Vətən uğrunda son nəfəsinədək döyüşən zabitin portreti
Bəzən Vətən üçün yazılan ən böyük dastanların müəllifi qələm adamları olmur. O dastanlar səngərlərdə yazılır, torpağın sinəsinə qanla həkk olunur, şəhid məzarlarının başında dil açıb danışır. Həmin qəhrəmanların həyatına nəzər salanda anlayırsan ki, Vətən sevgisi insanın ürəyində, sadəcə, duyğu deyil, taledir, anddır, ömrün mənasıdır.
Valeh Bədəlov da belə ömür sahiblərindəndir. Ata-anasının ilk övladı, iki qardaşın böyüyü, bir bacının qardaşı, kitabı sevən, üç dil bilən, filologiya təhsili almış gənc ziyalı idi. Qarşısında sakit və işıqlı bir həyat yolu vardı. Məktəbdə Azərbaycan dili və ədəbiyyatdan dərs deyər, kitablarla, sözlərlə, elm və təhsillə bağlı bir ömür sürə bilərdi. Amma onun ürəyindəki başqa bir duyğu - Vətənin səsi idi.
Valeh qələmə deyil, silaha sarılmağa üstünlük verdi. O, Vətəni sevməyin yalnız sözlə ifadə olunan bir hiss olmadığını, onun keşiyində dayanmağın, torpağına sahib çıxmağın, lazım gələndə isə uğrunda canından keçməyin müqəddəs borc olduğunu anlayırdı.
Valeh Vahid oğlu Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatalanın Aşağı Tala kəndində dünyaya göz açmışdı. Ailədə üç övlad - iki qardaş, bir bacı idilər. Valeh uşaqların böyüyü idi. Tanrı ailəni ilk dəfə Talehin itkisi ilə sınağa çəkdi. Taleh uşaq yaşlarında dünyadan köçdü. Bu itki ailə üçün ağır sarsıntı oldu. Valeh də bir böyük qardaş kimi bu ağrını yaşadı, valideynlərinin kədərini bölüşdü. Bu faciə onun uşaqlıq dünyasında dərin iz buraxsa da, Valehin xasiyyətini müəyyənləşdirən əsas cəhət həmişə ailəsinə və yaxınlarına olan bağlılığı, üzərinə düşən işə məsuliyyətlə yanaşması oldu. O, böyüdükcə bu məsuliyyət hissi daha da artdı. Vətənin müdafiəsini özünə həyat yolu seçəndə isə həmin məsuliyyət duyğusu artıq daha böyük məna daşıyacaqdı. Valeh ailəsinə dayaq olmağı öyrəndiyi kimi, bir gün əsgərinə də dayaq olacaq, döyüş meydanında özündən əvvəl əsgərin həyatını düşünəcəkdi. Onun gələcək qəhrəmanlıq yolunun əsas xüsusiyyətlərindən biri də məhz bu idi - özünü deyil, qarşısındakını düşünmək, təhlükədən geri çəkilməmək və üzərinə düşən məsuliyyətdən sonadək şərəflə çıxmaq. Ailədən başlayan məsuliyyət anlayışı ömrünün sonuna qədər onunla birlikdə oldu.
1996-cı ildə Aşağı Tala kəndindəki Ramiz Şabanov adına 3 saylı tam orta məktəbin birinci sinfinə gedən Valeh 2007-ci ilin mayında orta məktəbi əla qiymətlərlə başa vurdu. Elə həmin il Qafqaz Universitetinin Filologiya fakültəsinə daxil oldu. 2012-ci ildə Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirdi. Valehin diplomunda yazılan ixtisas həyatının əsas istiqamətini müəyyənləşdirmədi, onun ürəyində başqa bir məktəb vardı - Vətən məktəbi.
Atası Vahid kişi xatirələrini vərəqləyir: "Orta məktəb illərində keçirilən hərbi idman yarışlarında, təlimlərdə fəallıq göstərirdi. Hərbi təlim məşğələlərində avtomat silahının sökülüb-yığılmasında həmişə birinci olardı. Valeh hər danışanda gələcəkdə hərbçi olacağını və ermənilərin torpaqlarımızdan çıxarılmasında iştirak edəcəyini deyirdi".
O vaxt bəlkə də heç kim bilmirdi ki, bu sözlər uşaqlıq arzusu deyil, gələcək qəhrəmanın ömür andıdır. 2013-cü ildə hərbi xidmətini başa vuran Valeh Bədəlov ali təhsilli gənc kimi başqa sahədə də fəaliyyət göstərə bilərdi. Amma ordudan ayrılmadı, səngəri özünə həyat yolu seçdi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayan Valeh burada öz üzərində çalışdı, çətin təlimlər keçdi, XTQ kurslarında, eləcə də Türkiyədə komando kurslarında iştirak etdi. Üç il davam edən hazırlıq və təlimlər zamanı göstərdiyi yüksək nəticələr onu zabit kimi formalaşdırdı. Təlimlərdə birinci olması peşəkarlığının göstəricisi idi. Aprel döyüşləri Valehin döyüşçü xarakterini ortaya qoydu. O, artıq əsgərinin qarşısında gedən, təhlükənin üzərinə birinci atılan, döyüş meydanında soyuqqanlığını qoruyan komandir idi.
