XIII Qlobal Bakı Forumu çərçivəsində “Orta Dəhliz və Avrasiya bağlantısı qapısı” mövzusunda panel müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, iclasa Serbiyanın sabiq Prezidenti Boris Tadiç moderatorluq edib.
Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov Azərbaycanın Mərkəzi Asiya regionu ilə yaxınlaşmasını strateji əhəmiyyət kəsb edən tarixi proses adlandırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Mərkəzi Asiya liderləri ilə bir araya gəlməsi iqtisadi, ticarət və xüsusilə enerji sahəsindəki əməkdaşlığımız üçün müstəsna əhəmiyyət daşıyır. Özbəkistanın Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən ölkələrdən biri olduğunu vurğulayan Abdulaziz Kamilov hesab edir ki, bu dəhliz yeni bazarlara çıxış imkanı yaradacaq.
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın fikrincə, müvafiq strateji addımlar atmaqla illik daşımaların həcmini 20 trilyon dollara qədər artırmaq mümkündür: "Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti əvəzsizdir. Belə ki, yüklərin Şərqdən Qərbə daşınması dəniz yolu ilə 40-50 gün çəkdiyi halda, Orta Dəhliz vasitəsilə cəmi 12-15 günə reallaşa bilər. Bu üstünlükləri nəzərə alaraq, Orta Dəhlizin inkişafı daha fəal şəkildə dəstəklənməlidir".
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın Orta Dəhliz layihəsi çərçivəsində nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inteqrasiyasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Trans-Xəzər Fiber Optik Kabeli layihəsi Asiya və Avropa arasında 300 terabit/saniyəlik yüksəksürətli rəqəmsal əlaqə təmin edəcək və bölgədə rəqəmsal inteqrasiyanı gücləndirəcək.
Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin sözlərinə görə, Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir. O qeyd edib ki, region artıq xarici güclərdən asılı deyil, strateji qərarları öz şərtləri ilə qəbul etmək qabiliyyətini gücləndirib və üzv ölkələr arasında dərinləşmiş strateji əməkdaşlıq sayəsində yeni “regional orta güc” nümunəsi ortaya çıxıb.
Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçal Cənubi Qafqaz, Mərkəzi Asiya və Avroatlantik məkan arasında aktiv körpü rolunu davam etdirməyin önəmini vurğulayıb. "Enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Qafqaz və Mərkəzi Asiyanın sabitliyi isə bütün regionun rifahı üçün fundamental şərtdir", - deyə A.Birçal əlavə edib.
Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Rəşid Alimov Mərkəzi Asiyanın qlobal bazarlara çıxışı addım-addım təmin edən etibarlı və strateji bir körpü statusu qazandığını deyib: “Regionun nəqliyyat təşəbbüsləri beynəlxalq layihələri tamamlayaraq yeni imkanlar yaradır. Bizim əsas məqsədimiz dəhliz boyu yükdaşıma zonalarını inkişaf etdirmək və bu marşrutu qlobal dəyər zəncirinin ayrılmaz hissəsinə çevirməkdir”.
Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev Orta Dəhliz layihəsinin Avropa ilə Asiya arasında yükdaşımalarını sürətləndirmək və daha səmərəli etmək baxımından böyük strateji əhəmiyyətə malik olduğunu deyib. Qeyd edib ki, bu layihə vasitəsilə Yaponiya, Çin, Cənub-Şərqi Asiya və Hindistanın şirkətləri Avropaya bağlanır. Bu layihə çərçivəsində Azərbaycanın Asiya ilə Avropa arasında əlaqəni təmin etməkdə rolu kritik əhəmiyyət kəsb edir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibi Lazar Komănesk isə Avropa ilə Asiya arasında quru və dəniz əlaqələrinin qurulmasının müasir dövrün ən mühüm prioritetlərindən biri olduğunu bildirib. O, xüsusilə Qara dəniz regionu və ətraf bölgələr üçün bu iki qitə arasında inteqrasiyanın güclənməsini olduqca sevindirici və strateji bir hadisə adlandırıb.
Sessiya müzakirələrlə davam edib.