Cənubi Qafqazda cərəyan edən proseslərin geosiyasi və siyasi təhlili üçün bir xarakterik xüsusiyyət, demək olar ki, hər kəs tərəfindən vurğulanır: bu coğrafiyada ciddi geosiyasi yeniləşmə prosesi gedir. Onun konkret ifadəsinə gəldikdə isə fərqli parametrlərdən bəhs edilir. Lakin əsas məqam ondan ibarətdir ki, tədqiqatçılar regional geosiyasi yeniliklərin təməlində Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursun başlıca xüsusiyyətlərinin dayandığını ayrıca qeyd edirlər.
Bu kontekstdə ekspertlərin irəli sürdüyü bir tezis xüsusilə diqqət çəkir: onlar qeyd edirlər ki, Cənubi Qafqaz xroniki qeyri-sabitlik zonasından dayanıqlı inkişaf məkanına çevrilmişdir. Başqa sözlə, bunu Prezident İlham Əliyevin regionu cəbhə xəttindən inkişaf xəttinə çıxarması kimi də ifadə etmək mümkündür. Yəni burada söhbət tarixən mürəkkəb və keşməkeşli yol keçmiş bir regionu sabitlik, təhlükəsizlik və inkişaf xəttinə çıxaran siyasətdən gedir.
Bu böyük yenilik ancaq tarixi miqyasda düşünə bilən dövlət xadimlərinin gücü daxilində ola bilər. Bunun üçün üç mühüm faktorun sintezi zəruridir: hərbi təhlükəsizliyin özyetərli səviyyəsi, suverenliyi təmin edə biləcək güclü ordu, dayanıqlı iqtisadiyyat və cəmiyyətin daxili konsolidasiyasını təmin edə biləcək mədəniyyət siyasəti. Bu kimi xüsusiyyətlərin sayəsində Azərbaycan Prezidenti Cənubi Qafqazın "sərt güc yolu"nu "sülh yolu" ilə əvəz edə bilmişdir.
Tədqiqatçılar onu da vurğulayırlar ki, Cənubi Qafqaz coğrafi baxımdan tarix boyu Şərqlə Qərb arasında əlaqələndirici rol oynamışdır. Regionda baş verən mühüm geosiyasi yeniliklər fonunda bu faktın da bir qədər fərqli rolu ola bilər. Onun əlamətlərindən biri böyük güclərin region uğrunda mübarizəsində yeni çalarların meydana çıxmasıdır. Bu müstəvidə qlobal və regional reallıqların uyğunlaşdırılması məsələsi ön plana çıxır. Ekspertlər bu prosesi təhlil edərkən ABŞ, Aİ, Çin, Türkiyə, İran və Rusiya arasında gedən geosiyasi mübarizəni xüsusi qeyd edirlər. Bu mübarizənin Azərbaycanın xarici siyasəti kontekstində bəzi məqamlarına nəzər salaq.
Gərgin dinamik mübarizə
Gürcüstanlı ekspert V.Mqeladze hesab edir ki, "Hazırda Cənubi Qafqazda bir-birinə zidd olan xarici maraqların böyük yığını yaranmışdır". Burada İranla qonşu olmağın da ciddi təsiri vardır. Lakin regionun hər bir ölkəsinin özünəməxsusluğu da rol oynayır. Bu baxımdan, Gürcüstan ekspertinin fikrinə görə, Cənubi Qafqaz dövlətlərinin qarşısına prinsipial xarakterli məsələlər çıxa bilər. Bununla yanaşı, bir sıra ekspertlərin fikrincə, hazırda Azərbaycan, Ermənistan və Gürcüstan özlərinin xarici siyasət istiqamətini dəqiqləşdirməyə çalışırlar. Burada bir yanlışlıq vardır. Məsələ ondan ibarətdir ki, Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan nəinki xarici siyasət xəttini dəqiqləşdirmişdir, hətta Bakı bütövlükdə regional geosiyasi konfiqurasiyanı formalaşdıran əsas yerli qüvvədir.
