Qırmızı imperiyanın dağılması prosesi Cənubi Qafqazda sülhün və sabitliyin qarşıdurma və ərazi iddiaları ilə nəticələnməsinə səbəb oldu.
Bu mənfi prosesə təkan verən isə çar Rusiyasından və sovet dövründən miras qalan "Dağlıq Qarabağ problemi"nin yenidən qızışdırılması idi.
Həmin dövrdə Azərbaycana maymaqlar, qorxaqlar, təcrübəsizlər və səriştəsizlər rəhbərlik etdiyindən münaqişənin tarixini bilməyənlər "miatsum" çağırışları arxasındakı ərazi iddialarını, hadisələrin sonrakı inkişafını anlamadıqlarından lazımi addımlar ata, hadisələri qabaqlaya və düzgün siyasət yürüdərək zəruri tədbirlər də görə bilmədilər.
Nəticədə azərbaycanlılar beynəlxalq miqyasda özlərini "məzlum", "zavallı" millət kimi tanıdan ermənilərin hüquqlarını tapdalayan "vəhşi" xalq kimi təqdim olundu, ölkəmiz əvvəlcə siyasi-diplomatik, sonra isə hərbi məğlubiyyətə uğradılaraq 20 faizlik ərazisini itirdi, 20 min övladını şəhid verdi.
Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev hər işə yenidən başlamalı oldu.
Lakin dünya erməniliyi və Ermənistanı müdafiə edən dostları xaos və anarxiya burulğanında boğulan, bir dövlət kimi məhvolma həddinə çatdırılan Azərbaycanla istədikləri kimi davranırdılar:
* Beynəlxalq hüquq ayaqlar altında tapdalanır;
* BMT-nin Ermənistan hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı 4 qətnaməsi icra olunmur;
* ATƏT-in Minsk qrupu sülh danışıqları imitasiyası yaradaraq işğalı əbədiləşdirməyə çalışır;
* İqtisadi cəhətdən zəif, ordusuz və imkansız olan Azərbaycan isə hadisələrin gedişinə təsir edə bilmirdi.
Ulu Öndər Heydər Əliyev eyni vaxtda bir neçə istiqamətdə dayanmadan, yorulmadan, gecə-gündüz bilmədən mübarizə aparmalı oldu:
* Müharibədə atəşkəsə nail olaraq yeni ərazilərin işğalının qarşısını aldı;
* Qanunsuz silahlı dəstələri ləğv edərək əhalidəki külli miqdarda silah-sursatı yığdırdı;
* Ölkədə baş alıb gedən anarxiyaya, qanunsuzluqlara və özbaşınalıqlara birdəfəlik son qoydu;
* "Əsrin müqaviləsi"nin imzalanmasına nail olaraq Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını yaratdı;
* Yeni ordu quruculuğuna başladı və 1994-cü ilin yanvarında Horadiz qəsəbəsi də daxil 22 yaşayış məntəqəsini işğaldan azad etdi;
* Ən nəhayət, Azərbaycanı gələcək uğur və nailiyyətlərə çatdıracaq siyasi kursu müəyyənləşdirərək əbədiyyətə qovuşdu.
Azərbaycanın inkişafında yeni mərhələ - İlham Əliyev dövrü başlasa da, Cənubi Qafqaz bölgəsində sülh, sabitlik və əməkdaşlıq çağının başlamasına zaman lazım idi.
***
İlham Əliyevin prezidentliyə başladığı günlərdə ölkə qarşısında bir çox həlli vacib problem vardı:
* Regionların sosial-iqtisadi inkişafı və sahibkarlığın dəstəklənməsi;
* Məcburi köçkünlərin mənzil-məişət şəraitinin və dolanışığının yaxşılaşdırılması;
* Bölgələrin fasiləsiz elektrik enerjisi və təbii qazla təminatı;
* Yeni iş yerlərinin açılması;
* Əhali arasında yoxsulluğun aşağı salınması;
* Transmilli layihələrin reallaşdırılması və s.
Ən əsas məsələ isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqların işğaldan azad olunaraq ərazi bütövlüyünün bərpası idi.
