Sular yenidən canlanır, balıqçı qayıqları sahildən ayrılır. Sentyabrın 1-dən Azərbaycanda balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatıb və yeni balıq ovu mövsümünə start verilib. Bu barədə Balıqçılıq və Akvakultura Mərkəzindən məlumat verilib.
Beləliklə, uzun fasilədən sonra balıqçılar üçün Xəzərin mavi suları, Kürün axarlı yatağı və ölkənin əsas su anbarları yenidən ov üçün açılıb. Bildirilib ki, sentyabrın 1-dən etibarən müəyyən edilmiş qaydalara uyğun olaraq Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, həmçinin Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında balıq ovu həyata keçirilə bilər.
Lakin mövsümün başlaması ilə birlikdə təbiətin səssiz çağırışı da aktuallaşır. Hər atılan tor, hər tutulan balıq su hövzələrinin gələcəyinə təsir edə bilər. Bu səbəbdən Balıqçılıq və Akvakultura Mərkəzi balıq ovu ilə məşğul olan şəxsləri müəyyən edilmiş qaydalara ciddi riayət etməyə, su bioresurslarına həssas yanaşmağa və məsuliyyətli balıqçılıq prinsiplərini rəhbər tutmağa çağırıb.
Mərkəzdən bildirilib ki, mövsüm ərzində su hövzələrində balıq ehtiyatlarının qorunması və balıq ovu qaydalarına əməl olunmasına nəzarət məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər davam etdiriləcək. Çünki çayların axını, göllərin sakitliyi və Xəzərin sonsuz maviliyi yalnız bu günün deyil, gələcək nəsillərin də təbii sərvətidir. Balıq ovu mövsümünün açılması təbiətdən pay almaqla yanaşı, onun sərvətlərini qorumaq məsuliyyətini də xatırladır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”