Azərbaycanın xarici siyasət kursu Mərkəzi Asiya və Yaxın Şərq istiqamətlərində belə konkret təsir dairəsinə malikdir. Gürcüstan və Ermənistan haqqında bunları demək mümkün deyildir, çünki bu qonşu ölkələr hələlik özlərinin xarici siyasət istiqamətlərini dəqiqləşdirməklə məşğuldurlar. Deməli, hazırda Azərbaycan, Gürcüstan və Ermənistan Cənubi Qafqazda fərqli geosiyasi və siyasi mövqedə deyillər, lakin xarici siyasətin davamlı və konkret kurs kimi müəyyən edilməsində Bakı aparıcı roldadır. Məhz bu faktı nəzərə alaraq müasir mərhələdə Azərbaycanın regional miqyasda təsiri olan fəaliyyətini araşdırmaq lazım gəlir. Bunun üçün öncə xarici güclərin Cənubi Qafqaz siyasətinə nəzər salaq.
Kollektiv Qərbin Cənubi Qafqaz siyasətində oxşar məqamlar çoxdur və ekspertlər onların vahid mövqedən çıxış etdiklərini vurğulayırlar. Burada iki istiqamət aydın gözə çarpır. Əvvəla, kollektiv Qərb regionda öz maraqlarını qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində getdikcə daha böyük ölçüdə təmin etməyə çalışır. Bu sırada iqtisadi, ticari, nəqliyyat, logistika, informasiya, enerji ilə yanaşı, ümumilikdə yeni infrastruktur formalaşdırmaq xətti də mövcuddur. Nümunə kimi Zəngəzur dəhlizini seçmək olar. Bu müstəvidə ekspertlər "2025-ci il 8 avqustda Vaşinqtonda imzalanmış saziş Avrasiya geosiyasətini köklü şəkildə dəyişir" tezisini irəli sürürlər. Həmin kontekstdə analitiklər Avrasiyada qarşılıqlı əlaqələrin yenidənqurulması prosesindən danışırlar. Onu da xüsusi vurğulayırlar ki, bu marşrut (Zəngəzur dəhlizi - müəllif) indi Orta dəhlizin nəinki əsası kimi qiymətləndirilir, həm də əməkdaşlıq və tərəqqinin təminatı olaraq qəbul edilir. Lakin onun əhəmiyyəti Cənubi Qafqaz çərçivəsindən kənara çıxır.
Bunlarla yanaşı, bir məqam da diqqət mərkəzindədir. Belə ki, Zəngəzur dəhlizinin Rusiya və İrandan yan keçməklə Şərqlə Qərbi birləşdirdiyi vurğulanır və bunun fonunda Moskva-Pekin-Tehran üçlüyünün mövqeyinə nəzər salınır. Digər tərəfdən, ekspertlərin qənaətinə görə, ABŞ, Böyük Britaniya və Aİ Cənubi Qafqazdan Rusiyanı "sıxışdırır" və onun regiona təsirini minimuma endirməyə çalışırlar. Yəni mütəxəssislər Zəngəzur dəhlizini indiki mərhələdə anti-Rusiya xarakterli layihə kimi təqdim etməyə cəhd edirlər. Bu da Azərbaycanın xarici siyasəti baxımından düzgün qiymətləndirmə deyildir. Çünki Azərbaycan həmişə regionun hər bir dövləti və regiona yaxın böyük dövlətlərlə konstruktiv əməkdaşlığı təşviq etmişdir.
Bunun bariz nümunələrindən biri kimi rəsmi Bakının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs haqqında 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatında Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsinə razılıq verməsini göstərə bilərik. Həmin mövqeni Bakı sonralar da ardıcıllıqla gözləmişdir. Məsələn, 2022-ci il fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik haqqında bəyannamənin 9-cu bəndində vurğulanır ki, Rusiya və Azərbaycan gələcəkdə də 9/10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il bəyanatlarının müddəalarının reallaşmasına hərtərəfli dəstək verəcəklər. Burada nəqliyyat və iqtisadi əlaqələrin yaradılması şərti ayrıca göstərilmişdir.