Anası Südabə xanımın sözləri isə onun necə bir hərbçi olduğunu daha aydın ifadə edir: "Oğlum əsl hərbçi idi. O, işləri barədə həyat yoldaşına belə heç nə danışmazdı. Adətən hərbi təlimlərə qoşulur, hərbi sirlərə yiyələnirdi".
Bu susqunluğun arxasında böyük bir məsuliyyət vardı. Valeh bilirdi ki, zabitin ailəsinə danışmadığı hər bir sirr bəzən yüzlərlə insanın həyatının təminatıdır. Valeh Bədəlovun Türkiyədə keçdiyi hərbi təlimlər onun peşəkarlığını daha da artırmışdı. 2018-2019-cu illərdə qardaş ölkədə keçirilən təlimlərdə fərqlənmişdi. Anasının söylədiyinə görə, həmin təlimlər zamanı Azərbaycan zabitinin bacarığı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da diqqətini çəkmiş, onu ön sıraya çıxararaq "əsl zabit belə olar" deyə qiymətləndirmişdi. Sözsüz ki, bu cümlə bir zabitin aldığı çoxsaylı qiymətlərin içərisində xüsusi məna daşıyırdı. Əsl zabit özünü sözlə deyil, davranışı, intizamı, peşəkarlığı və ən ağır anda göstərdiyi iradə ilə təsdiqləyir. Valeh də belə zabit idi.
Valehin portretini yalnız onun hərbi xidmətindən danışmaqla tamamlamaq mümkün deyil. Çünki bu igid zabitin daxilində döyüşçü ilə yanaşı, sözə, kitaba, elmə bağlı böyük bir dünya vardı. Bacısı Vüsalə Bədəlovanın xatirələri Valehin mənəvi dünyasına işıq salır: "Qardaşım kitab oxumağı çox sevirdi. Bir kitabı oxumağa başladığı zaman bitirənə qədər ətrafla əlaqəsi kəsilərdi".
Bu sözlərin arxasında uşaqlıqdan kitaba, biliyə və böyük arzulara bağlanan bir Valeh görünür. O, bir vaxtlar kosmonavt olmaq istəyən, uşaq yaşlarında Puşkinin "Qafqaz" şeirini əzbər söyləyən, dünyaya böyük maraqla baxan bir oğlan idi. Zaman keçdi, o oğlan böyüdü. Kitabları həyatının bir parçasına çevirdi, üç xarici dil öyrəndi, ali təhsil aldı, Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis oldu. Amma həyat onu başqa bir yola çağırdı. Çünki o, kitabdan düşünməyi, elmdən öyrənməyi, Vətəndən isə yaşamağın mənasını əxz etmişdi. Bəlkə də elə buna görə Valeh həm ziyalı, həm də döyüşçü oldu.
2020-ci ilin Vətən müharibəsi Valeh Bədəlovun həyatının ən böyük sınağına çevrildi. Onun döyüş yolu Murovdan başladı, sonra Cəbrayıl və Füzuli istiqamətlərində irəlilədi. Qarşısında illərdir Vətən torpaqlarını işğalda saxlayan düşmən vardı. Arxasında isə Azərbaycan əsgərinin gücü, xalqın duası dayanırdı. Döyüş yoldaşları onun komandir kimi davranışını belə xatırlayırlar: "Döyüşdə ilk dəfə iştirak edənlərimiz var idi. Bəzilərimiz bir az çəkinirdik. Bizə tapşırmışdı ki, döyüşdə mənə baxın, özünüzü itirməyin, bir gözünüz məndə olsun". Valehin bu sözləri onun komandir portretinin tam ifadəsidir. Əsgər qorxanda onu danlamaq asandır, amma əsgərin qorxusunu öz cəsarətinlə məğlub etmək - əsl komandirlik budur.
Cəbrayıl döyüşləri onun necə cəsarətli olduğunu bir daha təsdiq etdi. Oktyabrın 3-də Valeh döyüş yoldaşlarından aralıda idi. Ayağa qalxıb döyüşçülərinə tərəf irəliləyəndə düşmən Valehi görüb çarpaz atəşə tutur. Yoldaşları "Yerə yat, komandir!", - deyə qışqırsalar da, Valeh dayanmır. O, atəşin içindən keçərək əsgərlərinin yanına çatır. Bir güllə şalvarını deşib keçmiş, biri də kaskasına dəymişdi. O isə bu təhlükədən danışmaq əvəzinə yoldaşlarına baxıb deyir: "Baxın, biz bura canımız bahasına torpaqlarımızı almağa gəlmişik. Heç nədən qorxmaq lazım deyil". Budur, qəhrəmanlığın əsl ölçüsü! Kaskasına güllə dəyir, amma onun iradəsini sındıra bilmir, o isə ölümün gözünə baxaraq əsgərinə "qorxma", - deyir.
