18 Mart 2026 09:10
124
Mədəniyyət
A- A+
Ürəyi "İşıq və məhəbbət"lə dolu idi

Ürəyi "İşıq və məhəbbət"lə dolu idi


Azərbaycan publisistikası və jurnalistikasının inkişafında əvəzsiz xidmətləri olan ziyalılardan, müəllimlərdən söz düşəndə ilk sıralarda adları çəkilənlərdən biri də tanınmış Nurəddin Babayevdir. O, böyük bir jurnalist nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərmiş, yaşadığı, işlədiyi dövrlərdə ziyalı kimi, müəllim kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. 

Bütün zamanlarda gənc nəsillərə örnək olacaq şərəfli bir ömür yaşamış Nurəddin Babayev 1921-ci il martın 23-də Nizami yurdu Gəncədə ziyalı ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında olarkən ailəsi Bakıya köçüb. Günlər keçdikcə Bakı mühitinə alışan Nurəddin 134 nömrəli orta məktəbdə oxuyub. Həmişə dərslərdə fəallığı ilə seçilib. Hələ məktəb illərindən ədəbiyyata və sənətə maraq göstərib. Ədəbi fəaliyyətə isə çox erkən - 1939-cu ildə başlayıb. Onun həmin dövr müxtəlif mətbu orqanlarda bir-birindən maraqlı məqalə, oçerk və hekayələri çap olunub. 

İstedad günəş kimidir, harada olsa özünü göstərir. Nurəddin Babayevin "Əbədi qəhrəmanlıq" adlı ilk kitabı 1945-ci ildə işıq üzü görüb. İstedadı və bacarığı ilə doğmalarını sevindirən N.Babayev Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaradıb və bu yolda ilk cığır açanlardan biri olub. N.Babayev böyük zəhmət bahasına yazdığı "Mübariz janr" monoqrafiyasında oçerk sənətkarlığının inkişafını elmi ardıcıllıqla araşdırıb. Araşdırmaları uğurlu nəticələrlə yekunlaşıb.

Nurəddin Babayev dünyanı məhv edən, insanlara ölüm gətirən faşizmə qarşı müharibədə zabit kimi iştirak edib, hətta döyüşlərin birində ağır yaralanıb. Ölüm qoxuyan müharibədən baş leytenant rütbəsi ilə qayıdan gələcəyin yazıçısı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olub. Tələbəlik illərində Nurəddin Babayev dövrün tanınmış yazıçı və mütəfəkkirlərindən dərs alıb. Görkəmli yazıçı və ədəbiyatşünaslar Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və başqaları onun həyatında və yaradıcılığında mühüm rol oynayıb.

Nurəddin Babayev əmək fəaliyyətinə 1940-1941-ci illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi başlamışdır. Mətbuat aləmində atdığı ilk addımlar sonrakı illərdə ona böyük uğurlar qazandırmışdır. Faşizmə qarşı müharibənin sonlarına yaxın - 1943-1945-ci illərdə "Kommunist" qəzetində şöbə müdiri, "Azərbaycan müəllimi"ində redaktor müavini, 1953-cü ildən isə "Uşaqgəncnəşr" və C.Cabbarlı adına "Azərbaycanfilm"də baş redaktor işləmişdir.

Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Nurəddin Babayev 1951-ci ildə Jurnalistika şöbəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1958-ci ildə "Azərbaycanda bədii oçerkin inkişafı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Bir-birinin ardınca qazandığı uğurlar onu elm ictimaiyyətinə də yaxından tanıtmışdır. 1962-ci ildə Jurnalistika şöbəsinin dosenti olmuş N.Babayev 1981-ci ildə professor elmi adını almışdır.

