25 Iyul 2024 01:50
201
Nazirlər Kabineti
A- A+

“Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

№ 352

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 iyul 2024-cü il

 

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2024-cü il
22 iyul tarixli 352 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

 

 

Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasında dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınmasının təşkili və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. baqaj - gediş sənədində (biletdə) göstərilən təyinat dəmiryol stansiyasınadək sərnişin qatarının baqaj vaqonunda daşımaya qəbul edilmiş sərnişinin əmlakı;

1.2.2. baqaj qəbzi - baqajın daşıma müqaviləsinin bağlanılmasını təsdiq edən sənəd;

1.2.3. bilet kassası - daşıma müqaviləsinin rəsmiləşdirilməsi üçün daşıyıcı tərəfindən təchiz edilmiş məkan;

1.2.4. biletsiz şəxs - sərnişin qatarında (vaqonda) gediş hüququnu təsdiq edən daşıma müqaviləsi olmayan şəxs;

1.2.5. daşıyıcı - haqq müqabilində daşıma müqaviləsi əsasında dəmiryol nəqliyyatı ilə daşıma fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs;

1.2.6. dəmiryol vağzalı - yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş, gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, əl yüklərinin və baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitariya-gigiyena təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sərnişinlərin minib-düşməsi üçün perronu və platforması, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün sahəsi olan bina və qurğular kompleksi (bundan sonra - vağzal);

1.2.7. əl yükü - növündən və qablaşma formasından asılı olmayaraq, vaqonların konstruksiya xüsusiyyətlərinə görə əşyaların yerləşdirilməsi üçün nəzərdə tutulmuş yerlərdə çəkisinə və qabaritinə görə asanlıqla yerləşən və asanlıqla daşınan sərnişinə məxsus əşya.

1.2.8. gediş sənədi (bilet) - sərnişinlə daşıma müqaviləsinin bağlanılmasını təsdiq edən elektron və ya kağız sənəd;

1.2.9. hərəkəti məhdud olan şəxs - digər sərnişinlər və ya şəxslərlə bərabər nəqliyyat xidmətlərindən səhhəti (sağlamlığı) və ya yaş həddi ilə əlaqədar tam və səmərəli istifadə edə bilməyən yardıma ehtiyacı olan şəxslər;

1.2.10. ödəniş aləti - daşıma haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə;

1.2.11. ödəniş terminalları - özünəxidmət terminalları, avtomatlaşdırılmış köşklər, elektron terminallar və gediş sənədinin (biletin) satışına imkan yaradan istənilən digər texnoloji vasitələr;

1.2.12. sərnişin - gediş sənədi (bileti) olan və ya gediş haqqını ödəniş alətindən istifadə etməklə ödəyən şəxs;

1.2.13. sərnişin qatarı - sərnişinlərin, baqajın, yük-baqajın daşınması üçün nəzərdə tutulmuş dəmiryol hərəkət tərkiblərindən ibarət nəqliyyat vasitəsi;

1.2.14. sərnişin vaqonu - sərnişinlərin və (və ya) baqajın daşınması üçün nəzərdə tutulmuş vaqonlar, həmçinin baqaj vaqonları, vaqon-restoranlar, xidməti vaqonlar, xüsusi təyinatlı sərnişin vaqonları;

1.2.15. şəhərətrafı qatar - yaşayış məntəqəsindən 100 kilometrədək məsafədə yerləşən rayonlara və şəhərlərə hərəkət edən qatar;

1.2.16. rayonlararası (şəhərlərarası) sərnişin qatarı - 100 kilometrdən artıq məsafəyə gedən, nömrələnmiş oturacaq və (və ya) yataq yerləri olan sərnişin qatarı;

1.2.17. vaqon bələdçisi – daşıyıcının sərnişinlərə xidmət göstərən, vaqonun inventar və avadanlıqlarının işlək olmasına, vaqonda sanitariya-gigiyena tələblərinə riayət olunmasına nəzarət edən, həmçinin zəruri elanları dəqiq və vaxtlı-vaxtında sərnişinlərə çatdıran işçisi;

1.2.18. yığım - dəmiryol stansiyasında və sərnişin vağzalında əməliyyatlara, xidmətlərə və ya işlərə görə tarifə (qiymətə) daxil edilməyən əlavə ödəmə;

1.2.19. yük-baqaj - gediş sənədi tələb olunmadan sərnişin qatarının baqaj vaqonunda (boş yerlər olduqda) daşıma üçün qəbul edilən yük;

1.2.20. yük-baqaj qəbzi - yük-baqajın daşıma müqaviləsinin bağlanılmasını təsdiq edən sənəd.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

1.4. Dəmiryol nəqliyyatı ilə daşınan sərnişinlər fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.

1.5. Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın, yük-baqajın daşınması tarifləri (qiymətləri), həmçinin dəmiryol stansiyasında və sərnişin vağzalında əməliyyatlara, xidmətlərə və ya işlərə görə tarifə (qiymətə) daxil edilməyən yığımlar müvafiq olaraq infrastruktur sahibinin, daşıyıcının internet informasiya ehtiyatında dərc edilir.

