İllərdir qapısı açılmayan evlər, yolunu gözləyən analar, atalar, övladlar... İtkin düşmüş yaxınlarından bir xəbər gözləyən ailələr üçün hər aşkar edilən qalıq həm ağrılı, həm də uzun illərdir davam edən qeyri-müəyyənliyə son qoyan bir xəbərdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarılması, qalıqlarının aşkar edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə Dövlət Komissiyasının yaydığı icmal məlumatda bildirilib.
Qeyd olunub ki, 2026-cı ilin avqust ayında 5 insan qalığı aşkar edilərək ekshumasiya olunub. Bununla da indiyədək aşkar edilərək ekshumasiya olunan qalıqların ümumi sayı 910-a çatıb. Daha bir mühüm mərhələ isə 21 ailə üçün yaşanıb. Kimliyi müəyyən edilən 21 şəxsin qalıqları ailələrinə təhvil verilib və onlar torpağa tapşırılıb. Beləliklə, ailələrinə təhvil verilərək dəfn olunan şəxslərin ümumi sayı 267-yə çatıb. DNT və məhkəmə-tibbi üsullarla kimliyi müəyyən edilən itkin düşmüş şəxslərin ümumi sayı isə 328-dir.
Bu rəqəmlərin arxasında isə sadəcə statistik göstəricilər deyil, uzun illər davam edən həsrət, ümid və gözlənti dayanır. Hər identifikasiya bir ailənin sualına cavab, hər dəfn isə bir doğmanın nəhayət öz torpağına qovuşması deməkdir. Dövlət Komissiyasının məlumatına görə, indiyədək 32 kütləvi dəfn yeri aşkar edilib.
Axtarışlar davam edir. Çünki hələ də yolunu gözləyənlər, bir xəbər ümidi ilə yaşayan ailələr var. Hər yeni iz, hər aşkar edilən qalıq həmin ailələrin qəlblərində yaşatdığı ümidə bir addım daha yaxınlaşmaq deməkdir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”