Ancaq Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və bu proses pozuldu. Rəsmi Moskvanın bununla bağlı Bakıya hər hansı irad bildirməsi tamamilə əsassızdır. Regional sabitlik və təhlükəsizliyə gəldikdə isə, Azərbaycan rəhbərliyinin Zəngəzur dəhlizi də daxil olmaqla, geniş mənada regional təhlükəsizliyin təmininə yanaşmasını "3+3" formulu ifadə edir. Bu formulda regionun təhlükəsizliyində və sabitliyin təmin olunmasında Rusiyanın rolu nəzərə alınmışdır. Bu formata Rusiya, İran və Türkiyə üç region dövləti (Azərbaycan, Gürcüstan və Ermənistan) ilə birlikdə daxildir.
Aİ-nin strateji prioriteti
Avropalı ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz xüsusilə bugünkü geosiyasi vəziyyətdə Aİ üçün strateji prioritet olmalıdır. Bu region Avropanın Rusiya qazı və neftindən imtina etdiyi bir dönəmdə əsas enerji qaynağı halına gəlir. Aİ-nin bu mövqeyi Azərbaycanı regionda özünün strateji tərəfdaşı mövqeyinə çıxarır. Çünki enerji resursları məhz Azərbaycana məxsusdur. Hazırda Azərbaycan Avropa ölkələri ilə geniş enerji əməkdaşlığı edir. Azərbaycan Prezidenti İlham Əliyevin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirakı zamanı söylədiyi nitqində vurğulamışdır: "...biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün "Cənub qaz dəhlizi" artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır".
Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlər onu göstərir ki, rəsmi Bakı enerji təhlükəsizliyi sahəsində regional siyasəti ilə Avropa istiqamətindəki siyasətini böyük uğurla uyğunlaşdıra bilir. Çünki Azərbaycan rəhbərinin Avropa ölkələri istiqamətində həyata keçirdiyi enerji təhlükəsizliyi siyasətinin faydasını yalnız ölkəmiz görmür, ondan bütün region qazanır. Bu məqam Azərbaycanın xarici siyasətində regional səviyyədən regionlararası miqyasa çıxış üçün dəqiq siyasi və məntiqi bazanın yaradıldığını əks etdirir. Avropalı ekspertlər məhz həmin anlamda Cənubi Qafqazın Aİ üçün strateji prioritet təşkil etdiyi nəticəsini çıxarırlar. Lakin ekspertlər Azərbaycan kontekstində bir özəlliyi də vurğulayırlar. Məsələn, ukraynalı ekspert T.Kuzio yazır ki, Aİ Azərbaycanla Ermənistan arasında fərq qoyur. Brüssel Ermənistana birbaşa yardım göstərir, ancaq eyni həssaslığı Azərbaycana qarşı ifadə etmir. O cümlədən Aİ strateji tərəfdaşlıq çərçivəsində ancaq "Qarabağ erməniləri"nə (?) dəstəkdən bəhs edir. Əslində isə Azərbaycanın sayəsində Cənubi Qafqazda sülh bərqərar olmuşdur.
Belə çıxır ki, Aİ Cənubi Qafqaza strateji prioritet kimi adekvat münasibət formalaşdırmalıdır, əks halda, mövcud daxili ziddiyyətlər müəyyən məqamda əlaqələrə ciddi zərər vura bilər. Brüssel birdəfəlik regionun bir ölkəsini digərlərindən üstün tutmaq kimi fəaliyyətindən əl çəkməlidir. Bu zərurət Azərbaycanın indiki mərhələdə həyata keçirdiyi xarici siyasət kursunun ümumi ruhundan və konkret məzmunundan aydın görünür.
