Masallı Rayon İcra Hakimiyyəti, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Rayon Kitabxanasının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Rayonlarda şəhərsalma mədəniyyəti: tarixi yanaşma" adlı tədbir keçirilib.
Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin yad edilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva müzakirə olunan mövzunun mahiyyəti barədə geniş məlumat verib. Sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Salman Yunusov çıxış edib. Bildirib ki, tarixi yanaşma baxımından rayonlarımızın şəhərsalma mədəniyyətinə nəzər saldıqda görürük ki, qədim yaşayış məskənləri təbii-coğrafi şəraitə uyğun şəkildə qurulmuş, ictimai məkanlar, yaşayış evləri və təsərrüfat sahələri bir-biri ilə ahəngdar şəkildə yerləşdirilmişdir: "Bu isə həm estetik, həm də funksional baxımdan yüksək şəhərsalma düşüncəsinin mövcud olduğunu göstərir. Bu gün müasir şəhərsalma prosesində əsas vəzifələrdən biri də həmin tarixi irsi qorumaq, onu müasir tələblərlə uzlaşdırmaq və gələcək nəsillərə çatdırmaqdır. Rayonlarımızın inkişafı yalnız yeni tikililərlə deyil, həm də onların tarixi memarlıq simasının qorunması ilə ölçülür".
Rayon icra hakimiyyətinin baş məsləhətçisi Nuranə Muradova isə çıxışında qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi Azərbaycanın şəhər və rayonlarının planlı inkişafına, memarlıq irsinin qorunmasına və müasir şəhərsalma mədəniyyətinin formalaşmasına verilən böyük əhəmiyyətin göstəricisidir: "Şəhərsalma yalnız binaların və yolların tikintisi deyil. Bu, insanların yaşayış mühitinin düzgün təşkil olunması, tarixi irsin qorunması və gələcək nəsillər üçün sağlam və estetik mühitin yaradılması deməkdir".
Daha sonra çıxış edənlər - Azərbaycan Yazıçılar Birliyi rayon təşkilatının sədri, "Yeni həyat" qəzetinin əməkdaşı Akif Əliyev, Mərkəzi Rayon Kitabxanasının müdiri Zamin Məmmədov bildiriblər ki, şəhərsalma yalnız binaların və küçələrin planlaşdırılması deyil. Bu, eyni zamanda cəmiyyətin inkişaf səviyyəsini, mədəniyyətini və tarixə münasibətini əks etdirən mühüm bir sahədir. Xüsusilə rayonlarımızda formalaşmış şəhərsalma ənənələri xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Tarixə nəzər saldıqda görürük ki, rayonlarda salınmış yaşayış məntəqələri təbii şəraitə uyğun şəkildə qurulmuş, küçələr, meydanlar və yaşayış evləri insanların gündəlik həyatına rahatlıq gətirəcək formada planlaşdırılmışdır. Bu yanaşma həm praktik, həm də estetik baxımdan çox dəyərli bir şəhərsalma təcrübəsini ortaya qoyur. Bu gün isə əsas məqsədlərdən biri həmin tarixi şəhərsalma irsini qorumaq, onu müasir inkişaf prosesləri ilə düzgün şəkildə əlaqələndirməkdir. Çünki tarixini qoruyan və ona dəyər verən şəhərlər daha dayanıqlı və cəlbedici inkişaf yoluna sahib olur.
Tədbirdən sonra şəhərin yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ağacəkmə aksiyası keçirilib, 165 Eldar şamı, 480 sərv və 285 dəmirağac tingi əkilib.
Seyran CAVADOV,
"Azərbaycan"