1.6. Daşıyıcı sərnişinlərin, baqajın və yük-baqajın daşınmasının təhlükəsizliyini, dəmiryol stansiyasında, dəmiryol vağzalında, sərnişin platformasında və qatarda sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsini, daşınan baqajın, yük-baqajın salamatlığını, sərnişin qatarlarının hərəkət cədvəlinə uyğun hərəkətini, baqajın, yük-baqajın vaxtında çatdırılmasını təmin etməlidir.

1.7. Sərnişin vaqonları və sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş obyektlər və qurğular, o cümlədən dəmiryol stansiyalarında talvar və pavilyonlarla təchiz edilmiş sərnişin platformaları, keçid döşənəkləri, tunelləri və körpülər texniki cəhətdən saz vəziyyətdə saxlanılmalı, şəhərsalma və tikinti normalarının və sanitariya-gigiyena tələblərinə uyğun olmalıdır.

2. Daşıma müqaviləsinin rəsmiləşdirilməsi

2.1. Sərnişinlərin daşınması sərnişin və daşıyıcı arasında bağlanılmış daşıma müqaviləsi əsasında həyata keçirilir.

2.2. Daşıma müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün gediş sənədi (bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə edilməklə ödənildiyi andan bağlanılmış hesab edilir.

2.3. Rayonlararası (şəhərlərarası) sərnişin qatarlarına yaşı 1 ayadək olan uşaq üçün gediş sənədi (bilet) doğum haqqında şəhadətnamə və ya tibb müəssisəsi tərəfindən verilmiş doğum haqqında tibbi arayışın məlumatı əsasında rəsmiləşdirilir. Belə hallarda gediş sənədində (biletində) doğum haqqında tibbi arayışda və ya doğum haqqında şəhadətnamədə əks olunan məlumatlar qeyd edilir.

2.4. Rayonlararası (şəhərlərarası) sərnişin qatarlarına gediş sənədi (bilet) fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasport, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd, 15 yaşınadək uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi), gediş haqqını ödəməyən və ya güzəştli şərtlərlə ödəyən şəxslərə isə əlavə olaraq bu hüququ verən müvafiq sənədin məlumatları əsasında rəsmiləşdirilir.

2.5. Şəhərətrafı qatarlarda və gediş haqqının ödəniş aləti ilə ödənildiyi hallarda səyahət edən sərnişinlərə şəxsiyyəti təsdiq edən sənədlərin təqdim olunması tələb edilmir.

2.6. Sərnişin qatarlarına gediş sənədlərinin (biletlərin) rəsmiləşdirilməsi bilet kassaları, internet resursları və (və ya) ödəniş terminalları, elektron gediş kartları, mobil əlavələr, digər alət və qurğulardan istifadə edilməklə həyata keçirilir.

2.7. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş vasitələrdən istifadəyə dair tələblər daşıyıcı tərəfindən hazırlanaraq onun internet saytında yerləşdirilir.

2.8. Texniki nasazlıq baş verdiyi hallarda və bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş vasitələrdən istifadə etmək mümkün olmadıqda gediş sənədi (bilet) “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə uyğun olaraq əllə doldurularaq rəsmiləşdirilir.

2.9. Şəhərətrafı qatarda uşaqların daşınması aşağıdakı qaydada həyata keçirilir:

2.9.1. 7 yaşınadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə pulsuz daşınır;

2.9.2. 7 yaşdan böyük uşaqlar gediş haqqı ödənilməklə daşınır.

2.10. Rayonlararası (şəhərlərarası) sərnişin qatarında uşaqların daşınması aşağıdakı qaydada həyata keçirilir:

2.10.1. 10 yaşınadək uşaqların yetkinlik yaşına çatmış sərnişinin müşayiəti olmadan daşınmasına yol verilmir;

2.10.2. yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə ayrıca yer tutmadan gediş sənədi rəsmiləşdirməklə 5 yaşınadək bir uşaq pulsuz aparıla bilər;

2.10.3. yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə gedən aşağıdakı uşaqlara sərnişinin gediş haqqı uşaq tarifi ilə ödənilməklə gediş sənədi (bilet) rəsmiləşdirilir:

1. bu Qaydaların 2.10.2-ci yarımbəndində nəzərdə tutulmuş bir uşaqdan başqa 5 yaşınadək digər uşaqlar;

2. ayrıca yer tutmaqla daşınması nəzərdə tutulmuş 5 yaşınadək uşaqlar;

3. 5 yaşından 10 yaşınadək uşaqlar;

2.10.4. 10 yaşdan böyük uşaqlara tam tariflə gediş sənədi (bilet) rəsmiləşdirilir.

