Dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı mütəxəssislər qazandıqları bilik və təcrübə ilə yanaşı, milli kimliyimizi və mənəvi dəyərlərimizi də yaşadırlar. Onları birləşdirən yalnız seçdikləri peşəyə bağlılıq deyil, həm də Vətənə mənsubiyyət duyğusu, ortaq köklərə sədaqət və qazandıqları uğurları həmvətənləri ilə bölüşmək istəyidir. Məhz bu mənəvi bağ peşəkar həmrəyliyin möhkəmlənməsinə, ortaq təşəbbüslərin yaranmasına və milli potensialın beynəlxalq miqyasda təmsil olunmasına zəmin yaradır. Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AATİB) fəaliyyəti bu birliyin və həmrəyliyin bariz nümunələrindən biridir.
2020-ci ildə yaradılan qurumun Almaniyada yaşayan və çalışan azərbaycanlı həkimləri, stomatoloqları, alimləri və tibb ixtisası alan tələbələri birləşdirən təşkilatıdır. Yarandığı gündən etibarən birlik tibbi-elmi konfransların, peşəkar görüşlərin və maarifləndirici təşəbbüslərin təşkili, eləcə də beynəlxalq əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir.
Birliyin təşkil etdiyi illik konfranslar müxtəlif ixtisasların nümayəndələrini bir araya gətirərək müasir tibbin aktual məsələlərinin müzakirəsinə şərait yaradır. Belə tədbirlər həm peşəkar əlaqələrin genişlənməsinə, həm də yeni elmi ideyaların meydana çıxmasına xidmət edir. Bu günlər Almaniyanın Ayzenax şəhərində AATİB – in VI konfransının keçirilməsi, eləcə də birliyin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımlar deyilənləri təsdiq edir.
Almaniyada fəaliyyət göstərən mütəxəssislərlə yanaşı, Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada və Türkiyədən dəvət olunmuş tanınmış azərbaycanlı həkim və alimlərin iştirakı konfransın beynəlxalq əhəmiyyətini nümayiş etdirib. “Altı il AMD – Bilikləri paylaşaq. İnsanları birləşdirək. Gələcəyi birlikdə quraq” devizi altında baş tutan konfrans yalnız elmi müzakirələr və peşəkar görüşlər üçün deyil, həm də dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı tibb mütəxəssisləri arasında həmrəyliyin möhkəmləndirilməsi, yeni əlaqələrin qurulması və ortaq təşəbbüslərin təşviqi baxımından mühüm platforma kimi diqqət çəkib.
Tədbirin elmi proqramında tibbin müxtəlif sahələrində əldə olunan yeniliklər, klinik təcrübələr, peşəkar inkişaf imkanları və səhiyyənin gələcəyini müəyyənləşdirən texnoloji yeniliklər geniş müzakirə olunub. Xüsusilə süni intellektin və müasir texnologiyaların tibbə inteqrasiyası, onların diaqnostika, müalicə və tibbi təhsildə yaratdığı imkanlar iştirakçıların diqqət mərkəzində olub.
“Tibbdə süni intellekt, robot-assistli müalicə və müasir tədris texnologiyaları” mövzusuna həsr edilən panel müzakirəsində yeni texnologiyaların klinik qərarverməyə, müalicə prosesinə və gələcək həkimlərin hazırlanmasına təsiri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr müasir səhiyyənin sürətlə dəyişən reallıqları fonunda elmi tərəqqi ilə praktik tibbi fəaliyyətin uzlaşdırılmasının əhəmiyyətini ön plana çıxarıb.
Konfransın digər mühüm paneli isə “Almaniyada tibbdə özəl fəaliyyət: üstünlüklər və çətinliklər” mövzusunu əhatə edib. Çıxışlarda Almaniyada tibbi fəaliyyətin təşkili, karyera və sahibkarlıq imkanları, eləcə də səhiyyə sisteminin praktiki xüsusiyyətləri nəzərdən keçirilib. Həkimlərin peşəkar inkişafı ilə yanaşı, maliyyə planlaşdırılması məsələlərinə həsr olunan xüsusi təqdimat da iştirakçıların marağına səbəb olub.
Birliyin sədr müavini Mina Mustafayevanın sözlərinə görə, ATİB- in əsas hədəflərindən biri şəbəkələşmədir və bu istiqamətdə ardıcıl iş aparılır. Birlik Almaniyada fəaliyyət göstərən bir sıra qurum və təşkilatlarla fəal əməkdaşlıq əlaqələri qurmağa nail olub. Sədr müavini azərbaycanlı həkimləri birləşdirən təşkilat kimi bu əlaqələrin genişləndirilməsini vacib uğur hesab edir. O, həmçinin birliyin sıralarına yeni üzvlərin qoşulmasından məmnunluğunu da ifadə edib.
Qeyd edək ki, əməkdaşlığın növbəti istiqamətlərindən biri Berlində keçiriləcək “Azərbaycan–Alman Tibb Günləri”dir. ATİB tədbirin təşkilatçıları arasında yer alır və birliyin İdarə Heyətinin bir neçə üzvü təşkilati işlərdə iştirak edir. Bu fakt azərbaycanlı tibb mütəxəssislərinin beynəlxalq peşəkar platformalarda fəal iştirakının və iki ölkənin tibb ictimaiyyətləri arasında əlaqələrin inkişafına töhfə vermək imkanlarının göstəricisidir.
Ayzenax şəhərində keçirilən VI konfransda 150-dən çox həkim və tibb işçisinin iştirakı, birliyin yeni üzvlərlə sıralarını genişləndirməsi və beynəlxalq əməkdaşlıq təşəbbüslərində yer alması eyni prosesin müxtəlif tərəfləridir. Bu prosesin davamlılığı isə qurulan əlaqələrin konkret layihələrə, ortaq elmi təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa çevrilməsindən asılıdır. Almaniyada çalışan azərbaycanlı həkimlərin əldə etdikləri təcrübə ölkəmiz üçün də əhəmiyyətli potensialdır. Bu təcrübənin paylaşılması, birgə elmi layihələrin həyata keçirilməsi və gənc həkimlərin beynəlxalq əməkdaşlığa cəlb olunması Azərbaycan səhiyyəsinin inkişafına töhfə verə biləcək istiqamətlərdəndir. Birliyin fəaliyyəti tibb mütəxəssislərinin təşkilatlanması ilə yanaşı, həm də xaricdə yaşayan soydaşlarımızın ortaq məqsəd ətrafında birləşməsinin, peşəkar uğurları milli mənsubiyyət və ictimai məsuliyyətlə uzlaşdırmasının nümunəsidir.
Tibb insan həyatına xidmət edən müqəddəs bir peşədir. Bu peşənin daşıyıcılarını bir araya gətirən həmrəylik isə onların imkanlarını daha da genişləndirir. Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin əsas əhəmiyyəti də məhz bundadır: elmi inkişafı, peşəkar əməkdaşlığı və milli birliyi vahid məqsəd ətrafında birləşdirmək.
Çünki bilik paylaşdıqca artır, həmrəylik gücləndikcə isə ortaq uğurlar üçün yeni imkanlar yaranır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”