Valeh Bədəlovun döyüş yolu Murovdan Cəbrayıla, oradan Füzuliyə qədər uzandı. O, hər addımda Azərbaycan torpaqlarının azadlığına doğru irəliləyirdi. 2020-ci il oktyabrın 7-də Füzuli istiqamətində gedən ağır döyüşlərin birində onun ömür yolu qəhrəmanlıq zirvəsində başa çatdı. Valeh şəhid oldu, amma ölümü bir son olmadı. Vətən uğrunda ölənlər torpağa qarışmırlar - onlar torpağın yaddaşına çevrilirlər.
Şəhidlik xəbərinin ailəyə çatdığı gün Valehin doğma evinin qapısı əvvəlki kimi açıldı. Amma bu dəfə gələn yox idi. Bacısı Vüsalə xanım deyir: "Biz həmişə Valeh məzuniyyətə gələndə həyət qapısında qarşılayırdıq... Oktyabrın 7-si ölüm xəbəri gələndə... anam gəldi, dedi qardaşını həmişəki kimi qarşılayıb, yola salacağıq. Mənim oğlum bu yolu özü seçdi. Ağlayıb, qışqırıb onu sındırmaram. Elə də etdik".
Bu cümlələrdə bir ananın, bacının, bir ailənin daşıdığı böyük dərd var. Həyət qapısında illərlə gözlənilən addımların səsi kəsildi. Həmin qapıdan Vətən tarixinin bir qəhrəmanı keçdi.
Valeh yalnız igid zabit deyildi, o, ailəsinə, həyat yoldaşına, iki qızına - Aylin və Nilaya bağlı ata idi. Bu gün onun qızlarının dilində ən ağır sual yaşayır: "Ana, atam nə zaman gələcək?" Bu sualın cavabı yoxdur. Çünki bəzi atalar evə qayıtmırlar, onlar Vətənə qayıdırlar. Onların övladlarına qoyduğu ən böyük miras isə şərəfli ad olur. Valeh Bədəlov iki qızına fəxrlə daşıyacaqları bir soyad, başlarını həmişə uca edəcək bir ata adı qoyub getdi. Qarabağ müharibəsi ilə yaşıd olan bir ömür…
Valehin həyatında qəribə və düşündürücü bir zaman uyğunluğu da var. O, Qarabağ münaqişəsinin doğurduğu ağrıların içində dünyaya gəlmişdi. Elə bil taleyin özü onun ömrünə bir missiya yazmışdı: "Bu yarımçıq dastanı tamamla". O, həmin dastanın tamamlanması üçün sonadək döyüşdü. Füzulidə şəhidlik zirvəsinə ucalanda arxasında azadlığa gedən bir yol qoydu. Bu gün Azərbaycan bayrağının Qarabağda və Şərqi Zəngəzurda dalğalanmasında Valeh Bədəlov kimi oğulların qanının, canının, ömrünün payı var.
Valeh Bədəlov ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi şücaətlərə görə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görüldü, "Vətən uğrunda" medalı ilə təltif edildi. Amma onun ən böyük mükafatı dövlət təltifi deyil, adının xalqın yaddaşında yaşamasıdır.
Bir vaxtlar Aşağı Talada stulun üstünə çıxaraq "Qafqaz" şeirini söyləyən balaca oğlan böyüdü və Qafqazın bir parçası olan Qarabağın azadlığı uğrunda canından keçdi. Bir vaxtlar "mən hərbçi olacağam", - deyən uşaq sözünün üstündə durdu. Bir vaxtlar atasına "erməniləri torpaqlarımızdan çıxaracağam", - deyən gənc andını qanı ilə yazdı. Valeh Bədəlov filoloq idi. O, sözün gücünü bilirdi. Elə ona görə də həyatının ən böyük cümləsini qələmlə deyil, qanı ilə yazdı: "Vətən varsa, mən varam. Vətən yaşayacaqsa, mənim ölümüm də əbəs olmayacaq", - dedi.
Bu gün onun məzarı önündə dayananda insanın dilinə söz gəlmir, orada yalnız ürək danışır. Və ürək deyir: "Ruhun şad olsun, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov! Sən bir ailənin övladı idin. Sonra bir ordunun zabiti oldun. Daha sonra bir xalqın qəhrəmanına çevrildin. İndi isə Azərbaycanın əbədi yaddaşındasan. Sənin kimi oğullar yaşadıqca Vətən əyilməz, bayraq enməz!
Elşən QƏNİYEV,
"Azərbaycan"