2.11. Uşağın yaş həddi qatarın yola düşmə günü ilə müəyyən edilir.

2.12. 7 və 10 yaşınadək uşaqlar müşayiət olunmadıqda daşıyıcının nümayəndələri tərəfindən ən yaxın dəmiryol vağzalında və ya məntəqədə polisə təhvil verilir.

2.13. Aşağıdakı hallarda daşıyıcı gediş sənədini (biletini) rəsmiləşdirməkdən imtina etmək hüququna malikdir:

2.13.1. qatarda boş yerlər olmadıqda;

2.13.2. sərnişinin gedəcəyi təyinat məntəqəsində sərnişinin minməsi və düşməsi üçün qatarın dayanacağı olmadıqda.

2.14. Sərnişin qatarlarının hərəkət qrafiki, o cümlədən hərəkət qrafikinə dəyişikliklər barədə məlumat daşıyıcı tərəfindən mediada və onun internet saytında elan edilir.

3. Sərnişinlərin daşınması

3.1. Sərnişin qatarında sərnişin vaqona mindikdə onun gediş sənədinin (bilet) və sərnişinin əl yükünün çəkisinin və qabaritinin normalara uyğunluğunun yoxlanılması, həmçinin gediş haqqının ödəniş aləti vasitəsilə ödənilməsinə nəzarət daşıyıcı tərəfindən təmin edilir.

3.2. Sərnişin qatarda gediş sənədində (elektron və ya kağız biletdə) göstərilən yeri tutmaq hüququna malikdir. Sərnişinin razılığı olmadan digər sərnişinlərin və ya onların müşayiəti ilə hərəkət edən uşaqların həmin yerləri tutmasına yol verilmir.

3.3. Yataq tipli vaqonlardan ibarət rayonlararası (şəhərlərarası) sərnişin qatarlarında gediş zamanı vaqon bələdçisi tərəfindən sərnişinlərə yataq ağı dəstləri verilir.

3.4. Yataq ağı dəstlərindən istifadənin dəyəri tarifə daxildir və sərnişindən əlavə ödəniş tələb edilmir.

3.5. Vaqon bələdçisi tərəfindən yataq ağı dəstlərinin sərnişinlərin yerinə çatdırılması, hərəkəti məhdud olan şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin, xəstələrin, ahıl və uşaqlı sərnişinlərin xahişi ilə onların yataq yerlərinin hazırlanması təmin edilir.

3.6. Sərnişin vaqonlarının su təchizatı, ventilyasiyası və havanın kondisiyalaşdırılması, qızdırılması, işıqlandırılması, qida və çay ticarəti, həmçinin vaqon-restoran və kupe-bufetlərin fəaliyyəti sanitariya-gigiyena tələblərinə uyğun həyata keçirilir. Bu məqsədlə:

3.6.1. son təyinat məntəqəsinə çatmış qatardakı yataq dəstləri, yataq ağları, əl-üz dəsmalları, vaqondaxili çarpayı, masa və oturacaqlar təmizlənməli və yuyulub dezinfeksiya olunmalı;

3.6.2. içməli suyun saxlanıldığı çənlər vaxtaşırı yuyulub dezinfeksiya olunmalı;

3.6.3. vaqon bufetlərində və restoranlarında işləyən işçilərin işə qəbul edilərkən, habelə dövri tibbi müayinədən keçməsi təmin olunmalı;

3.6.4. vaqon depoya qayıtdıqdan sonra bufet və restoranda təmizlik işləri aparılmalıdır.

3.7. Sərnişin qatarında aşkar edilmiş biletsiz şəxs həmin qatarın göndərilmə stansiyasından biletsiz şəxsin göstərdiyi təyinat məntəqəsinə və ya stansiyasınadək qüvvədə olan tariflərə uyğun olaraq gediş haqqını ödəməklə gediş hüququnu əldə edir.

3.8. Biletsiz şəxs bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş gediş hüququnu əldə etməkdən imtina etdikdə daşıyıcının nümayəndəsi tərəfindən növbəti stansiyada və ya dayanacaq məntəqəsində qatardan düşürdülür.

3.9. Sərnişin aşağıdakı hallarda sərnişin qatarından növbəti stansiyada düşürülə bilər:

3.9.1. polis tərəfindən - qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını və ictimai qaydaları pozaraq digər sərnişinlərin təhlükəsiz daşınmasına maneə törətdikdə və onlar üçün narahatlıq yaratdıqda;

3.9.2. tibb işçiləri tərəfindən - sərnişinin xəstəliyi ilə əlaqədar səfərini davam etdirməsi mümkün olmadığı və digər sərnişinlərin sağlamlığına təhlükə yaratdığı hallarda;

3.9.3. daşıyıcının nümayəndəsi tərəfindən - bu Qaydaların 2.12-ci bəndində, 3.31.1-ci, 3.31.2-ci, 3.31.5-ci və 3.31.10-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda;

3.9.4. qanunvericiliyə uyğun digər hallarda.

