14 Avqust 2025 20:20
600
İQTİSADİYYAT
A- A+
BMT Baş katibinin müşaviri: Azərbaycanın bərpaolunan enerji potensialı strateji əhəmiyyət qazanır – MÜSAHİBƏ 

BMT Baş katibinin müşaviri: Azərbaycanın bərpaolunan enerji potensialı strateji əhəmiyyət qazanır – MÜSAHİBƏ 


AZƏRTAC amerikalı iqtisadçı, Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf üzrə professoru, Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru, BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin prezidenti, Kolumbiya Universitetinin Yer İnstitutunun (Earth Institute) keçmiş direktoru, BMT Baş Katibinin Dayanıqlı İnkişaf Hədəfləri üzrə xüsusi müşaviri Cefri Saks ilə müsahibəni təqdim edir.


— Cənubi Qafqazın, xüsusilə Azərbaycanın iqtisadi potensialını qlobal dayanıqlı inkişaf kontekstində necə qiymətləndirirsiniz?

— Cənubi Qafqazın, xüsusilə Azərbaycanın qlobal dayanıqlı inkişaf kontekstində iqtisadi potensialı əhəmiyyətlidir. Region uzunmüddətli iqtisadi artıma nail olmaq üçün üç əsas istiqamətə diqqət yetirməlidir: qabaqcıl bacarıqların və texniki təhsilin inkişafı, mineral ehtiyatlar, enerji resursları, kənd təsərrüfatı kimi təbii sərvətlərdən dayanıqlı şəkildə istifadə olunması, nəhayət Asiya, Avropa və Yaxın Şərqi birləşdirən strateji coğrafi mövqeyindən nəqliyyat, rəqəmsal xidmətlər, logistika və turizm kimi sahələrdə faydalanmaq. Bu potensialın tam reallaşdırılması üçün Cənubi Qafqazın üç dövləti bir-biri ilə sıx əməkdaşlıq etməlidir. Regional əməkdaşlığın gücləndirilməsi yalnız milli inkişaf məqsədlərinin gerçəkləşməsi üçün deyil, həm də regionun qlobal dayanıqlılıq hədəflərinə töhfəsini artırmağa xidmət edəcək.

— Sizin fikrinizcə, Azərbaycan enerji resurslarından dayanıqlı və şaxələndirilmiş inkişafı təmin etmək üçün hansı istiqamətdən daha səmərəli istifadə edə bilər?

— Azərbaycan Cənubi Qafqazın digər ölkələri ilə birlikdə 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olunmasına yönəlmiş kompleks strategiyanın hazırlanmasına çalışmalıdır. Bu strategiya üçün karbonun tutulması və saxlanması, hidroenergetika, günəş və külək enerjisi kimi əsas sahələrə diqqət yetirməlidir. Cənubi Qafqaz regionu sıfır emissiyalı enerji istehsalı baxımından böyük potensiala malikdir, lakin bu potensialın reallaşdırılması üçün ciddi sərmayələr və yaxşı əlaqələndirilmiş yanaşma tələb olunur. Belə bir strategiyanın yalnız milli səviyyədə deyil, məhz regional səviyyədə hazırlanıb həyata keçirilməsi vacibdir ki, bu da onun effektivliyini və təsirini maksimum dərəcədə artırar. Regional əməkdaşlıq vasitəsilə ölkələr texnologiyaları, bilikləri və infrastruktur imkanlarını birgə istifadə edə bilər. Bu isə dayanıqlı enerji gələcəyinə keçidi sürətləndirəcək.

— Beynəlxalq iqtisadi institutlar Cənubi Qafqazın dayanıqlı inkişafına dəstək göstərməkdə hansı rolu oynaya bilər?

