Mayın 30-da Qax şəhərindəki “İçəribazar” kompleksində Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman, Təhsil və Mədəniyyət idarələri, Şəki Regional Turizm İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb Regional Bölməsinin tərəfdaşlığı çərçivəsində “Oxu, Qax” devizi ilə Birinci Qax Kitab Sərgisi başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək kitab sərgisində müxtəlif nəşriyyatların kitab stendləri, yeni kitab təqdimatları, kitab satışı və tanınmış yazıçıların imza saatları, uşaqlar üçün nağıl saatı, interaktiv və maarifləndirici oyunlar, animator şouları, uşaq və ailə zonası, rəsm guşəsi, həmçinin konsert proqramları təşkil olunacaq.
Tədbirdə iştirak edən təşkilatçı və tərəfdaş qurumların nümayəndələri, kitabsevərlər, şəhərin qonaqları əvvəlcə “İçəribazar” kompleksinin ərazisində ölkəmizin tanınmış nəşriyyatlarının kitab stendləri ilə tanış olub, şair və yazıçılarla söhbət edib, endirimli qiymətlərlə arzuladıqları kitabları alıblar.
Rəsmi açılış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadiq, kitab sərgisinin təşkilatçısı Veysəl Məmmədov və tərəfdaş qurumların rəhbərləri çıxış edərək, bilik mənbəyi olan kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, beş ildir fəaliyyət göstərən ANAİB tərəfindən indiyədək respublikamızın 30-dək şəhər və rayonunda belə kitab sərgiləri təşkil olunub. Qax kitab sərgisində 30-dan çox nəşriyyat öz çap məhsullarını nümayiş etdirir, 10 yazıçı iştirak edir. Sərginin hər il keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, kitab oxucunu ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən sonsuz məlumat mənbəyi, sirli bir xəzinə, xalqın milli sərvətidir. Kitab xalqın formalaşmasında, intellektinin, mədəniyyətinin yüksəlməsində əvəzsiz rol oynayır.
Çıxış edənlər mədəniyyətimizin hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyevin bütün həyatının kitabla bağlı olduğunu vurğulayıblar.
Tədbir konsert proqramı ilə davam edib.
“Oxu, Qax” Birinci Qax kitab sərgisinin təşkilatçısı, “Libra Kitab” uşaq kitabları nəşriyyatının direktoru, ANAİB İdarə Heyətinin üzvü Veysəl Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Biz ənənəvi olaraq bölgələrdə kitab sərgiləri keçiririk. İndiyədək Lənkəran, Quba, Gəncə və digər bölgələrdə belə sərgilər təşkil edilib. Bugünkü sərgidə 30-dək nəşriyyatın stendlərində 5 mindən çox kitab nümayiş olunur, eyni zamanda, kitabların satışı həyata keçirilir. Kitablar sərgi iştirakçılarına 30-50 faizədək güzəştli qiymətlərlə təklif olunur. Əsas məqsədimiz bölgələrə kitabsevərləri maraqlandıran kitabları çatdırmaqdır”.