Cənab İlham Əliyev dəfələrlə bildirmişdi ki, Azərbaycan heç zaman işğalla barışmayacaq, bir qarış torpağını belə düşmənə güzəştə getməyəcək, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəkdir!
Sülh danışıqları aparılmaqla yanaşı, güclü ordu quruculuğuna da böyük diqqət yetirilirdi.
Bütövlükdə bu vəzifələrin icrası külli miqdarda vəsait və zaman tələb edirdi.
Avropa ilə Asiya arasında yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan böyük İpək yolunun bərpası barədə də düşünür, bununla bağlı müxtəlif transmilli layihələrin reallaşdırılmasını nəzərdə tuturdu.
İlham Əliyev çox böyük uzaqgörənlik və təmkinlə, yorulmadan və dayanmadan qarşıda duran problemləri məharətlə və əlaqəli şəkildə həll etməyi bacardı.
Müharibə vəziyyətində olan, atəşkəs rejimi müntəzəm pozulan, sülh danışıqları dalana dirənən bir ölkə üçün bütün bunlar bir o qədər də asan deyildi.
Amma cənab İlham Əliyev bütün istəklərinə nail oldu:
* Tarixinin ən qüdrətli Azərbaycanını yaratdı;
* Öz imkanları hesabına dünyaya fayda gətirəcək transmilli layihələrin icrasını başa çatdırdı;
* Ökeana çıxışı olmayan Azərbaycanı logistika mərkəzinə çevirdi;
* İşsizliyi və yoxsulluğu 4-5 faiz səviyyəsinə endirdi;
* 44 gün ərzində Ermənistan ordusunu məhv edərək Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin və konstitusiya əsaslarının bərpasına nail oldu.
Eyni zamanda:
* Avropanın təbii qazla təchizatında mühüm rolu olan Azərbaycanı bu gün "yaşıl enerji" istehsalçısına və tədarükçüsünə çevirir;
* Qarabağda və Şərqi Zəngəzurda görünməmiş sürətlə bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər yurd-yuvalarına qaytarılır.
Bütün bu uğur və nailiyyətlərin sayəsində Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə və söz sahibinə çevrilib!
Azərbaycanın razılığı və iştirakı olmadan heç bir layihə reallaşdırıla bilməz!
Kimsə də bölgəyə burun soxaraq burada ağalıq etmək niyyətinə düşməsin!
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirərək, Orta dəhlizi işə salaraq iştirakçı dövlətlərin qarşılıqlı maraqlarını təmin etmək hədəfini uğurla gerçəkləşdirməkdədir!
Cənab İlham Əliyevin bu istəyinə çatacağı da zərrə qədər şübhə doğurmur!
***
Hadisələrin gedişi göstərir ki, Cənubi Qafqaza müdaxilə etmək, Ermənistanı silahlandıraraq yenidən müharibə ocağı qalamaq, Orta dəhlizə nəzarəti ələ keçirərək öz iradəsini diktə etmək fikrinə düşənlər də var.
Amma beyinlərində köhnə ab-hava olduğundan baş verən dəyişiklikləri görmürlər.
Bəlkə də görmək istəmirlər.
Yeniliklər isə həm əsaslıdır, həm də çox!
Dəfələrlə sübuta yetmiş həqiqət budur ki, güc sözlə deyil, əməllə ölçülür!
Azərbaycan isə bütün sahələrdə öz gücünü əməli ilə göstərmişdir!
SİYASİ SAHƏDƏ:
* İlham Əliyev Azərbaycanı müstəqil, milli maraqları təmin edən siyasət yürüdür, bərabərhüquqlu və qarşılıqlı mənafeləri təmin edən əməkdaşlıq qurur.
İQTİSADİ SAHƏDƏ:
* Azərbaycan iqtisadi cəhətdən kimsədən asılı olmayan, beynəlxalq transmilli layihələri belə öz imkanları hesabına maliyyələşdirən, dövlət borcu ÜDM-in 7 faizi həcmində olan, davamlı və sürətli inkişaf edən müstəqil dövlətdir.
