Şanlı Zəfərimizə aparan yol Ümummilli Liderin uzaqgörən idarəçiliyindən başladı.
Hadisələrə retrospektiv yanaşaraq təhlil etdikdə bir daha aydın olur ki, 2020-ci il Vətən müharibəsindəki Şanlı Zəfərimizə aparan yol Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlət idarəçiliyi vizyonundan başlamışdır.
Əgər 31 il əvvəl, 1994-cü ilin may ayında atəşkəs haqqında razılaşma əldə olunmasaydı, ondan bir neçə ay sonra, sentyabr ayında "Əsrin müqaviləsi" imzalanmasaydı, ölkəmizdə nə siyasi sabitlik bərqərar olardı, nə dövlətimizin iqtisadi-maliyyə gücü yaranardı, nə də ki, hərbi gücümüz formalaşardı.
Bir faktı vurğulamaq lazımdır ki, Heydər Əliyevin düşünülmüş strategiyası sayəsində neft və qazın istehsalı və onların ixrac marşrutlarına dair müqavilələr Bakı ilə yanaşı, Kremldə, Ağ Evdə, Yelisey sarayında, Dauninq strit, 10 ünvanlarında imzalandı. Bu siyasi ofislərin bəzilərinin tarixində ilk dəfə idi ki, bu tipli kommersiya xarakterli sazişlər imzalanırdı. Beləliklə, neft müqavilələri Azərbaycanın müasir neft strategiyasının başlanğıcı olmaqla yanaşı, ölkənin dünya miqyasında tanınmasına, beynəlxalq arenada siyasi-diplomatik münasibətlər yaratmasına təkan verdi. Təsadüfi deyildir ki, Almaniyanın Hamburqdakı Şərq tədqiqatları Mərkəzi 2001-ci ildə Bakını "neft diplomatiyasının mərkəzi" adlandırmışdı.
Şanlı Zəfərimiz nəticəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamız dövlətimizin bütün ərazisində tətbiq edilməyə başladı. Dövlət orqanlarımız bütün suveren ərazilərimizdə öz yurisdiksiyalarını icra etməyə başladılar. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımızın və dövlətimizin konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini təsdiq edərək 2025-ci ili ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında həlledici rol oynayır.
Prinsipial xarici siyasət kursu
Azərbaycan Prezidenti cənab İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində Şanlı Zəfərimizdən sonra regionda beynəlxalq hüquqa əsaslanan yeni siyasi reallıqlar yaranmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının ən ali vəzifəsi sayılan beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi, beynəlxalq hüququn hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərini öz resursları hesabına təmin etdi. Vaxt gələcək, Azərbaycanın uğurlarını həzm edə bilməyən dövlətlər də, Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin qlobal əhəmiyyəti olan sülhün bərqərar olması yolundakı xidmətini etiraf edəcəklər.
Cənab Prezidentin rəhbərliyi altında beynəlxalq müstəvidə praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir. Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin açılış iclasında etdiyi çıxışında vurğuladı ki, tarixi Zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəstik, müstəqil, prinsipial xarici siyasət əsas istiqamətimizdir. Bu uğurlu diplomatik kurs sayəsində Azərbaycanın 25 dövlətlə strateji tərəfdaşlıq münasibətləri qurulmuşdur.
Prezidentimizin milli maraqlarımıza və beynəlxalq hüququn prinsiplərinə əsaslanan xarici siyasət kursu sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır, vaxtilə mövcud olmadığımız bölgələrlə indi ciddi təmaslar qurulur. Bunun üçün əsas meyarlar prinsipial olaraq dəyişməz qalır: Azərbaycan dövlətinin suverenliyinin tam bərpasına olan münasibət və iki və çoxtərəfli formatda bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafı. Ənənəvi dost dövlətlərlə isə əlaqələr daha da gücləndirlir, münasibətlərdə yeni şəbəkələşmə vasitəsilə mövqeyimiz qlobal və regional miqyasda daha da möhkəmləndirilir.
Vətən müharibəsindən sonra da Azərbaycan hərbi-sənaye kompleksini müasirləşdirir, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə də yeni tərəfdaş dövlətlər qazanır.
Azərbaycan Prezidentinin son bir neçə həftədəki diplomatik fəaliyyətinin qısa icmalı bunu bir daha təsdiqləyir. Artıq beş ildir ki, iki və çoxtərəfli münasibətləri yükləyən işğal faktoru yoxdur. Azərbaycanın yaratdığı yeni status-kvonun üstünlüklərinə fokuslanan unikal əməkdaşlıq imkanlarını dəyərləndirən aktorların sayı artmaqdadır.
Avropa İttifaqı 9 ildən sonra ilk dəfə xarici siyasət və təhlükəsizlik məsələlərinə məsul ali nümayəndəsini yeni siyasi reallıqlar şəraitində əməkdaşlığın inkişafı məqsədilə Bakıya göndərdi. Prezident İlham Əliyevin Pekinə yüksəksəviyyəli dövlət səfəri çərçivəsində Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması Azərbaycanın siyasi-coğrafi mövqeyinin üstünlüklərindən irəli gələn əməkdaşlığı nəqliyyat, tranzit-logistika və iqtisadiyyat sahələrində dərinləşdirmək planlarına hesablanıb. İran Prezidenti Pezeşkianın Bakı səfərində regional və ikitərəfli əməkdaşlıqla bağlı verdiyi açıqlamlar da yeni status-kvonun qəbul edilməsini təsdiqləyir.
İnformasiya təhlükəsizliyi və ideoloji məsələlər
44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev dünyanın tanınmış media qurumlarına 30-dan çox müsahibə verməklə bunu real mübarizə və diplomatik silah üsuluna çevirə bildi. Təcavüzlə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıran və münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olan Azərbaycan Prezidenti informasiya müharibəsində də qalib gəldi.
Postmüharibə dövründə dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib vəzifələr həmçinin ideoloji və informasiya təhlükəsizliyinin təmini ilə bağlıdır. Belə ki, Vətən müharibəsi nəticəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycana qarşı ideoloji təxribatlar artmağa başlamışdır. Bu təxribatlar müxtəlif platformalar - mətbuat, sosial şəbəkələr, parlamentlər, qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilir. Bu isə qalib Azərbaycanın hər bir vətəndaşının, xüsusilə gənc nəslin üzərinə vəzifələr qoyur.
Azərbaycanın qalib dövlət kimi təmsilçiliyi çərçivəsində xarici siyasətin parlament ölçüsü sahəsində də postmüharibə dövrünün reallıqlarının təbliği aparılır. Dövlətimizin vahid xarici siyasət kursunun həyata keçirilməsinə həm ikitərəfli, həm də çoxətərəfli formatda aktiv parlament diplomatiyası vasitəsilə verilən töhfələri də diqqət çəkir.
Rizvan NƏBİYEV,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru