbi Dəniz Donanmamızı Xəzərdə yenilməz bir qüvvəyə çevirir. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində donanmamız mütəmadi olaraq modernləşir. Əminliklə demək olar ki, hərbi dənizçilərimiz bundan sonra da mavi sərhədlərimizin ayıq-sayıq keşikçisi olacaqlar.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

20:38
31 Avqust

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb  

20:33
31 Avqust

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNİB

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!