20 May 2025 09:10
697
Mədəniyyət
A- A+
Əbədiyyət yolçusu

Əbədiyyət yolçusu


"Mən 1910-cu ildə may ayının 19-da (təzə təqvim hesabilə) anadan olmuşam. Təvəllüd ilim ana babam tərəfindən köhnə bir Quranın son sarı vərəqinə yazılmış, o Quranı babamın xeyrat günü kim isə aparmışdır. Sonra qaytarmamışdır". Bu, Xalq şairi Rəsul Rzanın özü haqqında yazdıqlarıdır...

Məşhur insanların yaradıcılığı qədər keçdikləri həyat yolları ilə tanışlıq da maraqlıdır. Bəzən bunun üçün tədqiqatçılar çox əziyyətlərə qatlaşmalı olurlar. Onların tərcümeyi-hallarından yazarkən yanlışlıqlara yol verməmək üçün ayrı-ayrı mənbələrə müraciət edir, arxivləri araşdırırlar. Rəsul Rza isə araşdırıcılarını çətinlik qarşısında qoymayıb.

Şair avtobioqrafiyasında daha sonra yazıb: "Təvəllüd ilim Göyçay dəftərxanalarından birində də qeyd olunubmuş. Bunu atam qeyd elətdirmişdi, o, ziyalı idi, rusca təhsil görübmüş. O, mənim xatirəmdə üzərini bir tül örtmüş surət kimi gah görünən, gah da xəfif dumanlara qarışıb itən bir xəyal kimi qalmışdır. Yəqin ki, onun fotoşəkilləri olmasaydı, mən atamın surətini xəyalımda yarada bilməzdim. Mənim kimi onun da göy gözləri varmış, boyu ortadan bir az hündür imiş. Savadlı olduğundan və uzun illər kənddə mirzəlik elədiyindən onun adına bir "mirzə" əlavə edərək Mirzə İbrahim çağırarmışlar".

İşgüzarlığı, biliyi, səyi və bacarığı ilə beş qardaş içərisində seçilən İbrahim həyatın keşməkeşli tərəfini kiçik yaşlarından görüb. Atası Məmməd ağa zamanına görə varlı bir adam olsa da, o, çətin həyat keçirib. Anasının ölümü, atasının yenidən evlənməsi rahatlığını, səadətini əlindən alıb. İbrahim iki qardaşı ilə birgə əlinin zəhməti ilə özünə ruzi qazanmalı olub. Erkən üzləşdiyi həyatın məhrumiyyətləri oxuyub öyrənmək marağını azalda bilməyib. Rəsul Rza bu barədə yazıb: "Təhsil və elmə olan böyük həvəslə ağır bir şəraitdə oxumağını davam etdirərək, o zaman geridə qalmış bir qəsəbə şəraitində böyük müvəffəqiyyət sayılan yeddiillik təhsilini bitirmiş, kargüzarlıq və dilmanclıq vəzifəsində çalışmağa başlamışdır".

Mirzəliklə bərabər ticarətlə məşğul olan Mirzə İbrahim açıqfikirli adam olub. Cahilliyin cəmiyyətdə hökm sürdüyü, qız uşaqlarının təhsil almasına xor baxıldığı bir mühitdə o, qızlarına təhsil vermək üçün əlindən gələni əsirgəməyib. İlk dəfə ozamankı Göyçay qəzasında Mirzə İbrahim böyük qızını məktəbə qoyub. Hətta onu təhsilini davam etdirmək üçün 1913-cü ildə Tiflisə göndərib. İkinci qızını isə yeni tipli məktəbdə oxutdurmağa başlayıb. Rəsul Rza qeyd edib ki, atamın bu hərəkətləri və zamana görə proqressiv fikirləri üçün Göyçayın cəhalətpərəstləri və ruhaniləri bizim ailəmizi o zamanın ən dəhşətli sözləri ilə "babı", "bəhayi" adı ilə damğalamışlar.

Rəsul Rzayev, sonralar Rəsul Rza kimi tanınıb məşhurlaşsa da, onun soyadı özünün yazdığı kimi, "...ta qədimdən Məmmədxanovdur. Atam 1915-ci ildə öldüyündən mən gözümü açıb ata hesabı böyük kimi dayımı gördüyümdən onun Rzayev familiyasını götürmüş və sonralar yazıçılığa başladıqda Rəsul Rza imzası ilə yazmağa başlamışam".

