18 Mart 2026 09:25
131
Mədəniyyət
A- A+
"Ayrılarmı könül candan..."

"Ayrılarmı könül candan..."


Yazıb-yaratdıqları ilə ədəbiyyat xəzinəsini zənginləşdirən hər şairin, yazıçının ədəbi aləmdə öz yeri var. Sənətin möhtəşəmliyi isə bəzən cildlərə sığmayan romanlarda olduğu qədər, bəzən cəmi bir neçə kəlmədən ibarət kiçicik misralarda da canlanır. Ona görə də söz adamlarının yaradıcı qüdrəti haqqında müqayisələr aparmaq çox zaman çətin və mübahisəli görünür. 

Elə şair və yazıçılar da var ki, onlar ədəbiyyatın özüdürlər, ədəbiyyat deyəndə birinci onların adları, imzaları, qələmə aldıqları əsərlər yada düşür. Bu il anadan olmasından 120, vəfatından isə 70 il ötən Səməd Vurğun da istisnasız olaraq adı ədəbiyyatımızın rəmzinə çevrilmiş yaradıcı şəxsiyyətlərimizdəndir. 

Səməd Vurğun kimi tarixi şəxsiyyətlərimizin, yaradıcı insanlarımızın Vətən və xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək xatirələrinə böyük ehtiram göstərən  Prezident İlham Əliyev şairin 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamış, bununla ədəbi fikir salnaməmizdə yeni parlaq mərhələ başladan görkəmli və unudulmaz sənətkara növbəti dəfə layiqli qiymət vermişdir. Sərəncamda oxuyuruq: "Onun dillər əzbərinə çevrilmiş "Azərbaycan" şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir".

Bəli, Səməd Vurğun təkcə bir-birindən gözəl, təkrarsız lirik şeirlərin, poemaların, dram əsərlərinin deyil, həm də Azərbaycan ədəbiyyatı tarixindəki böyük bir dövrün müəllifidir. O, Azərbaycanın və dünya poeziyasının yaddaşında təkrarsız poetik şəxsiyyət, görkəmli ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi istedada malik şair, dramaturq, tərcüməçi, düşüncəsinin işığı ilə kamillik məqamına yetişmiş mütəfəkkir kimi yaşayır. Şairin poeziyası həyat, şəxsiyyət, şeiriyyət adlanan üç dünyadan ibarətdir və bu dünyaların hər birində o, ən möhtəşəm ucalıqdadır.


Firudin bəy Köçərlini təəccübləndirən uşaq


Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Uşaqlıq illərini doğma kəndində keçirib, ibtidai təhsilini rus-tatar məktəbində alıb.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərlinin Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi Səmədin taleyində xoş bir təsadüfə çevrilir. Həmin şöbənin əsasında Firudin bəy Qazax Müəllimlər Seminariyasını təşkil edir, Səməd Vəkilov da bu məktəbə qəbul olunan kənd uşaqları arasında olur. 

Müasirlərinin xatirələrinə görə, o, hələ kiçik yaşlarından son dərəcə həssas, eyni zamanda çox qətiyyətli, möhkəm iradəli, hazırcavab imış. Elə bu hazırcavablığı ilə də ilk gündən Firudin bəy Köçərlinin diqqətini çəkir. Xatirələrə görə, Səmədi seminariyaya yazdırmağa nənəsi Aişə xanım gətiribmiş. Firudin bəy xəstə, qızdırmadan rəngi solmuş uşağa baxıb onu seminariyaya qəbul etmək istəməyib. Bu anda Səməd çox ahəstə bir səslə: - Ah! A Firudin bəy, bircə bilsəydin ki, burada, bu ürəkdə nələr var... - deyir.

Firudin bəy cəld geri dönür. Səmədin oxumaq, təhsil almaq həsrəti ilə qəlbindən qopardığı bu "ah" Köçərlini yumşaldır. İmtahan günü isə vaxtilə zəif hesab edib məktəbə qəbul etmək istəmədiyi Səməd Vəkilovun zəngin hafizəsinə və çox dürüst tələffüzünə heyran qalır, özünü saxlaya bilməyib onu bağrına basır. 

Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad dərhal özünü göstərir. Bu illərdə o, Vaqifin, Vidadinin, Zakirin, Sabirin, Puşkinin, Lermontovun, türk şairlərindən Tofiq Fikrətin, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, sazda və skripkada məharətlə ifa edir, şeir deyir, həvəskar tamaşalarda rollar oynayır. 

1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı Vəkilova qayğı göstərir.


Dillərdə əzbər misralar


Hələ seminariyada oxuyarkən Səməd ilk şeirlərini qələmə alır. "Cavanlara xitab" şeiri Tiflisdəki "Yeni fikir" qəzetində dərc olunur. 1924-cü ildə seminariyanı uğurla başa vurduqdan sonra o, Qazaxda, Qubada, Gəncədə müxtəlif məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etməyə başlayır, ara-sıra dövri mətbuatda çap olunur. 30-cu illərə doğru şairin səsi-sorağı artıq ədəbi mühitin, geniş oxucu kütlələrinin nəzər-diqqətini çəkir. 1929-cu ildə Səməd ali təhsil almaq üçün İkinci Moskva Universitetinin Ədəbiyyat fakültəsinə daxil olur. Bir il sonra "Şairin andı" adlı ilk kitabı çapdan çıxır. Burada onun həmin illərdə yazdığı siyasi məzmunlu və lirik şeirləri toplanmışdı. 

1934-cü ildə şair qısa müddətdən sonra dillər əzbərinə çevriləcək, ədəbiyyatımızın ən çox yayılmış incilərindən olan "Azərbaycan" şeirini qələmə alır. Həmin ildə "Könül dəftəri", 1935-ci ildə "Şeirlər" adlı kitabları nəşr olunur. 1935-ci ili Səməd Vurğunun yaradıcılıq fəaliyyətinin ən məhsuldar ili adlandırsaq, yəqin ki, yanılmarıq. Təkcə bir ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazır. 

Səməd Vurğun şeirlər yazmaqla yanaşı, poetik tərcümələr də edir. 1936-1937-ci illərdə o, tərcüməçilik fəaliyyətini genişləndirir. Puşkinin "Yevgeni Onegin" mənzum romanını Azərbaycan dilinə tərcümə edir. Puşkinin həmin poeması üçün spesifik olan "Onegin bəhri"ni Azərbaycan dilində tam qorumaqla edilmiş tərcümə o qədər mükəmməl alınmışdı ki, bu işinə görə Səməd Vurğuna Puşkin Komitəsinin "A.S.Puşkin medalı" təqdim olunur. Bu illərdə şair Şota Rustavelinin "Pələng dərisi geymiş pəhvəlan" əsərinin bir hissəsini də böyük ustalıqla tərcümə edir və buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif olunur. Şairin usta qələmindən çıxmış daha bir tərcümə əsəri isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasıdır. 

1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz əsərini - "Vaqif" dramını yazır və buna görə 1941-ci ildə o dövrün ən yüksək dövlət təltiflərindən olan "Stalin" mükafatına layiq görülür. Həmin il Səməd Vurğun Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını da yazır və 1942-ci ildə bu əsərə görə ikinci dəfə "Stalin" mükafatı ilə təltif olunur. 

1937-1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan da yan keçmir. O, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. "Aygün" poeması tənqid edilir. Şairin Moskvada çap edilmiş "Şairin hüquqları" məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi ilə məqalə Azərbaycan Yazıçılar İttifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair millətçilikdə təqsirləndirilir. Lakin həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində şairə qarşı nəzərdə tutulmuş cəza tədbirləri baş tutmur.


Bir dünya şöhrət


1941-1945-ci illərin İkinci Dünya müharibəsi şairin yaradıcılığında xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı"nı yazır. 1943-cü ildə ABŞ-də keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində Səməd Vurğunun yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilərək dünya ədəbiyyatında bu mövzuda yazılmış 20 əsərdən biri kimi Nyu Yorkda çap edilir və hərbçilər arasında yayılır. 

Səməd Vurğunun şöhrəti dünyada tanınmış şair olmaqla yanaşı, eyni zamanda böyük alim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi olmasında idi. 1945-ci ildə o, yeni yaradılmış Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri olur və Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə seçilərək milli elmimizin, ədəbiyyatşünaslığımızın inkişafında əvəzsiz xidmətlər göstərir.