ƏMƏKDAŞLIQ SAHƏSİNDƏ:
* BTC bu gün də uğurla fəaliyyət göstərir;
* Prezident İlham Əliyevin uzaqgörənliyi və hadisələri qabaqlamaq məharəti sayəsində "Cənub qaz dəhlizi" kimi meqalayihə araya-ərsəyə gəlmişdir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ın birləşməsindən yaranan bu nəhəng dəhliz hazırda 8-i Avropa İttifaqına üzv, ikisi digər Avropa dövləti olmaqla 12 ölkəyə Azərbaycan qazının ixracını təmin edir və hər il ötürülən qazın həcmini artırır.
Azərbaycan həmin ölkələrlə həm də strateji tərəfdaşlıq müqaviləsi imzalamışdır.
BEYNƏLXALQ QURUMLARLA İŞ:
* Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilərək 2012-2013-cü illərdə onun iclaslarına sədrlik etdi, bu dövrdə bir sıra faydalı təkliflər və təşəbbüslər irəli sürdü;
* Qoşulmama Hərəkatına uğurla rəhbərliyi sayəsində özünə xeyli dost qazandı, quruma rəhbərliyi dörd ilədək uzadıldı.
COP29-u uğurla keçirən ölkəmiz bir sıra nailiyyətlərə imza atdı:
* Maliyyələşməni 100 milyard ABŞ dollarından 300 milyarda qaldırdı;
* Karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə edildi, halbuki son on ildə bu mümkün olmamışdı;
* Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadı.
DİPLOMATİYA SAHƏSİNDƏ:
* İlham Əliyevin yüksək peşəkarlıqla müşahidə olunan uğurlu diplomatiyası sahəsində Azərbaycan dünya birliyində özünəməxsus yeri, yüksək siyasi nüfuzu olan dövlətə çevrilmişdir;
* Ölkəmiz və onun rəhbəri dünyada keçirilən bütün yüksəksəviyyəli tədbirlərə dəvət olunur, orada maraqlı çıxışlar edir, səmərəli təşəbbüs və təklifləri ilə yadda qalır;
* TDT-nın yaranmasında, səmərəli fəaliyyətinin artırılmasında Azərbaycanın xüsusi xidmətləri vardır;
* Azərbaycan D-8-in yeni üzvü kimi inamla addımlayır, bu təşkilatların səmərəli fəaliyyətlərinə dəyərli töhfələrini verir.
HƏRBİ SAHƏDƏ:
* 44 günlük Zəfər müharibəsi Azərbaycanın hərbi gücünü bütün dünyaya nümayiş etdirdi;
* Azərbaycan XXI əsrin müharibələr tarixində yeni səhifə açdı;
* Ən yeni strategiya və taktika tətbiq edərək nümunəvi müharibə apardı və onun təcrübəsi bu gün bir sıra dövlətlərin hərbi məktəblərində öyrənilir;
* Azərbaycan ləyaqətli müharibə apardı, öz qisasını döyüş meydanında aldı, mülki əhaliyə heç bir xətər yetirmədi;
* Azərbaycan Ordusu döyüş meydanında uğurla sınaqdan çıxmış müasir ordudur.
Bütün bunlar Azərbaycanı özünə əmin və arxayın edir, ölkəmiz heç bir təhdiddən çəkinmir, milli maraqlarını qorumağı bacarır, Azərbaycan Prezidenti İlham Əliyev isə daim dediyinə əməl edir!
***
Cənubi Qafqazda sabitliyi pozmaq, sülh və əməkdaşlığa ziyan vurmaq niyyətində olanlar da var!
Bunlardan biri və birincisi Ermənistandır.
"Böyük Ermənistan" xülyasına düşən haylar uzun müddət sabitliyi pozdular, özgə ərazilərini işğal edərək böyük dağıntılar törətdilər, insan itkilərinə səbəb oldular.
Sonda ən böyük zərbə də Ermənistanın özünə dəydi!
