12 Fevral 2024 09:30
12669
SİYASƏT
A- A+

İlham Əliyevin növbəti zəfəri

 

Bu, görülən qlobal işlərə xalq tərəfindən verilən obyektiv qiymətdir

 

Fevralın 7-də Azərbaycan tarixinin yeni və möhtəşəm bir səhifəsinə imza atdı. Xalqımız mütəşəkkil şəkildə seçkilərdə iştirak edərək növbəti 7 ildə ölkənin idarə edilməsini yenidən əvəzsiz liderinə - İlham Əliyevə həvalə etdi.
Məlumdur ki, Qərbdəki bəzi bədxahlar, son vaxtlar erməni lobbisinin maliyyəsindən istifadə edən siyasətçilər ölkəmizə və dövlətimizin başçısına olmazın böhtanlar atırlar. Səbəbi məlumdur - Azərbaycanın öz ərazisini erməni separatçılarından təmizləməsi. Amma onlar bu zaman Prezident İlham Əliyevin qətiyyətini və xalqımızın öz liderini birmənalı dəstəkləməsini nəzərə almamışlar. Elə 7 fevral seçkisinin nəticəsi də həmin dəstəyin nümayişi idi. Bununla bədxahlar bir daha xalqın öz Liderinə inamının şahidi oldular. 
Şübhəsiz ki, dövlət başçısına olan bu inamın arxasında onun 20 il ərzində gördüyü işlər dayanır. Vaxtilə hətta Qərbdəki beyin mərkəzlərinin Prezident İlham Əliyevi ən islahatçı lider, Azərbaycanı ən sürətli inkişaf edən ölkə kimi dəyərləndirməsi də bu üzdəndir. Yadınızdadırsa, dünya iqtisadiyyatında 2008-ci il qlobal böhranı hökm sürdüyü dövrdə Azərbaycan sayılı ölkələrdən oldu ki, iqtisadiyyatında yüksək faizli artım müşahidə edilirdi. 
Ölkəmizin belə uğur qazanmasında şübhəsiz ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatlar önəmli rol oynayır. Dövlət başçısı islahatların aparılmasına kompleks yanaşır. O səbəbdən icra edilən islahatlar bütün sahələrdə uğur qazanılmasına imkan verir. 
Azərbaycan bu gün Cənubi Qafqaz iqtisadiyatında 64 faiz paya malikdir. Bu rəqəm onu göstərir ki, ölkəmiz regionun təkcə siyasi deyil, həm də iqtisadi lideridir. Ən önəmlisi isə, dövlət başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycan siyasi müstəqilliklə yanaşı, iqtisadi müstəqilliyə də malikdir. Hazırda Azərbaycanın 30 il erməni işğalçıları tərəfindən viran qoyulmuş torpaqlarda nəhəng quruculuq-bərpa işlərini aparması həmin iqtisadi müstəqilliyin hesabınadır. Bu işdə Azərbaycan heç bir beynəlxalq maliyyə qurumunun və ya donor təşkilatının qapısını döymür. Əgər döysəydi, Allah bilir ölkəmizin ziyanına hansı şərtlər irəli sürəcəkdilər. Müstəqilliyimizin ilk illərində bunun dəfələrlə şahidi olmuşuq.
Prezident İlham Əliyevin iqtidarda olduğu müddətdə iqtisadi potensialımız dəfələrlə artmışdır - ÜDM-in həcmi 7,3 milyard dollardan 72,4 milyard dollara yüksəlmişdir. Həmin iqtisadi artımdan adambaşına düşən pay da artmışdır - 888,5 dollardan 7126 dollara çatmışdır. Digər faktlar: əgər 2003-cü ildə Azərbaycanın 1,6 milyard dollar valyuta ehtiyatı vardısa, indi bu ehtiyat 43 dəfə artaraq 68,5 milyard dollaracan çatmışdır. Dövlətin büdcə gəlirləri isə 1,2 milyard manatdan 35,6 milyard manata yüksəlmişdir. 
Ölkəmizin iqtisadi yüksəlişini sübut edən digər bir göstərici isə xarici ticarət dövriyyəsidir. Ötən illər Azərbaycanın xarici ticarət dövriyyəsinin dəyəri 5,2 milyard dollardan 51,2 milyard dollara yüksəlmişdir. Bu illər ixrac edilən məhsulların dəyərində isə 13,1 dəfə artım olmuşdur. 
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, onun apardığı siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahını yaxşılaşdırmaqdır. Bu məqsədlə ölkədə iqtisadi islahatlar sosial islahatlarla paralel aparılır. Dövlət mütəmadi olaraq pensiyaları, sosial müavinətləri, təqaüdləri və digər sosial ödənişləri artırır. Digər tərəfdən vaxtaşırı qəbul edilən sosial paketlərin icrası əhalinin sosial güvənliyini artırır. Dövlət başçısının 5 fevral 2024-cü il tarixli "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncamı da əhalinin həssas təbəqəsi olan pensiyaçılara göstərdiyi növbəti qayğının təzahürüdür.
Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər beynəlxalq təşkilatların da diqqətindən yayınmır. Belə ki, ölkəmizdə yoxsulluğun azaldılması istiqmaətində icra edilən dövlət proqramları təcrübəsi BMT tərəfindən beynəlxalq miqyasda yayılmaq üçün nümunə göstərilmişdir.
Bütün bunlardan və qeyd etmədiyimiz saysız digər faktlardan sonra cənab İlham Əliyevin 7 fevral seçkilərində yüksək səs çoxluğu ilə qalib gəlməsi təbiidir. Bu, görülən qlobal işlərə xalq tərəfindən verilən obyektiv qiymətdir. 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video