Bakı küçələri növbəti dəfə sürət və həyəcan dolu anlara ev sahibliyi etməyə hazırlaşır. Formula 1 Azərbaycan Qran-Prisinin başlanmasına cəmi iki gün qalmış trek ərazisində və tribunalarda son hazırlıq işləri sürətlə davam etdirilir.
AZƏRTAC-ın müxbiri Bakının mötəbər idman yarışına hazırlığı ilə yaxından tanış olub.
Şəhərin mərkəzi küçələrini əhatə edən Bakı Şəhər Halqasında təhlükəsizlik şəbəkələri, beton çəpərlər və qoruyucu baryerlər quraşdırılıb. Yol kənarlarında yarışın idarə olunması üçün nəzərdə tutulan texniki vasitələr və avadanlıqlar da hazır vəziyyətə gətirilib.

Həmçinin rəngarəng oturacaqları olan tribunaların quraşdırılma işləri tamamlanıb. Şəhərin müasir və tarixi binalarının fonunda yerləşən tribunalardan azarkeşlər bolidlərin yüksək sürətini və kəskin döngələrdəki mübarizəsini izləyə biləcəklər. Ərazidə əsas konstruksiyalar və iri monitorlar da yerləşdirilib.
Yarışın ürəyi sayılan paddok zonasında hazırlıq işləri yekunlaşmaq üzrədir. Paddok ərazisi sabahdan etibarən komandaların, pilotların və media nümayəndələrinin istifadəsinə veriləcək.
Bu il Formula 1 Azərbaycan Qran-Prisinin 10 illik yubileyi olduğunu xatırladan Bakı Şəhər Halqasının (BŞH) mətbuat katibi Arzu Hüseynova AZƏRTAC-a açıqlamasında bildirib ki, ilk dəfə 2016-cı ildə keçirilən bu yarış Formula 1 təqvimində xüsusi yer alır: “Hazırda Bakı Şəhər Halqasında son tamamlama işləri görülür. Yollar, tribunalar və paddok zonası tam hazır vəziyyətə gətirilib. Bu il paddok zonası daha müasir və yeni konsepsiyada təqdim olunur".

A.Hüseynova bu il ölkəmizə gələcək turistlərin sayında kəskin artım gözlənildiyini vurğulayıb: "Hər il olduğu kimi, bu il də ölkəmizə böyük sayda turistlərin gəlişi gözlənilir. Məsələn, ötən il bu rəqəm 14 min təşkil etmişdisə, bu il daha çox xarici qonağın gəlməsi nəzərdə tutulur. Xüsusilə Çindən, Orta Asiyadan və Qazaxıstandan böyük turist axını gözlənilir. Yüksək marağı nəzərə alaraq, son 3 ildə Bakı Şəhər Halqası ətrafında 4 yeni tribuna salınmışdı. Bu il isə 600 nəfərlik daha bir yeni tribuna istifadəyə verilib. Azarkeşlər bu tribunalardan hətta iki istiqamət üzrə yarışı canlı izləmək fürsəti əldə edəcəklər. Ümumilikdə yeni oturacaqlarla birgə 21 mindən çox azarkeş tribunadan yarışa tamaşa edə biləcək. Xatırladaq ki, 2025-ci ildə 4 gün ərzində 90 minə yaxın ziyarətçi qeydə alınmışdı, bu il də rekorda yaxın iştirak gözlənilir".
BŞH rəsmisi biletlərin satışı və 4 günlük bilet sahibləri üçün yaradılan imkanlardan da söz açıb: "Biletlərin satışına 2025-ci ilin sonundan başlanılsa da, qısa müddət ərzində tribunalardakı biletlər tamamilə tükənib, hazırda satışda çox az sayda bilet qalıb. 4 günlük bilet sahibləri həm yarışı izləyə, həm də pit yürüşündə iştirak edə bilirlər. Eyni zamanda bulvar ərazisində böyük əyləncə zonası yaradılıb. Bilet sahibləri bu zonada istirahət edə biləcəklər. 10 illik yubiley ərəfəsində dünya ulduzları Bakıda konsert proqramları ilə çıxış edəcəklər".

Arzu Hüseynova vurğulayıb ki, Bakı trekinin mürəkkəb formada olması pilotları xüsusi sınaq qarşısında qoyur: "Bütün dünyanın diqqəti yarış ərəfəsində Azərbaycana yönəlir. Hər il yüzlərlə media nümayəndəsi ölkəmizə gəlir. Onlar yarışı işıqlandırmaqla yanaşı, Bakının görməli yerləri ilə tanış olur, çəkilişlər aparırlar. Bu yarış yalnız idman tədbiri kimi deyil, eyni zamanda ölkəmizin və şəhərimizin dünyada təbliği və tanınması üçün mühüm platformadır".
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada dünyanın ən məşhur pilotları yarışacaqlar. Yarış dünya ulduzlarının Kristal zalında təşkil olunacaq konsertləri ilə davam edəcək. Sentyabrın 25-də dünyaşöhrətli ifaçı Kati Perri səhnə alacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi xüsusi gecədə minlərlə Formula 1 azarkeşinə unudulmaz şou təqdim edəcək. Konsert proqramında dünyaşöhrətli DJ və prodüser Kalvin Harris də çıxış edəcək. Yarışa sentyabrın 26-da yekun vurulacaq.