3.10. Yaşayış məntəqələrindən kənarda yerləşən stansiyalarda və ya dayanacaq məntəqələrində biletsiz şəxsin sərnişin qatarından düşürülməsinə yol verilmir. Belə stansiyaların və dayanacaq məntəqələrinin siyahısı daşıyıcı tərəfindən müəyyən edilir.

3.11. Sərnişin qatardan düşürüldükdə onun əl yükü də düşürülür.

3.12. Qatardan düşürülən sərnişin ona məxsus baqajın təyinat stansiyasına aparılmasını istəmədikdə, texniki imkanlar nəzərə alınmaqla təqdim edilən baqaj qəbzi əsasında baqaj sərnişinin qatardan düşürüldüyü stansiyada ona təhvil verilir. Baqajın boşaldılması texniki cəhətdən mümkün olmadıqda və bu qatarın göndərilməsinin gecikdirilməsinə gətirib çıxardıqda, baqaj boşaldılması mümkün olan növbəti stansiyayadək daşınır və həmin stansiyada sahibinə təhvil verilir. Düşürülən baqaj onun sahibi tərəfindən daşıma haqqı ödənilmək (sərnişinin xəstəliyi ilə əlaqədar düşürüldüyü halda ödəniş edilmədən) şərti ilə geriyə gələn ilk sərnişin qatarı ilə (tərkibdə baqaj vaqonu olduqda) sərnişinin düşürüldüyü stansiyaya göndərilməklə həmin stansiyada sahibinə təhvil verilir.

3.13. Stansiya (vağzal) ərazisində şəhərətrafı qatarlara gediş sənədinin (biletin) olmasına nəzarətin olunduğu nəzarət məntəqəsindən çıxış zamanı biletsiz şəxs aşkar edildikdə, həmin şəxs qatarın göndərilmə stansiyasından nəzarət məntəqəsinin yerləşdiyi stansiyayadək qüvvədə olan tariflərə uyğun olaraq gediş haqqını ödəməlidir.

3.14. Şəxsin gediş sənədi (bilet) olmadan vaqona buraxılmasına görə vaqon bələdçisi məsuliyyət daşıyır.

3.15. Dəmiryol nəqliyyatında şəxs gediş sənədi (bileti) olmadan getməsinə görə məsuliyyət daşıyır.

3.16. Dəmiryol vağzalına, sərnişin platformasına və hərəkət tərkibinə daxilolma imkanları olmayan hərəkəti məhdud olan şəxslər daşıyıcını səfər etmək niyyəti barədə gedişin başlamasına 48 saat qalmış məlumatlandırmalıdır. Belə məlumatlandırma olmadıqda, daşıyıcı hərəkəti məhdud olan şəxsin daşınmasını təşkil etmək üçün bütün mümkün tədbirləri görür.

3.17. Sərnişinlərin daşınmasını həyata keçirən rayonlararası (şəhərlərarası) sərnişin və şəhərətrafı qatarların vaqonu su, sabun və kağız ilə təchiz olunmuş sanitar qovşağı, habelə odsöndürən balon ilə təchiz edilir.

3.18. Sərnişinin qatarda bir gediş sənədi (bilet) ilə daşıyıcı tərəfindən təsdiq edilən və onun internet saytında yerləşdirilən təlimata uyğun olaraq müəyyən edilən çəkidə və qabaritdə əl yükünü özü ilə pulsuz aparmaq hüququ vardır.

3.19. Əl yükü vaqonda müəyyən edilmiş yerlərə qoyulmalı və digər sərnişinlərə maneə törətməməlidir. Əl yükünün oturacaqların arasında, dəhlizdə və tamburda daşınmasına yol verilmir.

3.20. Daşınan əl yükünün saxlanması və salamatlığı onun məxsus olduğu sərnişin tərəfindən təmin edilir.

3.21. Rayonlararası (şəhərlərarası) sərnişin qatarlarında sərnişin tərəfindən kiçik ev (otaq) heyvanlarının əl yükü qismində daşınmasına dair tələblər daşıyıcı tərəfindən təsdiq edilir və onun internet saytında yerləşdirilir.

3.22. İnfrastruktur sahibi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslər üçün dəmiryol nəqliyyatı obyektlərindən istifadə etməsini, vağzallarda və qatarlarda əlilliyi olan şəxslərə digər sərnişinlərlə bərabər xidmət göstərilməsini, o cümlədən aşağıdakıları təmin edir:

3.22.1. vağzallarda görmə qabiliyyəti tam məhdud olan şəxslər üçün xəbərdaredici səthlər (taktil döşəmə), dayanacağa çatmaq üçün aydın yol işarələri, informasiya xidmətləri, təcili yardım ilə əlaqə üçün səs yüksəkliyini tənzimləmə funksiyası olan əlçatan səviyyədə yerləşdirilmiş telefonların və ya eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslər üçün TTY rejimli (telefon xəttinə mətn ismarıcları göndərilməklə müraciət imkanı olan) telefonların, eşitmə qabiliyyəti qismən məhdud olan şəxslər üçün taksafonların quraşdırılmasını;