— Cənubi Qafqazın qarşısında duran əsas məsələ Ukraynada baş verənlərə bənzər geosiyasi münaqişələrə cəlb olunmaq təhlükəsindən qaçmaqdır. Çünki belə münaqişələr region üçün fəlakətli nəticələrə səbəb ola bilər. Regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün Cənubi Qafqaz ölkələri neytrallıq siyasəti yürütməli, regional inteqrasiyanı gücləndirməyə çalışmalı və Rusiya, Türkiyə, İran və Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün əsas regional güclərlə yaxşı münasibətlər qurmalıdır. Avropa İttifaqı ilə müsbət münasibətlərin saxlanılması şübhəsiz faydalıdır, lakin Azərbaycanın və ya regionun digər ölkələrinin Avropa İttifaqına (Aİ-yə) üzv olmağa can atması məqsədəuyğun olmazdı. Belə bir addım regional və qlobal gərginliyin artmasına səbəb ola bilər və regionun Şərq–Qərb və Şimal–Cənub dəhlizləri kimi unikal mövqeyini zəiflədə bilər. Beynəlxalq iqtisadi institutlar infrastrukturların inkişafını dəstəkləyərək, maraqlı tərəflər arasında dialoqu təşviq edərək, həmçinin maliyyə və texniki yardım göstərərək konstruktiv rol oynaya bilər. Onların iştirakı rəqabəti deyil, əməkdaşlığı təşviq etməli, Cənubi Qafqazın mürəkkəb geosiyasi mühitdə sabit və firavan bir mərkəz olaraq qalmasına kömək etməlidir.

— Azərbaycanın Avropanın uzunmüddətli enerji təhlükəsizliyində rolunu necə qiymətləndirirsiniz?

— Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə yaşıl enerji və yaşıl hidrogen ixracı vasitəsilə mütləq töhfə verə bilər. Aİ karbonsuzlaşdırma və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində səylərini artırdıqca, Azərbaycanın bərpaolunan enerji sahəsində potensialı strateji əhəmiyyət qazanır. Ölkənin günəş və külək resurslarına çıxışı, mövcud enerji infrastrukturu və ixrac dəhlizləri ilə birlikdə Avropanın təmiz enerjiyə artan tələbatını ödəməkdə əlverişli mövqe tutmasına imkan verir. Azərbaycan bərpaolunan enerji və hidrogen istehsalı sahəsində irimiqyaslı layihələrə investisiya qoymaqla etibarlı və davamlı enerji tərəfdaşı ola bilər.

Bundan əlavə, regional əməkdaşlıq və Avropa texniki standartlarına uyğunluq inteqrasiyanı gücləndirəcək və enerji ticarətində uzunmüddətli sabitliyi təmin edəcək.

— Azərbaycan, xüsusilə yeni logistika marşrutları kontekstində, Avropa ilə Asiya arasında əsas körpülərdən biri ola bilərmi? Mövcud geosiyasi vəziyyət fonunda Orta Dəhlizin əhəmiyyətini necə qiymətləndirirsiniz?

— Orta Dəhliz böyük potensiala malikdir və Cənubi Qafqazın iqtisadi gələcəyi üçün kritik əhəmiyyət daşıyır. Ermənistan, Azərbaycan və Gürcüstan bu strateji marşrutun bütün imkanlarını ortaya çıxarmaq üçün fəal və birlikdə çalışmalıdır. İnfrastrukturun gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və nəqliyyat siyasətinin əlaqələndirilməsi sayəsində bu üç ölkə Avrasiyanın əlaqəliliyini xeyli artıra bilər. Onlar yalnız Çinin “Bir kəmər, bir yol” təşəbbüsü və Avropa İttifaqının “Qlobal Qapılar” proqramı ilə deyil, həm də əsas regional güclər və Mərkəzi Asiyanın beş ölkəsi ilə əməkdaşlıq etməyə çalışmalıdır. Belə əməkdaşlıq Cənubi Qafqazın qlobal ticarət şəbəkələrində stabil və əsas zəncir kimi mövqeyini möhkəmləndirməyə imkan verəcək, xüsusilə də geosiyasi gərginliyin ənənəvi nəqliyyat marşrutlarını dəyişdirdiyi indiki şəraitdə. Orta Dəhlizin uğurlu inkişafı uzunmüddətli iqtisadi faydalar gətirəcək və regional sabitliyin güclənməsinə töhfə verəcək.