Çin faktoru qiymətləndirilir
Adətən, Çinin "Bir kəmər, bir yol" layihəsi Pekinin xarici siyasətində əsas komponentlərdən biri kimi təqdim edilir. Bunun fonunda da ayrı-ayrı dövlətlərin xarici siyasətində Çin faktoru qiymətləndirilir. Bu baxımdan, Cənubi Qafqaz kontekstində "Bir kəmər, bir yol" layihəsi Hindistan layihəsi və Şimal-Cənub Rusiya marşrutu fonunda nəzərdən keçirilir. Bunlarla yanaşı, Pekinin hələlik səs-küy yaratmadan Cənubi Qafqazda maraqlarını təmin etdiyindən bəhs edilir. Onun regional proseslərə aktiv təsiri açıq hiss olunmur. Əslində, Zəngəzur dəhlizinin Orta dəhliz çərçivəsində reallaşması stratejidə Çinin təsiri deməkdir.
Bu baxımdan, ekspertlərin Zəngəzur dəhlizini "ABŞ, Türkiyə və Çinin maraqlarının kəsişmə sahəsi" kimi qiymətləndirməsi maraq kəsb edir. "Stratfor"da 10 il baş analitik kimi çalışan və hazırda "New Lines Institute" analitik mərkəzində baş direktor vəzifəsini tutan Y.Çausovskinin qənaətinə görə, Çin Cənubi Qafqazda öz mövcudluğunu genişləndirməyə çalışır və bu zaman Mərkəzi Asiya və Cənubi Qafqaza Çinlə Avropanı əlaqələndirən "əsas məkanlar" kimi baxır. Bu kontekstdə analitik vurğulayır ki, Azərbaycanın xarici siyasət strategiyası proseslərdə əhəmiyyətli rol oynamışdır. Onun təsdiqlərindən biri TRIPP-in yaradılmasıdır. Azərbaycanın strategiyası regional sabitliyin təmini aspektində də mühüm faktorlardan biridir.
Rusiya və İran bir sıra sferalarda böhran keçirir
Bu iki böyük dövlət hazırda bir sıra sferalarda böhran keçirir. Rusiya Ukrayna istiqamətində ciddi geosiyasi və hərbi çətinliklərlərlə qarşı-qarşıyadır. Burada o, ABŞ-dən müəyyən dərəcədə asılı vəziyyətə düşmüşdür. Xüsusilə Avropadan olan təzyiqləri səngitmək üçün Amerika Rusiyaya lazımdır. Nəticədə, Rusiya digər istiqamətlərdə Vaşinqtonu nəzərə almağa məcbur qalmışdır. Bunu Cənubi Qafqaz istiqamətində də hiss etmək olar. Ancaq Moskva imkan daxilində öz iradəsini diktə etmək xislətindən əl çəkməmişdir. Kremlin zaman-zaman Ermənistanı hədələməsi və Azərbaycana qarşı bir qədər sərt davranması bunun nəticəsidir. İran isə hazırda, ümumiyyətlə, mövcudluq uğrunda mübarizə aparır. Onun Zəngəzur dəhlizi də daxil olmaqla, Cənubi Qafqaza təsir imkanları xeyli məhdudlaşmışdır. Lakin Tehran tam olaraq kənara çəkilməmişdir. Onun bəzi bəyanatları bunu təsdiqləyir.
Bütün bunlar Rusiya və İranın əvvəlki kimi Cənubi Qafqazda koordinasiyalı fəaliyyət göstərmək imkanlarını xeyli zəiflədir. Buna baxmayaraq, İran Rusiyanın regionda Qərbin aparıcılığı ilə həyata keçən layihələrə mane olmaq siyasətini dəstəkləyir. Ekspertlər yazırlar ki, İran Rusiyanın həmin növ layihələrə qarşı durmasını bölüşür. Bunun fonunda belə bir qənaət əldə edilir ki, İran qeyri-sabitliyin öhdəsindən gələ bilsə, Moskva ilə daha da yaxınlaşacaq.