3.22.2. əlilliyi olan şəxslər üçün zəruri olan səsli və görünən informasiyaların, o cümlədən sərnişin qatarlarının yola düşmə və çatma vaxtları, daşıma tarifləri, dəmiryol bilet kassalarının, vağzalda təqdim edilən xidmətlər, müəyyən kateqoriyalı vətəndaşlara verilən güzəştlər barədə informasiyaların çatdırılmasını;

3.22.3. sərnişin daşınması qaydaları və şərtləri haqqında zəruri informasiyanın əlilliyi olan şəxslərə alternativ üsullarla (işarət dili, vizual, asan oxunaqlı və ya brayl əlifbası ilə icra edilmiş versiyaları və s.) təqdim edilməsini, əlavə ödəniş alınmadan əlilliyi olan sərnişinlərin daşıyıcı və infrastruktur sahibi işçilərinin və yardımçı vasitələrin köməyi ilə vaqona mindirilməsinin və vaqondan düşürülməsinin təmin edilməsini;

3.22.4. vağzallarda və qatarlarda əlilliyi olan şəxslər üçün müyəssər sanitar qovşağın təmin edilməsini.

3.23. İnfrastruktur sahibi tərəfindən vağzallarda əlilliyi olan şəxslərə əlavə ödəniş tutulmadan aşağıdakı xidmətlər göstərilir:

3.23.1. vağzalın ərazisində, o cümlədən qatara minmə və qatardan düşmə zamanı, baqajın qatara verilməsi, qatar çatdıqdan sonra baqajın alınması zamanı rəsmiləşdirilməsinə, həmçinin əlilliyi olan şəxslərin nəqliyyat vasitəsinə mindirilməsinə və ondan düşürdülməsinə kömək göstərilməsi;

3.23.2. köməkçi vasitələrin, o cümlədən təkərli oturacaqların verilməsi;

3.23.3. bələdçi itlər üçün icazənin verilməsi;

3.23.4. portativ ramplarla təmin edilmə.

3.24. Sərnişin qatarlarında daşıyıcı tərəfindən əlilliyi olan şəxslərə əlavə ödəniş tutulmadan aşağıdakı xidmətlər göstərilir:

3.24.1. köməkçi vasitələrin, o cümlədən təkərli oturacaqların verilməsi;

3.24.2. bələdçi itlərin aparılması.

3.25. Əlilliyi olan sərnişinlərin vaqona mindirilməsi və ondan düşürdülməsi üzrə xidmətlər daşıyıcının işçiləri tərəfindən təmin edilir. Əlilliyi olan sərnişinlərin alçaq platformalardan qaldırıcı mexanizmlərlə təchiz edilməyən vaqona mindirilməsi daşıyıcının işçiləri tərəfindən həyata keçirilir.

3.26. Əlilliyi olan sərnişinlər ödəniş tutulmadan şəxsi istifadə üçün nəzərdə tutulmuş əsa, çəlik, xərək və (və ya) təkərli oturacağı baqaja təhvil vermədən daşımaq hüququna malikdirlər.

3.27. Sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş qatarlar aşağıdakı kateqoriyalara bölünür:

3.27.1. hərəkət sürətindən asılı olaraq sürətli, sürət və sərnişin qatarları;

3.27.2. getdiyi məsafədən və getmə şərtlərindən asılı olaraq rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarlar.

3.28. Qatarların hərəkət sürətindən və qət edilən məsafəsindən asılı olaraq qatarların kateqoriyalarının meyarları infrastruktur sahibi tərəfindən müəyyən edilir.

3.29. Sərnişinlərin daşınması konstruksiyasının quruluşuna görə müxtəlif tipli və ya sinifli vaqonlarda yerinə yetirilir.

3.30. Sərnişinlər dəmir yolunun və daşıyıcının əmlakına ziyan vura bilən hərəkətlərdən çəkinməlidirlər.

3.31. Sərnişinlər bu Qaydaların tələblərinə riayət etməli və aşağıdakılara yol verməməlidirlər:

3.31.1. biletsiz, habelə gediş haqqının ödəniş aləti vasitəsilə ödənilməsi tələb olunan hallarda belə ödəniş etmədən gedişin həyata keçirməsinə;

3.31.2. gediş sənədlərinin saxtalaşdırılmasına və onların üzərində düzəlişlərin edilməsinə;

3.31.3. əl yükünü belə yük üçün nəzərdə tutulmamış yerlərdə yerləşdirilməsinə;

3.31.4. qatara odlu silahın (“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə təqdim edilməklə odlu ov və idman silahının həmin məqsədlər üçün aparıldığı hallar istisna olmaqla), oddan təhlükəli, partlayıcı, zəhərli, aşındırıcı və kəskin iyli maddələrin, həmçinin digər sərnişinlərə zərər vura biləcək digər təhlükəli əşyaların keçirilməsinə, əl yükündə və ya baqajda daşınmasına;

