21 May 2025 18:10
1351
Səfərlər
A- A+
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB - 4 

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB - 4 

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Macarıstanın Baş naziri Viktor Orban dövlətimizin başçısını qarşıladı.

Əvvəlcə birgə foto çəkdirildi.

Sonra Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü işə başladı.

Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün əhəmiyyətinə toxundu. O, Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq dedi: “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik.

Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də Prezident Əliyevə təşəkkür etmək istəyirəm. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov çıxışında tədbirin yüksək səviyyədə təşkilinə görə Macarıstan tərəfinə minnətdarlığını ifadə etdi.

Qırğız Respublikasının Macarıstanın Türk Dövlətləri Təşkilatına töhfələrini yüksək qiymətləndirdiyini vurğulayan Sadır Japarov bildirdi: “Biz keçən il rəsmi şəkildə təsis olunmuş Türk İnvestisiya Fondunun tezliklə layihə fəaliyyətlərinə başlayacağını gözləyirik və bu, irəliyə atılmış mühüm addımdır. Bu Fond ticarət, logistika, infrastruktur, rəqəmsal iqtisadiyyat, energetika, sənaye, turizm və sahibkarlıq kimi milli prioritetlərin dəstəklənməsi üçün mühüm mexanizm kimi xidmət edəcək. Müsbət təcrübənin əyani nümunəsi olaraq mən Qırğızıstanda fəaliyyət göstərən Qırğız-Azərbaycan, Qırğız-Özbək və Qırğız-Macar inkişaf fondlarının uğurlu nəticələrini məmnunluqla qeyd edə bilərəm”.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli cənab Baş nazir.

Hörmətli dövlət başçıları.

İlk növbədə, qonaqpərvərliyə görə Baş nazir Viktor Orbana təşəkkürümü bildirirəm.

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.

Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.

Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm.

Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm.

Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.

Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.

Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.

Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.

Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.

Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

Hörmətli həmkarlar, bildiyiniz kimi, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq.

Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir.

Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.

Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.

COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur.

COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.

Çıxışımın sonunda Macarıstanı qeyri-rəsmi Zirvə görüşünün uğurlu təşkilinə görə təbrik edir, Türk Dövlətləri Təşkilatının fəaliyyətinə uğurlar arzulayıram.

Sağ olun.

X X X

Daha sonra çıxış edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev diqqətə çatdırdı ki, belə Zirvə görüşləri çağırışlarla bağlı addımların atılması üçün mühüm əhəmiyyətə malikdir.

Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə təşkilat daxilində əməkdaşlığın əhəmiyyətinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayan Qazaxıstan Prezidenti qeyd etdi: “Bütövlüyümüzü gücləndirmək üçün türk xalqlarının birliyini və həmrəyliyini möhkəmləndirmək vacibdir. Qazaxıstan bununla bağlı bir sıra tədbirlər görüb, xüsusilə Naxçıvan Sazişinə düzəlişlərə dair protokolu ratifikasiya edib, Türk Dövlətləri Təşkilatına daimi nümayəndəsini təyin edib. Biz yaxın gələcəkdə daimi nümayəndəliyi açmağı planlaşdırırıq. Hazırkı vəziyyətdə enerji sektorunda əməkdaşlığa diqqət yetirmək vacibdir. Neft, qaz və uranın təchizat zəncirini şaxələndirmək üçün Təşkilatın potensialından istifadə etməyə ehtiyacımız var. Bununla əlaqədar, Qazaxıstandan Avropaya qaz ixracını artırmaq təşəbbüsünü dəstəklədiyinə görə mən Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istərdim. Səylərimizin Türkiyə və Macarıstan tərəfindən alqışlanmasını və dəstəklənməsini yüksək qiymətləndiririk. Bundan əlavə, rəqəmsallaşma və informasiya texnologiyaları sahələrində əməkdaşlığın perspektivləri olduqca ümidvericidir. Bu il Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsinə dair mühüm birgə layihəyə start verdilər. Bu layihə dövlətlərimiz arasında rəqəmsal bağlantını əhəmiyyətli dərəcədə genişləndirəcək və regional inteqrasiyanın gücləndirilməsinə xidmət edəcək. Bu cür təşəbbüslər məlumatların təhlükəsiz mübadiləsinə imkan verməklə Avrasiyada yeni rəqəmsal dəhlizin yaradılmasına yol açır”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq dedi: “Dünyamız üçün strateji əhəmiyyətə malik Qafqaz bölgəsində yaşanan prosesləri diqqətlə izləyirik. Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə, bu vəziyyət heç şübhəsiz ki, Türk dünyamız üçün bir çox fürsətlər yaradacaq. Bu baxımdan Müzəffər Prezident, əziz Qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək Lider olaraq adını tarixə yazdıracağına əminəm”.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də Zirvə görüşündə çıxış edərək bildirdi: “Məlum olduğu kimi, ötən il biz Türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıqla bağlı razılaşmanın işlənib hazırlanmasını təklif etdik. Bu gün bu sənədin əhəmiyyəti və aktuallığı daha da artır. Şübhəsiz ki, bu razılaşma xalqlarımızı bir-birinə yaxınlaşdırmağa töhfə verəcək və bizim çoxşaxəli əməkdaşlığımız üçün uzunmüddətli hüquqi bünövrə rolunu oynayacaq. Mən bu sənədin qarşıdan gələn Bakı Sammitində imzalanmasını təklif edirəm. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY dövlətlərimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafında xüsusi yerə malikdir. Hesab edirəm ki, bu sahədəki səylərimizi yeni səviyyəyə qaldırmaq və TÜRKSOY-un nüfuzunu daha da artırmaq üçün onun fəaliyyətini və strukturunu müasir tələblərə uyğun şəkildə təkmilləşdirmək lazımdır. Hesab edirəm ki, bununla əlaqədar xarici işlər və mədəniyyət nazirlərimizə buna dair təklifləri Bakı Sammiti üçün hazırlamaqla bağlı tapşırıq vermək məqsədəuyğun olar.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə Təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafından danışaraq dedi: “2025-ci ildə Bakıda gömrük orqanları rəhbərlərinin toplantısında “eTIR” sisteminin tətbiqinə və sadələşdirilmiş gömrük dəhlizi sazişlərinin texniki müddəalarına dair fəaliyyət planı qəbul edildi. Kosmik sektorda əməkdaşlığımız inkişaf edir. Bakıda keçirilmiş 4-cü görüşdə üzv ölkələr “CubeSat” layihəsini 2025-ci ilin sentyabrınadək tamamlamaqla bağlı razılığa gəldilər. Ümidvaram ki, bizim birgə peykimiz bu ilin sonunadək orbitə buraxılacaq.

Eyni zamanda, Türk kimliyi layihəsinə başlanılır. Bu, vətəndaşlara öz milli şəxsiyyət vəsiqələri ilə üzv ölkələrə səfər etməyə imkan verəcək. Türkiyə və Azərbaycan bu layihəni həyata keçirib. İndi biz bunu Mərkəzi Asiya regionunda tətbiq etməliyik. Həmçinin Şuşa Sammitində və TDT Katibliyinin büdcə və heyətinin artırılmasına dair işçi qrupun təklifi Bişkekdəki 11-ci Sammitdə razılaşdırılmışdır. Bu təklif üzv ölkələrin qarşıya qoyduqları vəzifələrin çoxalması ilə əlaqədar gələcək illərdə büdcənin əhəmiyyətli dərəcədə artırılması ilə bağlıdır. Bu təkliflərə əsaslanaraq dövlət başçılarına müvafiq tapşırıqlar verilib və bunlar da bu gün qəbul olunacaq Budapeşt Bəyannaməsində öz əksini tapacaq”.

X X X

Sonra Zirvə görüşündə sənədlər imzalandı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Cənubi Çin dənizindəki təyyarədaşıyanı Yaxın Şərq sularına göndərib

11:47
16 İyun

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb  

11:17
16 İyun

Hidrometeorologiya Xidməti: Qeyri-sabit hava şəraiti iyunun 18-i gündüzədək davam edəcək  

10:23
16 İyun

Hidrometeorologiya Xidməti: Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb  

10:15
16 İyun

Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur

09:31
16 İyun

Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub  

09:11
16 İyun

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub  

01:01
16 İyun

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

00:17
16 İyun

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir  

22:46
15 İyun

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

22:29
15 İyun

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb  

21:39
15 İyun

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

21:33
15 İyun

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm  

21:19
15 İyun

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

21:06
15 İyun

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib  

20:50
15 İyun

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram  

20:48
15 İyun

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib  

20:26
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib  

20:13
15 İyun

İranda 2 nəfər casus ələ keçirilib

19:47
15 İyun

Roma Papası dünyada sülh üçün çağırış edib  

19:35
15 İyun

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb  

19:26
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!