Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də COP29-la bağlı ölkəmizdə səfərdə olan İran İslam Respublikasının mədəni irs, turizm və sənətkarlıq naziri Səid Reza Salehi Amirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətini salamlayan Adil Kərimli ölkəmizin ev sahibliyi etdiyi belə bir mötəbər tədbirdə iştirakına görə iranlı həmkarına təşəkkürünü bildirib.
Qeyd edib ki, Azərbaycan ilə İran arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın geniş perspektivləri var. Xüsusilə kitabxana, muzey işi, sərgi sahəsində birgə fəaliyyətin təşviqi, eləcə də kinematoqrafiya sahəsində əməkdaşlığın qurulması, ənənəvi musiqi festival və müsabiqələrində qarşılıqlı iştirak əlaqələrin inkişafına töhfə verə bilər. Bundan əlavə, beynəlxalq təşkilatlar səviyyəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur. Mədəni irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi üçün müştərək nominasiya fayllarının hazırlanması, o cümlədən mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı birgə səylərin göstərilməsinin əhəmiyyəti vurğulanıb.
COP29-da iştirakından məmnunluğunu bildirən nazir Səid Reza Salehi Amiri görüşə görə də təşəkkür edib. O, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
İranlı nazir mədəni irsin qorunması sahəsində dövlət-özəl tərəfdaşlığının zəruri olduğunu deyib. Bildirib ki, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi aparıla bilər. Eyni zamanda, Araz çayı üzərindəki Xudafərin körpülərinin müştərək bərpasının həyata keçirilməsi mümkündür.
Söhbət zamanı COP29 çərçivəsində mədəni irs və ətraf mühit məsələlərinə də toxunulub, qarşılıqlı maraq doğuran digər sahələr üzrə fikir mübadiləsi aparılıb.
Sonda Adil Kərimli nazirə xatirə hədiyyəsi təqdim edib.