3.31.5. digər sərnişinlərə, onların baqajına və əl yükünə ziyan vura bilən hərəkətlərin edilməsinə;

3.31.6. zərurət olmadan qatarın özbaşına dayandırılmasına (stop krandan istifadə edilməsinə);

3.31.7. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına;

3.31.8. vaqonun pəncərə və ya qapılarından zibil və başqa predmetlərin atılmasına;

3.31.9. vaqonun daxilinin zibillənməsinə;

3.31.10. vaqon bələdçisinin və (və ya) qatarın digər işçilərinin işinə maneçilik törədilməsinə;

3.31.11. sərnişin vaqonunun qapılarına söykənilməsinə, hərəkətdə olan sərnişin qatarının qapılarını mexaniki qaydada açmağa cəhd edilməsinə, qatar dayandıqda qapıların açılmasına və ya bağlanmasına, sərnişinlərin sərbəst hərəkətinə maneçilik törədilməsinə;

3.31.12. sərnişin vaqonunun şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə;

3.31.13. bu Qaydalarla müəyyən edilən digər tələblərə riayət edilməməsinə.

3.32. Sərnişin dəmir yolunun əmlakını tam və ya qismən itirdiyinə, zədələdiyinə (xarab etdiyinə) görə məsuliyyət daşıyır.

3.33. Daşıyıcı sərnişinin həyat və sağlamlığına, baqajına, əl yükünə vurduğu zərərə görə məsuliyyət daşıyır.

4. Baqajın daşınması

4.1. Sərnişin tərəfindən gediş sənədi (bilet) təqdim edildiyi halda rayonlararası (şəhərlərarası) qatarda baqajın daşınması üçün müvafiq vaqon olduqda daşıyıcı baqajı daşıma üçün qəbul edir.

4.2. Sərnişinə baqajının daşınması üçün baqaj qəbzi rəsmiləşdirilir.

4.3. Sərnişin xidməti məlumatlar istisna olmaqla baqaj qəbzində göstərilən məlumatların rekvizitlərinin düzgünlüyünü yoxlamalıdır.

4.4. Sərnişin baqaj qəbzini alarkən, onda səhv aşkar etdikdə daşıyıcı tərəfindən yeni baqaj qəbzi rəsmiləşdirilir.

4.5. Baqajın daşınmasına görə daşıma haqqı baqajın göndərilmə stansiyasında baqaj qəbzinin rəsmiləşdirilməsi zamanı tutulur.

4.6. Baqaj qablaşdırılması açılmadan daşımaya qəbul edilir. Baqaj yararsız qablaşdırmada verildikdə daşıyıcı onu qəbul etməkdən imtina etmək hüququna malikdir.

4.7. Sərnişinin müşayiət etdiyi baqajın verilməsi sərnişin qatarı gediş sənədində (biletdə) göstərilən təyinat stansiyasına çatdıqda, sərnişinin müşayiət etmədiyi baqajın verilməsi isə daşıyıcının baqaj bölməsində iş saatları ərzində həyata keçirilir. Daşıyıcı dəmiryol nəqliyyatı xidmətlərinin istifadəçilərini baqaj bölməsinin iş rejimi barədə məlumatlandırır.

5. Yük-baqajın daşınması

5.1. Baqaj vaqonuna baqaj yüklənildikdən sonra yük-baqajın daşınması üçün boş yer qaldıqda, yük-baqaj daşıyıcı tərəfindən daşımaya qəbul edilir.

5.2. Daşıyıcı yük-baqajı daşıma üçün qəbul edərkən yükgöndərənin iştirakı ilə onu çəkməli və faktiki çəkini yük-baqaj qəbzində göstərməlidir.

5.3. Daşıma müqaviləsinin bağlanılması yük-baqajın daşımaya qəbul edilməsini təsdiq edən yük-baqaj qəbzi ilə rəsmiləşdirilir.

5.4. Yük-baqajı daşımaya təhvil verən göndərici yük-baqaj qəbzində yazılmış məlumatların düzgünlüyünü yoxlamalıdır.

5.5. Yük-baqajı daşımaya təhvil verən yükgöndərən yük-baqaj qəbzinin alınması zamanı səhv aşkar edildikdə, daşıyıcı tərəfindən yeni yük-baqaj qəbzi rəsmiləşdirilir.

5.6. Yük-baqajın daşıma haqqı yük-baqajın qəbzinin rəsmiləşdirilməsi zamanı göndərilmə stansiyasında ödənilir.

5.7. Yük-baqajın verilməsi yük-baqajın qəbulu və təhvilini həyata keçirən baqaj bölməsində iş saatları ərzində aparılır.

6. Rayonlararası (şəhərlərarası) sərnişin qatarında gediş üçün ödənilmiş məbləğin qaytarılması

6.1. İstifadə edilməyən və ya qismən istifadə edilən gediş sənədlərinə (biletlərə) görə ödənilmiş pulların bilet kassasında qaytarılması müvafiq yığım qəbzində sərnişinə imza etdirməklə (internet vasitəsi ilə rəsmiləşdirilən gediş sənədləri (biletlər) istisna olmaqla) həyata keçirilir.