1948-ci ildə Səməd Vurğun Polşada keçirilən Mədəniyyət Xadimlərinin Dünya Konqresinin iştirakçısı olur. Konqresdən qayıtdıqdan sonra "Zəncinin arzuları" adlı məşhur poemasını qələmə alır. Şairin müharibədən sonrakı dövrə dair yaradıcılığı da həm məhsuldarlığı, həm mövzu seçimi ilə xarakterikdir. O, bu dövrdə bir-birinin ardınca "Muğan" (1948), "Aygün" (1950-1951), "Zamanın bayraqdarı" (1952) poemalarını yazır. 

SSRİ-də Səməd Vurğun müstəsna nüfuza malik idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, geniş kütlələrin sevgisini qazanmışdır. O, Azərbaycanın Xalq şairi adına layiq görülən ilk şairimiz idi. Dövlət qarşısında böyük xidmətlərinə görə Səməd Vurğun iki dəfə "Lenin", "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" döyüş medalları ilə təltif olunmuşdur.

1954-cü ildə Sovet Yazıçılarının II Ümumittifaq Qurultayında "Sovet poeziyası haqqında" əlavə məruzəni məhz Səməd Vurğunun etməsi şairin keçmiş ittifaqda nə qədər böyük nüfuza malik olmasının göstəricisi idi. 


Ədəbi simvol


Səməd Vurğun Azərbaycan ədəbiyyatında yalnız böyük bir şair kimi deyil, həm də xalqın taleyini və tarixi yaddaşını poeziyada yaşadan nadir şəxsiyyətlərdən biri kimi qəbul olunur. Onun yaradıcılığı da, həyat yolu da, əslində, xalqın keçdiyi mürəkkəb və ağrılı tarixi mərhələlərin bədii salnaməsidir. Şairin gənclik illəri ölkənin ağır sınaqlarla üzləşdiyi, qanlı və faciəli keçmişdən qoparaq yeni həyat qurmağa çalışdığı bir dövrə təsadüf edirdi. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, ağır mənəvi zərbədən sonra xalqımızın yenidən doğulduğu, ümid və iztirabın bir-birinə qarışdığı tarixi mərhələ idi.

Səməd Vurğunun şəxsiyyətində bədii güc və zamanın çağırışlarına cavab verən böyük bir yaradıcı miqyas birləşirdi. O, yalnız fərdi poetik istedadı ilə deyil, həm də milli poeziyanın inkişafında oynadığı tarixi rolu ilə seçildi. Bu baxımdan onun yaradıcılığı bütövlükdə Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Azərbaycan söz sənətinin çoxəsrlik ənənəsi isə bu yeni mərhələyə güclü bir mənəvi dayaq verirdi. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif və Mirzə Ələkbər Sabir kimi dahilərin yaratdığı böyük ədəbi məktəb bu dövrdə də öz varislərini yetişdirirdi. Bu mənada Azərbaycan poeziyasında maraqlı və rəmzi bir mənzərə yaranmışdı: Arazın o tayında Məhəmmədhüseyn Şəhriyar, bu tayında isə Səməd Vurğun klassik irsin davamçıları kimi çıxış edir, milli söz sənətinin bayrağını ucaldırdılar. Bununla Səməd Vurğun yalnız bir şair deyil, həm də bir epoxanın ədəbi simvolu kimi yadda qalmışdır. Onun yaradıcılığı XX əsrin ortalarında Azərbaycan xalqının milli-ictimai düşüncəsinin, mənəvi dəyərlərinin və bədii təfəkkürünün ən parlaq ifadələrindən biri kimi formalaşaraq Azərbaycan poeziyasının klassik irsi ilə müasir dövrü arasında körpü rolunu oynamış və milli ədəbiyyatımızın inkişafında silinməz iz buraxmışdır. Ona görə də Səməd Vurğun poeziyası yalnız estetik hadisə deyil, həm də xalqın tarixini, mənəviyyatını və ideallarını əks etdirən böyük bir bədii-tarixi fenomendir.