Şair əlli yaşında qələmə aldığı avtobioqrafiyasında mənsub olduğu nəsil barədə də müfəssəl məlumat verib, əslən Həbibinin vətəni məşhur Bərgüşad kəndinin 3-4 kilometrliyindəki Çiyni kəndindən olduğunu qeyd edib: "Bizim ulu babamız Məmmədxan bu kənddə yaşamış və ozamankı xırda feodallardan biri olmuşdur. Onun təbiətən çox sərt, zalım adam olduğu və yalnız başqalarına qarşı deyil, öz ailəsinə, arvad-uşaqlarına qarşı da çox amansız olduğu haqqında kənd qocaları arasında müxtəlif rəvayətlər vardır". Rəsul Rza ilk yazıçılıq təcrübəsinə başladığı illərdə qələmə aldığı "Dilarə" hekayəsində bu zalım babasının obrazını verdiyini bildirib.

Onun anası isə Qarabağın Qaradolaq obasındandı: "Onun ana tərəfi qarabağlı, ata tərəfi Cənubi Azərbaycanlıdır. Ana babam təxminən 80-ci illərdən Göyçaya gəlib orda yaşamışdır", - şair öz ana tərəfi haqqında yazıb.

Rəsul Rzanın atalı illəri qısa sürüb. Qayda-qanun sevən və uşaqlarını yeni üsulda tərbiyə etmək istəyən atasının nəzarəti altında keçən ilk uşaqlıq dövrü qüssə ilə tamamlanıb. O, altı yaşına girəndə atası vəfat edib. Bundan sonra anasının və sonralar əmisinin, nəhayət, gənc dayısının nəzarəti altında qalıb.

Altı yaşında məktəbə gedib. Hafizəli uşaq olub. Altı-yeddi yaşlarında evdə böyük bacısının və ərəb əlifbası ilə oxumağı bacarsa da, yazmaq bilməyən anasının oxuduğu bir çox şeir və hekayələri əzbərləməsinin səbəbi isə yalnız hafizə məsələsi deyildi. İzahedilməz hiss və duyğuları onu ədəbiyyatın əsrarəngiz aləminə yönəldirdi.

Hələ atası sağlığından evlərində azərbaycanca "Molla Nəsrəddin" jurnalı və rusca "Niva", "Probujdenie" jurnalları, o zaman çıxan bir sıra qəzet və jurnallar alınırdı. Rəsul Rza yazıb ki, bizim evə "Molla Nəsrəddin" jurnalının gəlməsi də atamı babılıqda təqsirləndirmək üçün ruhani və qaragüruha bir əsas vermişdi.

Uşaq qəlbinə işıq tək düşən poeziya sevdasının isə Rəsul Rza anasından gəldiyini düşünüb. Artıq şair kimi tanındığı illərdə yazıb: "İndi fikirləşdikdə, xatirələrimi aradıqda könlümə düşən ilk şeir şəfəqlərinin anamdan gəldiyini aydın görürəm. Anamın şeir təbi varmış. Bunu o zamandan qalma üç şeirinin əlyazması təsdiq edir. Anama ancaq oxumaq öyrədib yazmaq öyrətmədiklərindən, o şeirlərini əzbərdən deyər, atam yazarmış. Bu şeirlərin sayı ona qədər varmış. İndi qalan yalnız üç şeirdir. Bu şeirlər maarifçilik, elm, mədəniyyətə çağırış xarakteri daşıyır. O zaman Tiflisə oxumağa gedən böyük bacım Kubra üçün anamın yazdığı şeir çox xarakterikdir:


"...Qızım, elm oxu, elmsizlik yamandır,

Ki olma elmsiz, ay balam, sən amandır.

Əgər salsalar boynuna cəhl ipini,

Qırıb tulla, qalsa, sənə çox ziyandır".


Atasının ölümündən sonra anasının hərdən qərib axşam qaranlıqlarında evlərinin qabağından axan çayın sularına həmahəng olaraq mızıldadığı şeir parçalarının böyük Füzulinin kədər və möhnət dolu sətirləri, Natəvanın şeirləri olduğunu isə o, sonradan başa düşüb. "O zaman mən bu şeirləri dinlədikcə gah anamın balağına qısılıb ağlayar, gah da anama yalvarardım ki, onları təkrar etsin, mən əzbərləyim.

Görünür ki, bu zamanlar qəlbimdə şeirə oyanan hiss get-gedə qüvvətlənmiş və çox tez məndə şeir yazmaq həvəsi oyatmışdır".

