Kənd Təsərrüfatı Nazirliyində (KTN) Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə kənd təsərrüfatı nazirinin müavinləri Seymur Səfərli və Zaur Əliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı, aidiyyəti struktur bölmələrin nümayəndələri, AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leah Gutierrez, bankın Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal, ölkə üzrə əməliyyatlar rəhbəri Marina Best və digər nümayəndələr iştirak ediblər.
Görüşdə qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tədbirdə Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Azərbaycan bu tərəfdaşlığın daha da gücləndirilməsində maraqlıdır və ölkəmizin davamlı inkişaf məqsədlərinə töhfə verə biləcək yeni təşəbbüslərin müzakirəsinə xüsusi önəm verir. Hökumət kənd təsərrüfatının inkişafı siyasəti və strategiyası əsasında AİB ilə səmərəli əməkdaşlıqda maraqlıdır.
Bildirilib ki, hazırda AİB tərəfindən Azərbaycanda kənd təsərrüfatı üzrə bir sıra layihələr icra olunur və bu təşəbbüslər sektorun modernləşdirilməsinə, innovativ yanaşmaların tətbiqinə və regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Görüşdə AİB ilə əməkdaşlıq çərçivəsində icra olunan layihələr, aqrar sahədə islahat gündəliyi, suvarma və su təsərrüfatının modernləşdirilməsi planları, yeni kənd təsərrüfatı strategiyasının hazırlanması və potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər, həmçinin AİB ilə nazirlik arasında İşçi qrupunun yaradılması və birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Sonda bildirilib ki, KTN ilə AİB arasında əməkdaşlığın genişləndirilməsi aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasına, regionların potensialının artırılmasına və kənd yerlərində iqtisadi imkanların genişləndirilməsinə mühüm töhfə verəcək.