Vətəndaşlıq poeziyası


Səməd Vurğunun yaradıcılığının əsas xüsusiyyətlərindən biri romantik və vətəndaşlıq ruhunun vəhdətidir. O, poeziyanı yüksək bədii-estetik ideal və geniş vətəndaşlıq amalı ilə birləşdirərək romantik ənənəni yeni məzmunla zənginləşdirmişdir. Bu mənada Səməd Vurğunun yaradıcılığı klassik romantik poeziyanın böyük nümayəndələrinin - Məhəmməd Füzulinin, Hafizin, Bayronun, Puşkinin, Namiq Kamalın, Hüseyn Cavidin əsərlərindən başlanan böyük yolun, işıqlı ənənələrin davamıdır.

Onun romantik poetik dünyasında qəhrəmanlıq, idealizm və mənəvi ucalıq əsas yer tutur. Şair yaratdığı obrazlarla həm milli tarixə, həm də bəşəri dəyərlərə bağlı romantik bir ideallar sistemi qurur. Bu xüsusiyyət xüsusilə "Vaqif" və "İnsan" dramlarında və "Fərhad və Şirin" poemasında aydın görünür.

Səməd Vurğunun poeziyasında epik genişlik və fəlsəfi dərinlik də vəhdətdədir. Xüsusilə müharibədən sonrakı dövrdə yazdığı "Muğan", "Aygün", "Zamanın bayraqdarı" kimi poemalarla o, Azərbaycan poeziyasında belə bir poetik dəyərin yeni səviyyəsini müəyyənləşdirir. Bu əsərlərdə bədii dilin yeniliyi, poetik formanın zənginliyi və epik düşüncə tərzi sənətkarlığın üfüqlərini daha da genişləndirir. 

Eyni zamanda onun yaradıcılığında psixoloji dramatizm və emosional gərginlik də mühüm yer tutur. Bu xüsusiyyətlər xüsusilə "Komsomol poeması", "Zəncinin arzuları", "Ölüm kürsüsü" kimi əsərlərdə özünü göstərir.

Səməd Vurğunun poeziyası tariximizin və milli yaddaşımızın poeziyasıdır. Onun əsərlərində qədimdən müasir dövrümüzə qədər geniş bir tarixi panoram təqdim olunur. Şairin "Bakının dastanı", "Aslan qayası", "Muğan" poemalarını oxuduqca sanki o tarixə, o yaddaşa daxil olub, həmin əsərdəki qəhrəmanların müasirlərinə çevrilirsən.

Şair klassik ədəbiyyatın obrazlarını yeni bədii məna ilə təqdim etməyin də misilsiz ustasıdır. "Vaqif" dramında Molla Pənah Vaqif obrazı yalnız şair kimi deyil, həm də müdrik dövlət xadimi və humanist düşüncəli ziyalı kimi təqdim olunur. Bu əsər Azərbaycan dramaturgiyasında romantik qəhrəman obrazının ən parlaq nümunələrindəndir.

Səməd Vurğunun yaradıcılığında bəşəri problemlər mühüm yer tutur. "İnsan" dramında xeyir və şər, ağıl və zorakılıq, mənəviyyat və hakimiyyət kimi əbədi fəlsəfi məsələlər qoyulur. Şahbaz obrazı vasitəsilə şair insan ağlının və mənəvi kamilliyin gələcəyi haqqında sual verir. Onun qoyduğu "Qalib gələcəkmi cahanda kamal?" sualı əsərin əsas fəlsəfi ideyasını təşkil etməklə dünya ədəbiyyatının böyük düşüncə ənənələri ilə səsləşir.

Səməd Vurğun yaradıcılığının son mərhələsində daha çox insan taleyi, zaman və həyatın mənası kimi mövzular ön plana çıxır. "Şair, nə tez qocaldın sən?!", "Gödəkçə", "Unudulmuş tək məzar", "Mən tələsmirəm" kimi şeirlərdə bu dünyanın faniliyi, zamanın sürəti və insanın mənəvi mövqeyi fəlsəfi lirika səviyyəsində ifadə edilir.

Səməd Vurğun 1956-cı il may ayının 27-də vəfat edir. Fəxri xiyabanda dəfn olunan şairin vəfatından 70 il ötsə də, Vurğun sözü, Vurğun şəxsiyyəti hər zaman yaşayır və Azərbaycanla birgə hər zaman da yaşayacaq. Məşhur misrasında yazdığı kimi:     


"Ayrılarmı könül candan, 

Azərbaycan, Azərbaycan!"


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!