44 günlük Zəfər müharibəsində orduları darmadağın edildi, ciddi tələfat verdilər, özgə torpaqlarından qovularaq miskin günə düşdülər.
30 ildən çoxdur dalan vəziyyətində qalıblar, əhalisi dilənçi günündə yaşayaraq ölkəni tərk edir, indi isə "real Ermənistanı" itirmək təhlükəsini yaşayırlar.
Nə qədər ki, Azərbaycanın şərtlərinə əməl edərək sülh müqaviləsini imzalamayıblar, nə xoş gün görəcək, nə dalandan qurtulacaq, nə də əlaltı ölkə vəziyyətindən çıxacaqlar!
Həm də tələsməlidirlər və bir də unutmamalıdırlar ki, "dəmir yumruq" hazır vəziyyətdədir.
***
Ermənistanın "böyük bacısı" Fransa Cənubi Qafqazdan çox uzaqda yerləşsə də, murdar əməllərindən əl çəkmir, ermənidən betər ermənilik edir.
Azərbaycanla açıq düşmənçilik edən, Ermənistanı sürətlə öldürücü silahlarla silahlandıran Fransa "kiçik bacısı"nı fəlakətə sürüməsinin fərqində deyil!
Hazırda ciddi böhran yaşayan, ABŞ-nin rüsum tətbiqindən mürəkkəb duruma düşərək vurnuxan Avropa İttifaqı da başını tamam itirib.
Bir zamanlar sülh danışıqlarında tərəf tutduğuna görə moderatorluğu Azərbaycan Prezidenti tərəfindən rədd edildi.
Özünün "sülh fondu"ndan müharibə edən tərəflərdən birinə - Ermənistana yardım göstərməyi ədalətsiz hesab olunduğundan Macarıstan tərəfindən bloklandı.
Lakin hələ də səhvlərindən nəticə çıxarmır və qəribə davranışlarına son qoymur.
ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı cənab İlham Əliyev Avropa İttifaqının qəribəliklərinə diqqət çəkərək onun liderlərinin davranışlarına münasibətini açıq şəkildə bildirdi:
"Səmimi desəm, mən xanım Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən şərhlərdən xəbər alanda təəccübləndim. O, orada özlərinin Avropanın "qlobal qapısı" adlandırdıqları Orta dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına toxunub. Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt limanı - bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır".
***
ABŞ də Bayden dövründə bir neçə il Cənubi Qafqazda yanlış mövqe sərgilədi, erməni diasporunun tapşırıqlarının icraçısına çevrildi.
Ermənistanla birgə hərbi təlimlər keçirildi, hərbi mütəxəssisləri bu ölkənin müdafiə nazirliyində fəaliyyətə başladı, hətta iş o yerə çatdı ki, yeni seçilmiş Prezident Trampın öz səlahiyyətlərinin icrasına başlamasına cəmi 5 gün qalmış Vaşinqtonda Dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri ilə tez-tələsik strateji tərəfdaşlıq barədə bəyannamə imzaladılar.
Halbuki ABŞ-dəki prezident seçkilərində Avropa İttifaqı və erməni diasporu Trampı deyil, Baydeni dəstəkləmişdilər!
Tramp onun əleyhinə gedən diasporun müdafiə etdiyi dövlətlə strateji tərəfdaş olarmı?!
Şübhəsiz ki, yox!
Əslində, ABŞ-nin milli maraqları Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları və müharibədə zəfər çalmış güclü ordusu olan Azərbaycanla əməkdaşlığı üstün tutmağı tələb edir.
Azərbaycan ABŞ-nin yeni administrasiyası ilə səmərəli və məhsuldar əməkdaşlıq qurulacağına ümid bəsləyir.
***
Uzun illərdir regionda dostluq və əməkdaşlıq edən ölkələr də mövcuddur.
Türkiyə və Gürcüstan!
Qardaş Türkiyə daim Azərbaycanın yanında olub!
Bu gün də bizimlədir!
Həm də Şuşa Bəyannaməsinə sadiq strateji müttəfiq kimi!
Gürcüstan isə uzun illərin əməkdaşlığından sonra bu gün Azərbaycana daha da yaxınlaşıb.
