Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Görüşdə Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Ölkəmizlə şirkət arasında 2010-cu ildən uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.
AZƏRTAC “The Goldman Sachs Group Inc.” şirkəti haqqında qısa məlumatı təqdim edir.
1869-cu ildə təsis edilmiş və mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “The Goldman Sachs Group Inc.” investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmət göstərən aparıcı qlobal maliyyə institutudur. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon dollar dəyərində aktivləri idarə edir.
2015-ci ildə “The Goldman Sachs Group Inc.” idarə olunan aktivlərə (1,252 trilyon dollar) görə dünyanın ən böyük investisiya şirkətləri arasında 10-cu yer tutub. “The Goldman Sachs Group Inc.”in 31 mart 2017-ci il böyük səhmdarları: “BlackRock Capital Management Inc.”, “The Vanguard Group Inc.”, “State Street Global Advisors Inc.”
“The Goldman Sachs Group Inc.”ın istehlak biznesi 2021-ci ildə 7,47 milyard dollar xalis gəlir əldə edib ki, bu da bir il əvvəlki 6 milyard dollardan 25 faiz çoxdur və şirkətin ümumi gəlirinin 13 faizini təşkil edir.
Coğrafi diversifikasiya baxımından, “The Goldman Sachs Group Inc.” şirkətinin xalis gəlirinin təxminən 63 faizi Amerika qitəsində, 13 faizi Asiyada, qalan 24 faizi isə Avropa, Yaxın Şərq və Afrikada formalaşır. Şirkət maliyyə nəticələrini dörd əsas seqmentdə birləşdirir: investisiya bankçılığı, qlobal bazar biznesi, aktivlərin idarə edilməsi və istehlak bankçılığı.
Şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen amerikalı iş adamı və tarixçidir. C.Kohen “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti olmaqla yanaşı, həm də şirkətin direktoru kimi fəaliyyət göstərir. O, şirkətə 2022-ci ilin avqust ayında tərəfdaş və şirkətin İdarəetmə Komitəsinin üzvü kimi qoşulub. Cared Kohen əvvəllər dövlət katibinin siyasət planlaşdırma işçisi, Kondoliza Raysın, sonra isə Hillari Klintonun müşaviri olub.