Mirzə İbrahim çalışardı ki, ailəsinə korluq verməsin. Ancaq onun vəfatından sonra bir gəlir mənbəyi olmadığından "ehtiyat" get-gedə azalıb və nəhayət, ehtiyac bütün amansızlığı ilə qapılarını döyməyə başlayıb.

İbtidai təhsilini Göyçayda alıb. Həyat uşaqlıq çağlarında üzünə gülməsə də, Rəsul Rza məktəbdə yaxşı oxuyub, demək olar ki, bütün dərslərdən əla qiymət alıb. Ancaq sonralar, necə deyərlər, "ayrı-seçkilik" başlayıb. Rəsul Rza bunun səbəbini yalnız qəlbinə hakim kəsilən ədəbiyyat sevgisində görməyib: "Sonralar ikinci dərəcəli məktəbdə 6-cı sinifdən riyaziyyat məni yaman sıxışdırdı. Bütün hesab, fizika, həndəsə sahəsindəki elmlərlə barışmaz düşmən oldum. Mənə elə gəlirdi ki, bu elmlər, xüsusilə, cəbr yalnız və yalnız adamın ömrünü zəhərləmək, gen dünyanı mənim başıma dar eləmək üçün düzəldilibdir. Təbiidir ki, sonralar bu elmlərə diqqət vermədiyimə, onları yaxşı öyrənməməyimə çox peşman oldum. Bəlkə də o zaman bu elmlərə məndə həvəs oyadan yaxşı bir müəllim olsaydı, mən indi çox sevdiyim astronomiya sahəsində bir mütəxəssis olardım. 7-8-ci sinifdə bizə riyaziyyat dərsi deyən cavan bir müəllim idi. Mənim riyaziyyata həvəsim olmadığı kimi, onun da tələbəyə təsir edə bilmək qabiliyyəti yox imiş".

Uşaqlıq illərində həm oxuyub, həm də anasına kömək edib. On dörd yaşında oxumaqla yanaşı, həm də şəhər kitabxanasında çalışıb. 1925-ci ildə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olsa da, təhsilini başa vurmayıb. Bir neçə ay sonra evə, anasının yanına qayıdıb.

İki bacısı Bakıda yaşayırdı. O da 1930-cu ildə bu şəhərə köçdü. Özünün yazdığı kimi, Bakıya gələndə ümid və arzularından başqa heç nəyi yox idi. 

Məktəb yoldaşı, şair Abdulla Faruq onu Mikayıl Müşfiq, Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm,  Əli Nəzmi, Mirzə İbrahimov, Mikayıl Rəfili və başqaları ilə tanış edib. Rəsul Rza tərcüməçi kimi işə düzəlib. "Gənc işçi" qəzeti redaksiyası onu həm də ədəbi mühitə daha da yaxınlaşdırıb.

1927-ci ildə "Bu gün" adlı ilk şeirinə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının "Qığılcım" almanaxında yer verilib. "Yeni fikir" qəzetində də şeirləri və hekayələri dərc edilib. O vaxtlar çalışdığı "Gənc işçi" qəzetində isə "Avropanın ölüm çağı", "Bir avqusta", "Qara yelin xəbəri" və digər şeirləri işıq üzü görüb.  Həyatı mübarizələr içərisində keçən şair yazıb:


Mübarizə bu gün də var, yarın da,

Mən də onun ən ön sıralarında...


Şair bədii yaradıcılıqla yanaşı, təhsilini də davam etdirib. Özünün yazdığına görə, təhsili sistematik olmayıb. Rəsul Rza qeyd edib ki, 1927-1937-ci illərdə Tiflisdəki Zaqafqaziya Kommunist Darülfununda kooperasiya kursunda oxuyub. 1931-ci ildə eskternlə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna imtahan verib, aspirantlığa qəbul edilib.

Rəsul Rza müxtəlif illərdə oxuduğu məktəb, kurs və institutları xronoloji ardıcıllığı gözləmədən belə sayıb: "Göyçayda ibtidai məktəb, ikinci dərəcəli məktəb, Gəncədə Sənaye və Ziraət Texnikumu, Tiflisdə Zaqafqaziya Kommunist Darülfununu, Bakıda Tibb İnstitutunun hazırlıq kursu, Tibb İnstitutu, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu, Moskvada Millətlər İnstitutu və Moskvada Kino Akademiyası".

Rəsul Rza müxtəlif yerlərdə çalışıb. O, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939) vəzifələrində işləyib. 

1941-ci ilin sonlarında bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedib, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışıb, cəbhə qəzeti "Döyüşən Krım"da fəaliyyət göstərib. Tez-tez müxbir kimi ön cəbhə xəttinə yollanıb.