6.2. Ödəniş nağdsız edilməklə rəsmiləşdirilmiş və istifadə edilməyən gediş sənədlərinə (biletlərə) görə ödənilmiş məbləğin geri qaytarılması 7 (yeddi) iş günündən 30 (otuz) gün müddətində gediş sənədinə (biletə) görə həmin məbləği ödəmiş hüquqi və ya fiziki şəxsin bank hesabına qaytarılır.

6.3. Sərnişin istifadə etmədiyi gediş sənədini (bileti) qaytardıqda, qaytarılmanın rəsmiləşdirilməsinə görə yığım pulunu ödəmədən gedişin, servis xidmətlərinin (olduqda) və digər ödənişlərin tam dəyərini aşağıdakı hallarda bilet kassasından almaq hüququ vardır:

6.3.1. sərnişin aldığı gediş sənədinə (biletə) əsasən qatarda yerlə təmin edilmədikdə daşıyıcının nümayəndəsi tərəfindən tərtib edilən akt əsasında;

6.3.2. gediş sənədində (biletdə) göstərilən qatar ləğv edildikdə;

6.3.3. gediş sənədində (biletdə) göstərilən sərnişinin minik stansiyasından qatarın yola düşməsində 45 dəqiqədən çox gecikmə olduqda.

6.4. Sərnişinin və ya ailə üzvünün (ər-arvadın, valideynin (övladlığa götürən) və ya uşağın (övladlığa götürülən) qəfil xəstəliyi, ölümü və ya bədbəxt hadisə nəticəsində xəsarət alması hallarında müvafiq təsdiqedici sənədləri və gediş sənədini (biletini) qatarın yola düşdüyü vaxtdan 5 (beş) gün müddətində dəmiryol bilet kassasına qaytararkən sərnişinin biletin dəyərini (xidmət haqqı (əgər varsa) və digər ödənişlər istisna olmaqla) almaq hüququ vardır.

6.5. Yaranmış fövqəladə hallar nəticəsində sərnişin qatarları müvəqqəti ləğv edildikdə qabaqcadan qatara alınan biletlər qaytarılarkən sərnişinə gediş haqqı məbləği və əlavə yığımlar geri qaytarılır.

6.6. Sərnişinin bu Qaydaların 3.9.2-ci yarımbəndində nəzərdə tutulmuş hallarda qismən istifadə edilmiş gediş sənədindəki (biletdəki) yolda dayanacaq etmə barədəki qeydin aparılmasını təsdiq edən sənədlər və müalicə müəssisəsinin xəstəlik və ya müalicəni təsdiq edən sənədləri əsasında gedilməyən məsafə üçün dəyəri qaytarılmanın rəsmiləşdirilməsinə görə yığım pulu tutulmaqla, düşürüldüyü stansiyanın bilet kassasından geriyə almaq hüququna malikdir.

6.7. Qatarın hərəkəti zamanı hər hansı stansiyada qatarların hərəkət qrafikindən kənar fasilə yarandıqda və sərnişin bu səbəbdən yolda gedişini dayandırdıqda gedilməyən məsafənin tam dəyərini geri almaq hüququ vardır. Belə hallarda daşıyıcının nümayəndəsinin sərnişinə təqdim etdiyi akt və gediş sənədinin (biletin) arxasında aparılan qeyd əsasında vaqonun kateqoriyasına uyğun olaraq dayanma stansiyasınadək gedişin dəyəri çıxılmaqla gedilməyən məsafənin dəyəri sərnişinə tam olaraq geri qaytarılır.

6.8. Bu Qaydaların 6.7-ci bəndində nəzərdə tutulmuş hallarda sərnişinin əlavə olaraq gedilməyən məsafə üzrə boş yer olduğu təqdirdə növbəti qatarla təyinat nöqtəsinə və ya əks istiqamətli qatarla başlanğıc nöqtəsinə (geri qayıtma) daşınmasını tələb etmək hüququ vardır.

6.9. Daşıyıcının təqsiri üzündən sərnişinə gediş sənədində (biletdə) göstərilən vaqonda yer təqdim edilmədikdə və o aşağı kateqoriyalı vaqonda gedişini davam etdirdikdə daşıyıcının nümayəndəsinin tərtib etdiyi müvafiq akt əsasında sərnişinə gediş haqqı arasındakı fərq, onun istəyi ilə yola düşmə və ya qatarın təyinat stansiyasında qaytarılır.

6.10. Sərnişinə bu Qaydaların 3.9.1-ci yarımbəndində nəzərə tutulan hallarda gedilməyən məsafəyə görə ödənişlər geri qaytarılmır.