* Çünki görür ki, ona ən yaxın dost və faydalı tərəfdaş Azərbaycandır!
* Çünki görür ki, Azərbaycan ən ağır günlərində ona dəstək verir, bütün çətinlik və problemlərinin həllində əlindən gələni əsirgəmir!
* Çünki görür ki, Azərbaycanla dostluq və əməkdaşlıq daim ona fayda gətirir, onun xain qəsdlərdən qurtarmasına imkan yaradır.
Avropa İttifaqına üzvlüklə bağlı Gürcüstanın aldadılması və başına açılan oyunlar az qala gürcü xalqını milli və ənənəvi dəyərlərdən məhrum edərək əlaltı dövlətə çevirəcəkdi.
Baş verən bütün təlatümlü hadisələrdən sonra bu gün Gürcüstan rəhbərliyi kimin kim olduğunu yaxşı anlayır.
2024-cü ilin parlament seçkilərindən sonra Gürcüstanın Baş naziri postunu tutan İ.Kobaxidze ilk səfərini Azərbaycana etmişdir və Nazirlər Kabinetinə rəhbərliyi dövründə cənab İlham Əliyevlə dörd dəfə görüşmüşdür.
Gürcüstanın yeni Prezidenti M.Kavelaşvili də ilk səfərini Azərbaycana etmişdir.
Ötən dövrdə Azərbaycan və Gürcüstan bir çox önəmli layihəni icra ediblər və həmin layihələr təkcə hər iki ölkənin xalqları üçün deyil, daha geniş coğrafiyada böyük önəm daşıyır.
***
Yeni dünya düzəninin formalaşması prosesini diqqətlə izləyən Azərbaycan artıq yeni düzəndə öz yerini və əməkdaşlıq edəcəyi dövlətləri də müəyyənləşdirib.
Çin Orta dəhlizə böyük maraq göstərir.
Azərbaycan isə ilk günlərdən Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəkləyir.
Bərabərhüquqlu əməkdaşlığa və qarşılıqlı maraqların təmininə əsaslanan Azərbaycan-Çin əlaqələri günü-gündən inkişaf edərək daha da möhkəmlənir.
***
XX əsrin sonu - XXI əsrin əvvəllərində Ermənistanın təqsiri üzündən Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir.
Ermənistanın dəstəkçiləri və müdafiəçiləri "parçala, hökm sür" siyasətini davam etdirərək münaqişənin birdəfəlik həllinə imkan vermirdilər.
Azərbaycan bu missiyanı "dəmir yumruğ"u ilə əbədilik həll etdi!
Bu gün Ermənistanı revanşa təhrik edənlər, yeni müharibəyə hazırlayanlar nə qədər çalışsalar da, məqsədlərinə nail ola bilməyəcəklər.
Çünki Ermənistan Cənubi Qafqazda təklənmiş vəziyyətdədir.
Üstəlik, Azərbaycanın razılığı olmadan heç bir layihəni gerçəkləşdirmək iqtidarında deyil.
Paşinyanın uzun müddət bəh-bəhlə təriflədiyi "Sülhün kəsişməsi" layihəsi də boşa çıxdı.
Avropa İttifaqını "sağmal inək" və xilas yolu hesab edən Ermənistanın baş naziri Ukrayna və qonşu Gürcüstanın başına gələnlərdən nəticə çıxarmağı bacarmalıdır.
Əks halda çox istəməklə azdan da məhrum olacaqdır.
Seçim vaxtı sürətlə tükənir.
Ya Azərbaycanın şərtlərinə əməl edərək sülh müqaviləsini imzalamalı, sürətlə silahlanmadan, revanşist niyyətlərdən əl çəkməli, ya da indiyədək başına gələnlərdən daha artığına düçar olacağını gözaltına almalıdır.
Azərbaycan Prezidenti Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini istəyir!
İlham Əliyev bunu istəyirsə, demək, belə də olacaqdır!
Ya xoşluqla, ya da "dəmir yumruq"la!
Bəxtiyar SADIQOV