— Cənubi Qafqaz ölkələrinin iqlim dəyişikliyi və ekoloji davamlılıq sahəsində qarşılaşdıqları əsas çağırışlar hansılardır?

-Qlobal enerji keçidi əhəmiyyətli dərəcədə sürətləndirilməzsə iqlim dəyişikliyi Cənubi Qafqaz ölkələri üçün çox yüksək qiymətə başa gələcək. Region artıq su çatışmazlığı, məhsul itkisi, daşqınlar, quraqlıqlar, meşə yanğınları və sürüşmələr kimi ciddi ekoloji fəsadlarla üzləşir ki, bunların hamısı insan fəaliyyəti ilə əlaqədar iqlim dəyişikliklərinin nəticəsidir. Bu çağırışlar bölgədə ərzaq təhlükəsizliyi, ictimai sağlamlıq və iqtisadi sabitliyə ciddi təhdid yaradır. Buna cavab olaraq, Cənubi Qafqaza təcili uzunmüddətli perspektivdə iqlim dəyişikliyinə qarşı davamlılığı təmin edən güclü və yaxşı əlaqələndirilmiş adaptasiya strategiyası lazımdır. Bu strategiya su ehtiyatlarının davamlı idarə olunması, iqlimə uyğun aqrar sektor və erkən xəbərdarlıq sistemlərinə investisiyaları əhatə etməlidir ki, həssaslıq azaldılsın və yaşayış mənbələri qorunsun.

Qlobal iqtisadi inteqrasiya beş əsas strategiya üzərində qurulmalıdır.

Birincisi, Ermənistan, Azərbaycan və Gürcüstan arasında möhkəm regional inteqrasiyanın təmin olunması vacibdir, çünki bu, daha geniş əlaqəlilik və əməkdaşlığın əsasını təşkil edir. İkincisi, bütün qonşu ölkələrlə yaxşı münasibətlərin qorunması iqtisadi sabitlik və bazarlara, tranzit marşrutlarına açıq çıxış üçün həlledici əhəmiyyət daşıyır. Üçüncüsü, region XXI əsrin infrastrukturlarına — yüksəksürətli dəmir yolu şəbəkələri, yaşıl hidrogen və yaşıl enerji istehsalı, uzun məsafələrə elektrik ötürmə sistemləri, 5G rəqəmsal infrastrukturu, məlumat emalı mərkəzləri, dəqiq kənd təsərrüfatı və inkişaf etmiş su təhlükəsizliyi sistemləri — strateji investisiyaların cəlb edilməsinə və tətbiqinə fokuslanmalıdır. Dördüncüsü, yüksək təhsilli və ixtisaslı əhalinin inkişafı innovasiya, iqtisadi dayanıqlıq və qlobal rəqabət qabiliyyəti üçün kritik əhəmiyyətə malikdir. Beşincisi isə, regionda davamlı sülhün təmin olunması əsas şərtdir. Sülh olmadan digər strategiyaların heç biri tam effektiv və davamlı ola bilməz.

— Azərbaycanda “yaşıl iqtisadiyyat"ın inkişafı və bərpaolunan enerji mənbələrinə keçid potensialını necə qiymətləndirirsiniz?

— Azərbaycanda "yaşıl iqtisadiyyat"ın inkişafı və bərpaolunan enerji mənbələrinə sürətli keçid üçün çox yüksək potensial mövcuddur. Lakin qalıq yanacaqlara bağlı lobbinin təsiri hələ də güclüdür və bu, zəruri transformasiyaların qarşısında ciddi əngəl ola bilər. Qalıq yanacaqlardan asılılığın çox yüksək olması strateji səhv olardı, bunu ABŞ-ın Tramp administrasiyası dövründəki təcrübəsi də göstərdi. Azərbaycan günəş və külək enerjisi ilə yanaşı, yaşıl hidrogenə də investisiya qoymaqla təmiz enerji sahəsində regional lider mövqeyi qazana bilər. Yaşıl keçidin qəbul edilməsi uzunmüddətli iqtisadi riskləri azaldacaq, həmçinin beynəlxalq tərəfdaşlıq və dayanıqlı inkişaf imkanlarını açacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!