6.11. İstifadə edilməyən və ya qismən istifadə edilən gediş sənədinin (biletin) qaytarılmasının bütün hallarında gediş sənədləri (biletlər), aktlar və müxtəlif yığım qəbzləri (əsli) daşıyıcıda qalır və pulun ödənilməsi üçün əsas hesab edilir. Sərnişinə baş tutmayan gedişin rekvizitləri göstərilən və geri qaytarılan məbləği əks etdirən qəbz verilir.

7. Şəhərətrafı qatarda gediş haqqının geri qaytarılması

7.1. Şəhərətrafı qatarın 20 dəqiqədən çox ləngiməsi və ya hərəkətinin ləğvi ilə əlaqədar istifadə edilməyən gediş sənədi (bilet) qaytarıldıqda sərnişin tam gediş haqqını geri almaq hüququ vardır. Belə hallarda sərnişinin əlavə olaraq gedilməyən məsafə üzrə boş yer olduğu təqdirdə növbəti qatarla təyinat nöqtəsinə və ya əks istiqamətli qatarla başlanğıc nöqtəsinə (geri qayıtma) daşınmasını tələb etmək hüququ vardır.

7.2. Bu Qaydaların 7.1-ci bəndinə müvafiq olaraq istifadə edilməyən gediş sənədinin (biletin) qaytarılmasının bütün hallarında gediş sənədləri (biletlər) və bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş aktlar daşıyıcıda qalır və pulun ödənilməsi üçün əsas hesab edilir. Sərnişinə baş tutmayan gedişin rekvizitləri göstərilən və geri qaytarılan məbləği əks etdirən qəbz verilir.

7.3. Ödəniş nağdsız edilməklə rəsmiləşdirilmiş gediş sənədlərinə (biletlərə) görə ödənilmiş pullar 7 (yeddi) iş günündən 30 (otuz) gün müddətində gediş sənədinə (biletə) görə pulu ödəmiş hüquqi və ya fiziki şəxsin bank hesabına qaytarılır.

8. Baqajın və yük-baqajın daşınmasından imtina edildikdə ödənilmiş məbləğin qaytarılması

8.1. Sərnişin və yükgöndərən tərəfindən müvafiq olaraq baqajın və yük-baqajın daşınması üçün nəzərdə tutulmuş sərnişin qatarının yola düşməsindən əvvəl daşınmadan imtina edildikdə, bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla baqaj və yük-baqaj göndərilmə stansiyasında təhvil verilir. Belə hallarda baqajın, yük-baqajın daşınmasına görə ödənilmiş məbləğ qaytarılmanın rəsmiləşdirilməsinə görə yığım tutulmaqla bilet kassasında qaytarılır.

8.2. Qatar yola düşənədək sərnişin və ya yükgöndərən baqajın, yük-baqajın daşınmasından imtina etdikdə, onların maneəsiz boşaldılması mümkün olmadıqda və belə hallar qatarın göndərilməsinin gecikdirilməsinə səbəb ola bildikdə, həmin baqaj, yük-baqaj boşaldılması mümkün olan ən yaxın stansiyayadək daşınır. Belə hallarda baqajın, yük-baqajın daşınmasına görə ödənilmiş daşıma haqqı geri qaytarılmır və baqaj, yük-baqaj geriyə gələn ilk sərnişin qatarı ilə əlavə haqq ödənilmədən göndərilmə stansiyasına qaytarılır.

8.3. Baqajın, yük-baqajın daşınmamasına görə məbləğ geri qaytarıldıqda ödəmə üçün əsas hesab edilən baqaj qəbzi, yük-baqaj qəbzi və müxtəlif yığım qəbzləri daşıyıcıda qalır.

9. Baqajın, yük-baqajın itməsi, əskik çıxması və zədələnməsi (xarab olması)

9.1. Baqajın və yük-baqajın itməsi, əskik çıxması və zədələnməsi (xarab olması) daşıyıcının təqsiri üzündən olduqda dəymiş ziyanın əvəzi daşıyıcı tərəfindən ödənilir.

9.2. Baqaj və yük-baqaj çatdırılma müddəti başa çatdıqdan sonra təyinat stansiyasına 10 (on) gün müddətində gəlmədikdə (dövlət orqanlarının qərarları ilə saxlanıldığı hallar istisna olmaqla) itirilmiş hesab edilir və onun dəyəri daşıyıcı tərəfindən ödənilir.

9.3. İtirilmiş hesab edilən baqaj, yük-baqajı təyinat stansiyasına çatdıqda onun sahibi daşıyıcıdan itirilən baqaja, yük-baqaja görə əvvəl aldığı məbləği gələn baqaja, yük-baqajına mütənasib qaydada geri qaytarılması şərti ilə təhvil almaq hüququna malikdir.

9.4. Baqajın və yük-baqajın itməsi, əskik çıxması və zədələnməsi (xarab olması) ilə bağlı məsələlərə dair tələblər daşıyıcı tərəfindən müəyyən edilir və onun internet saytında yerləşdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video