15 Avqust 2024 09:07
779
Mədəniyyət
A- A+
Həyatın keşməkeşlərində keçən şair ömrü

Həyatın keşməkeşlərində keçən şair ömrü

 

Onun uşaqlıq çağları ölkədə gərgin ictimai-siyasi hadisələrin bir-birini əvəz etdiyi illərdə keçdi. O vaxtlar gördüyü dəhşətləri, çəkdiyi acıları kim Mirvarid xanımın özü kimi təsvir edə bilər ki?!  "Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır". 1998-ci ilin yanvarında "Biz od üstündə doğulduq" adlı məqaləsində yasadığı bu sətirlərlə Mirvarid xanım təlatümlər içərisində keçən illərin ağrısını unutmadığını bəlli edirdi...

 

1912-ci il avqustun 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində dünyaya gələn Mirvarid xanım Azərbaycanın məşhur nəsillərindən birinin, tarixi mənbələrdə Qaray, Qaraylı, Qaraman kimi bəhs edilən - Dilbazilərin qızı idi. Dilbazi adı ulu babaları Molla Ali ağanın ləqəbi olmuşdu. Araşdırıcılar əvvəlki adının Xanoğulları kimi qeyd edildiyini, Xanlıqlar kəndinin onların tarixi yurd yerləri olduğunu bildiriblər.

Bir sıra sahələrdə istedadları, bacarıqları ilə məşhur olan Dilbazilərə şairlik şöhrətini  Mirvarid Dilbazinin ulu babası, "Şair" təxəllüsü ilə şeirlər yazan Əbdürrəhman ağa gətirib. Əbdürrəhman ağa Dilbazinin adı Azərbaycan ədəbiyyatı tarixinə düşüb.

"Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı", - deyirdi şair.

Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında bəhs etdiyi  atası  Paşa bəy cavan yaşında vəfat edib. Mirvarid xanım Daş Salahlı kəndində babası Mustafa ağanın mülkündə yaşadı. Həmin kənddəki Heydər əfəndinin ibtidai məktəbində təhsil almağa başladı. Anası və bacısı ilə 1921-ci ildə Bakıya köçdü. Mirvarid xanım xatirələrində bu barədə yazıb: "Atamın şəhid olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən ayrılıb, anamızın göz yaşlarını qəlbimizə axıda-axıda bacımla mənim Daş Salahlı və şəhər həyatımız başlayıb".

Mirvarid xanım bacısı Yaqut xanımla birgə Qızlar Seminariyasında təhsilini davam etdirdi. Seminariyada böyük həvəslə, sonsuz maraqla oxuyub-öyrənirdilər. Maddi çətinliklərin, mənəvi zərbələrin onları ruhdan salmağa gücü yetmirdi. İyirmi altı yaşından dul qalan, iki qızına ümid bağlayan anaları ilə keçən o ağrılı-acılı günləri Mirvarid xanımın xatirələrində belə qalmışdı: "Bacım Yaqutla mən bir "ləğv" olunmuşların qalqısı idik. Odur ki, bizim haqqımızda yaxşı insanlar yaxşı söz deməkdən çəkinirdilər. Şükür ki, pis söz də deyən yoxdu. Mərkəzdə oxuduğumuz ali məktəblərdən Xanlıqlar, Daş Salahlı kəndlərinə bizim haqqımızda göndərilən sorğulara xeyrimizə cavablar gəlirdi. Biz iki bacı, bir ana camaatın köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq olduq. Lakin maddi məhrumiyyətin pəncəsindən qurtara bilmədik. Çünki var-yoxumuz babamın evində qalmışdı". Onlar İçərişəhərdə məşhur folklorşünas Əbülqasım Hüseynzadənin evində balaca bir otaqda qalırdılar.

Mirvarid Dilbazi Qızlar Seminariyasını bitirib Biləcəridəki onillik dəmiryol məktəbində işə başladı. Tezliklə bacarıqlı müəllim kimi tanındı. 1928-ci ildən şəhərdə rus məktəbində dərs dedi. Ali təhsil almaq arzusunu reallaşdırdı. Bacısı Yaqut xanım da, o da Ali Pedaqoji İnstituta daxil oldular. Maddi vəziyyətləri ağır idi. Yaqut xanım 19 nömrəli məktəbdə işlədi ki, kiçik bacısı ali təhsil ala bilsin. 1929-cu ildən Ali Pedaqoji İnstitutun Ədəbiyyat-ictimaiyyat fakültəsində oxuyan Mirvarid xanım Əli Nazim, Əli Sultanlı, Bəkir Çobanzadə kimi böyük pedaqoqlardan dərs aldı.

O, bədii yaradıcılığa təhsil illərində başladı. "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı jurnalda dərc edildi. 1920-ci illərin sonlarında yazdığı "Zəhra", "Qurtuluş", "Qadın" şeirləri də həmin jurnalda işıq üzü gördü.

1932-ci ildə ali məktəbi bitirdi. Təyinat üzrə Quba Partiya Məktəbində müəllim işlədi. Bakıya iki il sonra qayıtdı. 1934-1938-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, 1938-1940-cı illərdə Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi kimi fəaliyyət göstərdi.

Sovet hakimiyyətinin repressiya siyasətinin vurduğu ağır yaralar Mirvarid Dilbazinin də qəlbinin əbədi ağrısı oldu. 1920-ci ildə, Aprel işğalından sonra üzləşdikləri faciələri qüssə ilə yada salırdı Mirvarid xanım. "37-ci ilin fəlakətli günləri, gecələr döyülən qapılar, 18 yaşlı dayımın aparıldığı qara maşının arxasınca tökülən göz yaşlarımız, onun Sibir cəhənnəmindən gələn məktubları, babamın həbsi, daha nələr... nələr...". Mirvarid Dilbazinin babasının qəbri 18 yaşlı oğlu ilə birlikdə Qazaxıstan çöllərində qumlar altda qaldı. Ağbirçək nənəsi ordan tək qayıtdı. Mirvarid xanım yazırdı ki, ziyalı dayılarının qəbirləri Türkiyənin Amasiya şəhərində bir dağ ətəyində, anasının, nənəsinin qəbirləri Bakıdadır.

Onun həyatı kimi, yaradıcılıq yolu da asan olmadı. Qələmdən, əməkdən, qeyrətdən, xalqına, sənətinə məhəbbətdən başqa köməkçisi olmayan isdedadlı şair bütün mənəvi ağrılarına, maddi ehtiyaclarına, repressiya siyasətinin gətirdiyi təhlükələrə, qorxulara rəğmən, yazıb-yaratdı. O, şeirlər, "Məhsəti", "Əlcəzairli qız", "Partizan Aliyə", "Aveydağla söhbət" və digər poemalarını, "Xocalı fəryadı", "Məhsəti" pyeslərini qələmə aldı. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuel Marşak və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini dilimizə tərcümə etdi. Öz əsərləri də xarici dillərə tərcümə olundu. Fikrət Əmirov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqa bəstəkarlar Mirvarid Dilbazinin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələdilər.

Mirvarid Dilbazi müxtəlif illərdə Xalq şairi, Əməkdar mədəniyyət işçisi fəxri adlarına, Dövlət mükafatına, "Əmək igidliyinə görə" medalı, iki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordenlərinə layiq görüldü.

Həyatı kəşməkeşlər içərisində keçən şair ahıl çağında bütün dərdlərini üstələyən Qarabağ dərdini də gördü. Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də Qarabağ nisgili ilə dünyadan köçdü.

 

 Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək  

15:32
15 Yanvar

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!