İllərin karvanına qoşulan 2024-cü il ölkəmizin inkişaf salnaməsində uğurlu səhifələrdən biri kimi yazıldı. Ötən bir ildə Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndi, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə nəzərəçarpan irəliləyişlərlər əldə edildi.
Dörd il əvvəl Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, Azərbaycanın hərbi gücü daha da artdı. 2023-cü ilin sentyabrında Qarabağda aparılan 24 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Həmin ilin noyabrında Xankəndidə Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.
Qəhrəman əsgər və zabitlərin, şəhidlərin qanı hesabına əldə olunmuş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın ən dəyərli milli sərvətidir. Bu il Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi və hər il sentyabrın 20-də həmin gün qeyd ediləcək.
Hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır, yenidən dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda sakinlər öz ata-baba torpaqlarına qayıdırlar.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda atəşfəşanlıq keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan sakinlər və şəhərimizin qonaqları böyük maraqla izləyiblər.
AZƏRTAC-ın fotomüxbirləri bayram atəşfəşanlığından ən yaddaqalan məqamları lentə alıblar.