Genişlənən nüfuz dairəsi
Vurğuladığımız məqamların işığında Azərbaycanın xarici siyasətinin regional konteksti yeni məzmun və məqsəd çalarları almışdır. Burada əsas əlamət rəsmi Bakının regional səviyyədə əldə etdiyi siyasi, geosiyasi və iqtisadi nailiyyətlərin regionlararası miqyasa uğurlu transformasiyası ilə bağlıdır. Bu prosesdə başlıca əlamət Azərbaycan rəhbərliyinin siyasi, iqtisadi, enerji, informasiya və infrastruktur istiqamətlərindəki təşəbbüsləri uğurla daha geniş miqyasda milli təhlükəsizliklə sıx bağlamağa nail olmasıdır. Azərbaycan rəhbərliyi həmin xətti eyni uğurla Mərkəzi Asiya, Yaxın Şərq və Avropa istiqamətlərində inkişaf etdirir. Bu, bir tərəfdən, Azərbaycan dövlətinin geosiyasi və siyasi nüfuz dairəsinin genişləndirilməsinə xidmət edir, digər tərəfdən isə, Prezident İlham Əliyevin dünya miqyasında sözükeçən, nüfuzlu lider kimi mövqeyini daha da möhkəmləndirir.
Etiraf edək ki, hər iki əlamət xarici siyasətin həyata keçirilməsində prioritetləri optimal formada və dəqiq müəyyən etməklə sıx bağlıdır. Azərbaycanın dövlət başçısı həmin aspektdə kifayət qədər təşəbbüskar olmaqla yanaşı, nəzərdə tutduğu məqsədlərə çatmaq üçün son dərəcə praqmatik addımlar ata bilən lider olduğunu sübut etmişdir. Burada başlıca müsbət və faydalı dəyər Azərbaycan liderinin dövlətin nüfuz dairəsini dinamik genişləndirməyə nail olmasıdır. Əlbəttə, bu, böyük nailiyyətdir. Çünki Azərbaycan müstəqil dövlət kimi regional liderliyini regionlararası miqyasda söz sahibi olan dövlət statusuna yüksəltmişdir. Bu xüsusiyyət Cənubi Qafqaz ölkələrinə istiqamətlənmiş siyasətlə bir neçə regionda yerləşən dövlətlər istiqamətində aparılan siyasəti məharətlə uyğunlaşdırmağı təmin edir. Həmin kontekstdə bir neçə özəlliyi yekun kimi vurğulamaq olar.
Birincisi, Azərbaycan regionlararası miqyasda xarici siyasətin prioritetlərini Cənubi Qafqaz regionunun lider dövləti statusunda müəyyən edir. Bunun, bir tərəfdən, müstəqil dövlətin identikliyinin yeni mərhələsinin başlaması kontekstində əhəmiyyəti vardır, digər tərəfdən isə, Azərbaycanın regionlararası miqyasda "orta güc" olması kimi qəbul edilir.
İkincisi, Azərbaycanın region dövlətləri olan Gürcüstan və Ermənistan siyasətinin əhəmiyyətli geosiyasi məqamlarının konseptual tədqiqi yeni səviyyədə aktuallaşır. Bu, həm digər dövlətlərin Azərbaycanın təcrübəsindən yararlanması kontekstində, həm də bundan sonrakı mərhələdə Azərbaycan dövlətinin perspektivlərinin cəmiyyət tərəfindən dərk edilməsi kontekstində əhəmiyyət kəsb edir. İctimaiyyətin Azərbaycanın dövlət başçısının həyata keçirdiyi siyasətin bütün xüsusiyyətləri haqqında adekvat təsəvvürləri olmalıdır. Üçüncüsü, Azərbaycan Prezidentinin regionlararası miqyasda uğurlu fəaliyyətinin konseptual tədqiqi Türk Dövlətləri Təşkilatı (TDT) üçün də çox qiymətli təcrübədir. TDT üzvləri həmin təcrübədən maksimum dərəcədə faydalanmalıdırlar. Bu zərurət getdikcə daha aydın şəkildə özünü göstərir.
Kamal ADIGÖZƏLOV,
beynəlxalq münasibətlər üzrə ekspert