O, sonralar Bakı kinostudiyasının müdiri (1942-1944), Kinematoqrafiya İdarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, "Novosti" Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olub.

Hansı işdə çalışırsa, çalışsın, şairlik onun üçün ən başlıca vəzifə olub. "Bu gün" şeirində Rəsul Rza yazıb:


Mənim şerim bu günün,

bu gündü mənim şerim,

bu günsüz yarın olmaz,

bu gün yoxsa

yarınlar da qurulmaz.


Şairin yaradıcılığında "Rənglər" silsiləsinin ayrıca yeri var. Silsilə ilk dəfə 1962-ci ildə "Azərbaycan" jurnalının 11-ci sayında işıq üzü gördü. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi. Bu həcmdə 1964-cü ildə  şairin "Duyğular…düşüncələr" kitabına daxil edilib. Dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılanıb. Amma bu tənqidlər şairi ruhdan salmayıb. Yenidən silsiləyə qayıdıb. "Qırmızının ümid çaları", "Firuzəyi", "Qırmızının inam çaları", "Mavinin təsəlli çaları", "Sürməyi", "Saman sarısı" poetik mətnlərini qələmə alıb. Bu şeirlərə 1965-ci ildə "Dözüm" kitabında yer verilib. Silsilə bütövlükdə 33 şeirdən ibarətdir. 


Mən güllü bir may səhəri doğulmuşam.

Bəlkə, getdim bir yanvar axşamı.

Tabutuma ipək salmayın!

Dəfnimə toplamayın izdihamı.

Bir ovuc torpaq üstünə qoyun başımı.

Mən o torpağı sevmişəm.

Ancaq məhəbbətim

nə sərgiyə qoyulan bir tablo olub,

nə parıltısı diqqət çəkən üzük qaşı.

Mənim sevgim sevgi idi -

sadə, yaxşı...


- deyən şair 1 aprel 1981-ci ildə dünyasını dəyişib. Fəxri xiyabanda dəfn olunub.

Şeirləri ilə çox sevdiyi xalqının qəlbində əbədi yaşayacağını bilirdi Rəsul Rza. Odur ki, böyük sevgi, ümid və inamla yazırdı: 


Kim zirvəyə qalxar, deyin,

Yollar boyu hər pilləni

birgünləri, yüzilləri

qəlbimizlə,

beynimizlə

ömrümüzlə

doldurmasaq.

Mən yolçuyam

Od nə çəkdi,

küldən soruş!

hansı şerim,

hansı sözüm

yaşayacaq məndən sonra?

Mən bilmirəm,

eldən soruş!


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yerli şirkətlərin tanıtım sərgisi: milli iqtisadiyyatın inkişafı üçün əlavə vasitə

08:40
21 İyun

Azərbaycan-Türkiyə həmrəyliyinin yeni səhifəsi

08:35
21 İyun

Türkiyədəki "Azərbaycan" məhəlləsi dostluq, qardaşlıq abidəsidir

08:30
21 İyun

Kahramanmaraşda Azərbaycan ünvanı

08:25
21 İyun

"Şahdəniz"də növbəti mərhələ başlanır

08:20
21 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Məzun günü" keçirilib

08:15
21 İyun

Azərbaycana qarşı aparılan böhtan kampaniyası iflasa məhkumdur

08:10
21 İyun

Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır

08:05
21 İyun

Sarsılmaz birlik, əbədi dostluq

08:00
21 İyun

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Zeynəbin sehrli dünyası" adlı sərginin açılışı olub

01:30
21 İyun

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Kəmər və Yol" Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı"nın təsdiq edilməsi haqqında

01:29
21 İyun

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş"in təsdiq edilməsi barədə

01:29
21 İyun

"Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

01:28
21 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında

01:27
21 İyun

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 30 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:26
21 İyun

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:25
21 İyun

Türkiyə Prezidenti ilə Ermənistanın baş naziri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər  

22:57
20 İyun

Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib  

22:51
20 İyun

Vaxtilə işğalda olan Azərbaycan ərazilərinin “Ermənistana birləşdirilməsi” niyyəti məhkəmədə ifşa olunub  

22:36
20 İyun

Almaniya İsraildəki vətəndaşlarının daha bir qrupunu təxliyə edib  

22:09
20 İyun

Yalçın Rəfiyev: COP30-da əsas gözləntilərdən biri Bakıdan Belemə 1,3 trilyon dollarlıq yol xəritəsinin hazırlanıb təhvil verilməsidir

21:52
20 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!