Həmin dövrlərdə Azərbaycan Dövlət Universitetində Jurnalistika fakültəsi yox idi. Yalnız Filologiya fakültəsinin nəzdində şöbə kimi fəaliyyət göstərirdi. Təbiidir ki, bu da gündən-günə jurnalistika sahəsinə artan təlabatı ödəmirdi. Buna görə 1969-cu ildə bir çox tanınmış alim və yazıçıların, həmçinin Nurəddin Babayevin səyi sayəsində böyük çətinliklə də olsa, Jurnalistika fakültəsi yaradıldı. Dövrünün tanınmış ziyalısı Nurəddin Babayev həmin fakültənin dekanı seçildi. 

Ötən əsrin 60-70-ci illərində Nurəddin Babayevin əsas müəlliflərdən biri və elmi redaktoru olduğu ikicildlik "Jurnalistika məsələləri" adlı dərs vəsaiti çap edildi. Jurnalistika fakültəsinin müəllimləri tərəfindən yazılan və mətbuatın, televiziya və radionun tarixi, nəzəri və təcrübi məsələlərinə həsr edilən kitab jurnalistikaya aid ilk dərs vəsaiti idi. Nurəddin Babayev həmin kitaba görə 1966-cı ildə "Qızıl qələm" mükafatına layiq görüldü. 

Azərbaycan Yazıçılar İttifaqının üzvü, AYİ-nin Oçerk və Publisistika Şurasının sədri Nurəddin Babayev 1954-cü ildə SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. Onun yaradıcılığı olduqca çoxşaxəli, rəngarəng və bənzərsizdir. Yazdığı əsərlər sanki cəmiyyətin güzgüsüdür, mövzuları bir-birindən maraqlı, diqqətçəkəndir. Elə buna görə də yazıçının bir çox əsəri təkcə rus dilinə deyil, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və başqa dillərə də tərcümə olunmuşdur. Oxuduqca aydın şəkildə görürük ki, onun publisistika yaradıcılığının mərkəzində gənclərin təlim-tərbiyəsi dayanır. Yazıçının ötən əsrin 70-80-ci illərində işıq üzü görmüş "Oğluma məktublar", "Qızlar söz istəyir", "Qızlar, sözüm sizədir", "İşıq və məhəbbət", "Ürəklər bir olanda", "Valideynlər, bizi dinləyin", "Açıq söhbət", "Elə yaz ki..." və başqa publisistik əsərləri gənc nəslin təlim-tərbiyəsində, vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Adlarından da göründüyü kimi, yazıçı Nurəddin Babayevin  kitabları dövlətimizin, xalqımızın gələcəyi olan gənclərə ünvanlanıb. 

Nurəddin Babayevin yaradıcılığının məhsulu olan əsərlərinə yalnız respublikamızda deyil, xarici ölkələrdə də yüksək qiymət verilmişdir. Yazıçının səmimi və nümunəvi ata-oğul münasibətlərini özündə yüksək bədii dəyərlərlə əks etdirən "Oğluma məktublar" əsəri Bolqarıstanda "Ədəbiyyat" dərsliyinə daxil edilmiş və "Qızıl qələm" mükafatına layiq görülmüşdür. 

Bu gün də əsərləri sevilə-sevilə oxunan Nurəddin Babayevin Moskvada böyük tirajla çap olunmuş "Ulduzlar sönmür" və "Ömür yollarında" əsərləri geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdır. Görkəmli yazıçı-publisist həm də  "Azərbaycan elmi", "Bacarıqlı əllər", "Nizami yurdu", "Həyatın mənası", "Axtaran tapar" və başqa elmi-sənədli filmlərin ssenari müəllifidir. Ümumiyyətlə, zəngin yaradıcılıq yolu keçmiş Nurəddin Babayev 20-dən çox kitabın müəllifidir. Əmək və müharibə veteranı olan yazıçının zəhməti və fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1961-1981-ci illərdə döyüş medalları və Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmiş, 1982-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 

Yazdığı əsərləri ilə milyonların sevgisini qazanmış Nurəddin Babayev uzun sürən xəstəlikdən sonra 1991-ci il sentyabrın 25-də dünyasını dəyişib. Gəncədən başlanan ömür yolu Bakıda sona çatıb. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!